AVİASİYADA “İNSAN AMİLİ” ANLAYIŞI
VƏ ONUN TƏDQİQİ
Bu gün “insan amili” anlayışı öz aktuallığı ilə seçilərək fəlsəfə, sosiologiya, sosial-psixologiya, ümumi və ekstremal psixologiya kimi elmlərin tədqiqat obyektinə çevrilir. Müasir aviasiya texnikasının mürəkkəbliyi uçuşun təhlükəsizliyinin uçuş heyətindən asılı olduğunu daha da artırmışdır. Artıq XX əsrin əvvəlində aviasiya qəzalarının xəbərdarlıq tədbirlərinin əsasında duran “şəxsi amil” anlayışı geniş istifadə olunmağa başladı.
Aviasiya ilə bağlı tədqiqatlarda ilk dəfə olaraq “fərdi amil” anlayışı aviasiya həkimi S.E.Mints (1923) tərəfindən işlədilmişdir. “Qəzalar zamanı təyyarəçinin fərdi keyfiyyətlərinin əhəmiyyəti” adlı məqaləsində o, I dünya müharibəsində bir sıra Avropa ölkələrində baş verən aviasiya qəzalarının öyrənilməsi təcrübəsi zamanı “fərdi amil” anlayışının geniş izahını vermişdir. Bu anlayış altında uçuş fəaliyyəti üçün lazımi sayılan, lakin bəzən təyyarəçinin yüksək olmayan fərdi xüsusiyyətləri, aşağı psixofizioloji göstəriciləri nəzərdə tutulurdu. Uzun illər ərzində bu anlayışa müxtəlif konkret mənalar verilmişdir, lakin həmişə hava gəmisini idarə edən insanın fəaliyyətində və sağlamlıq vəziyyətində olan çatışmazlıqlar öyrənilmişdir.
1947-ci ildə aviasiyada şəxsi amil ilə bağlı qəzaları tədqiq edən S.Q.Qellerşteyn şəxsiyyətin bütün anadangəlmə və qazanılmış fiziki və psixi xassələrinin uçuş hadisələrinin baş verməsi ilə əlaqəsi olduğunu qeyd etmişdir. Bu fikirlə razılaşsaq da, qeyd etmək lazımdır ki, şəxsiyyətin anadangəlmə və qazanılmış xüsusiyyətlərinə təyyarəçi orqanizminin funksional pozğunluqları ilə birlikdə xroniki yorğunluq, stress, apatiya, psixoemosional gərginlik və s. kimi amillər də uçuş qabiliyyətinin zəifləməsinə təsir edir. Bu isə öz növbəsində insan amilinin əsas tərkib hissələrindən biri olan psixofizioloji amil ilə şərtlənir.
ICAO insan amilini insanın yaşadığı və işlədiyi şəraitdə texnika ilə, ətraf mühitlə və həmçinin insanlarla qarşılıqlı əlaqəsini öyrənən elm kimi müəyyən edir.
Eyni zamanda aviasiya təcrübəsində “şəxsi amil” anlayışına da rast gəlinir ki, bu da şəxsiyyətin emosional, iradi keyfiyyətləri, temperamenti, xarakteri, mənəvi dəyərləri, sağlamlıq vəziyyəti, ümumi və xüsusi hazırlığı kimi izah edilir. Şəxsiyyətin yuxarıda sadalanan xüsusiyyətləri aviasiya hadisələri zamanı uçuş heyətinin yanlış hərəkətlərinin əsas səbəbi ola bilər. “İnsan” və “şəxsi” amil anlayışlarının birləşməsi aviasiyada “insan amili” anlayışına aşağıdakı mənanı vermiş olur:
İnsan amili – konkret şəraitdə təyyarəçinin aviasiya texnikası ilə qarşılıqlı əlaqəsi prosesində öz fərdi və peşəkar xüsusiyyətlərini təzahür etdirərək, onların effektivliyini və etibarlığını sərtləndirir.
