3. UÇUŞUN TƏHLÜKƏSİZLİYİ VƏ İNSAN AMİLİ
Uçuşun təhlükəsizliyinə təsir edən psixoloji amillərin əsas komponentləri aşağıdakılardır:
psixi proseslərin pozulması;
uçuş zamanı illüziyaların yaranması;
məsuliyyət hissi;
emosional vəziyyət;
psixoloji uyğunlaşma;
özünüqoruma, tənhalıq, təhlükə hissi.
İndi isə bunlardan bəzilərinin uçuşun təhlükəsizliyinə göstərdiyi təsiri diqqətdən keçirək. Tədqiqatlar göstərir ki, uçuşun şəraitindən və mərhələsindən asılı olaraq təyyarəçinin psixikasının yüksək reaktivliyi mövcuddur. Bəzən bu reaktivlik təyyarəni idarə edərkən təyyarəçinin hissiyyat orqanlarının qeyri-bərabər iştirakı ilə şərtlənir. Bütün bunlara baxmayaraq, hətta uçuşun ən gərgin, təhlükəli anlarında belə təyyarəçi orqanizminin hipoksiyaya, vestibulyar qıcıqlara qarşı kifayət qədər əqli aktivlik və işəyararlılıq ehtiyat imkanları vardır. Burada əsas yer mərkəzi sinir sisteminə, psixi hazırlığın məşqinə verilir. Uçuş zamanı mütəmadi səhv hərəkətlər uçuşun ən məsuliyyətli mərhələləri zamanı: təyyarənin havaya qalxması, enməsi və uçuşun xüsusi hallarının yaranması zamanı müşahidə edilir.
Uçuş prosesi zamanı səhvlərin bölünməsinin müqayisəli təhlilini aşağıdakı kimi izah etmək olar.
Uçuşun mərhələləri
|
səhvlər %-lə
|
Uçuşa qədər
|
1,0 - 2,6
|
Təyyarə qalxarkən
|
8,1 - 8,3
|
Uçuş zamanı
|
13,6 - 20,4
|
Təyyarə enməyə daxil olarkən və enərkən
|
65,4 - 75,3
|
Çox zaman təyyarəçilərin səhv hərəkətlərinin əsasında diqqət prosesinin funksiyalarının pozulması, qavrayışın zəifliyi, illüziyalar, tənqidsiz təfəkkür, emosional vəziyyətin pozulması, psixoloji uyğunsuzluq və ya tənhalıq hissi (biryerli təyyarələrin təyyarəçiləri) durur. Diqqətin funksiyalarının pozulması, qavrayışın, təfəkkürün zəifliyi, sükanın qeyri-dəqiq hərəkəti idarəetmə vərdişinin zəif olması halları əsasən cavan təyyarəçilərin yeni təyyarə tipinə keçməsi zamanı müşahidə olunur. Statistika son illər ərzində bu səbəbdən başverən səhvlərin sayının 21-24% olduğunu qeyd edir. Yuxarıda qeyd olunan funksiyaların pozulması sensor, düşünülmüş və hərəki vərdişlərin aşağı səviyyədə olmasından xəbər verir. Məsələn, güclü sensor vərdişləri olan təcrübəli təyyarəçi bir cihaza 0,3-0,4 saniyəyə nəzarət edirsə, gənc pilot üçün buna 0,6-0,8 saniyə vaxt tələb olunur. Uçuşun psixoloji amillərdən asılılığını təhlil edərkən illüziyaların yaranmasının mümkünlüyü aydınlaşır. Çox hallarda, əgər uçuş uğurla nəticələnirsə, təyyarəçilər onlarda baş verən illüziyaların yaranmasını qəbul etməkdən çəkinirlər. Bəzən təyyarəçilər illüziyaların baş verməsini istirahət rejiminin pozulması, intizamsızlıq, spirtli içkidən istifadə ilə bağlayırlar. Aparılan anonim sorğunun nəticəsində, mürəkkəb meteoroloji şəraitdə, təyyarənin texniki idarəetməsinin öyrənilməsi zamanı ilk 5-6 uçuşda 95% heyət üzvlərində müxtəlif xarakterli və müddətli illüziyaların yaranması müəyyən olunmuşdur. Bu zaman sadə meteoroloji şəraitdə təyyarəçi mövcud vərdişlərini mürəkkəb şəraitə keçirməlidir ki, bu da cihazlar vasitəsilə, təyyarənin məkanda vəziyyətinin təyini ilə bağlıdır.
