Mövzu 10: Fövqaladə hallar zamanı əhalinin mühafizəsinin təşkili. Kollektiv mühafizə qurğuları və onlardan istifadə qaydaları.
Mühazirənin planı. 1. FH-da əhalinin mühafizəsinin xüsusiyyətləri.
2. Əhalinin mühafizəsinin əsas prinsipləri.
3. FH-da əhalinin mühafizəsini təmin edən MM tədbirləri.
4. Sığınacaqlar. Sığınacaqların əsas və köməkçi otaqları.
5. Radiasiya əleyhinə daldalanacaqlar. (RƏD)
6. Sadə daldalanacaqlar (SD).
1. FH-da əhalinin mühafizəsinin xüsusiyyətləri. İstehsalat qəzalarının səbəblərini araşdırarkən məlum olur ki, belə hallar çox vaxt işçinin istehsalat texnologiyasını pozması, istismar və təhlükəsizlik qaydalarına dəqiq riayət etməməsi, öz vəzifəsinə məsuliyyətsiz yanaşması və ya onun öhdəsindən gələ bilməməsi nəticəsində baş verir.
Buna görə də bütün obyektlərdə və xüsusən də təhlükə potensiallı müəssisələrdə qəzaların səbəblərini aşkara çıxarmaq və aradan qaldırmaq, onların ehtimal edilən nəticələrini zəiflətmək, işçilərin, avadanlığın mühafizəsini təmin etmək məqsədilə müvafiq tədbirlər kompleksi həyata keçirilməlidir. Tədbirlərin konkret məzmununu - əməyin təhlükəsizliyi, MM üzrə tələblər, yanğın və radiasiya təhlükəsizliyi qaydaları və digər müvafiq normativ sənədlərin göstərişləri ilə müəyyən etmək lazımdır.
Sülh və müharibə dövrlərindəki FH-da əhalini mühafizə etmək Azərbaycan Respublikası MM-nin başlıca vəzifələrindən biridir. Bu vəzifələrin yerinə yetirilməsində respublikanın bütün dövlət, təsərrüfat, hərbi orqanları və ictimai təşkilatları, eləcə də hər bir vətəndaşı fəal iştirak etməlidir. Buna, respublikanın bütün əhalisinə əvvəlcədən mühafizə tədbirlərinin öyrədilməsi yolu ilə nail olmaq mümkündür.
Əhali müharibə dövründə müasir basqın silahlarından və təhlükə potensiallı obyektlər dağılarkən yaranan ikinci dərəcəli zədələyici amillərdən mühafizə edilməlidir. Sülh dövründə isə ehtimal edilən qəzalardan, təbii fəlakətlərdən və adamların həyatı üçün təhlükə törədən digər fövqəladə hallardan mühafizə edilməlidir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 28 dekabr tarixli 700 saylı qərarı ilə təsdiq edilmiş “AR-da sülh və müharibə dövrlərindəki FH-da əhalinin mühafizəsinin əsas prinsipləri” məhz belə səciyyəli sənəddir. Bu, mühafizənin əsas prinsipləri və üsulları, MM üzrə digər normativ aktların işlənib hazırlanması üçün ilkin sənəddir.
Əhalinin mühafizəsi – FH-da adamların həyatının qorunması üçün lazımi şərait yaradılmasını nəzərdə tutur. Mühafizə tədbirlərində məqsəd–FH-da adamların həyatının qorunması üçün lazımi şəraitin yaradılması, adamların zədələnməsinin qarşısının alınması, yaxud zədələnmənin maksimum azaldılması, əhalinin mühafizəsinin səmərəli təşkil edilməsi, FH-rın və onların nəticələrinin aradan qaldırılmasıdır.