3. Yolxucu xəstəliklər və bu xəstəliklər aşkar edilərkən davranış qaydaları. Düşmən tərəfindən bakterial silah işlədilməsini hər hansı əlamətini təyin etdikdə dərhal əlehqaz, resperator, toz əleyhinə parça, maska və ya pambıq, tənzif, maska taxmaq, dərini qoruyan vasitələr geyinmək və yaxınlıqdakı MM orqanları və ya tibb müəssisələrinə xəbər vermək lazımdır.
Sonra isə şəraitdən asılı olaraq mühafizə qurğularında gizlənmək lazımdır. FMV-dən istifadə, mühafizə qurğularında qalmaqla bakterial vasitələrin tənəffüs orqanlarına , dəriyə və paltara düşməsinin qarşısını almaq olar. Əhalinin infeksion xəstəliklərə qarşı dözümlüyünü artırmaq, immuniteti yükseltmek üçün sülh dövründə müəyyən işlər görülməlidir. Zədələnmə olduqda Aİ-2 aptekçədə olan bakteriya əleyhinə 1nömrəli dərmandan istifadə olunur.
İnfeksion xəstəlikdən qorunmağın əsas yollarından biri şəxsi gigiyena qaydalarına riayət etməkdən ibarətdir.
- əllərin işdən sonra, yeməkdən əvvəl sabunla yuyulması;
- bədənin hamamda duş altında yuyulması, alt paltarları və yataq ağlarının vaxtaşırı dəyişilməsi;
- üst paltarlarının sistematik çırpılıb təmizlənməsi;
- yaşayış və iş yerlərinin təmizlənməsi;
- yalnız yoxlanmış ərzaqlardan istifadə olunması, su və südün qaynadılması, meyvə və tərəvəzlərin qaynadılmış su ilə yuyulması, çörəyin odda qurudulması;
İnfeksion ocağın ləğv edilməsində əhalinin aktiv və şüurlu hərəkət etməsinin rolu böyükdür. Hər bir şəxs işdə, evdə, küçədə qoyulmuş qayda və rejimə riayət etməlidir. Qida hazırlanarkən və qəbul edilərkən qablar dezinfeksiyaedici vasitələrlə yuyulmalı və ya qaynadılmalıdır. Yalnız bağlı qablarda, soyuducularda olan ərzaqlardan istifadə olunmalıdır.
İnfeksion xəstəliklər ocağında sakinlər öz mənzil və əşyalarını dezinfeksiya etməlidirlər. Bunun üçün xlorlu əhəng, xloramin, qələvilər, formalin, lizol və s. maddələrdən istifadə olunur. Divarlar, tavan, döşəmə, mebel və ağac əşyalar dezinfeksiyaedici maddələrlə isladılmış əskilərlə silinir. Dezinfeksiya işləri aparan şəxslər işdən sonra tam sanitar təmizləməsindən keçirlər. Stasionar yuma məntəqələrində , hamam və ya xüsusi yaradılmış yuma meydançalarında tam sanitar təmizləməsi aparılır.
Bakterial zədələnmə ocağında əhalinin təcili profilaktik müalicəsi aparılır. Bu müalicəni obyektə təhkim olunmuş tibb işçiləri, sahə tibb işçiləri, həmçinin tibb birləşməsinin şəxsi heyəti aparır. Hər bir sanitar drujinasına müəyyən sahə ayrılır.
İnfeksion xəstəliklərə qarşı tibbi tədbirlər profilaktik və epidemiya əleyhinə olmaqla iki yerə bölünür. Profilaktik tədbirlərin məqsədi infeksion xəstəliyin əmələ gəlməsinin qarşısını almaqdır və infeksion xəstəliyin olub-olmamasından asılı olmayaraq aparılır. Epidemiya əleyhinə tədbirlər epidemik ocaqda infeksiyanın ləğvinə yönələn tədbirlər kompleksidir. Bu tədbirlər əsas 3 istiqamətdə aparılır:
infeksiya mənbəyinə qarşı;
infeksiyanın ötürülmə yollarına qarşı;
infeksion xəstəliyə dözümlülüyün artırılması.
Bu tədbirləri həyata keçirmək üçün aşağıdakı işlər görülür:
-ilk infeksion xəstəni vaxtında təyin etmək;
-xəstəni təcrid etmək, onunla kontaktda olanları təyin etmək;
-xəstəlik haqqında təcili xəbərdarlıq;
-təcridetmə və rejimli (karantin) tədbirlərin görülməsi;
-xəstə ilə kontaktda olanlara nəzarət, onların təcridi;
-təcili və spesifik profilaktika;
-dezinfeksiya, dezinseksiya və derotizasiya;
-su, ərzaq məhsullarından nümunələr götürüb analiz olunması.