7.2. Firmada planlaşdırmanın metodları
Planların əsaslılığı, reallığı və gərginliyi onların hazırlanması metodlarından, planların məlumat bazasının vəziyyətindən, planların ilkin bazasının nə qədər dərindən öyrənilməsi səviyyəsindən asılıdır. Müəssisədə planların tərtibi və əsaslandırılmasında tətbiq edilən metodları bir neçə qrupda birləşdirmək olar.
"Nail olunmuş səviyyədən" planlaşdırma istehsal-təsərrüfat tapşırıqlarının firmanın fəaliyyətini əks etdirən göstəricilərin faktiki formalaşmış dinamikası əsasında müəyyən olunmasına əsaslanır. Belə planlaşdırma çox vaxt səhv nəticələrə gətirib çıxarır, firmanın fəaliyyətinin yeni istiqamətlərinin, şərtlərinin, istehsalın təkmilləşdirilməsi amillərinin aşkar olunması ilə müşayiət olunmur.
Bununla yanaşı, planların tərtibində onların ilkin bazasının - «nail olunmuş səviyyənin» - dərindən öyrənilməsi zəruridir. Bu məlumatlar baza dövründə mövcud olmuş çatışmazlıqları aradan qaldırmağa, plan ilində qabaqcıl təcrübəni yaymağa kömək edə bilir.
Planlaşdırmanın iqtisadi-statistik metodları plan göstəricilərinin kəmiyyətinin müəyyən olunmasında bir sıra statistik üsullardan - qruplaşdırma metodlarından, dinamik sıra metodundan və s. istifadəni, təshihedici əmsalların tətbiqini nəzərdə tutur. Bu metodlar yuxarıda qeyd olunan metoddan prinsipcə yaxşı olsa da, heç də həmişə plan hesablamalarına mütərəqqi xarakter vermir, çünki adətən hesabat məlumatlarına əsaslanır.
Proqnozlaşdırma, proqramın və habelə planların tərtibi planlaşdırma metodologiyasının normativ bazası - normalar, normativlər və göstəricilər olmadan qeyri-mümkündür.
Planlaşdırmanın normativ metodu planların texniki-iqtisadi cəhətdən əsaslandırılmasına imkan verir. Müasir dövrdə proqnozların, proqramların və planların tərtib olunmasının elmi bazası olan norma və normativlər sisteminin və ümumiyyətlə, normalaşdırma işinin rolu daha da artmışdır. Çünki, əvvəla, resursların məhdudluğu ilə mülkiyyət sahiblərinin daha çox gəlir əldə etmək məqsədləri arasındakı ənənəvi ziddiyyətin ciddi şəkildə güclənməsi, ikincisi, resurslardan maksimum qənaətlə istifadəyə cəhdin artması, üçüncüsü, istehsalın intensivləşdirilməsi və səmərəliliyinin yüksəldilməsi problemlərinin həlli mütərəqqi normativ bazanın mövcudluğundan bilavasitə asılıdır.
Material resursları sərfinin düzgün normalaşdırılması istehsalın texniki səviyyəsinin yüksəldilməsi, istehsaldaxili ehtiyatların aşkara çıxarılması və səfərbər edilməsi, materiallardan istifadədə qənaət rejiminin gözlənilməsi kimi işlərin lazımi keyfiyyətdə icra olunmasına bilavasitə köməklik göstərir. Normalaşdırmanın bir mühüm əhəmiyyəti də firma və müəssisələrin konkret materiala tələbatının müəyyənləşdirilməsində həlledici rol oynamasıdır.
Ümumiyyətlə, normalaşdırma - əmək və maddi resursların zəruri məsrəflərinin elmi cəhətdən əsaslandırılmış plan ölçüsünün müəyyən edilməsidir.
Canlı əməyin normalaşdırılmasında məqsəd, hər şeydən əvvəl, verilən həcmdə işin icrası üçün zəruri vaxtın, yəni vaxt normasının müəyyən olunmasıdır.
Əməyin normalaşdırılması dövrün texnoloji istehsal üsulunun texniki səviyyəsinə, istehsalın və əməyin təşkili vəziyyətinə, qabaqcıl iş metodlarına əsaslanmalıdır. Yalnız bunların nəzərə alınması ilə mütərəqqi, səfərbəredici vaxt normalarını işləyib hazırlamaq mümkün olar.
Vaxt norması (buna istehsal norması da deyilir) məhsul istehsalı zamanı kəmiyyətcə ölçülməsi, uçotu mümkün olan əməliyyatlar üçün işlənib hazırlanır və istifadə edilir.
Canlı əməkdən məsrəf normaları vasitəsilə, nəticə etibarilə, həm də iş qüvvəsinə tələbat, əmək məhsuldarlığı və iş vaxtından istifadə səviyyələri, əmək haqqı fondunun həcmini müəyyən etmək və öyrənmək mümkün olur.
Material məsrəfi norması - plan dövrünün xüsusiyyətləri nəzərə alınmaqla tələb olunan keyfiyyətdə məhsul vahidi istehsalına (vahid həcmdə xidmət göstərilməsinə) xammal və ya materialdan sərfiyyatın elmi cəhətdən əsaslandırılmış minimum həddi və yaxud maksimum yol verilə bilən ölçüsüdür.
Material məsrəfi norması iqtisadi kateqoriya kimi ictimai əmək bölgüsünün səviyyəsini, xammal və ya materialdan sərfiyyatın ölçüsünü və, nəticə etibarı ilə, istehsalın proqnozlaşdırılan səviyyəsini özündə əks etdirir. Bununla yanaşı mütərəqqi və texniki-iqtisadi cəhətdən əsaslandırılmış məsrəf norması istehsalın texniki səviyyəsinin təkmilləşdirilməsinə fəal surətdə təsir göstərir. Beləliklə, məsrəf norması plan ilində material resursu sərfinin kəmiyyətini müəyyən etməklə ictimai istehsalın inkişafındakı mütərəqqi meylləri özündə əks etdirir və bütün bunlara görə də müəssisənin inkişaf planında özünü elmi-texniki tərəqqinin əsas istiqamətlərinin daşıyıcısı kimi göstərir.
Norma ilə müqayisədə normativ - nisbi kəmiyyət olmaqla - xammal, material, avadanlıq və s.-dən istifadə səviyyəsini xarakterizə edir (məsələn: fondverimi - 1 manatlıq əsas fonda düşən məhsulun miqdarı, 1 manatlıq əmtəəlik məhsulun maya dəyəri və s.).
Dostları ilə paylaş: |