Təyyarəçinin zəruri peşəkar xüsusiyyətlərini təyin edən insan amili aşağıdakı tərkibdə təyin olunur:
şəxsiyyətin fərdi xüsusiyyətləri;
şəxsiyyətin psixoloji xüsusiyyətləri;
şəxsiyyətin psixofizioloji xüsusiyyətləri;
şəxsiyyətin peşəkarlığı;
şəxsiyyətin fiziki xüsusiyyətləri.
Şəxsiyyətin fərdi xüsusiyyətlərinə onun temperamenti və xarakterik xüsusiyyətləri aiddir:
təyyarəçi peşəsinə uzunmüddətli motivasiya
düzgün özünüqiymətləndirmə qabiliyyəti
müxtəlif şəraitlərə psixoloji uyğunlaşma qabiliyyəti
şəxsiyyətin ayrı-ayrı təsirlərə davamlılığı
xasiyyətinin xüsusiyyətləri: məqsədyönlülük, güclü iradə, cəsarət
mənəvi keyfiyyətləri: ədalətlilik, intizamlılıq və s.
sosial keyfiyyətlərə: liderliyə, ünsiyyətə, peşəkar yüksəlişə və s. meyilliliyi.
Şəxsiyyətin psixoloji xüsusiyyətlərinə onun intellektual qabiliyyətləri daxildir:
duyğu və qavramanın inkişafı
fəza təsəvvürünün aydınlığı, dəqiqliyi
təfəkkürün məhsuldarlığı
hafizənin dəqiqliyi və sürəti
diqqətin keçiriciliyi, mərkəzləşməsi, həcmi, davamlılığı və ardıcıllığı
vaxt məhdudluğu şəraitində hərəkətetmə qabiliyyəti
məntiqi-əməli təfəkkür.
Şəxsiyyətin psixofizioloji xüsusiyyətləri:
emosional sabitlik
uçuş yorğunluğuna davamlılıq
monoton işə davamlılıq
vestibulyar sabitlik
uçuşun xüsusi amillərinə davamlılıq.
Şəxsiyyətin peşəkarlığı:
bilik
bacarıq
vərdiş
təcrübə.
Şəxsiyyətin fiziki xüsusiyyətləri:
ümumi inkişaf, güc, enerji və dözümlülük
uçuş fəaliyyətinin ekstremal vəziyyətlərinə fiziki hazırlıq
antropometrik göstəricilər (boy, çəki).
Müasir aviasiya hadisələrinin tədqiqi insan amilinin yuxarıda sadalanan tərkib xüsusiyyətlərinin uçuş heyəti üzvlərinin səhvlərinin baş verməsinə səbəb olduğunu qeyd edir. Eyni zamanda bu xüsusiyyətlər bir-biri ilə qarşılıqlı əlaqədə olub, vahid bir sistem halında çıxış edərək, təyyarəçinin qeyri-adekvat davranışını tənzimləyir. Nəticədə aviasiya qəzasına çevrilən aviasiya hadisəsi qaçılmaz olur....
Son illərin aviasiya qəzalarının başvermə səbəbinin öyrənilməsi təcrübəsi insan amilinin daha geniş tədqiq edilməsinə imkan yaratdı. Əgər əvvələr bu anlayış yalnız uçuş heyətinin fəaliyyətinin öyrənilməsinə tətbiq edilirdisə, tədricən onu aviadispetçerlərin, texniki heyətin və uçuşun təhlükəsizliyini təmin edən başqa xidmətlərə də şamil etməyə başladılar.
Ümumiyyətlə, şəxsi amil anlayışını tam və konkret şəxsi keyfiyyətlər kimi təsvir etmək çox çətindir. Onlardan ən mühümü isə uçuş qabiliyyətləri, uçuşa professional və mənəvi-psixoloji hazırlıq səviyyəsi, intizam, fərdi-fiziki və psixofizioloji xüsusiyyətlər, emosional-iradi keyfiyyətlər, sağlamlıq vəziyyəti, işgüzarlıq, psixi stabillik, fiziki dözüm hesab olunur.
