Mövzu «Fİrmanin iQTİsadiyyati» kursunun təDQİqat obyekti, predmeti VƏ MƏzmunu


Mövzu 7. FİRMANIN İSTEHSAL-KOMMERSİYA FƏALİYYƏTİNİN PLANLAŞDIRILMASI



Yüklə 0,77 Mb.
səhifə34/79
tarix11.12.2022
ölçüsü0,77 Mb.
#73755
1   ...   30   31   32   33   34   35   36   37   ...   79
Firmanın İqtisadiyyatı mühazirə

Mövzu 7. FİRMANIN İSTEHSAL-KOMMERSİYA FƏALİYYƏTİNİN PLANLAŞDIRILMASI


7.1. İstehsal firmasında planlaşdırmanın mahiyyəti və prinsipləri
7.2. Firmada planlaşdırmanın metodları
7.3. Firmanın inkişaf planının əsas bölmələri
7.4. Firmada istehsal-kommersiya proqramının tərtibi və əsaslandırılması


7.1. İstehsal firmasında planlaşdırmanın mahiyyəti və prinsipləri

Firmanın elmi əsaslarla idarə olunmasının ən mühüm cəhətlərindən biri də onun istehsal-kommersiya fəaliyyətinin planlaşdırılmasıdır. Planlaşdırma idarəetmənin əsas funksiyasıdır.


