Mövzu «Fİrmanin iQTİsadiyyati» kursunun təDQİqat obyekti, predmeti VƏ MƏzmunu



Yüklə 0,77 Mb.
səhifə39/79
tarix11.12.2022
ölçüsü0,77 Mb.
#73755
1   ...   35   36   37   38   39   40   41   42   ...   79
Firmanın İqtisadiyyatı mühazirə

Əmtəəlik məhsulun (ƏM) həcmi, artıq qeyd edildiyi kimi yalnız kənara reallaşdırılması məqsədilə istehsal edilmiş məhsulun dəyərinə bərabərdir və aşağıdakı kimi hesablanır:
ƏM = RM + (HMA - HMƏ) + (YMA - YMƏ)
Burada, RM - reallaşdırılmış məhsulun həcmi;
HMA - ilin axırına hazır məhsul qalığı;
HMƏ - ilin əvvəlinə hazır məhsul qalığı;
YMA - ilin axırına yola salınmış, lakin dəyəri ödənilməmiş məhsulun həcmi;
YMƏ - ilin əvvəlinə yola salınmış, lakin dəyəri ödənilməmiş məhsulun həcmi.
Əgər əmtəəlik məhsul müxtəlif istehlakçıların ehtiyaclarını ödəmək təyinatı almış məhsulların dəyərindən ibarətdirsə, realizə edilmiş məhsul isə artıq istehlakçıların mülkiyyətinə çevrilmiş məhsulların dəyərindən ibarət olur.
Ümumi məhsul göstəricisi müəssisənin istehsal fəaliyyətinin son, yekun nəticəsini özündə əks etdirir.
Zavod metodu ilə hesablanan ümumi məhsul (ÜM) göstəricisinə kənara buraxmaq üçün istehsal olunan və özünün ehtiyaclarına istehlak olunan məmulat, yarımfabrikat, xidmətlər və bir də ilin axırına və əvvəlinə bitməmiş istehsal qalıqlarının fərqi daxil edilir. Bu göstərici aşağıdakı düsturun köməyilə hesablanır:
ÜM = ƏM + (BMA - BMA)
Burada, BMA - ilin axırına bitməmiş istehsalın həcmi;
BMƏ - ilin əvvəlinə bitməmiş istehsalın həcmi;
Əmtəəlik məhsula ümumi məhsulun o hissəsi daxil edilir ki, onlar kənar üçün istehsal olunur (və ya xidmət göstərilir) və təsərrüfat dövriyyəsinə təyinat alır. Başqa sözlə, əmtəəlik məhsula müəssisənin
özünün ehtiyacları üçün istehsal olunmuş məhsulların və habelə bitməmiş istehsal qalığının dəyərləri daxil edilmir.
Planlaşdırma praktikasında tətbiq olunan həcm göstəricilərindən biri də təmiz (xalis) məhsul göstəricisidir.
Xalis məhsul ümumi məhsulun dəyərilə onun istehsalına sərf olunmuş maddi məsrəflərin fərqi kimi hesablanır və o, yeni yaradılmış, əlavə edilmiş dəyərə ekvivalent olan bir göstəricidir.
Bazar iqtisadi sistemində ayrı-ayrı müəssisələrin təsərrüfat fəaliyyətini qiymətləndirmək üçün "əlavə olunmuş dəyər" göstəricisindən istifadə olunur. Bu göstəricini ümumi məhsulun dəyərindən kənardan alınmış maddi resursların və xidmətlərin dəyəri çıxılmaqla hesablayırlar. "Əlavə olunmuş dəyər"lə «şərti-təmiz məhsul» göstəriciləri arasında - iqtisadi məzmunlarına görə - heç bir fərq yoxdur. Əlavə olunmuş dəyərin bütün istehsallar üzrə cəmlənməsi vasitəsilə ölkənin ümumi daxili məhsulunu (ÜDM) müəyyən edirlər (əlavə olunmuş dəyərin hesablanması qaydası dərsliyin «Firmanın istehsal-kommersiya fəaliyyətinin səmərəliliyi» adlı fəslində verilmişdir).
Emalın normativ dəyəri bəzi sənaye sahələrində (tikiş, poliqrafiya) istehsalın həcminin planlaşdırılmasında tətbiq olunur. Bu göstəricinin tərkibinə fəhlələrin əsas və əlavə əmək haqqı, ümumzavod və sex xərcləri daxil edilir. Emalın normativ dəyəri yeni yaradılan dəyərin bir hissəsini, başqa sözlə, özü üçün əməyin nəticəsini ifadə edir. Emalın normativ dəyəri əlavə göstərici sayılır, çünki onun tətbiq sahəsi çox məhduddur.
Firmanın istehsal proqramının başqa bir mühüm göstəricisi məhsulun plan çeşididir (assortimentidir).
Çeşid dedikdə, firmanın - aldığı sifarişlər əsasında - bazara təqdim etdiyi əmtəələr dəsti nəzərdə tutulur. Nomenklatura və ya əmtəə çeşidi - firmanın istehsal etdiyi məhsulların məcmusudur. Məhsul növü funksional xüsusiyyətlərinə, keyfiyyətinə və qiymətinə uyğun olaraq çeşid qruplarına (tiplərinə) bölünür. Hər bir çeşid qrupu isə çeşid mövqelərinə bölünür ki, bu da təsnifatın ən aşağı pilləsini təşkil edir.
Məsələn, "yun parça" məhsul növü ayn-ayrı iriləşdirilmiş çeşid qrupları üzrə - kostyumluq, paltoluq və s. bölüşdürülür. Bunları isə, firmalar mövsüm, qadın və kişi, qız və oğlan üçün təyinat alması baxımından növ, çeşid və artikullara bölərək daha müfəssəl və konkret nomenklaturada özlərinin istehsal proqramlarına daxil edirlər.
Bazar iqtisadiyyatı şəraitində məhsulun tam çeşidi firma və müəssisələrdə formalaşır. Firma və müəssisələrin istehsal etdikləri məhsulların çeşidləri onların öz istehlakçıları ilə bağlamış olduqları müqavilələr əsasında və habelə bazardakı tələb və təklifin uzlaşdırılması zəruriliyinə görə yaranır.
Firmada istehsal həcminin planlaşdırılması resursların (əmək, kapital, maliyyə və s.), xüsusilə, onların bir növ törəməsi olan, istehsal gücünün ölçüsü ilə müəyyən edilə bilər. İstehsal gücünün mövcud olan ölçüsü və perspektiv imkanları nəzərə alınmadan istehsal həcminin planlaşdırılması, əvvəla, qeyri-mümkündür, ikincisi, həmin amili nəzərə almadan tərtib edilən plan mənfi nəticələrə gətirib çıxara bilər. Tərtib olunan hər bir plan fəaliyyət üçün "bələdçi" rolunu oynasa da, onun özünün reallığı resursların mövcudluğundan, onların ölçüsünün görüləcək işin həcminə uyğunluğundan asılı olur.
Qeyd etmək lazımdır ki, istehsal həcminin planlaşdırılması, hər şeydən əvvəl, istehsal olunacaq məhsulların bazarı, başqa sözlə, onların istehlakçıları müəyyən edildikdən sonra aparıla bilər. İstehlakçısı əvvəlcədən bilinməyən, lakin həcmi planlaşdırılan və istehsal olunan məhsulların realizə olunma ehtimalı az, anbarda toplanıb qalmaq şansları isə çox olur. Eyni fikir istehsal proqramının istehsal gücünün ölçüsünə müvafiq tərtibi məsələsinə də aiddir. Bazarı, istehlakçısı müəyyən olan, lakin istehsal gücünü nəzərə almadan məhsul istehsalını planlaşdırmaq əbəsdir, mümkün deyil. Bunlardan hansı birinin - istehsal gücünün və ya istehlakçının-əvvəlcədən müəyyən edilib-edilməməsi eyni dərəcədə istehsal proqramının reallığını təsdiq və ya inkar edə bilər.
İstehsal gücü firmada istehsalın həcmini planlaşdırarkən son dərəcə mühüm rol oynayır. İstehsal gücləri və onların istifadə dərəcəsi hər bir firmanın istehsal proqramını tərtib edərkən və əsaslandırarkən ilkin məlumat kimi istifadə olunur. Plan tapşırıqlarının reallığı onun müvafiq texniki-iqtisadi hesablamalarla, xüsusən də istehsal güclərinin ölçüsü ilə əsaslandırılması nəticəsində təmin edilir.
İstehsal tapşırıqlarının planlaşdırılmasında və əsaslandırılmasında istehsal güclərinin rolu o qədər böyükdür ki, bəzi iqtisadçılar, onu istehsal proqramı ilə eyniləşdirirlər. Lakin bu belə deyildir, çünki əvvəla, istehsal proqramı müəssisənin orta illik istehsal gücü əsasında müəyyən edilir, yəni istehsal proqramı istehsal gücünə bərabər ola bilməz. İkincisi, istehsal gücü müəssisənin optimal iş şəraitində əldə edilə biləcək maksimum məhsul buraxmaq imkanı olduğu halda, istehsal proqramı planlaşdırılan işlərin həcmi, xammal, material və enerji resurslarının miqdarına görə müəyyən edilir. Üçüncüsü, istehsal proqramı həcminə görə istehsal güclərinə bərabər ola bilməz, çünki plan ili ərzində təşkilati-texniki və digər tədbirlər istehsal gücünü artırır. Nəhayət, dördüncüsü, əgər istehsal proqramı plan ilində mövcud olan istehsal vasitələrindən və işçi qüvvəsindən istifadə dərəcəsini xarakterizə edirsə, istehsal gücləri ümumiyyətlə, istehsal aparatının maksimum imkanını özündə əks etdirir. Beləliklə, istehsal güclərinin həcmi ilə istehsal proqramı arasında bərabərlik işarəsinin qoyulması düzgün deyildir. Bu, gücün süni surətdə azaldılmasına və gərgin olmayan norma və normativlərin tətbiq edilməsinə şərait yaratmağa gətirib çıxarır və faktiki istifadə edilməyən bir çox ehtiyatlar olduğu halda, zahirən elə vəziyyət yaranır ki, guya firmanın və yaxud müəssisənin istehsal aparatı tamamilə yüklənmişdir.
