Elmi–tədqiqat işinin refleksiv fazasına keçməzdən öncə bu anlayışın nə demək olduğuna baxaq.
“Refleksiya” termini ilk dəfə olaraq J.Lokk tərəfindən işlədilmişdir. Bu termin fəlsəfənin müxtəlif sahələrində fərqli mənalara malikdir [16]. “Refleksiya” anlayışı (lat. Reflexio – geriyə müraciət) subyektin (insanın) – özü-özünə və şüuruna, xüsusi olaraq öz şəxsi aktivliyinin məhsuluna və ya onun analizinə müraciətidir. Refleksiyanı əsasən üç növə bölürlər [16]:
Elementar refleksiya: biliklərin və hərəkətlərin analizi, onların sərhədi və mənaları nəzərdə tutulur;
Elmi refleksiya: nəzəri biliklərin aid olduğu sahənin metodlarının köməyi ilə tənqidi və analizidir;
Fəlsəfi refleksiya: mövcud olanın və təfəkkürün, ümumilikdə insan mədəniyyətinin dərk edilməsini əhatə edir.
Çox vaxt fəlsəfədə refleksiya dedikdə şəxs özünün öyrənilməsinə müra- ciəti, öz düşüncəsi haqqında düşünmək başa düşülür. Bu bölmədə isə söh- bət elementar refleksiyadan gedir. Subyektin refleksiyası, yəni onun özü- nün reallıq haqqındakı öz şəxsi düşüncələrinin, həmçinin fəaliyyətinin dərki avtorefleksiya adlanır. Bir çox humanitar tədqiqatlarda da elə avtorefleksiya nəzərdə tutulur. İkinci dərəcəli refleksiyada isə söhbət bir subyektin digər subyektin düşünmə tərzi haqqında düşüncələrindən gedir. Məsələn, tərbiyə- çinin məktəbdə uşağın davranışını izləməsi.
Onu da qeyd etmək lazımdır ki, refleksiya və qiymətləndirmə elmi işin təkcə refleksiv fazasına aid olmayıb, bütün proses boyu müəllifin işin aralıq nəticələrinin daimi qiymətləndirməsi, həmçinin onların və elmi fəaliyyətin refleksiyasını aparır.
Elmi–tədqiqat işlərinin refleksiya fazasına ətraflı nəzər salaq. Məsələ ondadır ki, tədqiqatçı nəticəni əldə etdikdən sonra, onu refleksiya etməlidir. O geriyə müraciət edərək başlanğıc və son durumları müqayisə etməli və alınmış nəticəni dəyərləndirməlidir.
Elmi nəticələrin qiymətləndirilməsinə digər tədqiqatçıların əldə etdikləri nəticələr əhəmiyyətli dərəcədə təsir edir. Məsələn, istənilən dissertasiya işi bir nəfərin əməyinin nəticəsi olsa da o iş prosesində araş-
dırılan mövzuya dair çoxlu sayda alimlərin fikirlərini nəzərə alır. Laboratoriya, kafedra və elmi tədbirlərdə aparılan müzakirələr işin ümumi gedişinə təkan verir. Bir sözlə, bir nəfərin gördüyü işdə bu və ya digər dərəcədə digərlərinin də payı vardır.
