yüngül zədələnmə - izafi təzyiq 20–40 kPa bərabər olanda baş verir. Belə zədələnmələr eşitmə qabiliyyətinin müvəqqəti itirilməsi, yüngül kontuziya və ətraf nahiyələrin burxulması ilə xarakterizə edilir.
orta zədələnmə – izafi təzyiq 40–60 kPa bərabər olanda baş verir. Belə hallarda bədənin ümumi kontuziyası, ətraf nahiyələrin güclü burxulması və sınığı, burun və qulaqlardan qanaxma baş verir;
ağır zədələnmə – izafi təzyiq 60–100 kPa bərabər olanda baş verir. Bu zaman bütün bədənin güclü kontuziyası, ətraf nahiyələrdə ağır sınıqlar, daxili orqanların zədələnməsi, burun və qulaqlardan şiddətli qanaxma baş verir.
çox ağır zədələnmə – izafi təzyiq 100 kPa – dan yüksək olduqda baş verir. Bu zaman daxili orqanların dağılması, daxili qanaxma və beyin silkələnməsi baş verir və ölümlə nəticələnir.
Nüvə zədələnmə ocağı - nüvə silahının təsirinə məruz qalan yaşayış məntəqələri, sənaye və kənd təsərrüfatı obyektləri olan əraziyə deyilir ki, orada nüvə partlayışının zədələyici amilləri nəticəsində külli miqdarda insan, heyvan və bitki tələfatı olur, bina və qurğular dağılır, yanğınlar və radioaktiv zəhərlənmə baş verir.
Nüvə zədələnmə ocağında dağıntı sahələri xarakterinə görə 4 növə ayrılır:
1. tam dağıntı zonası
2. güclü dağıntı zonası
3. orta dağıntı zonası
4. zəif dağıntı zonası
1. Nüvə partlayışı mərkəzinə ən yaxın sahələrə tam dağıntı zonası deyilir. Bu zaman zərbə dalğasının yaratdığı izafi təzyiq 50 kPa-dan artıq olur. Burada istehsalat və yaşayış binaları tamamilə dağılır, partlayış mərkəzinin lap yaxınlığında isə sığınacaqların bir qismi uçulur. Küçələrdə başdan-başa uçqunlar əmələ qəlir və sığınacaqların giriş yolları uçqunlarla tutulur.
2. İzafi təzyiqin təsirinə 50 kPa-dan – 30 kPa-dək məruz qalmış sahələr güclü dağıntı zonası adlandırılır. Burada bina və qurğular əsasən dağılır, sığınacaqlar və yeraltı kommunal-energetika şəbəkələrinin əksəriyyəti salamat qalır.
3. İzafi təzyiqin təsirinə 30 kPa-dan – 20 kPa-dək məruz qalmış sahələr orta dağıntı zonası adlandırılır. Bu zonanın hüdudları daxilindəki binalar orta dərəcədə dağılır, yeraltı sığınacaq və şəbəkələr salamat qalır. Küçələrin müxtələf yerlərində uçqunlar yarana bilər.
4. İzafi təzyiqin təsirinə 20 kPa-dan – 10 kPa-dək məruz qalmış sahələr zəif dağıntı zonası adlandırılır. Bu zaman binanın ikinci dərəcəli elementləri, yəni qapı və pəncərələri, artırmaları və daxili arakəsmələri dağılır, küçələrdə tək-tək uçqunlar yaranır.
Zərbə dalğasının zədələyici təsiri - partlayışın gücündən, partlayış mərkəzindən olan məsafədən və yerin relyefindən asılı olur. Trotil ekvivalenti təxminən 20 kilotonluq olan nüvə silahının partlayışı zamanı zərbə dalğası 1 km məsafəni 2 saniyə, 2 km məsafəni 5 saniyə, 3 km məsafəni isə 8 saniyə ərzində qət edir.
Zərbə dalğasından ən etibarlı mühafizə üsulu mühafizə qurğularında (sığınacaq və daldalanacaqlar) yerləşməkdir. Bu məqsədlə, həmçinin, xəndəklərdən, yeraltı zirzəmilərdən və yerin relyefindən də (çala, dərə, meşə) müəyyən dərəcədə istifadə etmək mümkündür. Xəndəklər zərbə dalğasının təsirini 1,5-2 dəfə, daldalanacaqlar 2-3 dəfə, sığınacaqlar 3- 5 dəfə azaldır.
Dostları ilə paylaş: |