3. Təlim prinsiplərinin təsnifatına müxtəlif yanaşmalar Tarixən təlimin prinsipləri problemi ilə bir çox mütəxəssislər
(Y.A.Komenski , İ.H.Pestalossi , A.Disterveq , K.D.Uşinski , Y.N.Medinsk , M.A.Danilov və b.) məşğul olmuşlar. Buna baxmayaraq təlim prinsiplərinin adları və miqdarı baxımından pedaqoji ədəbiyyatda indiyə kimi fikir birliyi yoxdur. Vaxtilə Y.A. Komenski təlimin aşağıdakı prinsiplərini irəli sürmüşdür :
Əyanilik prinsipi ;
Müvafiqlik prinsipi ;
Sistemlilik və ardıcıllıq prinsipi ;
Şüurluluq və fəallıq prinsipi ;
Biliklərin möhkəmləndirilməsi prinsipi .
O , təlimdə əyanilik prinsipini ətraflı işləmişdir. Komenski deyirdi ki , hər hansı bir şeyi öyrənərkən qulaq gözlə , söz əl fəaliyyəti ilə birləşməlidir. Y.A. Komenski əyanilik prinsipini müəllimlər üçün "qızıl qayda" adlandıraraq yazırdı : mümkün olan hər şeyi duyğularla qavramağa təqdim etmək, yəni görünəni - görmə duyğusuna , səsi - eşitmə duyğusuna , iyi - iybilmə duyğusuna , dadı olanı - dad duyğusuna , toxunula biləni - lamisə duyğusuna təqdim etmək qoy müəllimlər üçün qızıl qayda olsun.
Y.A.Komenski pedaqogika tarixində şüurluluq və fəallıq prinsipinin banisidir. Ona görə , öyrənilən material müəllim tərəfindən yalnız ardıcıl şərh olunduqda , əvvəlkilər sonrakılara yol açdıqda , sonrakılar əvvəlkilərə əsaslandıqda , heç bir şey buraxılmadan bir zəncir kimi bir - birinə bağlandıqda , şagird onu maraqla dinləyir , qavrayır və anlayır.
A.Disterveq isə bu məsələyə başqa cür yanaşırdı. O , didaktik prinsiplərə təlimin məzmununa, şagirdlərə verilən tələblər kimi baxırdı. Disterveq təlimin əyanilik, şüurluluq, sistematiklik və ardıcıllıq, müvafiqlik kimi prinsiplərini qeyd etmişdir. O , əyaniliyi elementar təhsilin əsas şərti hesab edirdi. Əyani təlim A.Disterveqin yaxından uzağa , asandan çətinə , sadədən mürəkkəbə, məlumdan məchula qaydalarında öz əksini tapmışdır. O, şüurlu mənimsəmənin əsas əlamətini materialın aydın və dəqiq şərhində görürdü. Ona görə təlim materialı elə qurulmalıdır ki , hər yeni material keзmişə əsaslansın, onun mühüm yerlərini yeni qaydada təkrar etsin, gələcəyə hazırlığı nəzərdə tutsun, əvvəlkini möhkəm mənimsətməmiş sonrakına başlanmasın.
Eləcə də , məşhur sovet didaktika mütəxəssisi M.A.Danilov əsərlərindən birində təlimin 7 prinsipini göstərir və təhlil edir :
Təlimdə yüksək əxlaq tərbiyəsi prinsipi ;
Təlimin elmiliyi və müyəssərliyi prinsipi ;
Təlimin müntəzəmliyi və təcrübə ilə əlaqəsi prinsipi ;
Müəllimin rəhbərliyi şəraitində şagirdlərin şüurluluğu və fəallığı prinsipi ;
Konkretin və mücərrədin vəhdəti prinsipi ;
Biliklərin mənimsənilməsinin möhkəmliyi və şagirdlərdə idrak qüvvələrinin hərtərəfli inkişafı prinsipi ;
Təlimin kollektiv xarakterinin və şagirdlərin fərdi xüsusiyyətlərinin nəzərə alınması prinsipi .
Göründüyü kimi , müxtəlif cür təsnif edilən təlim prinsiplərini nə adları cəhətdən , nə də miqdar cəhətdən məqbul hesab etmək olmaz. Çünki heç bir pedaqoq təklif etdikləri prinsiplərin istər mahiyyəti , istər miqdarı , istərsə də adlarını demək olar ki əsaslandırmamışlar.
Müasir dövr tədqiqatçılarının , o cümlədən Azərbaycan alim – pedaqoqlarının əsərlərində də təlim prinsipləri sisteminin işlənib hazırlanmasına çoxlu cəhdlər göstərilmişdir. Əmrulla Paşayev və Fərrux Rüstəmovun müəllifi olduqları "Pedaqogika" dərsliyində yeddi təlim prinsipi irəli sürülmüşdür :
Müvafiqlik prinsipi ;
Nəzəriyyə ilə praktikanın əlaqəsi prinsipi ;
Elmilik prinsipi ;
Şüurluluq və fəallıq prinsipi ;
Əyanilik prinsipi ;
Sistematiklik və ardıcıllıq prinsipi ;
Biliklərin möhkəmləndirilməsi prinsipi .