Artıq qeyd etdiyimiz kimi, şəxsi amilin xarici təzahürü uçuş heyətinin səhv hərəkətləridir. Bu səhv hərəkətləri isə 2 qrupa bölmək olar:
təcrübəsizliklə, peşəkar hazırsızlıqla bağlı səhvlər;
vəziyyətin mürəkkəbliyi ilə bağlı təyyarəçinin səhvləri.
Keçmiş sovetlər məkanında müxtəlif tipli hava gəmilərində uçuş heyətinin səhv hərəkətlərinin başvermə səbəbini tədqiq edərkən bir sıra başqa amillərlə də rastlaşmaq olardı. Bunlara təyyarəçinin iş yerinin həndəsi və gigiyenik göstəricilərlə uyğunlaşmaması, həmçinin ayrı-ayrı təyyarə cihazları və idarəetmə elementlərinin təyyarəçinin psixofizioloji imkanlarına uyğun gəlməməsi kimi səbəblər daxil idi.
Beləliklə, bütün bu deyilənlərlə yanaşı “şəxsi amil” nəzəriyyəsinə birtərəfli baxışa son qoyuldu. Həmçinin insanın səhv hərəkətlərinin səbəbini onun şəxsi xüsusiyyətlərinin aviasiya texnikasından ayrı deyil, onunla birbaşa qarşılıqlı əlaqədə təhlil etməyə imkan yaratdı.
Nəticədə daha da geniş olan “insan amili” anlayışının zəruriliyi meydana çıxdı. Mahiyyət etibarı ilə keçmiş sovet məkanında bu anlayış 1930-cu ildə N.M.Dobrotvorski tərəfindən işlənmiş, “Uçuş əməyi” kitabında təyyarənin konstruksiyası zamanı insanın imkanlarını nəzərə almağı qeyd edərək, təyyarəçi kabinəsinin və cihaz avadanlığının tərtibini konkret misallar əsasında verməyə çalışmışdır. “İnsan amili” anlayışını Z.Qeratevol (1956) geniş işlədərək, bu amilə təyyarəçinin şəxsi psixoloji xüsusiyyətlərini aid etmişdir.
1979-cu ildə ICAO-nun aviasiya hadisələrinin istintaqı və qarşısının alınması ilə bağlı tədbirində uçuş qəzalarının baş verməsinin kökündə duran təyyarəçinin səhvləri ilə əlaqədar əsasnamə qəbul edildi. Bu əsasnaməyə aviasiya hadisələrinin əsasında duran və uçuşun təhlükəsizliyini təmin edən istənilən mütəxəssisin, o cümlədən konstruktorun, texniki işçinin, müəyyən təbəqəli rəhbərin fəaliyyəti ilə şərtlənən səbəb kimi “insan amili” anlayışı daxil edilir.
Hal-hazırda bu amilə insanın fiziki, fizioloji, psixoloji keyfiyyətləri, imkanları və mövcud olan fərdi dəyişiklikləri aid edilir.
Deməli, qeyd olunanlardan belə bir nəticəyə gəlmək olar ki, insan amili aviasiya texnikasının konstruksiyası, xüsusilə, təyyarəçinin iş yerinin və təyyarənin idarəetmə elementlərinin və cihazlarının tərtibi zamanı nəzərə alınmalıdır. Təyyarəçinin səhv hərəkətlərində insan amilinin qeyd olunması təyyarənin təchizatında olan çatışmazlıqları müəyyən etməyə, bununla təyyarəçinin texnika ilə qarşılıqlı əlaqəsinin pozulmasını dəqiqləşdirməyə imkan yaradır. Bu amilin nəzərə alınması gələcəkdə uçuş təlimi üsullarının, yerüstü məşqlərin, uçuş heyətinin istirahətinin daha da təkmilləşdirilməsini əhəmiyyətli edir.
