46.Kök yumruları bakteriyaları
Rus alimi M.S.Voroninin (1866) tədqiqatları ilə məlum olmuşdur ki, paxlalı bitkilərin kökündə olan yumrularda çöpvari bakteriyalar vardır. M.S.Voronin həmin bakteriyaların morfologiyasını və ölçülərini təsvir etmiş və bunların yumru əmələ gəlməyə səbəb olduqlarını göstərmişdir. Sonralar bu bitkilərin havada olan azotu fiksə etməsi, alman alimləri H.Hezrigel və H.Vilfab (1886) tərəfindən təcrübələrlə isbat edilmişdir. 1886-cı ildə, bu bakteriyalar M.Beyerinq tərəfindən təmiz kultura halında əldə edilmiş və ətraflı öyrənilmişdir. O, sübut etmişdir ki kök yumrularında olan bakteriyalar molekulyar azotu təmiz kulturada deyil, yalnız bitki ilə simbioz münasibətdə fiksə edir. Kök yumruları bakteriyaları qram-mənfi, hərəkətli, spor əmələ gətirməyən xırda çöplərdir (1,2-3 mkm). Torpaqda kök yumruları bakteriyalarının fəal, qeyri-fəal formalı ştammlarına təsadüf olunur. Fəal ştamları əsasən çəhrayı rəngli yumrular əmələ gətirib, atmosfer azotunu fəal fiksə edir. Qeyri-fəal ştamları isə bitkinin bütün kök sistemində çox xırda, yaşıl rəngli yumrular əmələ gətirir. Kök yumruları bakteriyaları neytral mühitli, bitki əkilən torpaqlarda 24-26°C temperaturada daha sürətlə çoxalırlar. Kök yumruları bakteriyalarının aşağıdakı növləri torpaqda geniş yayılmışdır: 1) Rhiz.trifoli – üçyarpaq yonca bitkisinin kökündə yaşayır; 2) Rhiz.coponicum – soya bitkisinin kökündə yumrular əmələ gətirir; 3) Rhiz.faseoli – lobya bitkisinin köklərində yaşayır; 4) Rhiz.meliloti – yonca və xəşənbül bitkisinin kökündə yumrular əmələ gətirir; 5) Rhiz.simplex – xana bitkisində yaşayır; 6) Rhiz.leguminosarum – noxudda yaşayır; 7) Rhiz.lupini – acı paxlada yaşayır; 8) Rhiz.ornithopi – saradel bitki kökündə yaşayır; 9) Rhiz.pschati – iydə bitkisinin kökündə yaşayır. Bitki köklərinə daxil olmuş bakteriyalar paxlalı simbioz münasibətdədir. Bitkilər bakteriyaları azotsuz üzvi maddələrlə (şəkərlərlə), su və mineral duzlarla, bakteriyalar isə bitkiləri atmosferdən fiksə edib, üzvi azotlu birləşmələrə çevirdiyi maddələrlə təmin edir. Hesablamalar göstərir ki, kök yumruları bakteriyalarının fəaliyyəti nəticəsində torpağın hər hektar əkin qatı 100 kq-a qədər azotlu üzvi maddələr ala bilir.
Dostları ilə paylaş: |