Mühazirə mətnləri (2023-2024) I mövzu. Pedaqogikanın ümumi məsələləri. Pedaqoji anlayışlara yeni yanaşmalara


Uşaqların tərbiyəsində valideynlərin vəzifəsi



Yüklə 0,82 Mb.
səhifə117/131
tarix03.10.2023
ölçüsü0,82 Mb.
#151690
növüMühazirə
1   ...   113   114   115   116   117   118   119   120   ...   131
Pedaqogika 1 Mühazirələr son variant

4. Uşaqların tərbiyəsində valideynlərin vəzifəsi.
Uşağın həyatının ilk dövrü valideynlərin üzərinə böyük vəzifələr qoyur.Valideynlər ata-ana olduqları gündən həm də tərbiyəçidirlər. Görkəmli pedaqoqlar ananı təbii tərbiyəçi adlandırmaqda haqlıdırlar. Uşağa qarşı düşünülmüş tələblərlə birləşmiş ana məhəbbəti, valideyn məhəbbəti görmədən tərbiyə olunmuş adamlar, əksərən, şikəst olurlar. Böyük pedaqoq A.S.Makarenko valideynlərə müraciətlə deyirdi: “əgər siz övlad həyata gətirib, ona valideyn məhəbbəti göstərmədən ötüşmək isdəyirsinizsə, onda zəhmət çəkin, cəmiyyəti xəbərdar eləyin ki, belə bir murdar iş tutmaq arzusundasınız”.
Həddin aşmayan valideyn məhəbbəti ilə çulqalaşan, borc hissi, səmimi ailə kollektivinin yaranması, valideynlərin düzgün davranış tərzi, şəxsi ləyaqəti, vətəndaşlıq siması-bütün bunlar ailə tərbiyəsinin müvəffəqiyyətini təmin edən şərtlərdəndir.
Hazırki uşağın - gələcək vətəndaşın tərbiyəsi üçün ailə də dövlət qarşısında məsuliyyət daşıyır.
Əvvələn, valideynlər yeniyetmə övladları tərəfindən ictimai birgə yaşayış qaydalarının pozulması hallarına görə məsuliyyət daşıyırlar. “İctimai yerlərdə uşaq və yeniyetmələrin davranış qaydalarında” uşaqların aşağıdakı hərəkətləri qadağan edilir: nəqliyyatdan (tramvay, troleybus, avtobus, maşınlardan) sallanmaq, yaşıllıqları korlamaq, ictimai binaların divarlarını cızmaq, icazə verilməyən yerlərdə çimmək, axşam saat 10-dan sonra avara gəzmək, uşaqlar üçün nəzərdə tutulmayan kino və konsertlərə getmək və s.
Valideynlər uşaq və yeniyetmələrin ictimai yerlərdə davranışları üçün məsuliyyət hiss etməli, onların hərəkətləri üzərində nəzarət qoymalıdırlar.
Ölkəmizdə əsas valideyn kütləsi övladlarının tərbiyəsində üzərinə düşən məsuliyyəti yaxşı hiss edir, ölkənin fəal qurucularını yetişdirməkdə məktəblə birlikdə çalışırlar. Təəssüflə qeyd etmliyik ki, hələ də tərbiyə işinə məsuliyyətsiz yanaşan tək-tək ata-analar, nənə və babalar, dayı və əmilər vardır. Belə ailələrdə valideynlərin bir qismi tərbiyə işinin böyük əhəmiyyətini dərk etmir, tərbiyə üsullarını bilmir, övladının xudbin, fərdiyyətçi kimi böyüməsinə səbəb olur, tərbiyə işində ciddi səhvlərə yol verirlər. Bəziləri isə tərbiyə işinə şəxsi iş kimi baxır, bu işlə vaxt tapanda “məşğul olur” və məhz buna görə də onlar ciddi müvəffəqiyyətsizliyə uğrayırlar. Nəhayət, bir qism valideynlər tərbiyə işinə laqeyd münasibət bəsləyərək bu işi məktəbin işi hesab edir, öz vəzifələrini uşağı maddi cəhətdən təmin etməkdə, onu boya-başa çatdırmaqda görürlər. Belələri uşaqların tərbiyəsi məsələlərindən söhbət düşəndə deyirlər:
- Biz iş adamıyıq. Tərbiyə etməyə vaxtımız yoxdur.
