İstehlak məhsulları son istehlakçılar (əhali) tərəfindən fərdi və ya kollektiv istifadə, istehlak üçün alınan məhsullardır. Bu məhsullar da öz növbəsində, istifadə tezliyindən və satınalma qərarlarının xarakterindən asılı olaraq gündəlik tələbat məhsullarına, ilkin seçim məhsullarına və xüsusi tələbat məhsullarına bölünürlər.
İsethsal təyinatlı məhsullar istehsalçı müəssisələr, yəni işgüzar istehlakçılar tərəfindən öz istehsal fəaliyyətini həyata keçirmək və ya özlərinin tələbatlarını ödəmək məqsədilə aldıqları və yenidən emal prosesinə məruz qalan məhsullardır. Başqa sözlə desək, bu məhsullar digər məhsulların istehsalında istifadə edilmək və ya təsərrüfat daxili ehtiyacların ödənilməsi məqsədilə istehsalçı müəssisələr tərəfindən alınan məhsullardır. Bu məhsullar istehsal prosesində oynadığı rola görə təsnifləşdirilir və bu əlamətə görə onlar əsas və köməkçi xammal və materiallara, yarımfabrikatlara, dəstləşdirici məmulatlara, əsas və köməkçi avadanlıqlara bölünürlər.