Təyyarənin idarəsi zamanı yeni vərdişlər hələ tam bərqərar olmayıb, köhnələr isə bütünlüklə realizə ola bilmir. Bu anda illüziyanın baş verməsinə əsas səbəb pilotaj-naviqasiya cihazlarının göstəricilərindən diqqətin yayınması və təyyarənin məkanda vəziyyətinin təsəvvürünün mütəmadi surətdə pozulmasıdır. Bu səbəbdən vizual uçuş zamanı illüziyalara az təsadüf olunur, çünki təyyarəçinin kabinəsindən üfüq hər zaman görünür. Uçuşda illüziyaların yaranması pilotun psixi vəziyyətindən (özünəinam); fizioloji vəziyyətindən (vestibulyar aparatın pozulması, yorğunluq, xəstəlik, hipoksiya, alkoqol və ya başqa zəhərlənmə) asılıdır. Təyyarənin cihazlarla idarəsini formalaşdıran vərdişləri məşq etdirməklə görmə illüziyalarının aradan qaldırılmasını həyata keçirmək olar. Beləliklə, uçuşun təhlükəsizliyi təyyarəçinin, texniki işçinin, uçuş rəhbərinin emosional vəziyyətindən, intellektual qabiliyyətlərindən və işə psixoloji yanaşmasından asılıdır.
Əvvəldə qeyd olunan 100 ağır aviasiya hadisəsindən 9,5%-nin havada hərəkəti idarə edən dispetçer xidməti ilə uçuş heyətinin qarşılıqlı əlaqəsinin pozulması nəticəsində baş verdiyi haqqında məlumat verilmişdir. Bu, uçuş heyətinin meteominimumu pozması problemi ilə bağlıdır. 1994-cü ildə “Hava məkanının istifadəsi və mülki aviasiya haqqında razılıq” sənədinə daxil olan iştirakçı dövlətlərin mülki hava gəmilərinin təhlükəsizlik vəziyyətinin analizi son 5 il ərzində meteominimumun pozulması halları aviasiya hadisələrinin 8%-nin baş verməsini təsdiq etdi. Eyni zamanda bu səpkili aviasiya hadisələrinin baş verməsi dispetçer xidməti və uçuşun təminatını təşkil edən xidmət müəssisələrinin qarşılıqlı əlaqələrinin qeyri-qənaətbəxş olması ilə bağlıdır.
Göstərilən problemi həll etmək üçün insanın psixi fəaliyyət qanunlarına əsaslanan erqonomikaya yanaşma baxımından nəzər salaq. Konkret olaraq uçuşun təmini üçün böyük bir sistemlə qarşılaşırıq. Bu sistemə hava gəmisini birbaşa idarə edən uçuş heyəti, enmə dispetçeri və ətraf aləmin vəziyyəti (meteoşərait) daxildir.
Artıq qeyd etdiyimiz kimi, uçuş zamanı təyyarənin enməsi ən məsuliyyətli andır. Təyyarənin enməsi zamanı təyyarəçinin verdiyi qərar psixoemosional stabillik halının aşağı düşməsi ilə müşayiət olunur və psixi fəaliyyətin təhlükəli fəaliyyət tipinə (emosional və düşünülmüş) keçməsini asanlaşdırır. Belə bir əyani misal göstərək: meteominimumdan aşağı hava şəraitində təyyarənin enmə qərarını verən hava gəmisinin kapitanı (dispetçerin razılığı ilə) uçuş-enmə zolağının görmə şəraitini dəqiqləşdirmək üçün “nəzarət enməsi” ilə təyyarənin uçuş-enmə zolağına çıxış təyin edir. Nəticədə heyət üzvlərinin “nəzarət enməsi” ilə bağlı psixoemosional vəziyyəti dəyişilir, real vəziyyəti qavrama obrazı itirilir və psixi fəaliyyətin ən təhlükəli tipinə daxil olur (şəkil 1); uçuş qəza ilə nəticələnir.
Buradan görunur ki, təyyarəçinin meteominimumla, dispetçerin aerodromun hava şəraiti ilə bağlı uyğunsuzluğu vəziyyətində dispetçer ehtiyat aerodromunda hava haqqında məlumatı uçuş heyətinə çatdırmalıdır. Eyni vaxtda hava gəmisində ehtiyat aerodromuna enmək üçün kifayət qədər yanacağın olub-olmamasını dəqiqləşdirdikdən sonra dispetçer uçuş heyəti ilə heç bir mübahisəyə girmədən “Enməyə icazə vermirəm, ehtiyat aerodromuna gedin” qərarı ilə təyyarənin enməsini qadağan edir. Bu səbəbdən yuxarıda qeyd olunan amillər uçuşun təhlükəsizliyinin təminatı səviyyəsində uçuş heyətinin psixi fəaliyyətinin təhlilini zəruri edir. Bu zaman dispetçer qrupu ilə uçuş heyəti üzvləri arasında olan ünsiyyət müşahidə edilir.
Sosial-psixoloji baxımdan “insan-qrup”, “qrup-qrup” münasibətlərinin təhlili nəzərə çarpır. İki müxtəlif qrup üzvlərinin verbal ünsiyyəti onların bir-birini anlaması və qavraması - sosial persepsiya prosesi baş verir. Sosial persepsiya anlayışı (latın sözü olub, perseptio - qavrayış, sosialis - ictimai deməkdir) 1947-ci ildə amerikan psixoloqu C.Bruner tərəfindən psixologiya elminə daxil edilmişdir.
Birgə fəaliyyət prosesində ətraf reallığın qavranılması münasibətində dispetçer-təyyarəçi ünsiyyəti onların ümumi fəaliyyətinin məqsədini müəyyən edir. Uçuş heyətinin və dispetçerlərin psixofizioloji xüsusiyyətlərini təhlil edərkən qrup və qrupdaxili psixoloji uyğunlaşma, ünsiyyət problemi, bir sıra sosial-psixoloji anlayışların izahı verilir. Çünki bütün bu amillər bu və ya digər səviyyədə insanın psixi fəaliyyətinin tam təsəvvürünü yaratmağa, insan amili probleminin ekstremal vəziyyətdə hansı səviyyədə çıxış etdiyini dəqiqləşdirməyə imkan yaradır.
Göründüyü kimi, insan psixikası haqqında biliklər ilbəil genişlənir. Bu isə insan amilini, onun ətraf şəraitdən asılı qanunauyğunluqlarını daha dərindən öyrənməyə və müasir aviasiya texnikasına təyyarəçinin psixofizioloji imkanlarının uyğun gəlməsini zəruri edir.
Aviasiya psixologiyası və tibbi aviasiya sahəsində tanınmış alim-təyyarəçi V.A.Ponamarenko “Aviasiya aləmi. Qara və ağ” əsərində (1995) mövzumuza aid olan vacib bir ideyanı vurğulayır: “… uçuşun öz qanunları, aerodinamikanın və psixikanın isə öz qanunları vardır. Öz psixi fəaliyyətinin qanunlarını bilməyən təyyarəçi sadəcə təhlükəlidir, psixikanın qanunauyğunluqlarını bilməyən və bu bilikləri təlim prosesinə daxil etməyən təlimatçı daha da təhlükəlidir. Öz işində insanın psixi fəaliyyətinin qanunlarını nəzərə almayan konstruktor isə hədsiz təhlükəlidir ...”.
Göründüyü kimi, ekstremal aviasiya hadisələrində insan amili probleminin sosial-psixoloji, psixoloji təhlili zamanı uçuş heyəti üzvlərinin və havada hərəkəti idarə edən dispetçerlərin psixi fəaliyyətinin qanunauyğunluqlarını dəqiqliklə araşdırmaq zəruri hesab edilir.
Beləliklə, aviasiya hadisələrində insan amilinin tədqiq edilməsi insanın psixi fəaliyyətinin qanunlarını müəyyən etməklə bərabər, insanın ekstremal vəziyyətdə davranışının adekvat və qeyri-adekvat olduğunu təyin edir. Eyni zamanda müasir texnikanın inkişafı ilə bağlı “insan-hava gəmisi” sistemində psixoloji, sosial-psixoloji, psixofizioloji və erqonomik amillərin təsiri inkar olunmazdır. Baş verən aviasiya hadisələrinin bu istiqamətdə təhlili uçuşların təhlükəsizliyinin təminatı baxımından vacibdir.
Göründüyü kimi, uçuşun təhlükəsizliyi insan amilindən asılıdır. Bununla da insan amilinin aviasiya hadisələrində tədqiqi onun tərkibinə daxil olan digər amilləri də müəyyənləşdirməyə imkan yaradır (şəkil 3.1):
fizioloji amillər (görmə analizatorunun imkanları, hündürlüyün təsiri, təyyarənin artıq yüklənməsinin təsiri, işqabiliyyətlilik, zamanın məhdudluğu, məlumatın çoxluğu, güclü dəyişikliklər - depressiya və nevrozlar);
psixoloji amillər (psixi proseslərin pozulması, uçuş zamanı illüziyalar, psixoloji uyğunsuzluq, özünüqoruma hissi, tənhalıq hissi, məsuliyyət hissi, təhlükə hissi, emosional vəziyyət);
peşəkar amillər (uçuş-texniki heyətin peşə-təlim bacarığının zəifliyi, uçuşa zəif hazırlıq, təyyarənin idarəolunması texnikasında edilən səhvlər);
fərdi amillər (fiziki inkişaf, qabiliyyətlər, intellekt, psixomotorika, temperament).
Şəkil 3.1-dəki sxemdən göründüyü kimi, qeyd olunan amillər uçuşun təhlükəsizliyi baxımından insan amilinin tərkib hissələri olub, aviasiya hadisələri zamanı ön planda çıxış edir. Bu və ya digər səviyyədə çıxış edən bu amillər uçuş heyətinin psixofizioloji hazırlığı, peşəkarlıq təcrübəsi, psixoemosional vəziyyəti ilə birgə nəzərdən keçirilməlidir.
Bu baxımdan insan amilinin tədqiqi uçuşun təhlükəsizliyinin psixoloji təminatını aktuallaşdırır. Müasir dövrümüzə qədər uçuşun təhlükəsizliyinin təminatı yalnız təyyarəçilərin, aviasiya mühəndislərinin fəaliyyətinə aid olmuş, psixoloqların bu sahədə apardıqları təcrübə və müşahidələrə əsaslanmışdır. Eyni zamanda yuxarıda qeyd etdiyimiz tarixi inkişaf mərhələlərini keçmiş “insan amili” anlayışı son zamanlar daha da dəqiqliklə tədqiq olunmağa başlanmış, təyyarənin konstruksiyası, cihazlarla təchizatı baxımından psixotexnikanın, aviasiya və mühəndis psixologiyasının tədqiqatları nəticəsində yüksəlmişdir.
Şəkil 3.1. Uçuşun təhlükəsizliyinə təsir edən amillər
Aviasiya hadisələrinin və qəzalarının aviasiya üçün zərər gətirən aşağıdakı amilləri qeyd olunur:
uçuş heyətinin lazımi aktivliyinin zəifliyi;
təyyarə materiallarının aşağı keyfiyyəti; uçuş keyfiyyətinin zəifliyi; təyyarə cihazlarında, enmə qurğularında, rabitə əlaqəsində baş verən çatışmazlıqlar, uçuş-enmə zolağı və aerodrom avadanlığının qeyri-məqbul vəziyyəti;
şəxsi heyətin fərdi keyfiyyətlərinin qeyri-qənaətbəxş olması, məsələn, fiziki və psixi cəhətdən; şəxsi hazırlığın çatışmazlığı; professional müşahidənin aşağı olması; emosional cəhətdən qeyri-stabillik və başqa fərdi çatışmazlıqlar;
xarici amillərin təsiri, məsələn; meteoroloji şərait;
Yuxarıda nəzərdən keçirilən tədqiqat işlərindən və uçuşun təhlükəsizliyinə təsir edən amillərin analizindən bir daha görünür ki, insan amilinin əsasında duran psixofizioloji səbəblər tarixi tədqiqat yolu keçmişdir.
Hələ 1918-ci ildə alman psixoloqu Zels aviasiya qəzalarının səbəbini izah etməyə çalışmış və 53 qəza hadisəsini tədqiq edərək aşağıdakı səbəbləri müəyyən etmişdir:
təyyarənin zədələnməsi …………………………...............1
qeyri-adekvat məkan təsəvvürü …....................................42
diqqətin keçiriciliyinin, həcminin zəifliyi ..……...............47
yorğunluq .…………………………………………...........4
Bu hadisələr təyyarənin ən məsuliyyətli hesab olunan vəziyyətlərində qeydə alınmışdır:
havaya qalxarkən .....…………………….........…............10
uçuş zamanı .…………………………………...................2
enmə zamanı ...……………………….............................46
Bu tədqiqatı 1946-cı ildə Mak-Ferlend davam etdirmişdir. O, təyyarə qəzalarının başvermə səbəbini sonradan araşdırmaq deyil, əvvəldən qarşısının alınması amillərini öyrənmək üçün tədqiqatlar aparmışdır. Təsadüfi deyildir ki, hələ 1926-cı ildə Marbe aviasiya psixologiyasına daxil olmuş “qəzalara meyillilik” nəzəriyyəsinə əsaslanaraq, “təkrarlıq qaydası” adlı təkliflə çıxış etmişdir. Bu qaydaya əsasən, hər bir insan öz fərdiliyinin sabitliyi nəticəsində eyni xarici şəraitdə özünü eyni cür aparır. Təkrarlıq qaydası bəzi insanların bədbəxt hadisəyə düşmələri və ya başqalarına bədbəxtlik gətirmək meylini onların qəzalara meyilli olması kimi izah edirdi. Çox sadə və nisbi olan bu nəzəriyyəni aviasiya hadisələrinin öyrənilməsinə aid etmək təbii ki, düzgün olmazdı. Yəni müasir cəmiyyətimizdə aviasiya sahəsi qədər insan davranışına texniki amillərin təsirinin bu qədər qabarıq olduğu ikinci bir sahə yoxdur. Fikrimizcə, qəzalara meyillilik təsadüfi halların, daxili psixoloji yönəlmənin nəticəsində reallaşa bilər.
Artıq yuxarıda qeyd etdiyimiz kimi, aviasiya hadisələrinin, həmçinin uçuş heyətinin səhv hərəkətlərinin təhlili onların böyük əksəriyyətinin insan amilindən, psixoloji və psixofizioloji xüsusiyyətlərdən asılı olduğunu təsdiq edir. Bu səbəbdən maraqlı göstəricilər müşahidə olunur. Nəticədə aviasiya sisteminin həm mülki, həm də hərbi sahəsində bu amilin təsiri çox yüksək həddə çatır.
