49.Azotun fiksəolunma mexanizmi haqqında
Bizi əhatə edən atmosferin həcmcə 4/5 hissəsini (78%-ni) molekulyar azot təşkil edir. Lakin bitkilər nə atmosfer azotundan və nə də torpaqda olan mürəkkəb azotlu birləşmələrdən olduğu kimi istifadə edə bilmirlər. Yalnız azot fiksə edən mikroorqanizmlər adi şəraitdə atmosfer azotundan istifadə edib, onu üzvi azotlu birləşmələrə çevirə bilir ki, bu prosesin də torpağın münbitliyinin artırılmasında böyük əhəmiyyəti vardır. Atmosfer azotunu fiksə edən mikroorqanizmlər əsasən iki qrupa bölünürlər. Birinci qrupa paxla fəsiləsi bitkiləri ilə simbioz münasibətdə yaşayan və köklərində kök yumruları əmələ gətirən bakteriyalar aid edilir. İkinciyə – torpaqda sərbəst yaşayan aerob Azotobacterlər və yağ turşusuna qıcqırma əmələ gətirən anaerob Clostridium pasteurianum aiddir. Torpaqda kök yumruları bakteriyalarının fəal, qeyri-fəal formalı ştammlarına təsadüf olunur. Fəal ştamları əsasən çəhrayı rəngli yumrular əmələ gətirib, atmosfer azotunu fəal fiksə edir. Qeyri-fəal ştamları isə bitkinin bütün kök sistemində çox xırda, yaşıl rəngli yumrular əmələ gətirir. Bitki köklərinə daxil olmuş bakteriyalar paxlalı simbioz münasibətdədir. Bitkilər bakteriyaları azotsuz üzvi maddələrlə (şəkərlərlə), su və mineral duzlarla, bakteriyalar isə bitkiləri atmosferdən fiksə edib, üzvi azotlu birləşmələrə çevirdiyi maddələrlə təmin edir. Hesablamalar göstərir ki, kök yumruları bakteriyalarının fəaliyyəti nəticəsində torpağın hər hektar əkin qatı 100 kq-a qədər azotlu üzvi maddələr ala bilir. Torpaqda sərbəst yaşayan və atmosfer azotunu fiksə edən növlərdən biri də 1895-ci ildə S.N.Vinoqradski tərəfindən təmiz kulturaya çıxarılıb, öyrənilmiş Clostridium pasterianum-dur. Bunlar çöpvari formaya malikdirlər, uzunluqları 2,5-7,5 mkm-dir. Bu bakteriyalar qram-müsbət, obliqat anaerobdurlar. Azotobakterlər kimi müxtəlif karbon mənbələrindən istifadə edirlər. Azotsuz qidalı mühitdə atmosfer azotunu fiksə edir. Torpaqda geniş yayılmışdır. Oksigendən özünü qorumaq üçün Clostridiunm pasteurianum inkişaf etdiyi mühitdə saprofit bakteriyalarla birlikdə yaşayır. Saprofit bakteriyalar mühitdə olan oksigeni udur, azotu isə həmin bakteriyalara verir. Beləliklə, Clostridium pasteurianum -un sporlarının inkişafi üçün şərait yaradır ki, bunlar da inkişaf edərək molekulyar azotu mənimsəyib, onun bir hissəsini qidalı mühitə verir və bununla da saprofit bakteriyalarının yaşamasını təmin edir. Clostridium pasteurianum-la birlikdə yaşayan mikroorqanizmlərdən Chromobacter prodigiosum. Pseudom. fluorescens, Bac. megaterium və s. göstərmək olar.
Dostları ilə paylaş: |