Bazar münasibətləri iqtisadi sisteminin
tənzimlənməsi tədbirləri
Müasir daxili-xarici mürəkkəb iqtisadi münasibətlər, ziddiyyətli inteqrasiya-qloballaşma reallığında dövlətin və hakimiyyət orqanlarının bazarın fəaliyyətinin yaxşılaşdırılması, habelə tənzimlənməsi istiqamətindəki tədbirləri mühüm əhəmiyyətə malikdir.
Dünya təcrübəsi göstərir ki, müxtəlif ölkələrdə hakimiyyət orqanlarının iqtisadi həyata, o cümlədən də bazarın fəaliyyətinə qarışmaması orada hərc-mərclik yaradırsa, əksinə qarışıb onun sərbəstlik prinsiplərini pozması isə işgüzar biznes fəaliyyətinin inkişafına aşkar-gizli əngəllər törədir. Doğrudanmı, klassik iqtisadi nəzəriyyənin banilərindən sayılan A.Smitin düşündüyü kimi bazarı “görünməz əllər” (tələb, təklif, rəqabət, qiymət, sərbəst sahibkarlar) idarə etməlidir, yoxsa sonrakı iqtisadçılar nəslinin müəyyən qeyd-şərtlərlə iddia etdikləri kimi “dövlət ölkənin təsərrüfat həyatına qarışmalıdır” prinsipinin məqsədəuyğunluğu, müasir şəraitində qəbul olunmalıdır?
Şübhəsiz, dövlət və hakimiyyət orqanları, bazarın normal fəaliyyətinə şərait yaradan ictimai mühitin, habelə müvafiq hüquqi bazanın formalaşmasına nail olmalı; bazarda sərbəst rəqabətin qorunub saxlanmasını təmin etməli; milli məhsulun quruluşunu dəyişərək, daha yüksək və ölkənin ümumi maraqları baxımından səmərəli nəticələrə nail olmaq məqsədilə, məhdud iqtisadi resursların bölgüsünü təkmilləşdirməli; bazar qiymətlərinin nisbi sabitliyinə, ərzaq məhsullarının keyfiyyətinə, dünya standartlarına uyğunluğuna, idxal məhsullarının ekoloji cəhətdən saflığına, geni dəyişdirilmiş məhsulların gətirilib satışa çıxarılmasına qadağan qoyulmasına ciddi nəzarət etməlidirlər.
Ölkənin keçdiyi inkişaf yolunun özünəməxsus xüsusiyyətlərindən və əhalinin milli mentalitet-psixoloji durumundan, habelə dövlətini iqtisadi siyasətindən asılı olaraq, bazar münasibətləri iqtisadi sistemini tənzimlənməsinin üsulları, formaları, metodları fərqli ola bilər. Məsələ bir ölkədə qəbul olunmuş qayda-qanunlar, fəaliyyətdə olan normativ sənədlər, göstərişlər başqa ölkələr üçün təəccüblü, hətta heç cür qəbul edilməz kimi görünə bilər.
Ümumiyyətlə dövlət tənzimləmə üsulları birbaşa (bilavasitə) və dolayısı ilə dövlət tənzimlənməsi metodlarına ayrılır. Birbaşa tənzimləmə metodları - dövlət ehtiyacları üçün zəruri olan dövlət sifarişlərini, müxtəlif təsərrüfat subyektlərinə dövlət dəstəyini (subsidiyaları), standartlaşdırmanı, sertifikatlaşdırmanı, lisenziyalaşdırmanı, kvotlaşdırmanı, fond bazarını, sərt qiymətlərin (tariflərin müəyyənləşdirilməsini, minimum əmək haqqı səviyyəsi kimi məsələləri əhatə edir).
Dolayı metodla tənzimləmə - vergi, gömrük-tarif sistemi, resurslara görə ödənişlər, valyuta kursunun dəyişdirilməsi ilə bağlıdır.
Bu tənzimləmə metodlarının zəruriliyi, bazar münasibətləri iqtisadi sisteminə aid edilən aşağıdakı 4 mühüm uğursuzluq, yaxud iflas xarakterli səbəblə izah olunur: a)ictimai nemətlərə (ölkənin müdafiəsinə, fundamental elm sahələrinin inkişafına, sosial sferanın genişləndirilməsinə) yönəldilən vəsaitlərin (xərclərin) həcmi ilə; b)xarici effektlərin (beynəlxalq bazarda qiymətlərin dəyişkənliyi, ekoloji vəziyyətin pisləşməsi) zərərli təsiri ilə; c) bazarda inhisar (qeyri-kamil rəqabət) meyllərinin güclənməsi ilə; ç) asimmetrik (əmtəə-xidmətlərin keyfiyyətin xüsusiyyətləri barəsində düzgün məlumat verilməməsi) informasiyası ilə; d) bazar riski və qeyri-müəyyənliyin nəzərə alınması ilə.
Bazar münasibətləri iqtisadi sisteminin dövlət tənzimlənməsi prosesi, hüquqi, iqtisadi, inzibati formalarda reallaşdırılaraq, konkret şəraitin, tələblərini nəzərə almaqla, bütövlükdə cəmiyyətin sonsuz tələbatlarının məhdud iqtisadi resurslar bazasında, daha səmərəli həyata keçirilməsini nəzərdə tutur.
Bazarda “həlledici qüvvə” sayılan sahibkarlığın inkişafına, orada müəyyən “oyun qaydalarının” formalaşmasına və bu qayda-qanunlara əməl olunmasına xidmət edən hüquqi tənzimləmə, onun fəaliyyətinin səmərəliliyinin mühüm şərtlərindən biridir. Bu tənzimləmə forması, milli iqtisadiyyatda və beynəlxalq təsərrüfat həyatında baş verən dəyişiklikləri nəzərə almaqla təkmilləşdirilməlidir. Hüquqi tənzimləmə prosesi konkret vəziyyətdən asılı ola-raq, həm birbaşa, həm də dolayı metodlardan istifadə olunmasını nəzərdə tutur.
İqtisadi tənzimləmə formasında, dövlət bazar subyektlərinin fəaliyyətinə bilavasitə müdaxilə etməsə də, lakin özünün iqtisadi siyasəti ilə sahibkarları cəmiyyət üçün lazım olan istiqamətdə fəaliyyət göstərməyə yönəldir.
İnzibati tənzimləmə dedikdə, bazar və təsərrüfat subyektinin hakimiyyət orqanlarının müəyyənləşdirdiyi qayda-qanunlara məcburi surətdə əməl etməsi başa düşülür. Bu forma qadağanlar, direktiv göstərişlər, məhkəmə qərarları vasitəsilə reallaşdırılır.
Dövlət hakimiyyəti orqanlarının bazarın fəaliyyətini tənzimləməsi səyləri yalnız o halda sosial-iqtisadi səmərə verir ki, bu metod və formalar bir-birini tamamlayaraq, kompleks halında tətbiq olunsun.
Dostları ilə paylaş: |