2.Pedaqoji sistemləri idarəetmənin mahiyyəti və əsas prinsipləri Ümumiyyətlə, idarəetmə dedikdə məqsədəuyğun qərarlar qəbul etməyə, idarə olunan obyekti təşkil etməyə, ona nəzarət etməyə, tənzimləməyə yönəldilmiş fəaliyyət, düzgün informasiya əsasında işin təhlili və onun yekunlaşdırılması başa düşülür.
İdarəetmənin mahiyyətini aşağıdakı prinsiplər tam və hərtərəfli əks etdirir:
1) kollegiallıqla vahid rəhbərliyin əlaqələndirilməsi;
2) idarəetmədə dövlət və ictimai əsasların əlaqələndirilməsi;
3) idarəetmədə elmilik, nəzəriyyə ilə praktikanın qırılmaz qarşılıqlı əlaqəsi;
4) idarəetmədə planlılıq;
5) idarəetmədə sistemlilik və komplekslilik;
6) idarəetmədə səmərəliliyə, yekun nəticələrə nail olmaq meyli;
7)idarəetmədə mərkəzləşdirmənin və desentralizasiyanın rasional əlaqələndirilməsi;
8) idarəetmədə demokratikləşdirmə və humanistləşdirmə.
İdarəetmənin prinsipləri idarəetmənin qanunauyğunluqlarının konkret təzahürü və inikasıdır.
Məktəbdaxili idarəetmənin əsas qanunauyğunluqları sırasına mütəxəssislər aşağıdakıları daxil edirlər:
1) idarəetmə sisteminin səmərəliliyinin idarəetmənin subyekti və obyekti arasında struktur-funksional əlaqələrin səviyyəsindən asılılığı;
2) təhsil-tərbiyə işini idarəetmənin məzmun və metodlarının məktəbdə pedaqoji prosesin təşkilinin məzmun və metodlarının xarakterindən asılılığı; 3)idarəetmənin analitik, məqsədəmüvafiq, humanist və demokratik xarakterdə olmasının məktəb rəhbərlərinin müxtəlif növ idarəetmə fəaliyətinə hazırlığından asılılığı.
Məktəbi idarəetmə sisteminin strukturunda dörd səviyyəli idarəetmə vardır. Birinci səviyyə – dövlət orqanı və ya kollektiv tərəfindən seçilmiş məktəb direktoru, məktəb Şurasının, şagird komitəsinin, ictimai təşkilatların rəhbərləri. Bu səviyyə məktəbin inkişafının strateji istiqamətlərini müəyyən edir. İkinci səviyyə – məktəb direktorunun müavinləri, məktəbin psixoloqu, sosial pedaqoqu, ictimai faydalı əməyin təşkili üçün məsul şəxs, inzibati-təsərrüfat işləri üzrə direktorun köməkçisi, həmçinin özünüidarədə iştirak edən orqanlar və birliklər. Üçüncü səviyyə – müəllimlər, tərbiyəçilər, sinif rəhbərləri (onlar şagirdlərə və valideynlərə, uşaq birliklərinə və dərnəklərə münasibətdə idarəetmə funksiyasını yerinə yetirirlər). Dördüncü səviyyə – şagirdlər, sinif və ümumməktəb şagird özünüidarəsi. Qarşılıqlı təsir obyekti olan şagird burada eyni zamanda öz inkişafının subyekti kimi çıxış edir. Yuxarıda göstərilən iyerarxik sxemdən görünür ki, idarəetmənin hər aşağı səviyyəli subyekti yuxarı səviyyəli idarəetmə üçün idarəetmənin obyektidir.