C. Misir və Mesopotamiyada riyaziyyat, astronomiya və təqvim
Qədim dünyada səmanın müşahidə olunması
Ən qədim dövrlərdə bəşər övladı təbiətdə, həyatda daimi və dövri olaraq baş verən hadisələri, məsələn, gecə və gündüzün, yaz, yay, payız və qışın bir-birini əvəz etməsinin şahidi olmuşdur. O, daha irəli gedərək bu dövri hadisələrin göydə baş verən hadisələrlə, məsələn, Günəşin, Ayın, bəzi ulduzların doğuşu və hərəkəti ilə birbaşa əlaqəli olduğunu dərk edir, bu əlaqəni anlamağa, şərh etməyə çalışırdı. Gün (Yerin öz oxu ətrafında fırlanma vaxtı; qədimdə isə Günəşin Yer ətrafında bir tam dövretmə müddəti) birinci, “Ay ayı” (Ayın Yer ətrafında tam dövrü müddəti) ikinci və il (Yerin Günəş ətrafında tam dövr müddəti; görünüşdə Günəşin Yer ətrafında tam dövrü müddəti) üçüncü zaman ölçüsü oldu. Günəşin göydə hündürlüyü və yeri ilə gündüz vaxtı təyin etmək olurdu. Gecə isə Ayın hərəkəti və müəyyən ulduzların vəziyyəti ilə vaxtı (o cümlədən ayı və ili) və istiqaməti təyin etmək mümkün olurdu. Günəş, Ay və ulduzlara pərəstiş edirdilər.
Mövsüm işləri ilə əlaqədar təqvimə yaranan böyük ehtiyac, quruda və gəmidə bir qədər uzaq səfərə çıxarkən istiqaməti və yolu düz seçmək, ulduzların düzülüşü və planetlərin hərəkətinə görə gələcəyi görmək, möcüzələrdən xəbər vermək və möcüzə yaratmaq, proqnoz vermək (astrologiya) kimi arzu və istəklər qədim dünyada səma və təbiət hadisələri arasında əlaqənin, yəni astronomiyanın inkişafını tələb edirdi. Astronomiya və riyaziyyat kənd təsərrüfatı ilə məşğul olan ölkələrdə daha çox inkişaf edirdi.
Kainatın quruluşu və mənşəi, Günəş, Ay və bəzi ulduzların (planetlərin) hərəkəti haqqında düşünən bəşər övladı ən qədim dövrlərdə səma cisimlərini canlı sayır, onları fövqəlgücə malik tanrılarla eyniləşdirir, öz düşüncələrini miflər yaratmaqla ortaya qoyurdu. Səciyyəvi bir misal gətirməklə kifayətlənəcəyik. Qədim Çin miflərinə görə yer müstəvi şəkillidir, göy isə yarımkürə şəkilli olub yer üstündəki sütunlar üzərində dayanmışdır. Əjdahanın mərkəzi sütunu əyməsi nəticəsində Yer şərqə doğru, göy isə qərbə doğru meylləndi. Nəticədə Çində çaylar şərqə doğru axır, göy cisimləri isə qərbdən şərqə doğru hərəkət edir. Şumer, Misir, Hind, İran, Yunan, Türk və qədimdə yazısı olan digər xalqlar kainatda baş verən hadisələrə münasibətlərini müxtəlif və maraqlı miflər yaratmaqla bildirmişlər. Qədim mədəniyyətlərdə rəqəmləri əvvəlcə yanaşı düzülmüş vertikal xətlər və ya nöqtələr vasitəsilə ifadə edirdilər. Sonra bu vertikal xətlər arasına hərflər daxil etməklə sayları daha qənaətcil və çevik üsulla ifadə etməyə başladılar. Bu, mücərrəd düşüncənin ifadəsi və ya elmi yanaşma nümunəsi idi!
Dostları ilə paylaş: |