15.4. Firmanın davranış nəzəriyyələri. Nəzərdən keçirilən nəzəriyyələr firmaların maksimallaşan cəmi bir məqsədinin (mənfəət, satış həcmi, artım) olması fikrindən çıxış edirdilər. Başqa nəzəriyyələr - davranış nəzəriyyələri firmanın çoxlu məqsədinin olmasından çıxış edirlər. Bu yanaşma şirkəti idarəetmə subyektlərinin iyerarxiyasına maraqlar və məqsədlər iyerarxiyasının müvafiq olduğu mürəkkəb sistem kimi nəzərdən keçirir. Bu məcmu özündə:
yüksək əmək haqqına, yaxşı iş şəraitinə, təhlükəsizlik texnikasına, məzmunlu əməyə, ixtisasın artırılmasına və peşəkarlıqda irəliləyişə can atan fəhlələrin;
hakimiyyətə, öz sosial statusunun yüksəldilməsinə, karyeraya, gəlirin çoxalmasına can atan menecerlərin;
yüksək dividentlər almaq istəyən səhmdarların;
şirkətin fəaliyyətinin iqtisadi göstəricilərini yaxşılaşdırmağa, firmanın nüfuzunu qaldırmağa çalışan firmanın yüksək rəhbərliyinin maraqlarını birləşdirir.
Firmanın vahid tam kimi mövcud olması, sabit və həyat qabiliyyətli orqanizm olması üçün yüksək rəhbərlik bu fərdi maraqları və firmanın strateji maraqlarını bacarıqla biri-birinə uyğunlaşdırmalıdır. Firmanın çiçəklənməsi rəhbərliyin maraqlar arasındakı ixtilafı aradan qaldırmaq, onların mübahisəsini ən zərərsiz üsullarla həll etmək, kollektivdə sabit sosial şəraiti saxlamaq bacarığından asılıdır.
Davranış nəzəriyyələri (bu istiqamət bixeviorizm adlanır) daha çox yapon firmalarında özünə yer almışdır. Yapon menecerlərinin şüarı: «Uğurun rəhni firma işçilərinin yüksək mənəvi vəziyyətidir. Yüksək mənəvi vəziyyət işçinin məmnunluğu və maraqlı olmasının nəticəsidir. Maraqlı olan və məmnun qalan işçi yaxşı işçidir. Pis, yəni maraqlı olmayan və məmnun qalmayan işçiləri olan firma yaxşı firma ola bilməz. Rəhbərliyin qarşısında duran məsələ işçilərlə firmanın maraqlarını bir araya gətirməkdir*.
Davranış nəzəriyyələrinin çoxlu fərdi variantları var və bunlar şirkət daxilində xüsusi və ümumi maraqları uyğunlaşdırmağın yollarını göstərirlər. Onların çoxu artıq kifayət qədər yoxlanılıb və yüksək nəticələr göstəriblər.
Məsləhət görülən üsullardan biri 1959-cu ildə X.A.Say-
monun təklif etdiyi razılaşma bacarığıdır. Bütün məqsədləri: mənfəət, satış həcmi, artım, əmək haqqı və s. eyni zamanda maksimallaşdırmaq mümkün deyil. Məqsəd yönümlərinin elə kombinasiyası seçilməlidir ki, o hər bir məqsəd üzrə ayrı- ayrılıqda maksimal olmasa da, bütün maraqlı tərəfləri qane etsin. Belə razılaşmanın işlənib hazırlanması texnikası danışıqların aparılması və hər bir məqsədin həyata keçirilməsi prosesinin daim diqqət mərkəzində saxlanılmasından ibarətdir. Hər hansı bir mərhələdə ixtilaflar, fikir ayrılıqları yaranarsa, rəhbərlik fəal surətdə müdaxilə etməli və ixtilafı ən az ağrılı üsulla tənzimləməlidir.
Faydalı məsləhətlərə aiddir:
hər bir maraqlı qrup üçün büdcə məhdudiyyətlərinin tətbiqi;
hər bir quruluş qrupunun vəzifə və hüquqlarının dəqiq müəyyənləşdirilməsi və s.
Davranış nəzəriyyələrində firmanın mövcud olub fəaliyyət göstərdiyi xarici mühitin təsirinin nəzərə alınmasına böyük diqqət yetirilir. Bixeviorizmin nəzəriyyəçilərindən biri olan Ansoff 1984-cü ildə qeyd edirdi ki, firmanın dəyişən xarici aləmə tez uyğunlaşmasına imkan verən 2000-dən artıq müxtəlif strateji davranış qaydaları vardır. Xarici mühitə həm iqtisadi, siyasi, ekoloji, həm də sosial şərait, ictimai rəy və s. aiddir. Firmanın daxili quruluşu onu xaricdən əhatə- ləyənlərə uyğun olmalı və onların dəyişməsinə çevik uyğunlaşmalıdır.
Mövcud nəzəriyyələrdən heç biri problemi tam izah etməyə qabil deyil, onların hər birinin zəif cəhətləri və daxili ziddiyyətləri var. Bununla belə, nəzəriyyələrin hər birində müasir şirkətlərin bazarda davranışını başa düşməyə, onların gələcəkdəki davranışlarını proqnozlaşdırmağa, onların nəticələrini qiymətləndirməyə kömək edən səmərəli təhlillər var.