Şimali Alman ittifaqından imperiyaya doğru. 1866-cı ilin avqust ayının sonlarında 22 alman dövləti Prussiya ilə müqavilə bağlayaraq Şimali alman İttifaqını yaratdılar. Onların Berlinə gəlmiş nümayəndələri iki ay ərzində yeni konstitusiyanın layihəsini işləyib hazırladılar. Ümumi seçki qanunu əsasında formalaşdırılmış təsis məclisi konstitusiyanı təqdim etdi və o, 1867-ci il 1 iyun tarixində formal olaraq qüvvəyə mindi.
Şimali Alman İttifaqının başında prezident dururdu. O, Prussiya kralı tərəfindən həmişəlik təyin olunurdu. Bütün icra hakimiyyəti-qanunların təsdiqi və rədd olunması, palatanın çağırılması və buraxılması, yuxarı vəzifələrə rəhbərliyin təyini, müharibə elan edilməsi, sülh bağlanması və ittifaq ordusuna rəhbərlik onun əlində cəmləşmişdir.
İttifaq soveti nazirlərdən və dövlətlərin göndərdikləri nümayəndələrdən təşkil olunmuşdu. O, qanunvericilik təşəbbüsünü özündə saxlayır və qanunların reyxstaqa getməsinə qədər burada baxırdı. Sovetdəki mövcud 43 yerdən 17-si Prussiyaya məxsus idi.
Yeni konstitusiyaya görə reyxstaq 297 deputatdan ibarət idi. Bu deputatlar 3 il müddətinə birbaşa ümumi səsvermə əsasında seçilirdi. Bu palatanın qanunvericilik təşəbbüsü və vergilərin təsdiqi məsələlərinə hüququ çatırdı. Prussiya əhalisi digər ittifaq dövlətlərinin əhalisindən çox olduğuna görə palata deputatlarının əksəriyyəti də Prussiyadan idi.
Şimali Alman İttifaqı gələcək milli alman dövlətinin rüşeymi oldu. Dörd cənubi alman dövlətləri-Baden, Bavariya, Vyutenberq və Hessin –Darmştad ittifaqa daxil olmasalar da, onun təsiri altında idilər.
1868-ci ilin yazında gömrük parlamentində ümumalman səsverməsi keçirildi. Bu orqana ümumalman gömrük siyasəti kimi baxılırdı. Bu səsvermə 1848-ci ilin aprel ayından sonra ilk ümumalman səsverməsi idi. Beləliklə, iqtisadi və ticarət siyasəti yenidən özünü milli birliyin aparıcı faktoru kimi göstərdi.
Prussiya ilə müharibədə uduzan Avstriyanın alman dövlətləri üzərində hökmranlıq uğrunda uzun çəkən mübarizədə uduzması demək idi. Prussiyanın qələbə çalmasının əsas səbəbi isə onun iqtisadi sahədə üstünlüyü ilə bağlı idi. Bir sıra kiçik və orta alman dövlətlərinin Avstriyanı müdafiə etmələrinə baxmayaraq, məhz həmin dövlətlərdə burjuaziyanın və hərbi dairələrin qabaqcıl nümayəndələri Prussiyaya meyli göstərirdilər. Digər bir tərəfdən, Prussiya ordusu ən müasir silahlarla təchiz olunaraq modern bir orduya çevrilmişdi. Ordunun gücü isə birbaşa dövlətin iqtisadi və maliyə imkanları ilə bağlı idi.
Avstriya ümumilikdə alman dövlətləri üzərində özünün təsir dairəsini saxlasa da, ancaq onlar üzərində hegemonluq etmək prespektivliyini itirmişdi. Prussiyanın Avstriya üzərində qələbə çalması almanların vahid dövlət ətrafında birləşməsinə maneə olan Prussiya –Avstriya dualizminin yaranmasına səbəb olmuşdur ki, bu da Avropanın gələcəyinə mühüm təsir göstərəcək bir hadisə idi. Artıq Avropanın mərkəzində daha prespektivli və daha güclü vahid alman dövləti-Şimali Alman İttifaqı yaranmışdı. Avstriyanın zəifləməsi ilə İtaliyanın tam birləşməsi üçün əlverişli şərait yaranmışdı. Proseslərin bu istiqamətdə gedişatı Fransanın Avropada hegemonluğu üçün ciddi təhlükə yaradırdı. Bu vaxt, demək olar ki, hamı 1866-cı il hadisələrini inqilab kimi qiymətləndirirdi. Bu həm də “yuxarıdan inqilab”, Bismarkın inqilabı idi. Milli dövlətçilik ideyalarının güclənməsinin nəticəsi olaraq vahid alman dövlətinin yaradılması üçün əsas yarandı. Köhnə qaydaların və knyaz nəsillərinin ləğvi partikulyarizmin aradan qaldırılması xaraktercə inqilab olan qəti vasitələrlə həyata keçirilirdi.
