Ali məktəblərdə tədris və istehsalat təcrübəsi təlim prosesinin xüsusi forması olub,
tələbələrin bilavasitə istehsalatda
peşə-ixtisas biliklərinə, bacarıq və vərdişlərinə
yiyələnmək imkanını təmin edir. Onların başlıca məqsədi tələbələrin istehsalat
fəaliyyətində nəzəri bilikləri möhkəmləndirmək və gələcək mütəxəssis üçün zəruri
olan peşə bacarıq və qabiliyyətlərini formalaşdırmaqdan ibarətdir. Ali məktəbdə
verilən peşə-ixtisas sahələrindən asılı olaraq tələbələrin
təcrübəsi iki istiqamətdə
aparılır:
a) istehsalat təcrübəsi;
b) pedaqoji təcrübə.
İstehsalat təcrübəsi təhsilin həyatla, mütəxəssisin nəzəri hazırlığı ilə praktik
fəaliyyətini əlaqələndirməyə kömək edir. İstehsalat təcrübəsi zamanı tələbələr müvafiq
proqrama uyğun olaraq peşə-ixtisas sahəsi ilə əlaqədar nəzərdə tutulan işləri yerinə
yetirir, yeni texnologiyalarla tanış olur, kurs və buraxılış işləri üçün material
toplayırlar.
Pedaqoji təcrübə pedaqoji təmayüllü ali təhsildə çox
mühüm yer tutur və yüksək
ixtisaslı müəllim kadrları hazırlığı sisteminin ayrılmaz tərkib hissəsini təşkil edir. O,
tələbələrin ali təhsildə qazandıqları nəzəri bilikləri pedaqoji prosesə tətbiq etməyə,
onları pedaqoji fəaliyyətə əməli cəhətdən hazırlaşmağa kömək göstərir. Pedaqoji
təcrübənin təşkili və keçirilməsi qaydaları müvafiq əsasnamə ilə müəyyən edilir.
Təcrübə müddətində tələbənin işi bir neçə istiqamətdə qurulur: təlim, təebiyə,
psixoloji iş, tədqiqatçılıq işi. Tələbələr öz fəaliyyətlərini fərdi plan üzrə, dərslərin və
tərbiyə tədbirlərinin xüsusi qrafiki əsasında həyata keçirirlər.
Təcrübənin sonunda
metodist, pedaqoq və psixoloq görülmüş işlərə əsasən tələbələrin fəaliyyətini birlikdə
qiymətləndirirlər. Pedaqoji təcrübə yekun konfransı ilə başa çatır.
6. Kurs və buraxılış işləri. Məsləhətlər
Kurs işi ixtisas və ya ümumi fənlərə həsr olunur. Onun məqsədi müəyyən elm
sahəsi (fənn) üzrə nəzəri bilikləri tətbiq etmək, tədqiqat aparmaq, faktları
təhlil edib
ümumiləşdirmək bacarıqlarını formalaşdırmaqdan və bu bacarıqları aşkara
çıxarmaqdan ibarətdir. Kurs işi gələcək mütəxəssisin peşə-ixtisas hazırlığında böyük
əhəmiyyət kəsb edir; tələbələrdə müstəqilliyin, elmi axtarış qabiliyyətinin inkişafına
kömək göstərir. Kurs işinin yazılması müəyyən mərhələlərdən ibarətdir: mövzunun
seçilməsi, mövzuya daxil olmaq (mövcud ədəbiyyatla tanışlıq), plan tərtibi, mövzunun
işlənməsi metodlarının
müəyyən edilməsi, işin icrası (nəzəri təhlil, təcrübi-
eksperimental tədqiqat, alınan materialların təhlili, nəticələrin çıxarılması), işin
müdafiəsi. Kurs işini kafedranın yaratdığı xüsusi komissiya qəbul edib qiymətləndirir.
Buraxılış işləri mütəxəssis hazırlığının yekun mərhələsi ilə bağlı olub, təlimin mühüm
təşkili formalarından biridir. Buraxılış işinin yazılması mərhələləri kurs işindəki
mərhələlərə uyğundur. Lakin o, kurs işindən fərqli olaraq daha geniş tədqiqatı əks
etdirir, həcmcə də genişdir (40-45 səhifə). Buraxılış işləri müəyyən tələblərə cavab
verməlidir: - buraxılış işinin mövzusu aktual olmalı,
elmi-praktik əhəmiyyət
daşımalıdır; mövcud ədəbiyyat ciddi öyrənilməli, təhlil edilərək tənqidi şəkildə
qiymətləndirilməlidir; buraxılış işi elmi-tədqiqat xarakteri daşımalıdır; kompleks
tədqiqat metodlarından istifadə edilməlidir; tədqiqatın məqsəd və vəzifələri aydın
göstərilməlidir; tədqiqatın obyektiv aparılması təmin olunmalı, nəticələr aydın və
dəqiq olmalı, əsaslandırılmalıdır; iş aydın,
ədəbi dildə, qrammatik-orfoqrafik
baxımdan düzgün şəkildə yazılmalıdır. İş hazır olduqda ona iki rəy yazılır (biri elmi
rəhbər olmaqla). Buraxılış işi fakültədə yaradılmış Dövlət Attestasiya Komissiyasının
açıq iclasında müdafiə olunur və qiymətləndirilir. Müstəqil elmi işinin yüksək forması
magistr dissertasiyasıdır. O, magistrantın müstəqil tədqiqat işinin, yaradıcı
axtarışlarının məhsulu olmaqla sırf elmi-tədqiqat xarakteri daşıyır və ona, buraxılış
işinə nisbətən, daha yüksək tələblər verilir. Məsləhətlər – ali məktəbdə tədris
prosesinin
zəruri tərkib hissəsi, mühüm təşkili forması olmaqla bir neçə funksiyanı
yerinə yetirir: öyrədici, stimullaşdırıcı, nəzarət funksiyası. Məsləhətlərin müxtəlif
növləri vardır: - xarakterinə görə: məcburi və könüllü məsləhətlər; didaktik məqsədə
görə: metodik, problematik və nəzarət
məqsədi ilə məsləhətlər; təlim prosesinin
mərhələlərinə görə: giriş, cari və yekun məsləhətlər; tərkibinə görə: kollektiv, qrup və
fərdi məsləhətlər. Məsləhətlərin aparılması metodları da müxtəlifdir: sual-cavab,
söhbət, diskussiya və s. Tələbələrin hazırlıq səviyyəsindən, qoyulan məsələnin çətinlik
dərəcəsindən və s. asılı olaraq müvafiq məsləhət metodu seçilib tətbiq edilir.
Dostları ilə paylaş: