2. Seminar və praktik məşğələlər
Seminar-lat. seminarium sözündən götürülüb “pöhrə ağac əkən” deməkdir. Qədim yunan və Roma məktəblərində seminarlar disputlar, öyrənənlərin mülahizələri, şərhləri və müəllimin yekun sözünün vəhdətdə götürülməsi ilə təşkil olunurdu.
Seminar–ali təhsil sistemində praktik məşğələlərin əsas formalarından biri olub, bu və ya digər fənnin dərindən öyrənilməsinə xidmət edir.
Seminarlar tələbələrin yaradıcı müstəqilliyini inkişaf etdirir, elmə olan marağını artırır, elmi-nəzəri bilikləri həyatla əlaqələndirmək imkanı verir, praktik bacarıqlar formalaşdırır, ən başlıcası, elmi-tədqiqatçılıq səyi aşılayır. Seminar məşğələlərində tələbələr müvafiq elmin strukturu ilə tanış olur, informasiyaları şifahi və yazılı şəkildə təqdim etmək məharətinə yiyələnir, elmi müddəaları və nəticələri əsaslandırmağı, öz mövqeyini müdafiə etməyi öyrənir.
Seminarlar ali məktəbdə müxtəlif təlim-tərbiyə vəzifələrinin həlinə şərait yaradan praktik məşğələ formasıdır. O, həm də mütəxəssis hazırlığı ilə bağlı problemlərin həlli üçün əlverişli şərait yaradır.
Seminar məşğələlərinin digər funksiyaları aşağıdakılardır:
- yaradıcı təfəkkürü inkişaf etdirmək;
- idrak motivlərini inkişaf etdirmək;
- professional motivləri tədris prosesində tətbiq etmək;
- müvafiq elmin anlayış-terminologiya sistemini mənimsətmək;
- anlayışlardan, təriflərdən, qaydalardan, formullardan istifadə bacarığı aşılamaq;
- intellektual problem və məsələləri qoymaq və həll etmək bacarığı formalaşdırmaq;
- öz mülahizələrini, baxışlarını, mövqelərini, yanaşma tərzlərini əsaslandırmaq bacarığı inkişaf etdirmək;
- biliklərin təkrarı və möhkəmləndirilməsini təmin etmək;
- nəzəri biliklərin dərinləşdirilməsi, genişləndirilməsi, konkretləşdirilməsi və sistemləşdirilməsini təmin etmək;
- müstəqil işləmək bacarıq və vərdişləri formalaşdırmaq;
- nəzarət və korreksiya;
- pedaqoji kommunikasiyanı reallaşdırmaq.
Seminar məşğələləri tələbələrin elmi dərindən öyrənmələri üçün optimal şərait yaradan “laboratoriya”dır.
Seminar məşğələlərinin səmərəliliyini təmin edən digər amillər aşağıdakılardır:
- oxunan mühazirənin məzmunu ;
- müəllimin elmi-pedaqoji və metodiki hazırlıq səviyyəsi;
- seminar məşğələlərinin mühazirə ilə sıx əlaqəsi;
- tələbələrin mühazirəni dinləmək, qeydlər götürmək və müstəqil işləmək bacarığı;
- tələbələrin nəzəri bilikləri tətbiq etmək bacarığı;
- tələbələrin fəallıq səviyyəsi.
Seminar məşğələsi mühazirədə əldə olunmuş bilikləri olduğu kimi təkrarlamamalıdır. Əksinə, onu tamamlamalı, dəqiqləşdirməli və zənginləşdirməlidir.
Seminar məşğələsinin səmərəliliyini təmin edən faktorlardan biri də onun düzgün planlaşdırılması və sualların düzgün qoyuluşudur.
Ali məktəb təcrübəsində seminarın aşağıdakı tiplərindən istifadə olunur:
seminar-sorğu; seminar-müsahibə; seminar-oxu; proseminar; seminar-yoxlama işi; seminar-diskussiya; seminar-disput; seminar-şifahi məruzə; seminar-referat; seminar-nəzəri konfrans; ixtisas seminarı; seminar-tədqiqat.
İlk seminar məşğələsini sorğu, sual-cavab, müsahibə formasında keçirmək məsləhətdir. Tələbələr seminar məşğələlərinə alışdıqdan və yoldaşlarını diqqətlə dinləmək, onların cavablarını tamamlamaq bacarığına yiyələndikdən sonra məşğələləri seminar-müsahibə formasında təşkil etmək olar.
Dostları ilə paylaş: |