Elm və cəmiyyət
Elm böyük sayda elm adamlarının kollektiv əməyinin nəticəsidir. Əlbəttə ki, yaradıcı adam öz-özü ilə tək qalaraq, öz intuisiyası, düşüncəsi, fantaziyası, təhlili və məntiqinə əsaslanaraq kəşf edir, yaradır, yeni nəticələr əldə edir. Lakin bunları edərkən o, özündən əvvəlkilərin müşahidələrindən, əldə etdikləri uğurdan (və uğursuzluqlardan!?) yüksək dərəcədə istifadə edir. Onun elmə gətirdiyi yeniliyi öz növbəsində digər tədqiqatçılar təhlil edir, mənimsəyir, öz süzgəclərindən keçirir, o yeniliyi daha dolğun edirlər. Elm xüsusi kollektiv, daha geniş mənada isə sosial fəaliyyət növüdür. Elm öz zəka macəraları üçün də hərəkət edən alimlər tərəfindən yaradılsa da, elm son nəticədə ictimai məhsuldur. Çağdaş elmin inkişafı onun institutlaşması ilə üzvi surətdə bağlıdır. Elmi qurumlar cəmiyyətin vacib aparıcı qüvvələrindən biridir. Elmi məktəblər onları təsis edənlərdən qat-qat uzunömürlü və təsirli olur. Elm və sənət oçaqlarının, birliklərinin tarixi ümumi elm və sənət tarixinin, həmçinin sosial tarixin mühüm hissəsidir. Elmi məktəb bir ənənə yaradır, yaradıcı mühit yaradır, cazibə mərkəzinə çevrilir, həmin yerin mədəni və iqtisadi simasında yer tutur, hətta dəbə minir. Bu sonuncu isə himayəçilərin meydana çıxmasına kömək edir.Ağac, bitki böyümək üçün münbit torpaq, işıq, hava tələb etdiyi kimi, elm və texnologiyanın inkişafı da münbit mühit, yəni zəruri iqtisadi, mədəni, sosial və siyasi şərait tələb edir.
Sivilizasiya (və hər şey!) müqayisə ilə öyrənilir - özündən əvvəlkilərlə (zaman dəyişir) və qonşularla (məkan dəyişir). Elm və mədəniyyətin çöküşü, geriləməsi cəmiyyətin dəyərlərinin dəyişməsi ilə, fərdlərin mənəvi-ruhi hal və maraqlarının, psixologiyasının dəyişməsi ilə əlaqədardır. Xarici amillər (“barbarların hücumu”, “ikili standartlar”) əsas deyil, amma prosesi sürətləndirir və ya ona nöqtə qoyur. Bir çox mütəfəkkirlərin fikrincə millətin xarakteri itəndə, zəifləyəndə, həzz birinci plana çıxanda, eqoizm çox artanda sivilizasiya zəifləyir və məhv ola bilir.
Elm digər intellektual fəaliyyət növləri (mühəndislik, tibb,...) ilə sıx əlaqədədir (intellekt axtarır, araşdırır) və bir çox hallarda onlarla iç-içə girir. Mühəndislik, tibb və digər tətbiqi sahələrdə gündəlik vacib məsələlər həll olunur (ev tikilir, körpü salınır, maşın düzəldilir, xəstə insan müalicə olunur), bu isə həmin sənət sahiblərinin fəaliyyət və həyatını təmin etməyə imkan verir (hökumət bu barədə düşünməsə belə). Böyük (fundamental) elmin inkişafı maliyyə və təşkilati köməkdən asılıdır; elm, əksər hallarda öz məhsulunu birbaşa sata bilmir, o, həyatda üz-üzə gəldiyimiz gündəlik problemlərin həlli ilə deyil, həyatın və təbiətin müəyyən modelləri ilə məşğul olur. Əldə olunan ən qiymətli nəticələrin belə həyatda tətbiqi uzun sürə bilər (tətbiq olunmazlar da mövcuddur). Elm və yüksək texnologiyaların bir-birinə qovuşduğu günümüzdə artıq elmi deyil, elmi-texnoloji inqilabdan danışmaq doğrudur (İKT, nanotexnologiya,...); bu inqilabda gərək ki, həm alimlər, həm də texnoloqlar iştirak edirlər.
Elmin inkişafı ilə kapitalizmin inkişafı sanki bir-birinə dəstək oldular. Elm demokratiyanın, müstəqil fikrin inkişafında böyük rol oynayır; yəni elm öz azad fikir təbiətinə görə mütləq hakimiyyət ideyasına qarşı duran cərəyandır.Milli Məclisi zooparka və ya zoosirkə bənzətmək – bu, əlbəttə ki, “hər kəs fikrini söyləməkdə sərbəstdir” prinsipinə uyğundur (bu, insanların çoxunda gülüş və təbəssüm doğurur). Lakin deyiləcək söz savaşa, böyük nifrətə yol açacaqsa, onu deməmək lazımdır.Qərb dünyasında müsəlmanların hissinə toxunan, məsələn, Məhəmməd peyğəmbərə qarşı hücumları “dəyərləri təhlil etməyə, onlara şübhə etməyə hər kəsin haqqı var, bu, demokratiyadır” deyə müdafiə etməyə və ya yumşaltmağa çalışırlar. Lakin, məsələ bundadır ki, bu hücumlar şübhə və dəyərlərin təhlili kimi deyil, ağır təhqir kimi qəbul olunur (hətta mömin olmayan müsəlmanlar tərəfindən də).
Dostları ilə paylaş: |