8.2. Firmanın investisiya qoyuluşunun tərkibi və quruluşu
Kapital əmələ gətirən investisiya – yeni firmalar tikilməsinə, fəaliyyət göstərənlərin genişləndirilməsinə, texniki cəhətdən yenidən qurulmasına, rekonstruksiya olunmasına və habelə avadanlıqların modernləşdirilməsinə, yeni texnoloji istehsal üsullarının tətbiqinə, həmçinin əmtəə-istehsal ehtiyatlarının yaradılmasına, dövriyyə vəsaitlərinin və qeyri-maddi aktivlərin artırılmasına yönəldilir. Kapital əmələ gətirən investisiyanın tərkib hissəsi olan əsaslı vəsait qoyuluşu əsas fondların yaradılmasına yönəldilən investisiyadır. Əsaslı vəsait qoyuluşu əsasən iki istiqamətdə iqtisadi təyinat alır: a) istehlak olunmuş əsas kapitalın yeniləşdirilməsinə; b) avadanlıq parkının genişləndirilməsinə.
Firmada əsaslı vəsait qoyuluşu yeni sex və istehsal sahələri yaratmaqla yanaşı, həm də fəaliyyət göstərənlərin genişləndirilməsi, texniki cəhətdən yenidən qurulması, rekonstruksiya olunması və habelə avadanlıqların modernləşdirilməsi, yeni texnoloji proseslərin tətbiqi işlərinə yönəldilir.
Əsaslı vəsait qoyuluşunun tərkib aşağıdakı xərclərdən ibarət olur:
a) tikinti-quraşdırma işlərinə çəkilən xərclər;
b) müxtəlif avadanlıqların (texnoloji, energetika, yükqaldırma və nəqliyyat) və habelə əsas fondlara aid olunan alət və inventarların alınmasına çəkilən xərclər;
c) tikinti obyektinin layihələndirilməsi ilə əlaqədar olan geoloji-kəşfiyyat, axtarış və gələcək tikintinin əsaslandırılmasına çəkilən xərclər;
e) tikinti üçün torpaq sahəsinin ayrılması, tikilən firmanın idarə heyətinin saxlanılmasına çəkilən xərclər.
Göstərilən xərclərin hər birinin əsaslı vəsait qoyuluşunun ümumi məbləğindəki xüsusi çəkisi – əsaslı vəsait qoyuluşunun texnoloji quruluşunu əmələ gətirir.
Əsaslı vəsait qoyuluşunun texnoloji quruluşunda avadanlıqların alınması ilə əlaqədar olan xərclərin payı çoxaldıqca əsaslı vəsait qoyuluşunun texnoloji quruluşunun mütərəqqilik dərəcəsi və habelə istismara buraxılan əsas fondlardan istifadə səviyyəsi də yüksək olur.
Əsaslı vəsait qoyuluşunun iqtisadi məsələləri içərisində onun texnoloji quruluşu ilə yanaşı təkrar istehsal quruluşunun da mühüm əhəmiyyəti vardır.
Əsaslı vəsait qoyuluşunun təkrar istehsal quruluşu dedikdə onun formalarına çəkilən xərclərin nisbətləri başa düşülür. Bu göstərici yeni tikintiyə, mövcud güclərin genişləndirilməsinə, firmanın rekonstruksiya edilməsinə, texniki cəhətdən silahlandırılmasına çəkilən xərclərin əsaslı vəsait qoyuluşunun ümumi məbləğində xüsusi çəkilərinin tapılması ilə müəyyən olunur.
Bütün investisiyalar risklərlə bağlıdır. İnvestisiya risklərini iki qrupa bölmək olar:
a) Ümumi iqtisadi risklər ölkədəki siyasi-iqtisadi vəziyyətlə əlaqədar olur. Buraya hökumətin iqtisadi siyasətinin mənfi nəticələrinin baş vermə ehtimalı, yüksək inflyasiya və siyasi qeyri-sabitliyin olması imkanları və digər fors-major (fövqəladə) şəraitləri daxildir.
b) Kommersiya riskləri investisiya qoyuluşunun konkret obyekti ilə əlaqədar risklərdir. Bunlara qiymətli kağızın bazar dəyərinin azalması imkanı, mənfəət və dividentin olmaması, firmanın (firmanın) iflası və ya investisiya obyektinin ləğvi və s. ilə əlaqədar olan risklər aiddirlər. Bu qəbildən olan riskləri azaltmaq üçün investisiya portfelindən istifadə edilir.
Dostları ilə paylaş: |