Qərb müəlliflərindən insan amili problemini tədqiq edən Ronald və R.Lesli Xerst, Brayn Trabşou, R.Stenli Moler, Martin Olnatt insan amilinin əsas səbəblərini insanın davranışını öyrənməklə təhlil edirlər. 1977-ci ildə Tenerif adasında dünyanın ən ağır aviasiya qəzalarından hesab olunan və 583 nəfərin ölümü ilə nəticələnən iki təyyarənin toqquşması tədqiqatçılar üçün çox güclü təkan oldu. Bir qisim tədqiqatçılar təyyarəçilərin yorğunluq problemi ilə bağlı tədqiqat metodikasını, digərləri gecə təyyarənin enmə zamanı vizual kontaktlarla idarə olunması üzrə metodları işləyib hazırladılar.
Təyyarəçi davranışını izah edən tədqiqatçılardan bəziləri isə statistik metoda üstünlük verərək, gecə və gündüz uçuşları zamanı təyyarəçilərin səhv hərəkətləri ilə nəticələnən qəzaların tiplərini və faizlə müqayisəsini əks etdirən cədvəllər tərtib etməyə başladılar. Onlar təyyarəçi səhvi ilə nəticələnən 83 aviasiya hadisəsinin səbəblərini statistik qiymətləndirmə üsulu ilə izah edirlər:
düzgün olmayan idarəetmə texnikası ………........ 15
yüksək özünüqiymətləndirmə …..……………...... 16
diqqət prosesinin zəifliyi .......……………………. 18
digər səbəblər .....………………………………… 34
Təyyarənin idarəsi və təyyarəçinin koordinasiya sisteminin pozulması zamanı baş verən səhvlər diqqətin zəifləməsi, müşahidənin passivliyi və ya intellektual, psixi proseslərin aşağı səviyyəsi ilə müəyyən olunmaqla, eyni zamanda təyyarəçinin fərdi xüsusiyyətlərinin, temperamentinin təsiri ilə izah olunur.
Keçən əsrin sonunda hərbi aviasiya hadisələrində insan amilinin tədqiqatçısı R.S.Censenin statistik göstəricilərinə əsasən, təyyarəçilərin səhv hərəkətləri ilə bağlı aviasiya hadisələrinin 51,6%-nin ölümlə nəticələnməsi təyyarəçinin qərar qəbulu qabiliyyətini əks etdirən peşəkar düşüncə, təfəkkür tərzi ilə bağlıdır. Təyyarəçinin səhvi ucbatından baş verən hadisələrdə onların davranış fəaliyyətini dəqiq tədqiq etməyi daha məqsədəuyğun hesab edən müəllif aviasiya hadisələrinin 56,3%-nin itkisiz nəticələnməsini düzgün olmayan sensomotor davranışın nəticəsində baş verdiyini göstərir. Müəllif bu kateqoriyaya aid olan səhvləri bir tipə aid edir: məsələn, “təyyarənin hündürlüyünün sürətini tutmaq qeyri-mümkündür” və ya “uçuşun sürətini tutmaq qeyri-mümkündür” və s.
İlk növbədə, əsasən qərb və rus müəllifləri səviyyəsində tədqiq olunan insan amili problemi aviasiya hadisələrinin baş verməsində şəxsi heyətin, dispetçerlərin, texniki heyətin səhv hərəkətləri ilə bağlı nəticələri əldə etmişdi.
Son illər ərzində baş verən aviasiya hadisələrinin qərb müəllifləri tərəfindən tədqiqi uçuş hadisələrinin 80%-nin bu və ya başqa səpkidə insan amili səbəbindən baş verməsini izah edir (International Civil Aviation Organization - ICAO-nun göstəricilərinə əsasən).
