Fiziki tərbiyə
Hərtərəfli inkişaf etmiş şəxsin ən mühüm keyfiyyətlərindən biri onun sağlamlığı, fiziki kamilliyidir. Ağlın yetkinləşməsində, əxlaqi keyfiyyətlərin kamilləşməsində, xoş əhval ruhiyyənin yaradılmasında, hafizənin və digər psixoloji proses və xüsusiyyətlərin inkişafında fiziki tərbiyənin rolu böyükdür.Fiziki keyfiyyətlər arasında geniş formalaşdırılanlar – dözümlülük, cəldlik, çeviklik, güclülük, elastiklik, sürət fiziki tərbiyə vasitəsilə həyata keçirilir.
Fiziki tərbiyə insanları Vətəni müdafiə etməyə hazırlayır. Bunun üçün təlim müəssisələri xüsusi proqram əsasında fəaliyyət göstərir. Fiziki tərbiyə həmçinin əqli inkişaf vasitəsidir. H. Zərdabi fiziki tərbiyəni hərtərəfli və harmonik şəxsiyyət formalaşdırmanın əsas şərtlərindən biri hesab edirdi.Fiziki tərbiyə insanın əxlaqi-iradi inkişafının da mühüm vasitəsidir: o, iradəni möhkəmlədir, insanda dözümlülük, intizam, kollektivçilik, yoldaşlıq və dostluq kimi keyfiyyətlər tərbiyə edir. Görkəmli fizioloq P.F.Lesqaft fiziki tərbiyəni iradə və xarakterin formalaşmasında, əxlaq tərbiyəsində, əqli qabiliyyətlərin, fikri fəallığın, bədii zövqün inkşafında mühüm amil, vasitə hesab etmişdir. Fiziki tərbiyənin əsas məqsədi fiziki cəhətdən sağlam, gümrah nəsil tərbiyə etməkdən, onları əməyə və fəal ictimai həyata hazırlamaqdan ibarətdir. Bu ümumi məqsədə nail olmaq üçün fiziki tərbiyə qarşısında aşağıdakı konkret vəzifələr durur:
1) gənc nəslin normal fiziki inkişafını və sağlamlığını təmin etmək;
2) məktəblilərə həyat üçün zəruri olan bacarıq və vərdişlər (düzgün yeriş, qaçış, tullanmaq, üzmək və s.) aşılamaq;
3) uşaq və gənclərdə bədən tərbiyəsi və idmanla müntəzəm məşğul olmağa, öz bədənini möhkəmlətməyə tələbat yaratmaq;
4) fiziki mədəniyyətə, gigiyena və təbabətə aid bilik və vərdişlər aşılamaq;
5) böyüyən nəsildə təlim, əmək və vətənin müdafiəsi üçün zəruri olan iradi-mənəvi keyfiyyətlər (dözümlülük, çeviklik, cəldlik, qüvvə) tərbiyə etmək, onlarda qorxu, inamsızlıq, səbirsizlik və s. kimi mənfi keyfiyyətləri aradan qaldırmaq əzmi formalaşdırmaq.
Məktəbdə fiziki tərbiyə müxtəlif vasitə və formalarla həyata keçirilir.Fiziki tərbiyənin vasitələrinə təbii amillər, fiziki təmrinlər, gigiyenik amillər daxildir.
Fiziki tərbiyənin mühüm bir vasitəsi təbii amillərdən istifadə etməkdir. Təbii amillər təbiətin sağlamlaşdırıcı qüvvələridir. Bura günəş, hava, su daxildir. İnsan orqanizminin təmiz havaya (oksigenə), suya, günəş şüasına böyük ehtiyacı vardır.Fiziki təmrinlərə gimnastika, oyun, idman və turizm daxildir.Gimnastika bütövlükdə orqanizmin və onun ayrı-ayrı sistem və funksiyalarının inkişaf etdirmək məqsədi ilə aparılan xüsusi təmrinlərdir. Gimnastikanın müxtəlif növləri ayırd edilir: əsas, gigiyenik, idman, bədii, istehsalat, müalicə gimnastikası.Oyunlar fiziki təmrinlərin geniş yayılmış növüdür. Oyun həm fiziki, həm də mənəvi tərbiyə vasitəsidir. Oyunlar iki növdə olur: hərəkətli və idman oyunları. Hərəkətli oyunlar əsasən ibtidai siniflərdə, idman oyunları isə məktəbin orta və yuxarı siniflərində keçirilir.İdman fiziki təmrinlərin daha mürəkkəb növüdür. İdmanda bədəni möhkəmlətmək vəzifəsi fiziki çalışmaların ayrı-ayrı növlərində (yüngül atletika, güləş, üzgüçülük, futbol, voleybol, basketbol, dama, şahmat və s.) yüksək nəticələr əldə etmək uğrunda mübarizə ilə qovuşur.Turizm doğma diyarın təbiəti, tarixi və mədəni yerləri ilə tanışlıq, şagirdlərin görüş dairəsini genişləndirmək məqsədi ilə keçirilən yürüş və gəzintilərdir.
Gigiyenik amillərə qida, yuxu, istirahət, bədənə qulluq, normal mənzil və iş şəraiti, rejim, rahat geyim və s. daxildir. Sağlamlıq üçün normal qida vacib şərtdir. Normal yuxu da sağlamlıq üçün mühüm şərtdir. O, yorğunluğu götürür, orqanizmin iş qabiliyyətini bərpa edir. Normadan çox və az yatmaq eyni dərəcədə zərərlidir. Gigiyenik amillər içərisində düzgün gün rejimi böyük əhəmiyyətə malikdir. Rejim insanın həyat tərzini nizama salan qaydaların məcmusudur. O, iş və istirahəti tənzim edir, insanda intizamlılıq, səliqəlilik, dəqiqlik, təşkilatçılıq tərbiyə edir, müsbət adətlər yaradır.Ailədə və məktəbdə sanitar-gigiyenik tələblərə ciddi əməl edilməlidir. Ailədə şagirdin iş otağı, məktəbin sinif otaqları gigiyenik tələblərə (optimal həcmi, hava tutumu, işıq və istilik rejimi, havasının dəyişilməsi, əşyaların yaş əsgi ilə silinməsi və s.) cavab verməlidir.
Məktəbdə fiziki tərbiyənin təşkili formalarınabədən tərbiyəsi dərsləri, fakültativ məşğələlər, gün rejimində idman-sağlamlıq tədbirləri, fiziki tərbiyə üzrə sinifdənxaric və məktəbdənkənar tədbirlər daxildir.
Dostları ilə paylaş: |