Almaniyada yeni yaranmış bu cəmiyyəti sosialist istiqamətli fəhlə hərəkatının liderləri güclü təndiq edirdilər. K. Marksın kommunist ideyaları təlimini təbliğ edən V. Libknext və A. Bebel 1867-ci ildə ittifaq reystaqına deputat seçilmişdi. Bununla onlar Prussiya yunkerliyini və hökuməti tənqid etmək və cəmiyyətin gələcəyi naminə nəsə demək üçün tribuna əldə etmiş olurdular. Bu liderlərin Bismarka qarşı barışmaz mübarizələri və Almaniyada demokratik respublika yaratmaq uğrunda apardıqları təbliğatları 864-cü ildə dueldə öldürülmüş F. Lassalı əvəz etmiş (Ümumalman Fəhlə İttifaqının rəhbəri kimi) İ. B. Şveysterin təbliğ etdiyi xətdən kəskin fərqlənirdi.
1867-ci ildə A. Bebel və K. Libknext alman fəhlə təşkilatları ittifaqının rəhbəri seçildilər. Almaniyada K. Marks və F. Engels tərəfindən yönləndirilən fəhlələrin beynəlxalq yoldaşlıq təşkilatının - I İnternasionalın çoxsaylı bölmələri yaradıldı. Bununla da Avropada o dövrdə ən mütəşəkkil fəhlə birliyinə malik olan Almaniya fəhlə hərəkatında marksizm ideyalarının yayılması üçün zəmin yaranmış oldu. Beləliklə, alman fəhlə hərəkatında lassalçı ideyaların təsiri azalmağa başladı, 1869-cu il avqustun 6-7-də Eyzenaxda keçirilmiş Ümumalman fəhlə konqresində lassalçılar ittifaqları daxilində müxalifətə keçdilər. Belə olduqda I İnternasionalın Almaniyadakı bölmələri və fəhlə həmkarlar ittifaqlarının üzvləri birləşmək qərarına gələrək Alman Sosial-Demokrat Fəhlə partiyasını yaratdılar. İlk vaxtlarda partiyanın on min üzvü var idi. Partiyanın fəaliyyət proqramı A. Bebel tərəfindən yazılmışdı. Proqramın müddəaları isə əsasən K. Marksın təliminə uyğunlaşdırılmışdır. Yəni kapitalizmin və sinfi cəmiyyətin məhv edilməsi ruhunda yazılmışdır.
Lakin bu dövrdə alman cəmiyyətində hökmran olan ən aktual məsələ Almaniyanın birləşdirilməsinin sona çatdırılması idi. AntiPrussiya meylli qüvvələrin mövcud olduğu Cənubi Alman torpaqları Şimali Alman İttifaqından kənarda qalmışdılar.
XIX əsrin 60-cı illərində uğrunda mübarizə apardığı kompensasiyanı əldə edə bilməyən Fransa ilə Prussiya arasındakı münasibətlər pisləşdi. Dərin böhran içərisində olan İkinci Fransa imperiyası imperator III Napoleonu daxili problemləri həll etmək və gələcəkdə Fransa üçün müxtəlif problemlər yarada biləcək Almaniyanın birləşməsi və güclənməsinin qarşısını almaq üçün müharibəyə sürükləyirdi. Bismark bu böhranlı vəziyyətə öz palanlarını sonadək həyata keçirmək üçün yaranmış bir imkan kimi baxırdı. O, Avropada mövcud olan siyasi yanaşmalara heç bir məhəl qoymayaraq Prussiyanın əsas xarici düşməni olan və vahid Almaniyanı istəməyən Fransaya həlledici zərbə endirməklə Almaniyanın birləşdirilməsini sona çatdırmaq istəyirdi. Belə bir fürsət Bismarkın əlinə düşmüşdü.
1870-ci ildə Fransa ilə Prussiya arasında diplomatik münaqişə yaşandı. Kraliça qaçdıqdan sonra İspaniya Kortesi(parlamenti) Prussiya kralı I Vilhelmin qohumu şahzadə Leonald Hogensollerə İspaniya taxt-tacına sahib olmağa təklif etdi. Şahzadə Leonald əvvəlcə bu təklifə razı olsa da, sonra kral Vilhelmin təsiri ilə bu təklifdən imtina etmişdir. Fransa Qərb sərhədlərində də almanpərəst bir dövlətin olmasını qəbul edə bilmirdi. Odur ki, Lepnaldın gələcəkdə də öz namizədliyini verməyəcəyi barədə bir təlimat almaq istəyirdi. Berlindəki fransız səfiri Benedottiyə Prussiya kralı ilə görüşərək bu təminatı almaq tapşırıldı. Benedetti Ems şəhərində dincələn I Vilhelmin yanına getdi və danışıqlar nəticəsində şifahi olaraq bu təminatı aldı. Lakin vəziyyətin daha da qızışdırılmasını iştəyən Fransa höküməti təminatın rəsmi-yəni yazılı olmasını tələb etdi. Belə olduqda təkrar Ems şəhərində olan Benedetti ilə söhbətdə məsələni yoluna qoyacağını güman edən Bismarka danışıqlar haqqında məlumat göndərdi. Lakin müharibə tərəfdarı olan Bismark göndərilən məlumatın mətnini təhrif edərək ona Fransa höküməti üçün təhqiramiz məna verib, 13 iyun 1870-ci il tarixində mətbuatda çap etdirdi. bu da iyunun 19-da Fransanın Prussiyaya qarşı müharibə elan etməsinə səbəb oldu.
Cənubi alman dövlətinin dəstəyinə güvənən Fransa Reynin sol sahil torpaqlarında müstəqil dövlət qurmaq, alman knyazlarının 1866-cı ildə Prussiya tərəfindən ləğv olunmuş hüquqlarını bərpa etmək, eləcə də Avstriyanı Alman İttifaqına qaytarmaq istədiyini bildirdi. Lakin bütün bunlar, xüsusən də Reyn çayının sol sahil torpaqlarının ələ keçirilməsi fikri bütöv Almaniyada bir milli təəssübkeşlik yaratdı.
Almaniya tarixində milli mövcudluq və müstəqillik mübarizəsi kimi dərk olunan Fransa-Prussiya müharibəsi mahiyyətcə Fransa –Almaniya müharibəsinə çevrilmişdi.
Fransa ordusu ardıcıl olaraq məğlubiyyətə uğrayırdı. Fransızların 1870-ci il 4 sentyabr tarixində Sedan yaxınlığındakı məğlubiyyəti və bunun təsiri ilə Parisdə inqilabi hadisələrin başlanması Avropada vəziyyəti kəskin dəyişdirdi. Bu vaxt Almaniyanın birləşdirilməsi məsələsi artıq prinsipcə həll olunmuşdu. Fransa ilə sülh müqaviləsi də bağlamağa imkan yaranmışdı. Lakin Prussiya rəhbərliyi fransız torpaqlarının (Elzas və Lotaringiyanın) ilhaq edilməsi barəsində əvvəlki iddialarından geri çəkilmir və bunu milli birliyin sona çatdırılması üçün qürür mənbəyi hesab edirdi.
Bismarkın diplomatları Cənubi Alman dövlətləri ilə uzun sürən danışıqlardan sonra 1870-ci ilin noyabrında həmin dövlətlərin Şimali Alman İttifaqına qoşulmaları barəsində razılığa gəldilər. Və 1871-ci il 18 yanvar tarixində Parisin Versal güzgülü salonunda Almaniya imperiyası təntənəli şəkildə elan olundu və Prussiya kralı I Vilhelm onun imperatoru elan edildi. Frankfurt sülh müqaviləsinin şərtlərinə əsasən isə Elzas və Lotaringiya Almnaiyaya birləşdirildi.
Almaniya imperiyasının yaranması alman torpaqlarının parçalanmasına son qoydu, eyni zamanda bu, XIX əsr Avropa tarixində böyük bir hadisəyə çevrildi. Bundan sonra Avropa hegemonluğu uğrunda mübarizənin istiqaməti və qüvvələr nisbəti dəyişdi. Fransa kontinentdə həlledici dövlət statusunu itirdi. Avstriya əhəmiyyətli dərəcədə zəiflədi. İtaliyanın birləşdirilməsi prosesi başa çatdırıldı. Bir tərəfdən 40 ilə yaxın Avropada sülhün qorunmasını təmin edən , digər tərəfdən isə I dünya müharibəsinə aparan proseslərin əsası qoyuldu. Beləliklə, alman xalqının həyatında və Avropa tarixində yeni mərhələ başladı. Fransa –Almaniya gərginliyinin qalması isə Avropanın mərkəzində hərbi təhlükə ocağı kimi qalırdı.
Dostları ilə paylaş: |