Hələ 1960-cı illərdə Amerika Birləşmiş Ştatlarının Hərbi Hava Qüvvələrində baş verən 3617 aviasiya qəzasının istintaqı onlardan 743-nün uçuş heyətinin psixofizioloji davamsızlığı nəticəsində baş verdiyini müəyyən etmişdir. 1967-ci ildə Fransa dövlətinin Hərbi Hava Qüvvələrində baş verən aviasiya hadisələrinin 25%-nin təyyarəçilərin psixofizioloji vəziyyəti ilə əlaqədar olduğu təsdiq edildi. Nəticədə aviasiya hadisələrinin əsasında duran psixofizioloji amillərə vestibulyar pozğunluq, iş qabiliyyətinin zəifliyi, emosional dəyişkənlik, adaptasiya prosesinin aşağı düşməsi kimi amillər daxil edilir.
Eyni zamanda A.A.Kupriyanovun, V.S.Tişinanın (1970) və B.L.Helmanın, V.P.Eroxinanın (1974) mülki aviasiya sistemində apardıqları tədqiqatlar aviasiya qəzaları və aviasiya hadisələrinin 70%-nin aşagı səviyyəli psixofizioloji vəziyyətlə, iş qabiliyyətinin zəifliyi ilə, pilot orqanizminin uçuşun mənfi amillərinə kifayət qədər hazır olmaması ilə əlaqədar olduğunu müəyyən etdi. Keçmiş sovet məkanında Hərbi Hava Qüvvələrinin təyyarəçiləri ilə aparılan sorğu nəticəsində mürəkkəb uçuş zamanı onların fəaliyyətlərində hansı halların yarandığını qeyd etdiklərinə nəzər salaq:
20% - qərar qəbulunun verilməsində çətinlik;
22% - hərəkətsizlik;
10% - səhv qərarın verilməsi;
34% - lazım olmayan əməliyyatın yerinə yetirilməsi ilə mürəkkəb vəziyyətin daha da ağırlaşdırılması;
14% - zəruri dəstəyi, ötürücünü tapa bilməmələri və onları bir-biri ilə səhv salmaları.
Təbii ki, təyyarəçinin peşəkarlıq səviyyəsindən, psixofizioloji hazırlığından və digər fərdi-psixoloji xüsusiyyətlərindən asılı olan bu göstəricilər ilk növbədə uçuş təliminin zəif vəziyyətini xarakterizə edir:
gecikmiş hərəkətlər (51%);
təyyarənin idarəetmə dəstəyi ilə pilotun hərəkətlərinin ölçülərinin uyğun gəlməməsi (42%);
səhv hərəkətlər (5%);
təyyarənin idarə olunmasında ardıcıllığın pozulması (2%).
Qeyd olunan göstəricilərdən bir daha aydın olur ki, aviasiya hadisələrinin əsasında duran təyyarəçinin gecikmiş, səhv hərəkətləri insan amilinə kompleks yanaşmanı tələb edir. Yəni daha dəqiq desək, insan amili problemini tədqiq edərkən, yalnız insanın şəxsi xüsusiyyətlərini deyil, həmçinin professional cəhətdən zəruri keyfiyyətlərini də nəzərə almaq lazımdır.
Bu baxımdan uçuşun təhlükəsizliyinə təsir edən insan amilinin tərkib hissələrinə nəzər salaq. Şəkil 3.2-də verilmiş sxemdən göründüyü kimi, insan orqanizmini aktivləşdirən və onun istiqamətini müəyyən edən motivasiya mühüm peşəkar keyfiyyətlərdən biri kimi bütün psixikanı əhatə edir. Fəaliyyətə təsir edən müsbət motivasiya peşə ilə bilavasitə bağlı olan, daha dərin hislər və daha stabil cəhdlərlə özünü büruzə verir. Təbii ki, bu zaman motivasiya qavrama, diqqət, hafizə, təfəkkür kimi prosesləri aktivləşdirir. Sxemə diqqətlə nəzər salsaq, motivasiyanın pilotun əsas, mərkəzi hissəsi olduğunu görmək olar.
I mərhələdə təyyarəçinin sosial statusu, aktiv həyat tərzi, mənəvi dəyərləri durur. Bunun əsasında peşəkar cəhətdən zəruri bilik, bacarıq və vərdişləri dərk edən yüksək motivasiya formalaşır.
