BAZAR MÜNASİBƏTLƏRİ İQTİSADİ SİSTEMİNİN FORMALARI, TİPLƏRİ VƏ MODELLƏRİ
6.1.Bazar iqtisadi sisteminin mahiyyəti və əsas cəhətləri
İqtisadi sistem dedikdə, hər bir ölkənin milli iqtisadiyyatının müxtəlif sahələrinin vəhdəti və onların qarşılıqlı əlaqədə fəaliyyəti başa düşülür. İqtisadi sistemlər tarixən müəyyən maddi-texniki bazar üzərində formalaşaraq, cəmiyyət üçün mövcud imkanlar daxilində “nə, necə və kim üçün” vəzifəsini yerinə yetirirlər. İqtisadi sistem daxilindəki çoxcəhətli təsərrüfat fəaliyyəti həmişə ona yönəldilmişdir ki, cəmiyyətin və onun üzvlərinin tələbatları, məhdud imkanlar daxilində normal surətdə ödənilə bilsin. “Ən yaxşı iqtisadi sistem, insanların çox ehtiyacı olan tələbatlarının ödəməyə qadir olan sistemdir” (C.Helləreyt).
Sistem (system) sözünün yunan dilindən tərcüməsi müxtəlif hissələrdən ibarət olan tam, yaxud bütöv mənasını verir. İqtisadi sistem dedikdə təbiətin, cəmiyyətin və insan fəaliyyətinin qarşılıqlı əlaqəsi, habelə kompleksli surətdə inkişafı başa düşülür. Deməli, iqtisadi sistem təsərrüfat həyatı hadisələrinin və prinsiplərinin inkişafı gedişini özündə əks etdirir. Bu baxımdan iqtisadi sistem konkret hər hansı bir cəmiyyətin istehsal imkanlarına, ölkənin və əhalinin maddi-mənəvi ehtiyaclarının ödənilməsi səviyyəsinə uyğun olmalıdır. Başqa sözlə iqtisadi sistem - cəmiyyət miqyasında iqtisadi əlaqələrin və insanların çoxcəhətli təsərrüfat fəaliyyətinin ümumi nəticəsi olub, bütövlükdə ölkənin, onun əhalisinin maddi-mənəvi tələbatlarının dolğun ödənilməsi məqsədinə xidmət edir. Nobel mükafatı laureatı Vasiliy Leontyev (ABŞ) iqtisadi sistem anlayışını belə müəyyənləşdirmişdir: «Hər bir iqtisadiyyatı - qarşılıqlı əlaqə və asılılıqda olan çoxsaylı fəaliyyət növlərindən ibarətdir. Bu vahid sistemin hər bir həlqəsi başqasına nə isə (məhsul-xidmət) verməklə, eyni zamanda digərlərindən nə isə almaqla yaşaya bilər.”
Digər bir mövqeyə görə, iqtisadi sistem - cəmiyyətdə baş verən iqtisadi prosseslərin, mülkiyyət münasibətləri və hüquqi-təşkilat formaları əsasında həyata keçirilməsidir. İlk baxışda mürəkkəb və qarışıq görünən cəmiyyətin təsərrüfat həyatı, ölkənin iqtisadi sistemi, şübhəsiz müəyyən qaydalar, prinsiplər əsasında təşkil olunaraq idarə edilir. İqtisadi sistem cəmiyyət miqyasında istehsalla istehlakçılar arasındakı əlaqələri müxtəlif formalarda nizamlayıb reallaşdıraraq, ölkənin iqtisadi-sosial inkişafını təmin edir.
Eyni zamanda iqtisadi nəzəriyyədə iqtisadi sistem anlayışına qısa və geniş təriflər də verilir. Qısa tərifə əsasən «cəmiyyət başlıca iqtisadi münasibətlər (mülkiyyət) və istehsalın (müəssisələrin, şirkətlərin, birliklərin) təşkilati-hüquqi formaları bazasında yaranmış prosesə iqtisadi sistem deyilir. "Geniş tərifə görə «iqtisadi sistem – iqtisadiyyatın əsas problemlərinin həllinin təşkili və idarə olunmasına görə mövcud resurslardan (torpaq, kapital, əmək, sahibkarlıq qabiliyyəti) istifadə edərək cəmiyyətin, habelə onun üzvlərinin tələbatlarının ödənilməsi prosesinə deyilir"
Aydındır ki, müxtəlif tarixi dövrlərdə cəmiyyətin ehtiyaclarını və insanların tələbatlarını ödəmək üçün ölkənin iqtisadi resursları, oradakı mülkiyyət (icma, xüsusi, dövlət, korporativ, bələdiyyə, qarışıq) formaları, konkret daxili-xarici vəziyyətin mühüm əhəmiyyəti vardır. Lakin ən qədim dövrlərdən başlayaraq bizim günlərə qədər müxtəlif ictimai - iqtisadi quruluş mərhələləri keçmiş insan cəmiyyəti yaşayıb inkişaf etmək üçün hökmən müxtəlif təyinatlı məhsul və xidmətləri istehsal etmiş, bunların bölgüsünü həyata keçirmiş, mübadilə etmiş, nəhayət istehlak məqsədi ilə sərf olunmuşdur.
Нər hansı bir iqtisadi sistemdə - torpaq, əmək, kapital, sahibkarlıq qabiliyyəti kimi istehsal amillərinin qarşılıqlı əlaqəsi və bir-birini tamamlayan fəaliyyəti əsas şərtdir. İqtisadi sistemin strukturunun (quruluşunun) tərkib hissələri kimi səciyyəldəndirilən bu istehsal amillərinin fasiləsiz hərəkəti və fəaliyyəti, şübhəsiz müəyyən qanunlar, qanunauyğunluqlar, prinsiplər, modellər, (variantlar) əsasında baş verir. İqtisadi sistemin mahiyyətindən və məqsədindən irəli gələn vəzifəsi, bütövlükdə ölkənin təsərrüfat həyatının normal fəaliyyətinə xidmət göstərmək, əhalinin yaşayış səviyyəsini yüksəltməkdir.
İqtisadi nəzəriyyə (economics) elmi, indiyədək bəşər cəmiyyəti tarixində mövcud olmuş iqtisadi sistemləri (onların müxtəlif forma, model, variantları da daxil edilməklə) 2 böyük qrupa ayrılır. Birincisi, bazar iqtisadi sistemi olub, özündə bu sistemin xalis bazar (sərbəst bazar, rəqabət bazarı) və müasir bazar (inhisarçı, korporasiya) formalarını, yaxud tiplərini birləşdirir. İkincisi, qeyri-bazar iqtisadi sistemi adlanıb, özündə ənənəvi və əmrlə idarə olunan inzibati-amirlik iqtisadi sistemlərini birləş-dirir. Törəmə bir forma kimi qarışıq iqtisadi sistemi gös-tərmək olar.
Ölkənin iqtisadi resursları və siyasi-ictimai quruluşundan asılı olaraq, həm bazar, həm də qeyri-bazar iqtisadi sistemlərinin müxtəlif modelləri mümkündür. Tarixi ardıcıllıq cəhətdən qeyri-bazar iqtisadi sisteminin qədimliyinə baxma-yaraq, bazar münasibətləri iqtisadi sisteminin müasir dövr üçün əhəmiyyətini nəzərə alaraq, ilk növbədə onun bu formalarından başlamaq lazımdır.
Dostları ilə paylaş: |