Mövzu 9: Dialektika inkişaf haqqında təlimdir P L A N Dialektikanın prinsipləri
Dialektikanın qanunları
Dialektikanın kateqoriyaları
1. Dialektikanın prinsipləri Dialektika sözü qədim yunan sözü olub, mənası “dialoq”, “söhbət aparmaq sənəti” deməkdir. Dialektika anlayışı işladildiyi ilk dövrlərdə həqiqətə nail olmaq üçün aparılan mübahisə, dialoq və ya onu sübut etmək mənasını daşımışdır. Bu mənada həm antik, həm də orta əsrlər fəlsəfəsində dialektika anlayışından geniş istifadə edilmişdir. Sonralar klassik alman fəlsəfəsində, xüsusilə də Hegeldə dialektika dünyanın elmi mənzərəsinin yaradılmasının xüsusi üsuluna çevrilmişdir. Bu mənada, müasir anlamında dialektika təbiətdə, cəmiyyətdə və təfəkkürdə baş verən dəyişmə, inkişafdan bəhs edən xüsusi fəlsəfi təlimdir. Dialektikanın başlıca ideyası “inkişaf” ideyasıdır. Dialektikanın formalaşması uzun tarixi yol keçmişdir. Dialektikanın tarixi formalarında qədim dövrün sadəlövh dialektikiası, alman klassik fəlsəfəsinin idealist dialektikası və materialist dialektikanı xüsusi qeyd etmək olar.
Fəlsəfədə obyektiv və subyektiv dialektika anlayışları da işlədilir.
Şüurdan asılı olmayaraq baş verən dəyişkənlik, nisbilik, ziddiyyətlilik obyektiv dialektikanın məzmununu təşkil edir. Başqa sözlə, gerçəklikdəki əlaqə, münasibət və inkişaf qanunauyğunluqları obyektiv dialektik məzmun daşıyır. Bu obyektiv dialektika anlayışı ilə ifadə olunur.
Həmin obyektiv dalektik əlaqə, münasibət və inkişaf qanunauyğunluqlarının insan idrakında inikası isə subyektiv səciyyə daşıdığına görə subyektiv dialektika anlayışı ilə ifadə olunur. (Bir sözlə. anlayışların nisbiliyi, ziddiyyətliliyi. çevikliyi təfəkkürə məxsus olan bir prosesdir ki. O da subyektiv dialektika kimi ifadə olunur).
Dialektikanın prinsipləri (ümumdünya əlaqələr sistemi)
Ümumi qarşılıqlı əlaqə prinsipi. Bu prinsipə görə, hər hansı bir predmet və hadisə ancaq digər predmet və hadisələrlə əlaqədə öyrənilə bilər.
Ziddiyyətlilik prinsipi. Bu prinsip predmet və ya prosesi xarakterizə edən. bir-birinə əks olan meylləri aşkarlamağı tələb edir.
Tarixilik prinsipi. Bu prinsip predmet və hadisəni hərəkətdə, inkişafda anlamağı, onun yaranmasının səbəblərini, inkişaf mərhələlərini və meyllərini təhlil etməyi tələb edir. Bu prinsip inkişafı onun ayrı-ayrı mərhələlərinin bir-birini əvəz etməsi kimi əks etdirir.