Eyni zamanda dərslikdə bu prinsiplərin ümumi pedaqoji prosesin bütün aspektlərinə - həm sinif - dərs sisteminə , həm də sinifdənxaric və məktəbdənkənar təhsil - tərbiyə fəaliyyətinə şamil edildiyi gцstərilir. Qeyd edilir ki , sinifdənxaric və məktəbdənkənar təhsil - tərbiyə işinin bəzi spesifik prinsipləri mahiyyət etibarilə yuxarıda adları çəkilən yeddi prinsipdən törəyir və sistemaltı xarakter daşıyır.
Nurəddin Kazımovun "Məktəb pedaqogikası" dərsliyində isə təlimin 13 qanunauyğunluğundan törəyən 13 prinsipin adı qeyd olunmuşdur :
Təlimin həyatla əlaqələndirilməsi prinsipi ;
Təlim üçün münasib şəraitin yaradılması prinsipi ;
Təlimdə fərdi xüsusiyyətlərin nəzərə alınması və müyəssərlik prinsipi ;
Təlimdə ziddiyyətlərin aradan qaldırılması prinsipi ;
Təlimdə əyaniyiliyin anlayışa xidmət etməsi prinsipi ;
Təlimdə bilik və bacarıqların möhkəmləndirilməsi prinsipi ;
Təlimdə əməkdaşlıq prinsipi ;
Müxtəlif üsullardan istifadə prinsipi .
Təlim prinsiplərinin müxtəlif cür təsnif edilməsi belə bir sualı ortaya çıxarır : " təlim prinsiplərinin adlarında və miqdarındakı müxtəlifliyin səbəbi nədir ? "
Bu sualın cavabı isə ayrı - ayrı dərsliklərdə müxtəlif şəkildə şərh olunmuşdur. Əgər Məcid İsmixanovun kitabında bu fərqlərin yaranmasının əsas səbəbi kimi prinsiplərin əsasında duran qanunların kifayət qədər öyrənilməməsi verilirsə , Nurəddin Kazımovun dərsliyində isə bu səbəb belə ifadə olunur : " təlim prinsiplərinin adlarında və miqdarındakı müxtəlifliyin səbəbini təlim prinsipi məfhumunun mahiyyətini qeyri - elmi şəkildə izah etmək cəhdində axtarmaq lazımdır. "
Bəs təlim prinsiplərinin adlarında və sayında dəqiqlik yaratmaq mümkündürmü ? Əgər mümkündürsə , onda nədən başlamaq lazımdır ?
Təbii ki , bunun üçün ilk növbədə təlim prinsipi məfhumunun mahiyyətini elmi əsaslarda açmaq , yəni onu əmələ gətirən əlamətləri təhlil etməkdən başlamaq lazımdır.
Təlim prinsipi məfhumunu səciyyələndirən əlamətlərdən biri onun müvafiq qanunauyğunluqdan irəli gəlməsidir. Təlim prinsipinin digər əlaməti onun didaktik səciyyəli olmasıdır , yəni o bir fənnin tədrisinə deyil , bütün fənlərin tədrisinə aid olur . Təlim prinsipi müəllim və şagirdlərin birgə fəaliyyətini səmərəli qurmağa yardım edir. Və nəhayət , təlim prinsipi təlimin bütün mərhələlərində , üsullarının tətbiqində , təşkili formalarında nəzərə alınır.
Bu cür başa düşülən təlim prinsipi bütün fənlərin tədrisi zamanı hər bir müəllim tərəfindən nəzərə alınmalı olur. Bu anlayışa uyğun gələn təlim prinsiplərinin adları , miqdarı da şəxsi mülahizələrə deyil , ciddi elmi əsaslara - müvafiq qanunauyğunluqlara istinad edir. Ancaq prinsiplərin qanunauyğunluqlardan törəmə olduğunu bilən və fənnin tədrisi zamanı onu daim nəzərə alan müəllim mənimsəmənin səviyyəsini xeyli yüksəldə bilər.
Müasir didaktikada belə bir müddəa möhkəmlənmişdir ki, təlimin prinsipləri tarixən konkretdir və ən ümdə ictimai tələbatları əks etdirir. İctimai tərəqqinin və elmi nailiyyətlərin təsiri altında təlimin yeni qanunauyğunluqları aşkara çıxarılmış , müəllimlər yeni təcrübə toplamış və bununla əlaqədar təlimin prinsipləri təkmilləşdirilmişdir. Müasir prinsiplər tədris prosesinin bütün komponentlərinə - məqsədinə və vəzifələrinə, məzmunun müəyyənləşdirilməsinə, forma və metodların seçilməsinə, planlaşdırılmasına, əldə olunmuş nəticələrin təhlilinə verilən tələbləri şərtləndirir.