Məhsul çeşidinin dərinliyi dedikdə, eyni məhsul çeşidi qrupuna daxil olan məhsulların müxtəlif modellərinin, tip-növ-ölçülərinin və s. hazırlanması və onun hesabına çeşid pozisiyalarının və ya çeşid vahidlərinin sayının artırılması başa düşülür. Başqa sözlə desək, məhsul çeşidinin dərinliyi ona daxil olan məhsul çeşidi vahidlərinin sayıdır.
Məhsul çeşidinin uyğunluğu dedikdə, istehlakçı qrupları, satış kanalları və s. amillər baxımından həmin çeşidə daxil olan məhsulların oxşarlığı, ümumiliyi, yaxınlığı, daha geniş mənada bir-birini əvəz edə bilməsi başa düşülür.
Məhsul çeşidinin planlaşdırılması prosesində aşağıdakı işlər həyata keçirilir:
İstehlakçıların cari və potensial tələbatının aşkar edilməsi;
İstehsal ediləcək məhsulların istifadə edilməsi üsullarının və istehlakçıların bazarın müvafiq seqmentində özünü aparması xüsusiyyətlərinin təhlili;
Rəqib müəssisələrin məhsul çeşidinin təhlili və onların oxşar məhsullarının qiymətləndirilməsi;
Müəssisənin məhsul çeşidinin təhlili və onun məhsullarının rəqabət qabiliyyətliyinin qiymətləndirilməsi;
İstehsal edilən məhsulların istehlakçıların tələbatına uyğun gəlmə səviyyəsinin öyrənilməsi;
Məhsul çeşidinin hansı yeni məhsullarla genişləndirilməsinin və ya hansı məhsulların məhsul çeşidindən çıxarılmasının zəruriliyinin əsaslandırılması;
Yeni məhsulların buraxılması və istehsalı mənimsənilmiş məhsulların təkmilləşdirilməsi, habelə buraxılan məhsulların tətbiqinin yeni üsulları və sferaları haqqında təkliflərə baxılması;
İstehlakçıların tələbatına uyğun olaraq yeni və ya təkmilləşdirilmiş məhsulların spesifikasiyalarının hazırlanması;
Mütəxəssislərin iştirakı ilə yeni və təkmilləşdirilmiş məhsulların istehsal-satış perspektivlərinin öyrənilməsi;
Potensial istehlakçıların iştirakı ilə məhsulların testləşdirilməsi və sınaqların keçirilməsi;
Məhsul nomenklaturası müəssisə tərəfindən bazara təklif edilən bütün məhsulların toplumudur. Başqa sözlə desək, müəssisə tərəfindən istehsal edilən bütün məhsulların cəmi onun məhsul nomenklaturasını təşkil edir.
Məhsul nomenklaturasının genişliyi müəssisənin bazara təklif etdiyi məhsul pozisiyalarını və ya məhsul çeşidi vahidlərinin sayıdır. Bunu ayrı-ayrı çeşid qruplarına daxil olan çeşid vahidlərinin və ya pozisiyasının sayını toplamaqla müəyyən edirlər.
Məhsul nomenklaturasının dərinliyi müəssisənin məhsul nomenklaturasını təşkil edən məhsul çeşidinə daxil olan müxtəlif məhsul markalarının, modellərinin və ya variantlarının orta sayıdır. Bu göstərici hər bir məhsul çeşidinə daxil olan məhsullarının sayını toplayıb çeşidlərin sayına bölməklə müəyyən edilir.
Məhsul nomenklaturasının uyğunluğu dedikdə, istehlakçı qrupları, satış kanalları və s. amillərə görə məhsul nomenklaturasına daxil olan məhsul çeşidlərinin yaxınlığı, uyğunluğu, bir-birini əvəz edə bilməsi başa düşülür.
7.2. Məhsulların təsnifləşdirilməsi
Məhsullar iki əsas əlamətə: 1) görünə bilmə qabiliyyətinə və 2) məhsulun təyinatına (istehlakçının tipinə) görə təsnifləşdirilir. Məhsullar bu əlamətlər daxilində də müxtəlif əlamətlərə görə təsnifləşdirilir.
