Mülki müdafiə kəşfiyyatı,aparılması,təşkili.
Kəşfiyyat – MM quvvələrinin fəaliyyətini təmin etmək üçün görülən əsas tədbirlərdən biridir.
Fövqəladə hadisənin baş verdiyi ərazidəki vəziyyəti düzgün qiymətləndirmək yaranmış problemlərin həlli deməkdir. Fövqəladə hadisənin düzgün qiymətləndirilməsi üçün kəşfiyyatı düzgün təşkil etmək bütün mülki müdafiə rəhbərlərinin, qərargahların və komandirlərin vacib vəzifəsidir. Kəşfiyyatın konkret məqsədini, ilk növbədə hansı məlumatların toplanmasını və müddətini, bunun üçün istifadə ediləcək qüvvələri mülki müdafiə rəhbəri müəyyənləşdirir.
Kəşfiyyatın dəqiq təşkil edilməsi üçün mülki müdafiə qərargahının rəisi tam məsuliyyət daşıyır, bu işin bilavasitə təşkilatçısı isə MM qərargahı rəisinin müavinidir. O, MM rəhbərinin qərarına və qərargah rəisinin konkret göstərişlərinə uyğun olaraq kəşfiyyat tədbirlərini planlaşdırır, qrupları və manqaları fəaliyyətə hazırlayır, kəşfiyyata göndərir, onlardan alınan kəşfiyyat məlumatlarını toplayır, təhlil edir və ümumiləşdirir. Fəlakət rayonlarında və ya zədələnmə ocaqlarında vəziyyət barədəki məlumatlar dərhal MM rəhbərlərinə və yuxarı qərargaha təqdim edilir, həmçinin tabelikdəki qərargahlara, dəstə komandirlərinə çatdırılır.
MM kəşfiyyatının əsas vəzifələri sülh dövründə:
- ətraf mühitdə havanın, suyun, torpağın, maldarlıq və bitkiçilik məhsullarının radioaktiv, kimyəvi, bakterial maddələrlə çirklənməsinə vaxtaşırı müşahidə və laboratoriya nəzarəti aparmaq;
- yoluxucu xəstəlik ehtimallı rayonlarda epidemik və epizotik vəziyyətə müntəzəm nəzarət etmək;
- güclu istehsalat qəzası və ya təbii fəlakət baş vermiş rayonlarda yaranan vəziyyətləri aşkar etməkdir.
Müharibə dövründə düşmən basqınından sonra isə kəşfiyyatın vəzifələri aşağıdakı məlumatları əldə etməkdir:
− işlədilmiş silahın növü, zərbənin nə vaxt və haraya endirildiyi, nüvə partlayışının gücü və koordinatları;
− radiasiyanın səviyyəsi, zəhərləyici maddənin konsentrasiyası, zəhərli hava buludunun yayılma istiqaməti;
− zədələnmə ocağının hüdudları;
− xilasetmə və digər işlər aparılan rayonlarda zədələnmə şəraitinin necə dəyişdiyi;
− mühafizə qurğularının, oradakı adamların vəziyyəti, onlara yardım göstərmənin yolları;
− kommunal enerji şəbəkələrinin, rabitə xətlərinin, habelə MM dəstələri, köçürülən əhali hərəkət edəcək marşrutların vəziyyəti;
− yanğın yerləri, onların yayılma istiqaməti;
− hidrotexniki qurğuların nə dərəcədə zədələndiyi, fəlakətli subasma və daşqın zonaların yaranıb-yaranmadığı və s.
Kəşfiyyat fəal, fasiləsiz, vaxtında və məqsədyönlü aparılmalı, başlıcası isə topladığı məlumatlar dəqiq olmalıdır. Bu tələblərin yerinə yetirilməsinə nail olmaqdan ötrü kəşfiyyat qüvvələrini (kəşfiyyat qrupları, manqaları, müşahidə postları, nəzarət laboratoriyaları və s.) əvvəlcədən komplektləşdirib işə hazırlamaq, onların fəaliyyətini planlaşdırıb düzgün təşkil etmək, həmçinin kəşfiyyatın müxtəlif novlərindən, üsullarından, qüvvə və vasitələrdən istifadə etmək lazımdır.
Hansı qüvvə və vasitələrlə aparılmasından asılı olaraq yerüstü kəşfiyyat, havadan kəşfiyyat və dənizdən (çaydan) kəşfiyyat növləri müəyyən edilmişdir.
Dostları ilə paylaş: |