MÜHAZIRƏ 13. KÜTLƏVI QİDALANMA MƏHSULLARI İSTEHSALINI VƏ SATIŞINI HƏYATA KEÇİRƏN MÜƏSSISƏLƏRİN SAXLANMASINA GÖSTƏRİLƏN GİGİYENİK TƏLƏBLƏR Müəssisələrnin sanitar vəziyyətinin düzgün saxlanılması onlar üçün Səhiyyə
Nazirliyi tərəfindən təsdiq olunmuş sanitar qaydaları tələbatına cavab verməlidir.
Əvvəldə qeyd olunduğu kimi, iaşə müəssisələrinin layihə-planlaşdırma
qərarları əmək şəraitinin sanitar-gigiyenik əsasının yaradılması və həmçinin
epidemioloji təhlükəli hissənin aradan qaldırılması ilə qida xəstəliklərinin
profilaktikasını nəzərdə tutur.
Bununla əlaqədar yüksək keyfiyyətli məhsulların hazırlanması şəraiti sanitar
rejiminə ciddi riayət etməyi nəzərdə tutur. Daha doğrusu, bütün iaşə
müəssisələrinin binaları, avadanlıqları, inventarı və ərazisi tamamilə təmiz
saxlanılmalı və bütün istehsal prosesləri sanitar qaydalarına ciddi uyğun olmaqla
həyata keçirilməlidir.
İaşə müəssisələrində qida tullantıları yığıla bilər ki, bu da bir sıra infeksion və
qurd xəstəliklərinin yayılması üçün epidemioloji təhlükə yaradır.
İaşə müəssisələri düzgün saxlanmadıqda, bu qida tullantıları ilə xörəklərə,
həmçinin avadanlığa, inventara, qab-qacaqlara, taralara mikrofloranın düşməsi
üçün mənbə ola bilər. Bundan başqa tullantılar milçəyin, gəmiricilərin çoxalması
üçün əlverişli mühit olub, bağırsaq infeksiyalarının (qanlı ishal, qarın yatalağı,
vəba), infeksion və invazion (tulyaremiya, çuma, trixinelloz) xəstəliklərin
törədicilərinin keçiricisi ola bilər.
Şəxsi gigiyenada sanitar qaydalara riayət etmədikdə iaşə işçiləri də çirklənmə
mənbəyi ola bilər.
Bununla əlaqədar olaraq, iaşə müəssisələrinin saxlanmasına olan sanitar
tələblərin yerinə yetirilməsinin labüdlüyü də meydana çıxır. Bunlara ərazinin və
binanın vaxtında və düzgün təmizlənməsi, qida tullantılarının və adi tullantıların
(zibilin) yığılması və aparılması, avadanlığın, inventarın, qab-qacaqların yuyulması və
zərərsizləşdirilməsi, həmçinin işçilərin şəxsi gigiyenaya ciddi riayət etmələri aiddir.
İaşə müəssisələrində mexaniki təmizləmə və yuyulma, həmçinin fiziki və
kimyəvi vasitələrin köməyi ilə zərərsizləşdirmə də aparılır. Nəm (suyun iştirakı ilə)
təmizləmə mikrofloranın çoxalması üçün əlverişli şəraiti zəiflədir. Lakin mexaniki
təmizləmə ilə qida məhsullarını yoluxmalardan tam zərərləşdirmək mümkün
olmur.
Qida məhsullarını xarab edən infeksiyaların törədicilərinə və digər
törədicilərə daha effektli təsir etmək üçün mexaniki təmizləmə ilə yanaşı, fiziki və
kimyəvi üsullarla dezinfeksiya da aparılır.