Ekoloji tərbiyə."Ekologiya" yunan sözü olub, yurd (məkan) haqda təlim deməkdir. Ekoloji tərbiyə gənc nəsli ekoloji biliklərlə silahlandırmağa, ekoloji mədəniyyəti formalaşdırmağa yönələn tədbirlər sistemidir.Ekoloji tərbiyənin əsasını təbiətə sevgi, onun mühafizəsi işi təşkil edir. Kiçik yaşlardan uşaqları təbiətə qayğılı münasibət ruhunda tərbiyə etmək, ekoloji şüuru və mədəniyyəti formalaşdırmaq lazımdır. Hər bir insan - şəxsiyyət və vətəndaş kimi öz yurdunun, bəşər övladı kimi isə dünyanın ekoloji vəziyyəti və tarazlığı üçün məsuliyyət hiss etməli, onun pozulması hallarına barışmazlıq göstərməlidir. Ekoloji tərbiyədə aşağıdakı vəzifələr həyata keçirilir:
- böyüyən nəsildə ekoloji şüur formalaşdırmaq;
- uşaq və gənclərdə doğma təbiətə, ətraf mühitə məhəbbət və qayğılı münasibət, onun korlanmasına qarşı barışmazlıq hissləri aşılamaq;
- təbiəti mühafizə üzrə zəruri bacarıq və vərdişlər formalaşdırmaq, gənc nəsli fəal ekoloji fəaliyyətə hazırlamaq;
- məktəblilərin şüurunda və fəaliyyətində təbii ehtiyatlara, maddi sərvətlərə qənaətcil yanaşmaq münasibəti tərbiyələndirmək;
- təsərrüfat-iqtisadi vəzifələri vicdanla yerinə yetirməyə alışdırmaq;
- gənc nəsli təbiətin mühafizəsi işinə cəlb etmək. Ekoloji tərbiyəni təkmilləşdirmək cəhdləri əvvəlcə ailədən, sonra isə ibtidai məktəbdən başlanılmalıdır. Kiçik yaşlı məktəblilərdə ekoloji tərbiyəni formalaşdırmazdan əvvəl onun komponentlərini müəyyən etmək lazımdır. Ekoloji tərbiyənin komponentlərinə ekoloji şüur, ekoloji bilik, ekoloji təhsil, ekoloji təfəkkür, ekoloji dünyagörüşü, ekoloji fəaliyyət və ekoloji davranış aiddir. Ən mühüm komponentlərdən biri də ekoloji bilikdir. Kiçik yaşlı məktəblilərdə ekoloji tərbiyəni formalaşdırmazdan öncə onları ekoloji biliklərlə silahlandırmaq lazımdır. Ekoloji biliklərin mənimsəyən şagirdlər özlərini əhatə edən təbiətdə baş verən hadisələri təhlil etmək bacarığına, təbiətin ayrı-ayrı komponentləri arasındakı səbəb-nəticə əlaqələrini müəyyən etmək qabiliyyətinə malik olurlar.
Orta və yuxarı siniflərdə ekoloji təhsil və tərbiyə işləri genişləndirilir. Kimya dərslərində torpağın münbitliyini saxlamaq üçün kimyəvi gübrələrdən istifadə edilməsi, sənaye və məişət tullantılarının emalı, ekoloji cəhətdən təmiz ərzaq məhsullarının istehsalı və s. barədə təsəvvürlər aşılanır. Ekologiya və təbiəti mühafizə sahəsində digər fənlərdə - biologiya, zoologiya, botanika, coğrafiya dərslərində daha ətraflı biliklər verilir və onların tətbiqi aspektləri nəzərdən keçirilir.
Ekoloji tərbiyə sahəsində dərslərdə aparılan iş sinifdənxaric və məktəbdənkənar tədbirlər yolu ilə daha da dərinləşdirilir. Yerli şəraitdən asılı olaraq təbiəti mühafizə işinin müxtəlif formalarından istifadə olunur: məktəb meşəçiliyi, gənc təbiətçi dərnək və klubları, məktəb qoruqları, meyvə bağları, şagird istehsalat briqadaları, ekologiya üzrə olimpiada və viktorinalar, məktəb ekologiya cəmiyyəti, ekologiya ayları, ekologiya reydləri və s. belə maraqlı formalardandır.