3.Dövlət və siyasi partiyalar Cəmiyyətin siyasi sistemi onun sosial-siyasi təbiətini, mövcud siyasi münasibətlərini, təsisatların, hakimiyyətin təşkili norma və prinsiplərinin məzmununu əhatə edir. Siyasi sistemin ən başlıca institutu dövlətdir. Dövlət müəyyən ərazidə ali hakimiyyəti həyata keçirən təşkilatların və orqanların vahid sistemidir. Dövlət yalnız tarixi inkişafın müəyyən mərhələsində meydana gəlmişdir. Platon dövlətin yaranmasını ictimai əmək bölgüsünün nəticəsi sayırdı. Teoloji təlimə görə dövlətin meydana gəlməsi ilahi iradənin təzahürüdü. Fransız maarifçiləri və Yeni dövr materialistlərinin (Hobbs, C.Lokk, J.Russo) inamına görə dövlət nə vaxtsa və kimlərinsə tərəfindən imzalanmış “ictimai müqavilə”nin məhsuludur. Marksizm isə dövlətin yaranmasını istehsal vasitələri üzərində xüsusi mülkiyyətin və antaqonist siniflərin yaranması ilə bağlayırdı.
Dövlətin əlamətləri aşağıdakılardır:
məcburetmə, zor tətbiq etmək hüququ, suverenlik, ümumilik, hüquq, əhalidən vergi və mükəlləfiyyətlər toplamaq hüququ.
Bundan əlavə dövləti 3 əsas əlamətə görə müəyyən etmək olar: xalq (əhali), ərazi və dövlət hakimiyyəti.dövlətin cəmiyyətdə rolu onun yerinə yetirdiyi funksiyalarda ifadə olunur. Müasir dövlət daxili və xarici funksiyaları həyata keçirir. Dövlətin daxili funksiyaları aşağıdakılardır:
1.Vətəndaşların və cəmiyyətin təhlükəsizliyinin, qanunçuluğun və hüquq qaydalarının təmin edilməsi, habelə qanunvericilik funksiyası;
2. Cəmiyyətin iqtisai əsaslarının, bütün rəngarəng mülkiyyət formalarının müdafiəsi;
3. Sosial münaqişələrin və sinfi ziddiyyətlərin tənzim edilməsi, fərdlərin və sosial qrupların mənafeyinin və tələbatlarının əlaqələndirilməsinin təmin edilməsi;
4. Maarif və tərbiyənin, mədəniyyət sferasının tənzim edilməsi;
5. Etnik qrupların münasibətlərinin tənzim edilməsi və milli birlik;
6. Demoqrafik və ekoloji funksiya, adamların mühafizə edilməsinin və təbii ehtiyatlardan səmərəli istifadə olunmasının təmin edilməsi;
Dövlətin xarici funksiyaları aşağıdakılardır:
1.Beynəlxalq münasibətlərin bütün sferalarında dövlətin mənafeyinin və suverenliyinin müdafiəsi;
2. Diplomatik münasibətlər və xidmətlər, habelə təşkilatların, ittifaqlıarın, birliklərin (BMT, AİB, NATO və s.) işində iştirak etmək yolu ilə dövlətlərarası və beynəlxalq mənafelərin aydınlaşdırılması və reallaşdırılması.
Ərazi quruluşuna görə dövlətlər unitar və federativ, idarə formalarına görə isə monarxiya və respublikaya ayrılır.
Vətəndaş cəmiyyətinin təhlili zamanı qarşıya çıxan ilk təsisat siyasi partiyalardır. Partiya hakimiyyəti ələ almaq, yaxud hakimiyyətdə iştirak etmək məqsədilə müəyyən ideyanın və ya liderin fəal tərəfdarlarının birləşdiyi məqsədyönlü və mütəşəkkil qrupdur. Müasir siyasi partiyalar ilk dəfə XX əsrin əvvəllərində Avropada yaranmışdır. Orta təbəqələrin siyasi fəallığının artması, vətəndaşların seçki hüququnun genişlənməsi, xalqların milli mənlik şüurunun artması və s. siyasi partiyaların formalaşmasına təsir edən başlıca amillər olmuşlar. Siyasi partiyalar cəmiyyətdə ictimai inkişafın məqsədlərini müəyyənləşdirmək, siyasi inkişafın strategiyasını və proqramını işləyib hazırlamaq, vətəndaşların siyasi sosiallaşması, həmçinin liderlərin və siyasi elitanın formalaşdırılması kimi funksiyaları yerinə yetirir. Demokratik, totalitar və avtoritar partiya sistemləri fərqləndirilir.