Misirdə yazı
Misir heroqlifləri canlı şəkillərə əsaslanırdə; insan, cürbəcür heyvan və bitki aləmi ifadə vasitəsi kimi işlədilirdi. Yunanca “hieros” - müqəddəs, “glupoin” –qazımaq deməkdir. Yəni, heroqlif müqəddəs yazı, tanrı yazısıdır. Bu cazibəli, şairanə, bəzəkli yazı sistemi b.e.ə. 3-cü minillikdə yarandı. Əvvəllər təqribən 700 heroqlif vardısa, sonralar (Roma işğalı baş verən 4-cü əsrdə) bu say 5000-ə yaxın oldu. Üç növ heroqlif vardı: əşya və canlıları, fikri ifadə edən piktoqamlar, səsləri ifadə edən fonoqramlar (səsyazı) - bir, iki və ya üç hərfi ifadə edən yazı vahidləri və nəyin (əşya, varlıq,..) əsas mövzu olduğunu göstərən işarələr. Misir yazısı adətən sağdan sola oxunurdu. Lakin tanrılar, insan başları və quş dimdikləri yazıda sanki cazibə mərkəzi rolu oynaya bilərdilər, yəni yazı onlara doğru oxunurdu, o cümlədən, soldan sağa, aşağıdan yuxarı, yuxarıdan aşağı istiqamətdə oxuna bilərdi.
Misirdə yazı əsasən papirus üzərində yazılırdı. Papirus Nil deltasında yetişən bitkidir. Ondan hörmələr, səbətlər, masa, yelkən və s düzəldirdilər. Bitkinin sap, lif və ya telləri vardı. Bu saplar kəsilib eni kiçik, uzunu böyük bir dilim şəklində üst-üstə (perpendikulyar) gətirilir, hörgülənir, yapışdırılır, təzyiq altında (nəmləndirib) düzləşdirib qurudulur, cilalandırılır, parıldadılırdı. Onlar nişasta xəmiri ilə bir-birnə yapışdırılır, bir neçə metr uzunluğunda lülə-rulon alınırdı (zamanımıza gəlib çatmış 40 metr uzunluğunda papirus məlumdur). Qələm qamışdan düzəldilirdi (təqribən 20 sm uzunluğunda). Tüstü tozundan, yapışdırıcı maddə və sudan sürmə-qara mürəkkəb düzəldilirdi. Mətnin başlıqları (və tanrıların adı) qırmızı mürəkkəblə (qırmızı rəngli təbii civə 2-sulfid tozundan düzəldilmiş) yazılırdı. Papirus dövlət nəzarətində idi, çox bahalı idi və xaricə satmaqla Misirə böyük gəlir gətirirdi. Bir çox hallarda papirusdan köhnə yazıları silib üstündən yenilərini yazırdılar. Cilalanmış və boyanmış, saxtiyan deyilən dəri yazı materialı olaraq daha bahalı idi və ancaq çox mühüm mətnlər üçün işlənilirdi.
Qədim zamanlardan başlayaraq daha sürətlə yazıla bilən sistem üzərində də iş gedirdi. Kahinlərin istifadə etdiyi daha da sadələşdirilmiş, mücərrəd və işlək Hyerotik yazı mövcud idi. Sonralar (b.e.ə. 7-ci əsrin ortalarında) bir qədər də sadələşdirilmiş işlək “demotik yazı”, yəni “xalq yazısı” da meydana çıxdı. Burada işarələr ilkin mənasından uzaqlaşmışdı. Hər iki yazı sağdan sola oxunur. Misir yazısını ilk dəfə Champollion (1790-1832) oxumağı bacardı. O, üstündə üç cür yazı -heroqlif (yuxarıda), hiyeratik/demotik (ortada) və yunanca (aşağıda) yazı olan “Rozetta daşını” oxudu və 1822-ci ildə onun tərcüməsini nəşr etdirdi. Bu yazılı daş İskəndəriyyə yaxınlığındakı Rəşid (“Rozetta”) məntəqəsində tapılmış bu yazılı daş Londonda Britaniya muzeyində saxlanılır (hündürlüyü 114 sm, eni 73 sm). Misirdə yaşamaqda olan koptların (kıptıların) danışdığı dil və işlətdikləri yazı bu kəşfə kömək etmişdi.
Misir və İslam dünyasında ərəb əlifbası köhnə Misir yazısını əvəz etdi.
Dostları ilə paylaş: |