2. İŞIQ ŞÜALANMASI - nüvə partlayışı zamanı meydana çıxan od kürəsinin saçdığı, gözə görünən ultrabənövşəyi və infraqırmızı işıq selidir. Nüvə partlayışının işıqlanma sahəsi işıq şüasının mənbəyi adlanır ki, onun əsasını közərmiş hava və müəyyən miqdarda közərmiş partlayış məhsulları təşkil edir.
İşıq şüalanmasının təsir müddəti əsasən nüvə partlayışının gücündən asılı olaraq 10-20 saniyə olur. Təsirin qısa müddətinə baxmayaraq, işıq şüalanması xeyli məsafələrdə müxtəlif materialların alovlanmasına, kömürləşməsi və əriməsinə səbəb olur, yaşayış məntəqələrində və meşələrdə kütləvi yanğınlar törədir, insan bədənində isə müxtəlif xəsarətlər və yanıqlar əmələ qətirir.
İşıq şüalanması qeyri-şəffaf materiallardan (divar, taxta, bina və s.) keçə bilmir.
İşıq şüalanmasının təsiri nüvə partlayışının gücündən, növündən, məsafədən, həmçinin meteoroloji şəraitdən çox asılı olur. Qatı duman, yağış və qar onun təsirini 10-20 dəfə azaldır. Kölgə salan müxtəlif əşyalar işıq şüalanmasının qarşısını alır, lakin ən etibarlı mühafizə vasitəsi - sığınacaqlar və daldalanacaqlar sayılır, çünki onlar eyni zamanda digər zədələyici amillərdən də mühafizəni təmin edir.
İşıq impulsunun ölçü vahidi olaraq KC/m2 və yaxud kal/cm2 qəbul edilmişdir.
İşıq impulsunun miqdarından asılı olaraq insanlar müxtəlif dərəcəli yanıqlar ala bilər.
Zədələnmənin ağırlığına görə yanıqların 4 dərəcəsi olur:
1-ci dərəcəli yanıqlar - işıq impulsu 80–160 KC\m² olarkən əmələ gəlir və bu zaman dərinin qızarması baş verir;
2-ci dərəcəli yanıqlar - işıq impulsu 160–400 KC\m² olarkən əmələ gəlir və bu zaman dəridə suluqlar əmələ gəlir;
3-cü dərəcəli yanıqlar - işıq impulsu 400–600 KC\m² olarkən əmələ gəlir və bu zaman bədənin dərisi,dərialtı toxumalar tamamilə ölgünləşir və yaralar əmələ gəlir;
4-cü dərəcəli yanıqlar - işıq impulsu 600 KC\m² – dən yuxarı olarkən əmələ gəlir. Bu zaman bütün dəri toxuması kömürləşir, damarların və sümüyün yanması baş verir, çox zaman ölümlə nəticələnir.
İşıq şüalanması nəticəsində bədənin örtülü hissələrindəki yanıqların dərəcəsi paltarın xüsusiyyətlərindən – (rəngindən, sıxlığından və qalınlığından) asılı olur. Açıq rəngli və gen paltar geyinmiş insanlar, qara və kip paltar qeyinmiş insanlara nisbətən az yanıq zədəsi alırlar.