Keçmiş sovet məkanı və rus müəllifləri tərəfindən bu problemin tədqiqi aviasiya hadisələrinin 82%-nin insan amili səbəbindən baş verdiyini təsdiqləyir. Dövlətlərarası Aviasiya Komitəsinin göstəricilərinə əsasən, qalan 18%-ə isə uçuş heyətinin nəzarətindən asılı olmayan, məsələn, aviasiya texnikasının dayanıb işləməməsi, təyyarədə mərkəzlənmənin və artıq yüklənmənin pozulması kimi müxtəlif səpkili səbəblər daxildir.
Təbii ki, bu göstəricilərin təxminən (80-82%) eyni səviyyədə verilməsi təsadüfi deyildir. Həmin göstəricilər son illər ərzində dünya miqyasında baş verən ən ağır aviasiya hadisələrində şəxsi heyətin gözlənilməz qərar qəbuluna əsasən verilmişdir. Hər iki istiqamət baş verən uçuş hadisələrində heyət üzvlərinin səhv hərəkətlərini tam psixoloji, psixofizioloji, erqonomik amillər səviyyəsində təhlil etməyə çalışmışdır.
Müasir səviyyədə qərb müəlliflərindən Ronald və R.Lesli Xerst, Brayn Trabşou, R.Stenli Moler, Martin Olnatt ekstremal vəziyyətlərdə insan amilinin əsas səbəblərini insanın davranışının xüsusiyyətlərini öyrənməklə analiz edirlər. Eyni zamanda sovet müəlliflərindən A.A.Kupriyanovun, V.S.Tişinanın (1970), B.L.Qelmanın, V.P.Eroxinanın (1974), V.A.Ponomarenko və D.V.Qanderin (2005), V.V.Kozlovun (2008) mülki aviasiya sistemində apardıqları tədqiqatlar aviasiya hadisələrinin 70%-nin psixofizioloji vəziyyətin aşağı səviyyəsi, lazımi tələblərə cavab verməməsi, təyyarəçi orqanizminin uçuşun mənfi amillərinə kifayət qədər hazırlıqlı olmaması ilə əlaqədar olduğunu müəyyən etdi.
Respublikamızda son illər insan amili probleminin tədqiqatına həsr olunmuş müəyyən işlər yerinə yetirilmişdir. Bu baxımdan dispetçerlərin psixoloji vəziyyətini, psixofizioloji durumunu və psixi proseslərini tədqiq edən P.Ş.Muxtarovun (1999) “İnsan amili və havada hərəkətin idarə edilməsi”, “Havada hərəkətin idarə edilməsi və aviasiya hadisələrinin təhlili” adlı kitabları nəşr edilmişdir.
Sonrakı illərdə aviasiyada insan amilinə həsr olunmuş bir sıra elmi-praktik tədqiqatlar Azərbaycan Milli Aviasiya Akademiyasının “Aviasiya psixofiziologiyası və reabilitasiyası” kafedrasının əməkdaşları tərəfindən aparılmışdır. Professor R.M.Cəfərzadənin “Ekstremal vəziyyətlərdə hava gəmilərinin istismarının elmi əsasları” adlı doktorluq dissertasiyası (2005) insan amili probleminin elmi-praktik səviyyədə araşdırılmasına həsr edilmişdir.
2010-cu ildə B.M.Mirzəyevin “İnsan amilinin havada hərəkətin idarə edilməsinin effektivliyini artıran psixofizioloji aspektləri” adlı namizədlik dissertasiyası ekstremal aviasiya hadisələrində dispetçerlərin səhv hərəkətlərinin psixoloji izahına, havada hərəkətin idarə edilməsi prosesi zamanı onların psixofizioloji vəziyyətlərinin təhlil edilməsinə, mülki avisiyada dispetçerlərə bağlı insan amili probleminin öyrənilməsinə həsr olunmuşdur.
Dostları ilə paylaş: |