Mövzu 21. Mikroiqtisadiyyat-da qeyri-müəyyənlik amilləri. Risklər nəzəriyyəsi 21.1. Təsərrüfat riski: mahiyyəti və səbəbləri 21.2. İtkilərin növləri 21.3. İtkilərin quruluşu və onları doğuran səbəblər 21.4. Risk göstəricisi və onu qiymətləndirməyin üsulları 21.5. Riskləri idarəetmə metodları
21.1. Təsərrüfat riski: mahiyyəti və səbəbləri Müasir şəraitdə iqtisadiyyatda ənənəvi quruluşların deformasiyası baş vermiş, təsərrüfatçı subyektlərin mövcud olan davranış stereotipləri dəyişmişdir. Bazar özləri riskə gedərək mübadilə sövdələşmələri aparan satıcı ilə alıcının görüşməsini nəzərdə tutur. Bəs mübadilədə risk nədədir və qorxu hissi nədən doğur? Bazarda hamı uduzmaqdan, aldadılmaqdan, zərər çəkməkdən qorxur. Hamı baha satıb ucuz almaq istəyir. Risk ondadır ki, əmtəə istehsalçısı tələbi öncədən duyub onu formalaşdırmaq və məhsulu hələ bazar dolmamış yüksək qiymətlə satışa çıxarmaq istəyir. Bu vaxt o, rəqiblər tərəfindən geridə qoyulmaq, pulu gələcəyi olmayan əmtəələrin istehsalına qoymaq, bazarın tələb etdiyindən daha çox mal istehsal edib onları dəyər-dəyməzinə satmaq təhlükəsi ilə üzləşir. Beləliklə, bazarda kortəbii olaraq müxtəlif mübahisələr yaranır ki, onlar da bazar mexanizminin, tələb və təklifin, rəqabətin və s. köməkliyi ilə öz həllini tapır.
Təsərrüfatçılıq fəaliyyətində risk adi haldır. Təsərrüfatçılıq risklərinin səbəbləri olduqca müxtəlifdir.
Bu, təbii fəlakətlər, hadisələrin uğursuz gedişi, alıcı və satıcıların səhvləri, təsərrüfat fəaliyyətinin digər iştirakçıları tərəfindən öhdəliklərinin pozulması, qiymətlərin, vergilərin, ödənişlərin, siyasi vəziyyətin və s. dəyişməsi ola bilər. Bu səbəblər bu və ya digər dərəcədə həmişə mövcuddur, buna görə də gələcək iqtisadi vəziyyətin qeyri-müəyyənliyi riski qaçılmaz edir.
iqtisadi azadlıq qurban tələb edir, çünki bir təsərrüfatçının azadlığı digər bazar subyektlərinin azadlığı ilə müşayiət olunur, onlar onun məhsulunu ala da bilər, almaya da, onun müqabilində başqa qiymətə məhsul təklif edə bilərlər, öz qiymətlərini, sövdələşmə şərtlərini və s. diktə edə bilərlər. Birinin qazancı digərinə zərər ola bilər.
Beləliklə, bazar subyektlərinin bərabər iqtisadi azadlığı mütləq iqtisadi riskə səbəb olur. Bu zaman mütləq qeyd olunmalıdır ki, bazar iqtisadiyyatı şəraitində təsərrüfat fəaliyyətində tam azadlıq yoxdur və ola da bilməz. M.Fridmen bu barədə obrazlı şəkildə deyirdi ki, sizin «əl-qol atmaq* azadlığınız « mənim burnuma qədər* olan məsafə ilə məhdudlaşır. Azad bazar sistemi şəraitində tam deyil, iqtisadiyyatın sürətli inkişafına rəvac verən kifayət qədər iqtisadi azadlıq mövcuddur. Təəssüf ki, belə azadlıq risklə bağlıdır.
V.l.Dal riski işgüzarlıq, zirəklik, xoş nəticəyə çatmaq ümidilə bəxtə-bəxt hərəkət etmək, S.I.Ojeqov isə mümkün təhlükə kimi izah edirdi. Bu izahları ümumiləşdirərək demək olar ki, risk uğurlu nəticəni qorxulu edən təhlükədir. Bir qayda olaraq, bazar münasibətləri elə şəraitdə qurulur ki, sahibkarlar rəqiblərinin maliyyə vəziyyəti, bazarın konyunkturası, bölgənin iqtisadi vəziyyəti və s. haqqında heç də həmişə dolğun və dürüst məlumat ala bilmirlər. Bu hal bazar münasibətlərinə qeyri-müəyyənlik elementləri gətirir və mənfəət əldə etməyə aparan davranış variantını seçmək imkanını çətinləşdirir. Mənfəət əldə etmək imkanının real təminatı yalnız zərər çəkmək şəraitini əvvəlcədən qiymətləndirildiyi halda mümkün olur. Planlı iqtisadiyyat dövründə «risk» probleminə kifayət qədər diqqət yetirilmirdi və «risk» iqtisadi məfhumu öz tətbiqi mənasında praktik olaraq işlədilmirdi. Ötən əsrin 80- ci illərinin sonunda ölkəmizdə «sahibkarlıq riski* məfhumu meydana gəldi. 90-cı illərin əvvəllərində artıq 17 «risk» növü fərqləndirilmişdi: təsərrüfat, maliyyə, valyuta, investisiya, faiz və b. Bu «risk» məfhumunun dəqiqləşdirilməsini və onun təsnifatını labüd etdi. Hazırda iqtisadi ədəbiyyatda riskin vahid tərifi yoxdur. Lakin istənilən riskin əsası gələcəyə inamsızlıq, mümkün təhlükədir. Ənənəvi olaraq iki tərif verilir. Birincisi riskin səbəblərinə və onların qeyri-müəyyənliyinə əsaslanır. İkincisi isə riskə təsirin özünə söykənir. Buradan da risk qarşıdakı məqsəddən neqativ yayınmadır. Əslində isə əsassız riskə yol verilməsi hallarına bir o qədər də az təsadüf olunmur. Belə riski macəra adlandırırlar. Macəra şəraitin, imkanların və real qüvvələrin imkanlarını nəzərə almadan görülən, təsadüfi uğura bel bağlayaraq və adətən uğursuzluğa məhkum olan işdir. Bu halda nəzərdə tuturlmuş məqsədi həyata keçirmək üçün obyektiv şərait olmur. İqtisadi risklərin təsnifatı meyarlar çoxluğuna əsaslanır. Sahibkarlıq fəaliyyətinin xarakterini nəzərə almaqla təsərrüfatçılıq təcrübəsində aşağıdakı əsas iqtisadi risk növlərini fərqləndirirlər:
istehsal - əmtəə və xidmətlər istehsalı, istənilən istehsal fəaliyyəti növünün həyata keçirilməsi ilə bağlıdır;
kommersiya - əmtəə və xidmətlərin satışı prosesi ilə bağlıdır;
maliyyə - bazar subyektlərinin banklar və digər maliy
yə institutları ilə bağlı münasibətləri sahəsində meydana gəlir. Borc götürülmüş vəsait kəmiyyətinin özünün vəsaitinin kəmiyyətinə nisbəti nə qədər çox olsa, maliyyə riski bir o qədər böyük olar. Bu onunla izah olunur ki, kredit verilməsi və ya kredit şərtlərinin sərtləşməsi istehsalın dayanmasına səbəb ola bilər. Risklər təhlükə mənbələrinin, risk zonalarının, təsir sahələrinin, riskin zaman müddətində bölgüsü, risk dərəcəsinin nəzərə alınması əsasında təsnif oluna bilərlər.
Belə ki, təhlükə mənbəyinə görə risklər aşağıdakılar ilə şərtlənə bilər:
təbii qüvvələrin (sel, qar yağması, zəlzələ, torpaq axını, epidemiyalar, yanğınlar və s. ) dağıdıcı təsiri ilə;
siyasi xarakterli səbəblərlə (müharibə, çevriliş, inqilab və s.);
iqtisadi xarakterli amillərlə (valyuta kursunun, səhmlərin kursunun düşməsi, inflyasiya, müflisləşmə, tərəfdaşların öz müqavilə öhdəliklərini yerinə yetirməməsi və ya keyfiyyətsiz yerinə yetirməsi, kreditin qaytarılmaması və s.);
hüquqi xarakterli şəraitlərlə (qanunvericilikdə dəyişikliklər, qanunvericiliyin qeyri-kamilliyi, dövlət orqanları tərəfindən qanunvericiliyin düzgün tətbiq edilməməsi, məhkəmə sisteminin qeyri-kamilliyi və s., həmçinin qeyri-qanuni davranışlar: oğurluq, soyğunçuluq, cinayətkar səhlənkarlıq, yalançı müflisləşmə, fırıldaqçılıq və mülkiyyətə qarşı sair cinayətlər və b.k.).