II mərhələyə uçuş heyətinin uğurlu iş fəaliyyiətini təmin edən yüksək mənəvi-psixoloji keyfiyyətlər: qərar qəbulu, müstəqillik, ardıcıllıq, özunəinam daxildir.
III mərhələyə uçuş fəaliyyəti üçün əhəmiyyətli olan rəhbər-lider ünsiyyəti aiddir. Bu, öz növbəsində, uçuş heyətinin hər bir üzvünün yüksək professional statusunun saxlanılmasına və aviasiya müəssisələrində yüksək psixoloji mühitin mövcudluğuna şərait yaradır.
Şəkil 3.2. İnsan amilinin tərkib hissələri
IV mərhələyə uçuş heyətinin intellektual keyfiyyətləri daxildir. Ekstremal vəziyyət zamanı uçuş heyətinin əsasən bu qabiliyyəti labüdləşir.
V mərhələ təyyarəçinin xüsusi texniki hazırlığını xarakterizə edir. Bu, uçuş heyətinin professional hazırlığına, uçuş işinə bilavasitə təsir edən bilik, bacarıq və vərdişləri əhatə edən səviyyədir.
VI mərhələ psixofizioloji keyfiyyətlərin inkişafı mərhələsi olub, uçuşun xüsusi vəziyyətlərində uçuş heyətinin etibarlığını və professional uçuş qabiliyyətlərinin uğurlu formalaşmasını təyin edir. Bu psixofizioloji keyfiyyətlər isə öz növbəsində 2 səviyyədə çıxış edir: I - operator keyfiyyətləri; II - uçuşun mənfi amillərlə şərtlənən vəziyyətinə hazırlıqdır. Eyni zamanda bu baxımdan bir qisim psixofizioloji keyfiyyətlərin inkişafının aşağı səviyyəsi digər qisim psixofizioloji keyfiyyətlərin yüksək səviyyəsi ilə əvəz oluna bilməz.
VII mərhələ tibbi xüsusiyyətlərlə təqdim olunur. Bu tibbi göstəricilər uçuş heyətinin sağlamlıq vəziyyətini izah edir.
VIII mərhələ antropometrik xüsusiyyətləri əhatə edir. Yəni “təyyarəçi - hava gəmisi” sisteminin təhlükəsiz təminatı üçün uçuş gəmisinin konstruktiv xüsusiyyətləri ilə təyyarəçinin antropometrik göstəriciləri uyğun gəlməlidir. Təyyarəçinin antropometrik xüsusiyyətləri ilə hava gəmisinin konstruktiv xüsusiyyətlərinin uyğun gəlməməsi heyət üzvlərinin psixoloji diskomfortuna, yüksək emosional gərginliyinə, ekstremal vəziyyət zamanı onların etibarlılığının zəifləməsinə səbəb olur. Məsələn, bədənin çəkisinin artıq olması orqanizmdə maddələr mübadiləsinin pozulmasının göstəricisi olub, nəticədə insanın sağlamlığının etibarlılığı kimi səciyyələnir.
IX mərhələ fiziki keyfiyyətlər və dinamik sağlamlıq mərhələsidir. Əsas fiziki keyfiyyətlər uçuş heyətinin ümumi işqabiliyyətliliyini, dinamik sağlamlığını müəyyən edir.
X mərhələ insan amilinin ən əsas tərkib hissələrindən olub, qəza vəziyyətinə düşən uçuş heyətinin bilik, bacarıq və vərdişləri ilə birgə hazırlığı keyfiyyətləridir.
Beləliklə, yuxarıda göstərilən uçuş heyətinin zəruri peşəkar keyfiyyətlərindən birinin zəif inkişaf etməsi aviasiya hadisələrinin baş verməsinə səbəb olan təyyarəçinin səhv hərəkətləri ilə müəyyən edilir.