Elmi–tədqiqatların refleksiyasında (müəllifin özü tərəfindən qiymətləndirilməsi) əlbəttə ki, onun elmi mütəxəssislər tərəfindən tanınması böyük əhəmiyyət kəsb edir. Bu vacib amil üçün elmi işin nəticələrinin çap olunması şərtdir. Məqalənin çapının refleksiyaya təsiri onun hansı mətbuat orqanında çap olunmasından asılıdır. Tirajı böyük olan jurnallarda çıxan məqalənin tanınma ehtimalı əlbəttə yüksəkdir. Bundan əlavə hər bir jurnalda elmi kollektiv fəaliyyət göstərir və onlar çap olunan materialın məzmunu, onun elmi və praktiki əhəmiyyətini dəqiq yoxlayandan sonra çapa icazə verirlər. Bunun özü artıq tədqiqatın nəticələrinin müəyyən qrup mütəxəssis tərəfindən tanınması deməkdir. Kitab və monoqrafiyaların çapı da eyni tərzdə baş verir. Kitabların çapı hal–hazırda asanlıqla başa gəldiyi halda, onun geniş kütlə tərəfindən qəbul edilməsi elə də asan məsələ deyil. Ona görə də, Qərbdə müəllif yalnız satılan kitabların sayından asılı olaraq honorar alır. Yerinə yetirilmiş işin cəmiyyət tərəfindən tanınmasının digər növü dissertasiya işlərinin müdafiəsidir.
Artıq son vaxtlar elmi işlərin səviyyəsini qiymətləndirmək üçün beynəlxalq aləmdə “işlərdən sitat gətirilmə sayı” kriteriya kimi götürülür. Bu o deməkdir, müəllifin elmi işi kənar mütəxəssislərin işlərində neçə dəfə sitat və ya mənbə kimi göstərilib.
Elmi işlərin tanınması və qəbul edilməsi üçün tədqiqatçının elmi tədbirlərdə iştirakı vacib sayılır. Belə yerlərdə digər mütəxəssislərlə şifahi kontakta girən şəxs öz işi haqqında elə oradaca rəy əldə edə bilər. Sosioloji araşdırmalar göstərmişdir ki, alim konfranslarda baş tutan elmi çıxışlardan yalnız 30% məlumat əldə edə bilir [5]. Yerdə qalan məlumatları o qeyri– rəsmi söhbətlər əsnasında qazanır.
Yuxarıda qeyd edildiyi kimi, özünə qiymətvermə və öz işlərinin refleksiyası tədqiqatçının bütün iş prosesi boyunca baş verir: elmi ideyanın işlənməsindən tutmuş onun çapına qədər. Bundan əlavə tamamlanmış işin qiymətləndirilməsi və refleksiyası daha vacib rol oynayır. Burada mütəxəssis öz tədqiqatı nəticəsində nəyin yaxşı, nəyin pis alınması, nəticələrin onun gözlədiyindən niyə meyillənməsi (bu çox hallarda baş verir), hansı nəzəri hissənin izafi olması, empirik tədqiqatların həcmi kifayətliliyi, hansı hissəyə lazımsız vaxt sərf olunması və s. haqqında suallara cavab axtarır. Bu sualların cavabını düzgün qiymətləndirməklə mütəxəssis öz təcrübəsini artırır və onun gələcək işlərində tətbiqinə imkan yaradır.
Elmi refleksiya haqqında da burada qısa məlumat vermək yerinə düşərdi. Elmi biliyin üzərində aparılan elmi (və ya nəzəri) refleksiya onun nəzəri analizi, müəyyən təxminlər və ideallaşdırmalar aparmaqla tədqiq olunan hadisələrin və proseslərin modelləşdirilməsini əhatə edir. Elmi refleksiya sayəsində real asılılıqların nisbətən həqiqi təsvirini göstərən və eyni zamanda bir çox sadələşdirmələrə yol verən yeni biliklər sistemi yara- nır. Refleksiya əvvəlki biliklər sisteminin sərhəddindən kənara çıxmağa və beləliklə yeniliyə daxil olmağa şərait yaradır. Məsələn, refleksiya Qalileyə Aristotelin dünyaya baxış nəzəriyyələrini tənqid etməyə, Eynşteynə nisbilik nəzəriyyəsi sayəsində klassik mexanikanın gizli olan bir çox nəzə- riyyələrini açmağa imkan vermişdir. Bir sözlə elmi refleksiya keçmiş və gələcək biliklər arasında əlaqəni izah edir. Elmi refleksiyanın əsas metodu retrospektivanalizdir.