9.4. Bazar iqtisadiyyatı şəraitində qiymətlərin dövlət tənzimlənməsi
Bazar mexanizmi özüköklənmə və özütənzimlənmə mexanizmi olmasına baxmayaraq, təkmil deyil. Bir çox hallar olur ki, cəmiyyət dövlətin timsalında bazarın fəaliyyətinə, o cümlədən qiymətin əmələ gəlməsi prosesinə qarışmalı olur. Bazarın qiymət mexanizmi əmtəə və xidmətləri ödəmə imkanı olanların xeyrinə, yəni əhalinin alıcılıq qabiliyyətinə müvafiq olaraq bölüşdürür. Bu zaman əhalinin uşaqlar, qocalar, əlillər, işsizlər və bir çox başqaları kimi bir çox təbəqələrinin tələbat və maraqları diqqətdən kənarda qalır. Cəmiyyət gəliri aşağı olan şəxslərin ilkin tələbat nemətləri ilə təmin edilməsini qarşısına məqsəd qoyursa dövlət, necə deyərlər, «tavan qiymətinin», yəni maksimal mümkün olan qiyməti müəyyənləşdirir. Aydındır ki, belə ən yüksək hədd qiyməti bazarın tarazlıq qiymətindən aşağı olmalıdır, əks təqdirdə belə siyasət mənasız olacaq. Şəkil 11.13-də göstərilir ki, müəyyən edilmiş maksimum qiymət xətti bazar tarazlığı nöqtəsindən aşağıdan keçir.
Qiymətlərin azaldılması siyasəti, yuxarıda deyildiyi kimi, gəliri aşağı olan şəxslərin istehlak səviyyəsini yüksəltmək kimi xoş məqsəd güdür. Belə siyasət sovet hakimiyyəti tərəfindən aparılırdı. Təəssüf ki, bu zaman başqa, həmin bölgü modelini idealdan uzaqlaşdıran problemlər yaranır.
Şəkil 11.13-dən göründüyü kimi, qiymətlər aşağı düşəndə istehlakçılar daha çox məhsul almağa çalışır, istehsalçılar isə istehsalın və təklifin həcmini aşağı salmağa çalışırlar. Kəsirlə istehsal və ya sovet iqtisadiyyatına çox yaxşı tanış olan əmtəə və xidmətlərin qıtlığı yaranır. Qıtlıq şəraitində başqa, həm rəsmi, həm də qeyri-rəsmi, bölgü mexanizmləri işə düşür.
Birincilərə əhalinin hər nəfərinə istehlak normalarının müəyyənləşdirilməsi və müxtəlif növ kartoçkaların, talon və kuponların tətbiqi aiddir. Lakin belə bölgü növü də təkmil deyil, çünki talonların təkrar satışı və mübadiləsini istisna etmir. Qıt əmtəənin və ya nemətin birinci növbədə verildiyi üstün qrupun müəyyənləşdirilməsi də rəsmi mexanizmə aiddir. Bu bölgünün də problemin həllindən çox problem yaratdığını sübut etməyə ehtiyac yoxdur. Belə ki, sovet iqtisadiyyatında növbədə birincilərə əlillər, çoxuşaqlı ailələr, vərəm xəstəliyinə tutulanlar, görkəmli idmançılar, ali dövlət mükafatları ilə təltif olunanlar və s. aid idilər, özü də, növbə birinciliyinin özünün bir neçə dərəcəsi olduğundan (uşaqların sayı, xəstəlik, cəmiyyət qarşısında xidmətlər) onların öz aralarında növbə yaratmaq qeyri-mümkün idi.
Qeyri-rəsmi mexanizmlərə aid idilər:
mağazalarda növbələr: əmtəəni birinci tez gələn alır;
əmtəənin tanışlıqla alınması;
əmtəəyə artıq haqq ödənilməsi və qara bazarın yaranması.
Maksimal yol verilən qiymət siyasəti nə qədər qeyri-tək-
mil olsa da, müəyyən dərəcədə bazar qiymət mexanizminə əlavə kimi çıxış edir və ilkin tələbat mallarının qiymətlərinə nəzarət şəklində praktik olaraq bütün dövlətlərdə tətbiq olunur. Buna parlaq misal Yaponiya kimi yüksək inkişaf etmiş dövlətdə əsas ərzaq məhsulu olan düyünün qiymətinin tənzimlənməsidir.
Dövlətin qiymət siyasəti yalnız maksimum yol verilən qiyməti deyil, həm də minimum yol verilən qiyməti müəyyənləşdirə bilər. Bu halda istehlakçını deyil, istehsalçını dəstəkləmək məqsədi güdülür. Söhbət birinci növbədə kənd təsərrüfatı məhsullarının istehsalçısından gedir, ölkə fermerlərinin qiymətlə dəstəklənməsi siyasəti ABŞ, Avropa Şurası ölkələri və b. tərəfindən fəal aparılır. Bu kimi siyasətin məqsədi buğdaya, südə, ətə və s. bazarın tarazlıq qiymətindən yuxarı olan minimal qiyməti müəyyənləşdirməkdir (bax: şəkil 11.14).
Qiymətin belə qaldırılması fermerlərə məsrəflərini ödəməyə, idxal məhsulları ilə rəqabətə dözməyə, müflis olma- mağa imkan verir. Bu kimi praktika, gec də olsa, 2002-ci ilin payızında dənli bitkilərin yüksək məhsuldarlığı nəticəsində buğdanın qiyməti sürətlə düşəndə və nəticədə çoxsaylı kənd təsərrüfatı müəssisələri müflislik təhlükəsi qarşısında qaldıqda Rusiyada da tətbiq olunmuşdu. Dövlətin qarışması və minimal qiymətin müəyyənləşdirilməsi bu prosesi dayandırdı. Maksimal qiymətlərdə olduğu kimi, minimal qiymətlər də bir sıra yeni problemlər doğurur. Şəkil 11.14-dən göründüyü kimi, artıq istehsal effekti və ya məhsul artıqlığı yaranır ki, bu da bazar mexanizmi vasitəsilə realizə oluna bilməz. Təsadüfi deyil ki, ABŞ-da fermerlər üçün əlverişli qiymətin saxlanılması şərtlərindən biri fermerlərin becərilən sahələri və buğda istehsalını azaltmasıdır. Artıq məhsul probleminin həlli üsullarına həmin artıq məhsulun dövlət tərəfindən alınaraq dövlət ərzaq ehtiyatının yaradılması, artıq məhsulun ixrac olunması da aiddirlər. Çıxılmaz vəziyyətdə artıq məhsulun bilavasitə məhv edilməsi də tətbiq olunur. Nəzərə almaq lazımdır ki, artıq məhsul yalnız bazar koordinatlarında belədir, çünki kasıblıq və səfalət, az yemə və bilavasitə aclıq problemi də var. Bu problemlər əhalidə tədiyə qabiliyyətli tələb olmadığından məhz bazar yolu ilə həll oluna bilməzlər. Deməli, bu problemlərin həlli qeyri-bazar yolları ilə aparılmalıdır. Bazarın qiymət mexanizmi müxtəlif istehsal sahələri arasında resursların bölgüsü problemini də kifayət qədər səmərəli həll edə bilmir. Bazar resursları alıcıların haqqını ödəyərək almağa hazır olduğu əmtəə və xidmətlərin istehsalına yönəldir. Cəmiyyətin nöqteyi-nəzərində bu heç də həmişə səmərəli deyil. Belə ki, alıcıların bir qisminin bahalı restoranda nahara bir neçə yüz dollar xərcləməyə hazır olduğu halda çoxunun ümumiyyətlə heç naharı yoxdur. Hələ Bernar Şou iqtisadçı olmasa da, bazar mexanizminin bu cəhətinə diqqət yetirmiş və demişdir ki, uşaqlar üçün kifayət qədər süd istehsal olunmadığı halda resursları şampan istehsalına yönəltmək əxlaqsızlıqdır.