Əgər planlaşdırmanın prinsipləri, planın tərtibində tətbiq olunan metod və istifadə olunan göstəricilər sistemi iqtisadi proseslərin mahiyyət və daxili əlaqələrini düzgün nəzərə ala bilirsə, belə planlaşdırma elmi planlaşdırma hesab olunur. Elmi planlaşdırma əsasında tərtib olunmuş planlar səfərbəredici olur, gərgin olmur, onların yerinə yetirilməsi isə nəzərdə tutulmuş nəticələri verə bilir.
Qoyulmuş sualın şərhinə keçməzdən əvvəl, onun izahını asanlaşdıran bəzi anlayışların - "plan", "planlaşdırma", "proqram", "proqnoz" - mahiyyətini açmaq zərurəti vardır.
"Plan" yunan sözü olub məzmununa görə Azərbaycan dilinin "rəvan", "bərabər" sözlərinə uyğun gəlir. Plan - məqsədi, məzmunu, həcmi, metodları, ardıcıllığı, icra olunma vaxtı göstərilməklə müəyyən bir dövr üçün yerinə yetirilməsi nəzərdə tutulan iş və tapşırıqların məcmusunu özündə əks etdirən sənəddir.
"Planlaşdırma" anlayışına, elmi cəhətdən formalaşdırılan biliklər sistemi kimi və habelə ictimai həyatın bütün sahələrinin şüurlu nizamlanmasına yönəldilmiş fəaliyyət növü, praktiki proses kimi də baxmaq olar. Planlaşdırma iqtisadi qanunlar və mövcud təcrübədən istifadə əsasında plan, proqram və layihələrin hazırlanması
prosesidir.
"Proqram" - dövlət və təsərrüfat subyektləri tərəfindən müəyyən dövr ərzində icrası nəzərdə tutulan təsərrüfat tədbirləri üzrə məqsəd və vəzifələrin məcmusudur.
Plan - proqramda öz əksini tapan tədbirlərin rəvan, bir qaydada realizə olunması məqsədilə həyata keçirilməsi nəzərdə tutulan konkret və kompleks tədbirlər sistemidir. Göründüyü kimi, planla proqramın vəhdəti çox, fərqi isə azdır; proqram məqsəd və vəzifələrdirsə, plan onların yerinə yetirilməsi mexanizmidir, daha doğrusu, proqramın həyata keçirilməsi üçün məqsədyönlü konkret tədbirlərin məcmusudur.
"Proqnoz" - perspektiv dövr üçün iqtisadi inkişaf və sosial tərəqqinin əsas problemlərinin həlli yollarına, üstünlük veriləcək sahələrin inkişaf istiqamətlərinə, strateji məqsədlərə nail olmaq üçün qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə dair elmi cəhətdən əsaslandırılmış təsəvvür, mülahizə və tövsiyələrin məcmusudur. Proqnozlar vasitəsilə bütövlükdə iqtisadiyyatın, onun sahələrinin və təsərrüfat subyektlərinin yaxın və uzaq perspektiv üçün inkişaf istiqamətlərini müəyyən etmək imkanı əldə edilir.
Uzunmüddətli perspektiv inkişaf proqramları proqnozlar əsasında tərtib olunur. Proqnozlaşdırma əsasında gözlənilən nəticənin dəqiqlik dərəcəsi yüksək olmasa da, onun üstünlüyü və vacibliyi, proqnozlara istinad edərək onların əsasında hər hansı ictimai-iqtisadi prosesin gələcək inkişafı üçün alternativ proqram variantlarını müəyyən etmək imkanının yaranması ilə izah edilir.
Proqnozlar əsasında orta bir müddəti əhatə edən - bir qayda olaraq beş illik - proqramlar tərtib olunur. Belə proqramlar proqnozlara nisbətən daha dəqiq və konkret olur, çoxsaylı iqtisadi, sosial, elmi-texniki, ekoloji və təşkilati problemlərin həllini nəzərdə tutur. Proqramların əhatə etdiyi dövr üçün onun yerinə yetirilməsi planı işlənib hazırlanır.
Firma və müəssisələrdə proqnozlaşdırma planların tərtibinin ilkin mərhələsi olduğundan, proqnozların tərtibi üçün xarici mühit ətraflı öyrənilməlidir. Xarici mühit amillərinin, firmanın zəif və güclü cəhətlərinin təhlili firmadaxili planlaşdırmanın əsasını təşkil edən istehsal və satış üzrə proqnozları hazırlamağa imkan verir. Firmada adətən illik istehsal və satış proqnozları işlənib hazırlanır ki, bunlar da müəssisənin illik planlarının hazırlanmasında istifadə olunur. Bununla yanaşı 2 ildən 5 ilə qədər dövrü əhatə edən proqnozlar da işlənib hazırlana bilər.
Satışın proqnozlaşdırılmasının müxtəlif metodları mövcuddur. Bunlara müxtəlif struktur rəhbərlərinin sorğusu, firmanın ticarət agentlərinin və onun satış bölmələrinin rəhbərlərinin qiymətləndirmələri, keçmiş ilin dövriyyəsi, satışın həcmində dəyişikliklərə səbəb olan meyllər, tsikl və amillərin təhlili, müəssisənin məhsulunun satışına təsir edən amillərin korrelyasiya təhlili, firmanın bazardakı satış payı və s. əsasında proqnozlaşdırma aiddir.
Bazar iqtisadi münasibətləri şəraitində bazarda yaranan rəqabət hər bir istehsalçını daha diqqətli olmağa, düşünülməmiş heç bir addım atmamağa, bütün fəaliyyətini, o cümlədən istehsal fəaliyyətini planlaşdırmağa məcbur edir.
Bazar münasibətlərinə əsaslanan iqtisadi sistemdə müəssisələr üçün ən önəmli məsələ öz fəaliyyətlərinin planlı qaydada aparılmasına nail olmaqdır. Firma istehsal etdiyi məhsula, gördüyü işlərə, göstərilən xidmətlərə tələbatı, habelə iqtisadi və sosial inkişafını təmin etmək, özünün işçilərinin şəxsi gəlirlərinin artırılması zəruriliyini nəzərə alaraq öz fəaliyyətini müstəqil planlaşdırır və özünün inkişaf perspektivlərini müəyyən edir.
Firma və müəssisənin fəaliyyətinin planlaşdırılması aşağıdakı prinsiplərə əsaslanır: fasiləsizlik, optimallıq, qənaətlilik, stabillik, öz bölmələrinin planlarının vəhdəti, prioritetlərin müəyyən olunması, komplekslik.
Planlaşdırmanın fasiləsizliyi uzunmüddətli və qısamüddətli planların qarşılıqlı əlaqələndirilməsi yolu ilə təmin edilir.
Planların optimallığı istehsal-texniki vəzifələrin həllinin alternativ variantlarının hazırlanması ilə əldə edilir. Xərc və nəticənin ən yaxşı əlaqəsini təmin edən ideyaların reallaşdırılması yolları ən optimal hesab edilir.
Qənaətlilik anlayışı da eyni mahiyyət daşıyır. Ayrı-ayrı layihələr, istehsal bölmələri və bütövlükdə firma konkret mikro və makroşərait üçün optimal olan maliyyə nəticələri əldə etməlidir. Hər bir firmada işgüzar fəallığın vaxtaşırı artması və azalması baş verir. Buna görə də hər il kapitalın rentabelliyinin artımına nail olmaq mümkün olmur.
Planın stabilliyi firma və müəssisənin rentabelliyinin zəruri atributudur. Onlar hadisələri qabaqcadan proqnozlaşdıra bilmirlərsə, bu onların maliyyə sabitliyinin pozulması və iflası ilə nəticələnə bilər.
Firma və müəssisənin, onların bölmələrinin planlarının vəhdəti iki yolla: birincisi, yuxarıdan - firmanın prezidenti və ya baş direktordan aşağıya - sex və şöbələrə tapşırıqların direktiv planlaşdırılması yolu ilə, ikincisi isə, firmadaxili strukturların işinin əsas göstəriciləri üzrə rəhbərliyin məsləhətləri ilə - indikativ planlaşdırma yolu ilə əldə edilir. Bu zaman planlaşdırma aşağıdan yuxarı həyata keçirilir. Hər iki halda firma və müəssisədə planların vəhdətliyi təmin edilir.
Hər bir firmada prioritetlərin müəyyən olunması zəruridir və bu, əsasən perspektiv üçün yeni məhsul növlərinin yaradılması ilə bağlıdır. Prioritet kimi az materialtutumlu, enerjiyə qənaəti təmin edən texnologiyalara keçid, ətraf mühitin qorunması və s. təşkil edə bilər.
Planın kompleksliliyi hər bir bölmənin qarşısında duran bütün məsələləri onun tam əhatə etməsi, hər bir istehsal vahidi planının digər bölmələrin fəaliyyət planları arasında qarşılıqlı əlaqə, planlaşdırılan obyektin və onunla əlaqədar olan bölmələrin fəaliyyətilə bağlı olan bütün işlərin planda tam əks olunması deməkdir.
Beləliklə, firmanın fəaliyyətinin planlaşdırma sistemi onun əsas vəzifələrinin və planlaşdırma prinsiplərinin reallaşdırıldığı planların məcmusudur.
Planların növlərini aşağıdakı əlamətlər üzrə təsnifləşdirmək olar:
- əhatə etdiyi dövrə görə;
- funksional baxımdan;
- idarəetmə ierarxiyasına görə;
- planlaşdırma ierarxiyasına görə.
Əhatə etdiyi dövrə görə planlar aşağıdakı növlərə bölünür:
- qısamüddətli planlar (əhatə etdiyi dövr 1 ildən az olan);
- ortamüddətli planlar (1 ildən 5 ilə qədər dövrü əhatə edənlər);
- uzunmüddətli planlar (əhatə etdiyi dövr 5 ildən çox olanlar).
Planların əhatə etdiyi dövr müddəti proqnozların keyfiyyətindən, planlaşdırma obyektindən, planlaşdırılan firma və sahədən, məhsulun həyat tsiklindən, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin vəziyyətindən və s. asılıdır.
Funksional əlamətə görə planlar istehsal planına, maddi-texniki təminat planına, maliyyə planına, investisiya planına, satış planına və s. bölünür.
İdarəetmə ierarxiyası əlaməti üzrə planların təsnifləşdirilməsi ümumi planlaşdırma, şöbələr və bölmələr üzrə planlaşdırmanın və iş yerlərinin planlaşdırılmasının fərqləndirilməsini, həmçinin təşkilati-struktur baxımdan planlaşdırmanın növlərə ayrılmasını nəzərdə tutur.
Planlaşdırmanın ierarxiyası əlaməti üzrə növlərə ayrılması planların bir-birinə - tabeliyi baxımından - bölünməsinə əsaslanır. Yəni yuxarı səviyyədə dayanan plan özündən sonrakı səviyyədə tərtib olunan planda öz əksini tapan tapşırıqların çərçivəsini müəyyən edir. Bu əlamət üzrə planlar üç növə bölünür:
- strateji;
- taktiki;
- operativ.
Qeyd etmək lazımdır ki, bəzən strateji, taktiki və operativ planları uyğun olaraq uzunmüddətli, orta müddətli və qısamüddətli planlarla eyniləşdirirlər. Bu planlar bir-birlərinə yaxın olsalar da, strateji, taktiki və operativ planlar bir-birlərindən dövr müddəti ilə yanaşı dəqiqliyə, differensiallığa və s. əlamətlərə görə fərqlənirlər.



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin