8.4. İnvestisiya layihələrinin iqtisadi səmərəliliyinin
qiymətləndirilməsi üsulları
Hər hansı investisiya fəaliyyəti ilə bağlı qərar qəbul edilməsi mürəkkəb bir proses olduğundan, bu zaman hər şeydən əvvəl, investisiyanın istiqamətləri və növləri, investisiya layihələrinin dəyəri və onların müxtəlif variantları, maliyyə ehtiyatlarının məhdudluğu, investorların çoxluğu və maraqlarının müxtəlifliyi və s. araşdırılıb öyrənilməlidir. Eyni zamanda maliyyə vəsaitlərinin cəlb olunması mənbələri, layihələrin həyata keçirilməsi ilə bağlı edilən riskin dərəcəsi, layihələrin tətbiqindən alınacaq nəticələrin müxtəlifliyi və digər amillər də nəzərə alınmalıdır.
İnvestisiya layihələri müxtəlif maliyyələşdirmə mənbələri və imkanları, texnoloji və təşkilati təminat, realizasiya müddəti və s. cəhətdən xarakterizə oluna bilər. Onların hər biri eyni dərəcədə vacibdir.
Qeyd etmək lazımdır ki, bazar münasibətləri şəraitində maliyyə vəsaitlərindən istifadə vaxtı amilinin nəzərə alınmasını zəruri edir.
Pulun vaxtdan asılı olaraq dəyərinin müəyyənləşdirilməsi vacibliyi iki nöqteyi-nəzərdən əsaslandırıla bilər: birincisi, nağd pulun vaxt keçdikcə qiymətdən düşməsi, ikincisi isə, pul vəsaitlərinin kapital kimi dövr etməsi və dövriyyədən hətta ilkin kapitalın belə qaytarılmasının riskli olması.
Pul vəsaitlərinin dəyərinin vaxta görə müəyyənləşdirilməsi diskontlaşdırma prosesi adlanır. Bu zaman diskontlaşdırma əmsalından istifadə olunur. investisiya layihələrinin qiymətləndirilməsində vaxt amilinin nəzərə alınıb-alınmamasından asılı olaraq, qiymətləndirmə meyarları və üsulları iki qrupa bölünür:
Diskontlaşdırılmış qiymətləndirməyə əsaslanan üsullar;
Mühasibat uçotuna əsaslanan üsullar.
Birinci qrup üsullara aşağıdakılar aid edilir:
İnteqral səmərə (xalis cari dəyər göstəricisi);
Rentabellik norması (daxili rentabellik norması);
Rentabellik indeksi.
İkinci qrup üsullara isə aşağıdakılar daxildir:
İnvestisiyanın ödənmə müddəti;
İnvestisiyanın səmərəlilik əmsalı.
İnvestisiya layihələrinin qiymətləndirilməsi zamanı illər üzrə investisiya qoyuluşlarının həcmləri və gəlirlər, layihənin həyata keçirilməsi müddəti, pul axınının diskontlaşdırılması əmsalı və s. əsas götürülür.
İnvestisiya layihəsinin inteqral səmərəsi üsulunun əsasını ilkin investisiya məbləğinin proqnozlaşdırılmış nağd pul axınının məbləği ilə müqayisə edilməsi təşkil edir. pul axını dövrlər üzrə paylandığına görə diskontlaşdırma (gətirilmə) əmsalından istifadə olunaraq müqayisə edilən səviyyəyə gətirilir. Bu əmsalın qiyməti investor tərəfindən müəyyənləşdirilir: illik faiz dərəcəsi və yaxud mənfəət norması götürülə bilər.
İnvestisiyanın daxili rentabellik norması dedikdə, inteqral səmərəni sıfıra bərabərləşdirən diskontlaşdırma əmsalının qiyməti başa düşülür.
İnvestisiyanın rentabellik indeksi nisbi göstəricidir və xərc vahidinin payına düşən gəlirin səviyyəsini ifadə edir, başqa sözlə, investisiyanın səmərəliliyini göstərir.
İnvestisiya layihəsini seçərkən onu qiymətləndirmək üçün aşağıdakı göstəricilərə əsaslanmaq olar:
a) layihənin daxili rentabellik norması;
b) layihə «müəllifinin» qoyduğu investisiyanın layihənin ümumi məbləğində xüsusi çəkisi;
c) layihənin tətbiqinin ətraf mühit üçün təhlükəsiz olmasının təmin edilməsi.
Qeyd edilən göstəricilərdən birinci və üçüncünün mümkünlüyünü qabaqcadan görmək və qəbul etmək olar. Lakin layihə «müəllifinin» zəruri payda investisiya qoyması çox hallarda mümkün olmur. Layihənin digər xüsusiyyətlərini daha dəqiq tədqiq etmək və onun cəlbedici aspektlərini aşkar etmək üçün:
investisiya cazibədarlığı;
məhsulların rəqabətqabiliyyətlilik səviyyəsi;
firmanın kadr potensialı;
firmanın innovasiya cazibədarlığı;
firmanın maliyyə üstünlüyü;
ərazi üstünlüyü;
ekoloji üstünlüklər;
riskin dərəcəsi.
Dostları ilə paylaş: |