İstehsal gücünün müəyyən olunmasına "istehsal avadanlıqlarından və meydançalarından tam istifadə etməklə" hesablamaq kimi yanaşırlar. Məhz buna görə də istehsal gücünün düzgün hesablanmasında texnoloji avadanlıqlardan tam istifadə edilməsi onu müəyyən edən bir amil kimi çıxış edir. Avadanlıqlardan istifadə səviyyəsinin süni surətdə azaldılması istehsal gücünü də süni surətdə azaldır və müəssisənin əlavə avadanlığa ehtiyacı yaranır. Bununla əlaqədar olaraq bəzi iqtisadçılar göstərirlər ki, "planda müəyyən edilmiş nomenklaturada" məhsul buraxılışında istehsal avadanlıqlarından tam istifadə çətin ki mümkün olsun və buna görə də, onlar istehsal güclərinin hesablanmasını optimal çeşidə, avadanlıqlardan və meydançalardan tam istifadəni təmin edən çeşidə görə aparmağı düzgün hesab edirlər. Optimal çeşid dedikdə, elə məhsul nomenklaturası başa düşülür ki, o, avadanlıq və meydançaların daha tam yüklənməsinə imkan verir. Qeyd etmək lazımdır ki, burada optimal çeşidin həmin dövr üçün istehsalı zəruri olan, sifarişlər portfelinə daxil olan məhsulların çeşidinə qarşı qoyulması meyli vardır. Göründüyü kimi, məhsulun nomenklaturası müəyyən edilərkən müəssisəyə plan ilində istehsalı vacib olan, bazarın tələb etdiyi məhsulların deyil, avadanlıqların tərkibinə uyğun gələn proqramın tərtib olunması təklif olunur. Bu, əlbəttə, səhvdir. Firmanın istehsal proqramının əsaslandırılması istehsal gücünün ilin hər hansı ayına, ilin əvvəlinə və ya axırına deyil, orta illik ölçüsü vasitəsilə aparılmalıdır. Orta illik istehsal gücü ilin əvvəlinə mövcud olan istehsal gücünə il ərzində işə salınan istehsal gücünün əlavəsi, il ərzində istehsaldan kənar edilən istehsal gücünün çıxılması yolu ilə hesablanılır.
Qeyd etmək lazımdır ki, bazar iqtisadiyyatı şəraitində - tələb və təklif qanunlarının mexanizmləri işlədikcə - diversifikasiya prosesi çox mütəhərrik səciyyə daşıyacaqdır. Həmin proses tələb və təklifin tarazlıq vəziyyətindən asılı olaraq firmanı məhdud nomenklaturada məhsul istehsalından geniş nomenklatura və çeşiddə məhsul istehsalına keçməyə vadar edəcəkdir. Belə halda firmada avadanlıqların texnoloji quruluşu yeni məhsulların istehsalı texnologiyasına uyğun gəlməyəcəkdir, yeni istehsal güclərini işə salmaq, lüzumsuzların isə ləğvi zərurəti yaranacaqdır. Məhz belə bir vəziyyət, istehsal proqramının dəyişməsi ilə əlaqədar olaraq istehsal gücünün yenidən müəyyən edilməsinin, xüsusilə, orta illik istehsal gücünün hesablanmasının əhəmiyyətini daha da artıracaqdır.
Nəhayət, istehsal proqramının istehsal gücünün köməyilə əsaslandırılmasına təsir göstərən başqa bir amil vardır ki, bu da həmin işi asanlaşdıra və çətinləşdirə bilər. Belə ki, plan ilində nəzərdə tutulmuş tapşırıqların yerinə yetirilməsi imkanı sifarişlər portfelinin müxtəliflik dərəcəsindən xeyli asılı olur. Əgər məhsul istehsalı və xidmətlər göstərilməsi üzrə sifarişlər çox müxtəlifdirlərsə, hazırlanacaq məhsullar öz konstruktiv quruluşlarına və hazırlanma texnologiyalarına görə fərqlənirlərsə, onda müəssisənin istehsal avadanlıqlarının texnoloji quruluşları da mürəkkəb olur. Əgər istehsal olunacaq məhsul nomenklaturası məhdud və onların hazırlanma texnologiyaları oxşardırlarsa, deməli, müəssisənin ixtisaslaşma səviyyəsi yüksəkdirsə, onda müəssisənin tərtib etdiyi istehsal proqramı ilə onun istehsal gücü arasında tarazlığa nail olmaq nisbətən asan olur, çətinlik törətmir.
Bazar iqtisadiyyatı şəraitində də istehsal proqramının formalaşması, onun müxtəlif resurslarla əsaslandırılması və nəhayət, qəbul olunmuş sifarişlərin yerinə yetirilməsi öz-özünə həll olunmayacaqdır. Bazar qanunlarının tələblərinə cavab vermək, rəqabətdə uduzmamaq, müflisləşməmək üçün hər bir firma daha ciddi səy göstərəcək, öz mənafeyini qorumaq işində daha da inadkar olacaqdır.

Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin