6.5. Bazar münasibətləri iqtisadi sisteminin istiqamət və modelləri
Bazar münasibətləri iqtisadi sisteminin liberal, sosial yönümlü, sosial-demokrat kimi 3 əsas istiqaməti dünyanın müxtəlif ölkələrinin təsərrüfat həyatında fəaliyyətidir.
Liberal istiqamət, ölkə iqtisadiyyatında xüsusi mülkiyyətin üstün mövqe tutması; bazar iştirakçılarının (subyektlərinin) sərbəstliyinin qanunvericiliklə qorunması; dövlət tənzimlənməsinin məhdud xarakter daşıması; əhalinin bir sıra gündəlik yaşayış problemlərinin həllindən dövlətin təcrid edilməsi; sosial məqsədlərə ayrılan vəsaitin ilk növbədə işsizlərə və əhalinin aztəminatlı təbəqəsinin ehtiyaclarının ödənilməsinə yönəldilməsi; büdcədən dövlət xətti ilə ayrılan investisiyaların, habelə müxtəlif təyinatlı dövlət orqanları xərclərinin xüsusi çəkisinin aşağı olması meyli ilə səciyyələnir
Sosial yönümlü istiqamət, ölkənin təsərrüfat həyatında dövlət bölməsinin payı az olan qarışıq iqtisadiyyatın geniş fəaliyyəti; dövlət tənzimlənməsinin əhatəliliyi; əhalinin bütün təbəqələrinin sosial müdafiəsi və onların pulsuz, yaxud güzəştli şərtlərlə təhsil alması, tibbi xidmətlərdən istifadə etməsi ilə xarakterizə olunur.
Sosial-demokrat istiqamət öz mahiyyəti və prinsipləri etibarilə sosial yönümlü bazar iqtisadiyyatına oxşar olsa da, lakin bu modelin özünəməxsus cəhətləri vardır. Həmin xüsusiyyətlərdən ölkənin təsərrüfat həyatında döv-lət bölməsinin (mülkiyyətinin) mühüm yer tutmasını; döv-lət büdcəsinin əhəmiyyətli rol oynamasını; əmək münasibətlərinin ümummilli və dövlət maraqları səviyyəsində tənzimlənməsini; hökumətin sosial siyasətinin, əhalinin bütün təbəqələrinin mənafeyinin nəzərə alınmasını; işsizliyin azaldılması və işçilərin peşə-sənət ixtisaslarının təkmilləşdirilməsini göstərmək olar.
Bazar münasibətləri iqtisadi sisteminin, ayrı-ayrı ölkələrin milli inkişaf xüsusiyyətlərini əks etdirən konkret modelləri (variantları) vardır. Həmin model və variantlar bir-birindən istehsalın təşkilinə, onun maddi-texniki bazasına, təbii sərvətlərinə, iqtisadi resurs imkanlarına, qarşılaşdıqları sosial-iqtisadi problemlərə, əhalinin psixoloji durumuna, ümumi mədəni inkişaf səviyyəsinə görə fərqlənirlər.
Amerika modeli, ölkədə işgüzar sahibkarlıq meyllərinin gücləndirilməsi, onun müxtəlif vasitələrlə həvəs-ləndirilməsi, əhalinin daha fəal, təşəbbüskar təbəqəsinin varlanması üçün real imkanlar yaradılması prinsipinə əsaslanır. Ölkə əhalisinin aztəminatlı hissəsinin (təxminən 8-12%) müəyyən güzəştlər almasına baxmayaraq, bütövlükdə onların sosial bərabərliyi məsələsi bir məqsəd kimi qarşıya qoyulmur. Bu modelin əsasını, dövlətin iqtisadiyyatı düşünülmüş tənzimləməsi və ölkənin təsərrüfat həyatının sərbəst sahibkarlıq fəaliyyəti təməlində qurulması, əmək məhsuldarlığının yüksəldilməsinə, insanların şəxsi uğur qazanmaq yolunda çalışqanlıq səylərinin artırılmasına əlverişli şərait yaratması təşkil edir.
İsveç modeli, ilk növbədə ölkənin milli gəlirinin əhalinin aztəminatlı təbəqəsinin xeyrinə yenidən bölgüsü hesabına həyata keçirilən güclü sosial siyasət ilə fərqlənir. İsveçdə əsas fondların bir neçə faizinin dövlətin əlində olmasına baxmayaraq, dövlətin büdcə və digər xərcləri onun ümumdaxili məhsulunun (ÜDM) həcminin yarıdan çoxunu ötür. Əsasən əhalinin həyat səviyyəsinin yüksəldilməsinə yönəldilən həmin vəsait, başqa ölkələrlə müqayisədə burada vergilərin daha böyük rol oynaması və sanballı həcmi ilə bağlıdır. İsveç modelinə əsasən, bütövlükdə cəmiyyətin istehsal-xidmət təyinatlı müxtəlif vəzifələrini bazar prinsiplərinə uyğun fəaliyyət göstərən xüsusi müəssisələr (şirkətlər, iri birliklər); sosial vəzifələrini isə dövlət və onun müvafıq orqanları yerinə yetirməlidirlər.
Alman modeli, xırda və orta sahibkarlığa, bu tipli şirkətlərə, onların inkişafına hərtərəfli dövlət qayğısı göstərməklə seçilir. Dövlət qiymət və gömrük tarifləri siyasəti vasitəsilə ölkədəki iqtisadi tarazlığı tənzimləmək, orta-xırda müəssisələrə-şirkətlərə (mittelştandlara) öz təsərrüfat fəaliyyətlərini daha əlverişli bir iqtisadi mühitdə aparmağa imkan yaratmışdır. II dünya müharibəsindən sonra daha da təkmilləşdirilərək, sosial yönümlü inkişafa istiqamətləndirilmiş alman modeli, məğlub bir ölkənin təsərrüfat həyatını tezliklə bərpa edərək, dünyanın yüksək inkişaf etmiş dövlətləri sırasına çıxarmışdır.
Avstriya modeli, xüsusi sahibkarlığa və işgüzar biznes fəaliyyətinə geniş imkanlar yaratmaq, habelə xarici investorlara əlverişli fəaliyyət mühiti təmin etməklə sə-ciyyələnir. Dövlətin başlıca vəzifəsi xüsusi sahibkarlıq əsasında fəaliyyət göstərən ölkənin təsərrüfat həyatının iq-tisadi tənzimlənməsi proseslərinə nəzarəti həyata keçirməkdir. Ümumiyyətlə Qərbi Avropa ölkələrinin iqtisadi sistemi «sosial yönümlü bazar» kimi səciyyələndiyindən, ABŞ və Yaponiyada özünü daha qabarıq formalarda göstərən şəxsi fərdiyyətçilik prinsiplərini Avropa dövlətlərində fərdiyyətçiliklə yanaşı, eyni zamanda həmrəyliyin (iş birliyinin, birgə fəaliyyətin) optimal tarazlı nisbəti əvəz etmişdir.
Yapon modelinin ən mühüm cəhətlərindən biri, onun uzunmüddətli və şərikli iqtisadi əlaqələr əsasında formalaşaraq, qarşılıqlı inam prinsiplərinə uyğun fəaliyyət göstərməsidir. Qərbi Avropa ölkələrindən fərqli olaraq, Yaponiya iqtisadiyyatında dövlət bölməsinin rolunun məhdudluğu və hərbi xərclərin onun ümumi daxili məhsulunda (ÜDM) 1%-i ötməməsi, əhalinin gəlirlərinin 18-20%-nin yığım kimi banklarda toplanması, şübhəsiz ölkə iqtisadiyyatının davamlı inkişafını təmin edən amillərdir. Eyni zamanda bu model, yüksək əmək məhsuldarlığına, strateji planlaşdırma ünsürlərindən istifadəyə, milli iqtisadiyyatın ümumi inkişaf göstəricilərinin əlaqələndirilməsinə əsaslanır.
Çin modeli, ölkədə ardıcıl mərhələlərlə aparılan sistemli iqtisadi islahatların uğurlu nəticəsi kimi formalaşmışdır. Ölkənin keçdiyi özünəməxsus tarixi inkişaf yolunun xüsusiyyətlərini, xalqın mənəvi-psixoloji mentalitet dəyərlərini hərtərəfli nəzərə alan Çin modeli, bütün dün-yada öz tarazlığı ilə böyük maraq doğurur. Ölkənin siyasi sisteminin, ideoloji kursunun, Kommunist Partiyasının rəhbər rolunun, sosializm cəmiyyəti qurmağın son məqsəd olduğunun əslində dəyişmədiyi bir şəraitdə, təsərrüfat həyatının bazar münasibətləri iqtisadi sisteminin prinsiplərinə uyğunlaşdırılması yolunda ciddi addımlar atılmış və sanballı nailiyyətlər qazanılmışdır.
Çin Xalq Respublikasının iqtisadiyyatında aparılmış təkamül xarakterli struktur (quruluş) dəyişiklikləri, qiymət mexanizminin, xarici ticarətin, inflyasiyanın, bank sisteminin tənzimlənməsi və təkmilləşdirilməsi tədbirləri imkan vermişdir ki, ölkə keçid dövrünün bir sıra ağrılı problemlərindən, о cümlədən istehsalın sürətlə aşağı düşməsindən yan keçə bilsin. Çin modeli, bazar iqtisadi sisteminin müxtəlif təsərrüfatçılıq formalarından istifadə etmək üçün geniş imkanlar yaratmaqla yanaşı, eyni zamanda bu formalar özünü real həyatda doğrultmadıqda, onların başqaları ilə əvəz olunmasını həvəsləndirir, hətta əvvəlki formalara qayıtmağa yol verir. Yeni təsərrüfatçılıq formaları ilk növbədə ayrı-ayrı müəssisələrdə sınaqdan keçirilir, onların səmərəliliyi təcrübədə təsdiq olunduqdan sonra, bu formaların tədricən qrup müəssisələrdə, sahələrdə, regionlarda reallaşdırılır.
Ölkənin təsərrüfat həyatında dövlət mülkiyyətinin aparıcı rolu və dövlət tənzimlənməsi prinsiplərindən geniş istifadə olunmaqla yanaşı, eyni zamanda xırda-orta sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara, xüsusilə xarici iş adamlarına, başqa ölkələrdən, habelə beynəlxalq bank-maliyyə təşkilatlarından iri həcmli investisiyaların müxtəlif istehsal xidmət sahələrinə cəlb olunmasına maksimum əlverişli şərait yaradılmışdır.
Çin modelində, dünya təcrübəsində geniş yayılmış sərbəst iqtisadi zonaların ölkənin tələblərinə və özünəməxsus xüsusiyyətlərinə daha uyğun formalarının yaradılıb fəaliyyət göstərməsinə böyük diqqət yetirilmiş, bu yerlərdə ixrac istiqamətli kənd təsərrüfatının, sənayenin, maliyyə-bank qurumlarının, turizmin inkişafi ölkənin valyuta ehtiyatlarının sürətlə artmasına səbəb olmuşdur. Güzəştli şərtlər əsasında bu zonalarda xarici investorların işgüzar fəaliyyəti, sonralar ölkənin digər rayonlarında uğurla davam etdirilmişdir. Nisbətən qısa tarixli bir dövr ərzində tə-sərrüfat həyatının müxtəlif sahələrində qazanılmış nailiyyətlər, Çin modelinin ölkənin özünəməxsus cəhətləri ilə seçilən reallığı üçün əhəmiyyəti ilə yanaşı, eyni zamanda başqa ölkələrə, xüsusilə də Şərq dövlətlərinə müəyyən mənada nümunə ola biləcəyi şübhəsizdir.
Cənubi Kareya modeli, mahiyyət etibarilə Yapon modelinin bir variantı olsa da, burada bazar münasibətlərinin nisbətən zəif inkişafı, hökuməti məqsədyönlü surətdə «Çebol» adlanan iri korporasiyalar təşkil etməyə istiqamətlənmişdir. Bu korporasiyalar ölkədə formalaşmış maliyyə-sənaye qruplarının bazası kimi bazar iqtisadiyyatının daha da inkişaf etdirilməsində mühüm rol oynamaqda-dırlar.
Bu model əhalinin milli-psixoloji xüsusiyyətlərinə, insanların intizam hissi və zəhmətsevərlik səylərinə, tapşırılan işə ciddi məsuliyyətlə yanaşmaları ilə fərqlənir. Dini, milli ənənələrin müasir iş üsulları ilə uğurlu əlaqələndirilməsi, şübhəsiz modelin daha səmərəli nəticələr verməsini təmin edir. Eyni zamanda Cənubi Koreya modeli iqtisadiyyatın yeniləşdirilməsi, ixrac edilən müxtəlif məhsulların rəqabət qabiliyyətinin yüksəldilməsi, vergi, gömrük, valyuta siyasəti, xırda-orta biznesin fəaliyyətinin tənzimlənməsini nəzərdə tutur.
Dostları ilə paylaş: |