Hüquq tərbiyəsitərbiyənin tərkib hissələrindən biridir. "Hüquq" ərəbcə "haqq söz" deməkdir. Hüquq ictimai şüurun bir forması olub, dövlət tərəfindən müəyyən edilən və mühafizə olunan, ictimai münasibətləri tənzimləyən məcburi davranış qaydaları sistemidir. Hüquq əxlaqla sıx bağlıdır. Hüquq normaları əxlaq normalarından müəyyən cəhətdən fərqlənir: hüquq normaları hamı üçün məcburidir və rəsmi dövlət aktlarında əks olunur. Qanunazidd hərəkətlər, bir qayda olaraq, insanın təhrif olunmuş bilikləri, tələbat və maraqları ilə bağlıdır. Məsələn, pozulmuş, təhrif edilmiş maddi tələbatlar acgözlük, tamahkarlıq, pul və mal-dövlət hərisliyi yaradır. Yaxud, təhrif olunmuş ünsiyyət tələbatı şöhrətpərəstlik, eqoizm, zorakılıq yaradır. Bu mənfi sərvət meyllərinin təsiri altında hüquqazidd hərəkətlər (oğurluq, rüşvətxorluq, xuliqanlıq və s.) baş verir.
Hüquq tərbiyəsi gənc nəslin hüquqi şüur və davranışını, habelə hüquq normalarına münasibətini formalaşdırmaq məqsədi güdən planlı və mütəşəkkil fəaliyyət prosesidir. Hüquq tərbiyəsi qarşısında aşağıdakı vəzifələr durur:
1) gənc nəsildə hüquqi şüur, hüquqa və qanunçuluğa dair baxış və təsəvvürlər aşılamaq;
2) uşaq, yeniyetmə və gənclərdə hüquq psixologiyası formalaşdırmaq:
3) böyüyən nəsildə hüquqi davranış təcrübəsi, birgəyaşayış qaydalarına uyğun düzgün davranış bacarıqları formalaşdırmaq, yeniyetmələr arasında qanunpozma hallarının qarşısını almaq, bu məqsədlə profilaktik tədbirlər həyata keçirmək.
Hüquqi şüurun formalaşması və inkişafı uzun sürən, mürəkkəb və ziddiyyətli prosesdir; o, bütün ömür boyu davam edir. İlk hüquqi təsəvvürlər ailədə valideynlərin təsiri ilə formalaşır. Burada uşaq nəyin yaxşı və nəytin pis olduğunu öyrənir, ilk qadağanlarla, öz əməllərinə verilən qiymətlə ("olmaz", "ayıbdır" və s.) qarşılaşır. İlk əxlaqi təsəvvür və qiymətlər əsasında onda bəsit hüquqi təsəvvürlər, hisslər və münasibət formalaşır.
Hüquq tərbiyəsi məktəbdə planlı və sistemli xarakter kəsb edir, müxtəlif forma və metodlarla həyata keçirilir. Bu formalar içərisində dərs əsas yer tutur. Ayrı-ayrı fənlərin tədrisi prosesində şagirdlərin hüquqi şüurunun formalaşması üçün mövcud imkanlardan istifadə edilir. İbtidai siniflərin ana dili, təbiətşünaslıq fənlərində hüquqa dair elementar məlumatlar verilir.
Hüquq tərbiyəsi baxımından "İnsan və cəmiyyət"fənni daha böyük imkanlara malikdir. Bu fənnin köməyi ilə şagirdlər dövlət quruluşu, hüquq sistemi, Konstitusiya hüququ, qanunverici və icra orqanları və hüquqi məsələlər barədə biliklərə, siyasi-hüquqi baxış və təsəvvürlərə yiyələnirlər.
Hüquq tərbiyəsi üzrə təlim prosesində aparılan işlərlə yanaşı, sinifdənxaric və məktəbdənkənar işlər də böyük əhəmiyyət kəsb edir. Hüquq tərbiyəsi ilə bağlı sinifdənxaric işləriməqsəd və məzmununa görə iki qrupa bölmək olar: a) hüquq təbliğatı və hüquqi şüurun formalaşmasına xidmət edən formalar; b) hüquq-mühafizə fəaliyyətinin təşkili formaları.Sinifdənxaric və məktəbdənkənar işlər uşaq və yeniyetmələrin asudə vaxtının səmərəli təşkilində böyük əhəmiyyət kəsb edir. Yeniyetmə cinayətkarlığının təhlili göstərir ki, onların böyük qismi (60-70%-i), bir qayda olaraq, idman, mütaliə, bədii özfəaliyyət və digər ictimai-mədəni fəaliyyətlə məşğul olmamışlar.
Hüquq tərbiyəsi hüquqi biliklər və hərəkətlər vasitəsi ilə böyüyən nəsildə qanunçuluğa riayət vərdişləri, hüquqi təfəkkür formalaşdırır.O,hüquq normalarına aid bilik,bacarıq və vərdişlərin formalaşdırılması prosesidir.Hüquq tərbiyəsi şağirdlərdə belə bir əqidə formalaşdırır ki, qanunu pozan hər kəs, kimliyindən asılı olmayaraq, lazımi cəzasını almalıdır. Ədalətli cəmiyyətdə münasibətlər (dostluq, qohumluq və s.) deyil, hər şeyi qanun həll edir. Buna görə də hüququn başlıca vəzifəsi cəmiyyətdə mövcud olan ictimai münasibətləri qoruyub saxlamaqdır.