Görünə bilmə qabiliyyətinə (maddiliyinə) görə məhsullar iki iri qrupa: 1) maddi məhsullara və 2) xidmətlərə bölünür.
Maddi məhsullar əşya forması alan, görünə bilən və fiziki xüsusiyyətləri olan bütün məhsullardır. Maddi məhsullar da, öz növbəsində, istifadə müddətindən asılı olaraq qısamüddət istifadə olan məhsullara və uzunmüddət istifadə olan məhsullara bölünür.
Xidmətlər istehlakçılara hər hansı bir problemi həll etməyə, yaxud fayda almağa imkan verən və mülkiyyət hüququ olmayan, maddi, əşya forması və fiziki xüsusiyyətləri olmayan məhsullardır. Xidmətlər hər hansı bir predmet, məmulat və şey deyildir, o, fəaliyyətdir .
Maddi məhsullardan fərqli olaraq xidmətlər marketinqin təşkili və idarə edilməsinə təsir edən aşağıdakı fərqləndirici xüsusiyyətlərə malikdirlər:
xidmətlər duyulmazdır. Maddi məhsullardan fərqli olaraq xidmətləri istifadə edilənə qədər hiss etmək, görmək, ona toxunmaq, dadına baxmaq və iyləmək mümkün deyildir. Buna görə də istehlakçılar əksər hallarda xidmətlərin qiymətləndirilməsində çətinliklərlə qarşılaşırlar.
xidmətlər mənbəyindən ayrılmazdır. Xidmətlərin bu xüsusiyyəti onun istehsalı və istehlakı prosesinin məkan və zaman etibarı ilə tam üst-üstə düşməsinə səbəb olur.
xidmətləri nəql etmək və saxlamaq mümkün deyildir. Xidmətlərin bu xüsusiyyəti onun mənbəyindən ayrılmamazlığı xüsusiyyətindən irəli gəlir. Əgər maddi məhsullar satılmadıqda onu saxlamaq və gələcəkdə satmaq mümkündürsə, xidməti saxlamaq və onu sonradan satmaq mümkün deyildir. Bununla əlaqədar olaraq xidmət müəssisələri müştərilərinin tələbatlarını tam ödəmək üçün xidmətə olan tələbi çox dəqiqliklə proqnozlaşdırmalı, kifayət qədər istehsal güclərinə malik olmalıdır və bunun sayəsində tələblə təklifin tam uyğunluğunu təmin etməlidir.
xidmətlərin keyfiyyəti qeyri-stabildir. Müştərilərə göstərilən xidmətin səviyyəsi onu yerinə yetirən heyətin bacarığından, məharətindən, psixoloji durumundan və s. asılı olduğundan göstərilən xidmətin keyfiyyəti eyni bir müəssisədə müxtəlif vaxtlarda ciddi surətdə fərqlənə bilər.
xidmətlərə sahib olmaq mümkün deyildir. Xidmətlər mənbəyindən, yəni onu göstərən şəxsdən ayrılmaz olduğundan müştəri ona sahib ola bilmir.
Xidmətlərin bu xüsusiyyətləri öz əksini marketinq kompleksində də tapır. Əgər maddi məhsulların marketinq kompleksi 4 elementdən (4P-dən): məhsul, qiymət, bölüşdürmə və həvəsləndirmədən ibarətdirsə, xidmət marketinqinin marketinq kompleksi 7 elementdən (7P-dən): məhsul, qiymət, bölüşdürmə, həvəsləndirmə, heyət, keyfiyyət və maddi şəhadətnamədən ibarətdir.
İstehlakçıların tipinə görə məhsulların təsnifləşdirilməsində məhsulların təsnifatı onların xüsusiyyətlərinə görə deyil, təyinatına, hansı məqsədlər üçün alınmasına əsaslanır. Bu əlamətə görə maddi məhsullar 2 qrupa: 1) istehlak məhsulları və xidmətlərinə və 2) istehsal-texniki təyinatlı məhsullara və xidmətlərə bölünür.
Dostları ilə paylaş: |