4.3. İşgüzar istehlakçıların davranışının modelləşdirilməsi
Son istehlakçılarla işgüzar istehlakçıların davranışları arasında bir sıra oxşar cəhətlər vardır. Onların da davranışlarına marketinq amilləri: məhsul, qiymət, bölüşdürmə, satışın həvəsləndirilməsi və reklam təsir edir. Bundan başqa, aparılmış tədqiqatların nəticələri göstərir ki, işgüzar istehlakçılar da satınalmalara dair qərarlar qəbul edərkən emosiyaların təsirinə məruz qalırlar, ətalətlidirlər və şəxsiyyətlərarası münasibətləri nəzərə alırlar .Lakin, işgüzar istehlakçıların davranışı ilə son istehlakçıların davranışları arasında bir sıra ciddi fərqlər mövcuddur. Bu fərqlər, birinci növbədə, işgüzar istehlakçıların tələbatlarının xarakteri ilə müəyyən edilir.
İşgüzar təşkilatların davranışına təsir edən ən mühüm amillərədən biri də istehsal təyinatlı məhsullara tələbatın törəmə xarakter daşımasıdır, yəni onların məhsullarına tələbatın həcmi həmin məhsulları istehlak edən son istehlakçıların və digər işgüzar istehlakçıların məhsullarına olan tələbatın həcmilə müəyyən edilir.
Tələbatın xarakterindən asılı olaraq işgüzar istehlakçıların davranışına təsir edən növbəti amil onların tələbatının qiymətə görə qeyri elastik olmasıdır. Belə ki, işgüzar istehlakçıların tələbatları təyinatlı və məqsədli xarakter daşıdığından onların tələbatlarının həcmi qiymətə görə qeyri-elastikdir, yəni bu istehlakçılar qiymət dəyişməsinə həssas deyillər, qiymətin dəyişməsinə uyğun olaraq onların tələbatlarının həcmi dəyişmir və ya hiss edilməyəcək dərəcədə dəyişir.
İşgüzar istehlakçıların davranışına təsir edən ikinci qrup amillər onların xüsusiyyətilə əlaqədar olan amillərdir. Bu amillərə a) işgüzar istehlakçıların böyük həcmdə məhsul istehlak etməsi, b) onların sayının az olması, c) coğrafi ərazicə sıx yerləşməsi, d) alıcıların və satıcıların peşəkar olması və e) satınalma qərarların kollegial qəbul edilməsi aiddir.
İşgüzar istehlakçıların davranışına təsir göstərən amillərdən biri də məhsul göndərənlərin təkliflərinin qiymətləndirilməsində nəzərə alınan seçim meyarlarıdır. Tədarükat mərkəzinin üzvləri satınalmaya dair qərarlar qəbul edərkən texniki, iqtisadi, tənzimləyici, adaptiv, irrasional və daxili meyillilik meyarları nəzərə alırlar. Məsələn, mürəkkəb avadanlıqların satın alınmasında, əsasən, avadanlığın keyfiyyət göstəriciləri ilə yanaşı investisiya edilmiş kapitala düşən mənfəət norması, materialların və detalların alınmasında isə məhsulun keyfiyyəti ilə yanaşı xərclərə qənaət göstəricisi nəzərə alına bilər.
Son istehlakçıların davranışında olduğu kimi, işgüzar istehlakçıların davranışı da “stimul-reaksiya” modelinə əsaslanır. Yuxarıda qeyd edilən amilləri nəzərə almaqla, işgüzar istehlakçıların davranışını aşağıdakı sxemdə olduğu kimi göstərə bilərik (3.2 saylı şəkil).
Son istehlakçıların davrznışında olduğu kimi, işgüzar istehlakçılar da davranışa təsir edən amil və stimulları təsirinə məruz qalaraq hansı məhsulların hansı məhsul göndərənlərdən hansı satış kanalları vasitəsi ilə hansı qiymətə nə vaxt alacaqlarına dair qərar qəbul edirlər.
Dostları ilə paylaş: |