- Uşağı biz tərbiyə edəcəyiksə, bəs məktəb, müəllim nə üçündür? Axı onlar dövlətdən bunun üçün maaş alırlar?
- Biz uşağı yediririk, geyindiririk, tərbiyə etmək isə müəllimlərin işidir......
Tərbiyə işinə bu cür birtərəfli baxışın yanlışlığını dərk etmək çətin deyil.
Şagirdlərin təlimi ilə əlaqədar valideynlərin üzərinə mühüm vəzifələr düşür. Hər şeydən əvvəl, ata-analar umumi icbari təhsil qanununun tələblərini əsas tutaraq, öz öladlarının məktəbə getməsini təmin etməlidirlər.
Valideyn övladının təlimi üçün evdə əlverişli şərait yaratmağa borcludur. Uşağın tədris işinin normal şəraitdə keçməsi üçün valideyn onu tələb olunan bütün dərs kitabları və dərs ləvazimatı ilə (dəftər, qələm, xətkeş və s.) təmin etməlidir. Ev tapşırıqlarının yeni yetirilməsindən ötrü evdə müvafiq şərait yaradılmalıdır. Bu məqsədlə şagird üçün iş güşəsi ayrılmalı, burada şagirdin boyuna uyğun stol və stul qoyulmalı, ora kifayət qədər işıq düşməlidir.
Valideynlər uşaqların təlimi ilə yanaşı, ailədə əxlaq tərbiyəsi ilə də ciddi məşğul olmalı, onlarda vətənə məhəbbət hissinin inkişafına, düzlük, doğruçuluq, böyüklərə hörmət, yoldaşlara qayğılı münasibət, intizamlılıq sifətlərinin təşəkkülünə xüsusi fikir verməlidirlər. Valideynlər övladlarının ilk tərbiyəçiləri olduqlarını bir an belə unutmamalı, onlara hər zaman, hər bir məsələdə müsbət nümunə göstərməlidirlər. XVII əsrdə yaşamış məşhur çex pedaqoqu Y.A.Komenski “pis nümunəni ruhun zəhəri” adlandıraraq gösdərirdi ki, heç kəs əyri xətkeşlə düz xətt çəkə bilmədiyi kimi, “səhv orjinal üzrə düzgün sürət hazırlaya da bilməz”.
Həyat belə bir həqiqətin düzgünlüyünü sübut edir ki, uşaq valideynin yaxşı nəsihətlərindən daha tez onun pis əməllərini götürür. Odur ki, valideynlər öz hərəkət və rəftarlarının daim həssas uşaq gözlərinin nəzarəti altında olduğunu bir an belə unutmamalı, həmişə və hər yerdə-işdə, küçədə, ictimai yerlərdə, ailədə, insanlara münasibətdə, hər cür hərəkətlərində özlərinin namuslu aparmalıdırlar.
Müstəqil dövlətimiz bu gün ailədən əməksevər, vətənpərvər, sağlam düşüncəli gənclər tələb edir. Ailədə uşağın müvəffəqiyyətlə tərbiyə olunması üçün mühüm şərtlərdən biri də ata-ananın uşağa bəslədiyi məhəbbətlə ona verdiyi tələblər arasında uyğunluğun təmin edilməsidir. Bəzi ailələrdə valideynlər öz övladına kor-köranə məhəbbət bəsləyərək, onun bütün tələblərini təmin etməyə çalışır, özləri isə uşağa heç bir tələb vermirlər. Belə ailələrdə böyüyən uşaqlar ancaq tələblər verməyə alışır, şıltaq və ərköyün olur, çətinlikdən qaçır, məktəbin tələblərini yerinə yetirmirlər. Uşağın tələbi getdikcə artır, ilk vaxtlar övladının hər cür tələbini ödəyən valideyn sonradan onun getdikcə artan tələblərini yerinə yetirməkdə acizliyini hiss edir. Tələb verməyə alışmış uşaq isə tələbində israr edir, ağlayır, ayaqlarını yerə vurur və s. əlacsız qalan ata və ya ana uşağın tələbini yerinə yetirirlər. Beləliklə, uşağın şıltaqlığına onlar özləri şərait yaradırlar.
Uşaqları erkən yaşlarından ailədə, sonralar isə məktəb və ictimai yerlərdə qoyulmuş qaydalara ciddi əməl etmək alışdırmaq zəruridir. Valideyn uşağa (uşaqlara) ailədə gündəlik rejim müəyyən etməli və buna ciddi əməl edilməsinə nail olmalıdır. Bundan əlavə, ata-analar evdə uşaqların təmizlik və səhiyyə qaydalarına əməl etmələrini, götürdükləri şeyləri öz yerinə qoymasını, zibillədikləri yeri təmizləməsini, bir-birləri ilə və yoldaşlarla mədəni rəftar etmələrini onlardan ciddi tələb etməlidirlər. Bu cür ardıcıl tələb əsasında uşaqlar tədricən qoyulmuş qaydalara alışırlar. Tələb zəifləyən yerdə tərbiyədən yaxşı nəticə gözləmək əbəsdir.
Valideyn ailədə övladının təlim və əxlaq tərbiyəsi ilə yanaşı, əmək tərbiyəsini də diqqət mərkəzində saxlamalıdır. Bu sahədə müvəffəqiyyət qazanan valideynlərlə
bərabər, hələ də övladında əməyə, xüsusən fiziki əməyə laqeyd münasibət aşılayan valideynlər də vardır. Belələri səhv olaraq, öz övladlarının xoşbəxtliyini onların hər cür əməkdən azad etməkdə görürlər. Əslində isə əmək-xoşbəxtliyin açarıdır.
Belə hallara yol verməmək üçün 4-5 yaşından etibarən uşağı ailədə hər cür öz
gücünə uyğun əməyə cəlb etmək lazımdır. Kiçik yaşlı uşaqları özünəxidmətə alışdırmaq (məsələn, öz yatağını yığışdırmaq, paltarını təmizləmək, oyun güşəsini təmiz saxlamaq və s.) zəruridir. Məktəbyaşlı uşaqları özünəxidmət əməyi ilə yanaşı, həm də ailənin ümumi əməyinə cəlb etmək faydalıdır. Ailədə uşaq çox olduqda, valideyn evdəki əmək işlərini öz övladları arasında bölüb, hər uşağa 3-4 kiçik vəzifə, daha səmərəli olar. Məsələn, bir uşağa odun doğramaq, mal-qaraya qulluq etmək, ikinci uşağa evi təmizləmək, həyətdəki ağaclara qulluq etmək, su gətirmək, üçüncü uşağa süfrə salıb-yığışdırmaq, qab yumaq, balaca uşaqlara baxmaq kimi vəzifəər vermək olar. Bu halda əmək tapşırığı uşağa hərdənbir verilən buyuruq kimi yox, uzunmüddətli bir vəzifə kimi verilməlidir. Belə olduqda uşaqda tapşırılan işə məsuliyyət hissi daha tez formalaşır.
Uşaqların vətənpərvərlik tərbiyəsi ailədə, tərbiyə müəssisələrində və orta ümumtəhsil-məktəbində uşaq və yeniyetmələrə verilən vahid tərbiyə işinin vacib tərkib hissəsidir. Bu məqsədlə də orta məktəblərdə yeniyetmələr arasında ədəbiyyata marağı artırmaq lazımdır. Çünki B.Vahabzadənin “Bayraq” şeirində vətəndaşlıq qüruru aşılamaq üçün çox ibrətamiz fikir yer alıb:
- Bayraq mənliyimdir, bayraq kimliyim!
- Bayraq öz yurduma öz hakimliyim!
Bu fikir uşaqlara belə izah etmək olar: Bəli, müstəqil yurdu, dövləti olan xalqın bayrağı olur! Xalqımızın üçrəngli, ay-ulduzlu bayrağı onun müstəqilliyinin rəmzi kimi tərənnüm olunur! Şair Davud Aslanın “Ən şirin şey” şeirində göstərir ki, ən şirin, ən əziz nemət öz obamız, elimizdir, dağımızdır, gölümüzdür! Ana deyən, Vətən deyən bizim doğma dilimizdir. T.Bayramın “Azərbaycan deyəndə”, Mədinə Gülgünün “Hər kəsə şirindir öz yuvası” kimi şeirlərini orta məktəb şagirdlərinin diqqətinə çatdırmaq lazımdır.
Ailədə uşaqların həyata hazırlanmasında böyüklərin üzərinə nisbətən çox yük düşür. Belə ki, hər bir ailədə hərtərəfli inkişaf etmiş şəxsiyyət yetişdirmək çox vacibdir. Azərbaycan ailələrinin qəlibləşmiş milli-mənəvi dəyərlərinə görə qızların
tərbiyəsi ilə daha çox analar, oğlanların tərbiyəsi ilə daha çox atalar məşğul olur. Valideynlər uşaqların həyata hazırlığında cinsi tərbiyəyə xüsusi önəm verirlər. Hələ balacalıqdan qızlara ev işləri öyrədilir, müxtəlif növ məişət işləri öyrədilir, oğlanlara isə əsasən təsərrüfat işləri, fiziki güc tələb edən işlər öyrədilir. Müasir dövrdə isə uşaqların tərbiyəsində, onların həyata hazırlanmasında bu dəyərlər öz yerini intenetə vermişdir.
Uşaqların həyata hazırlığında yeniyetməlik dövrü xüsusi əhəmiyyət kəsb edir. 13-14 yaşma çatanda uşaqların istər davranışlarında, istər xarakterində, istərsə də, fizionomiyalarında ciddi dəyişikliklər baş verir. Bəzən də bu dəyişikliklər ailədə ciddi problemlərin baş verməsinə səbəb olur. Həddi-büluğ yaşına çatan oğlan və ya qız özündə ciddi dəyişikliklrə müşahidə edir. Bu yaşda o hər sirrini-sözünü deyə biləcəyi yaxın dosta və ya yaxın məsləhətçiyə ehtiyac hiss edir. Ümumiyyətlə, uşaqla münasibətdə səmimi olmaq, daha doğrusu, onunla dostluq qurmaq çox əhəmiyyətlidir.
Ailədaxili münasibətlərin xarakteri baxımından tipik ailə modelləri vardır:
1. Uşaqları sevən ailələr - qarşılıqlı hörmət, etimad və qayğıya əsaslanan mehriban ailə modelidir. Belə ailələrdə uşaqlar normal, rahat, xoşbəxt böyüyürlər.
2. Həssas, qayğıkeş ailələr - valideyn-övlad münasibətləri normal, qayda-qanunlara uyğun qurulduğu, ata-ananın uşaqlara diqqətinə əsaslanan ailə modelidir. Belə ailələrdə hər şey zahirən qaydasında olsa da, münasibətlərdə müəyyən “çat”, rəsmiyyətçilik, məsafə mövcuddur.
3. Maddi-oriyentasiyalı ailələr - maddi mülahizələrə üstünlük verildiyi, mənəvi əsasların məhdud olduğu ailə modelidir. Belə ailələrdə münasibətlər rəsmiyyətə əsaslanır.
4. Düşmən ailələr - valideyn-övlad münasibətlərinin gərgin olduğu, nəzarət və cəzaya, qarşıdurmaya əsaslanan ailə modelidir. Belə ailələrdə uşaqlar özlərini pis hiss edirlər. Onlara hörmət edilmir, etimad göstərilmir, etibar olunmur, nəzarət olunmur, yerli-yersiz cəzalandırılır. Belə ailələrdə böyüklərlə övladlar arasında psixoloji maneələr özünü göstərir.
5. Antisosial ailələr - əslində belə ailələrə ailə demək olmaz. Onlar daha çox uşaqlar üçün müvəqqəti sığınacaqdır. Belə “ailələrdə” valideynlər yanlış həyat tərzi sürür, bir-birilə dalaşır, uşaqları sevmir, onları övladları kimi qəbul etmir, onların tərbiyəsinə olduqca neqativ təsir göstərirlər. Belə “ailələr” valideynlərin yanlış həyat tərzi, oğurluq və əyyaşlığa, münaqişələrə, övladlara münasibətdə gərginliyə əsaslanırlar.



Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin