Müstəqillik uğrunda müharibənin başlaması. Silahlı mübarizə 1775-ci ilin yazında başladı. Aprelin 19-da ingilis silahlı dəstəsi partizanların hərbi bazasını məhv etmək məqsədi ilə Bostondan Konkorda yola düşdü. Kralın hərbi dəstəsi geri qayıdan zaman partizanlar onların üzərinə atıldılar. 273 nəfər (ölən və yaralananlarla) itirən kral ordusu dağıdıldı. Bu döyüşdə müstəmləkə döyüşçüləri tərəfindən keçmiş xətt döyüşü əvəzinə dağınıq döyüş taktikası işlədildi.
Konkordda baş verən döyüş əhalinin vətənpərvərlərə (patriotlara) və əksinqilabçılara (loyalistlərə) bölünməsi prosesini tezləşdirdi. Boston yaxınlığında böyük partizan düşərgəsi yaradıldı. 20 mindən çox fermer, zənci, sənətkar və s. könüllü olaraq bu düşərgədə cəmləşmişdi. Onlara radikal burjuaziya başçılıq edirdi. Bu rəhbərlər içərisində Tomas Cefferson, Patrik Henri, Samuel Azalis və b. inqilab xadimləri də var idi. Amerika inqilabının patriaxı isə böyük alim, yazıçı, ictimai və dövlət xadimi Bencamin Franklin oldu. Amerika və Avropada böyük maarifçi kimi tanınan, burjua inqilabının ideoloji cəhətdən hazırlığı ilə məşğul olan Franklin Amerika xalqının müstəqilliyinin və müstəmləkələrin birliyi ideyasının carçısı idi.
Dostları ilə paylaş: |