İndi insan amilinin psixoloji quruluşuna nəzər salaq. Aviasiyada insan amilinin quruluşu, artıq qeyd etdiyimiz kimi peşəkar zəruri keyfiyyətlərdən ibarətdir.
Uçuş sənətinə müsbət motivasiya yaradan əsas keyfiyyətlər aşağıdakılardır:
ictimai aktivlik
şəxsiyyətin ictimai istiqamətliliyi
humanistliyi
beynəlmiləlçilik
mənəvi-psixoloji keyfiyyətlər:
intizam
müstəqillik
özünəinam
özünütənqid
estetik hislərin inkişafı
xeyirxahlıq
rəhbər, lider və kommunikativ keyfiyyətlər:
öz bilik və təcrübəsini iş prosesində istifadə etmək bacarığı
öz fikrini dəqiq, qısa, tam ifadə etmək bacarığı
başqalarını dinləmək bacarığı
özünü başqalarının yerinə qoya bilmək (identifikasiya) bacarığı
özünə və başqalarına qarşı tələbkar olmaq
uçuş heyətinin başqa üzvləri ilə psixoloji uyğunluq
qərar qəbulunda mütəhərriklik
intellektual keyfiyyətlər:
ümumi erudisiya
yüksək səviyyəli mühəndis erudisiyası
evristik keyfiyyətlər
təfəkkürün məntiqliliyi
uzunmüddətli hafizənin davamlılığı
marağın dərinliyi, genişliyi və davamlılığı
aviasiya texnikası haqqında biliklər
praktik aerodinamika haqqında biliklər
radiotexnika və rabitə əlaqəsi haqqında biliklər
uçuşun təhlükəsizliyi ilə bağlı sənədlər haqqında biliklər
aviasiya mühəndis psixologiyası və uçuşun təhlükəsizliyinin psixologiyası haqqında biliklər
radiomübadilə haqqında bilik, bacarıq və vərdişlər
fiziki və psixofizioloji hazırlıq haqqında bilik və bacarıqlar
psixofizioloji keyfiyyətlər:
emosional davamlılıq
diqqət prosesinin həcmi, mərkəzləşməsi, keçiriciliyi
əməli hafizə və təfəkkür
hərəkətin koordinasiyası
mürəkkəb hərəkət vərdişlərinin formalaşması qabiliyyəti
ekstremal vəziyyətdə əqli fəaliyyətin davamlılığı
ekstremal vəziyyətdə iradi keyfiyyətlərin davamlılığı
ekstremal şəraitdə psixomotor və sensor fəaliyyətin davamlılığı
sinir sisteminin vəziyyəti
ürək-damar sisteminin vəziyyəti
tənəffüs sisteminin vəziyyəti
ali sinir fəaliyyətinin funksiyalarının vəziyyəti
görmə və eşitmə sisteminin vəziyyəti
endokrinoloji sistemin vəziyyəti
ümumi sağlamlıq vəziyyəti
antropometrik xüsusiyyətlər:
boy
çəki
bədən quruluşu
dinamometriya
döş qəfəsinin həcmi
yuxarı və aşağı ətrafların uzunluğu
dözümlülük
hərəkət
güc
mürəkkəb vəziyyətlərdə yüksək səviyyəli işqabiliyyətlilik
dinamik sağlamlıq
qəza baş verən zaman heyət üçün lazım olan xüsusiyyətlər:
ekstremal vəziyyətə psixoloji hazırlıq
qoruyucu avadanlıqdan istifadə etmək bacarığı
zərərçəkənlərə ilkin tibbi yardımın göstərilməsi
dənizdə, səhrada və s. şəraitdə təyyarənin məcburi enməsi zamanı uyğunlaşma prosesinin getməsi
orqanizmin yüksək səviyyədə işqabiliyyətliliyi və fiziki dözümlülüyü.
İnsan amilinin tərkib hissələrinə nəzər salaraq, onların tam bir sistemin - “insan-maşın” sisteminin əsasında durduğunu və insan amilinin etibarlılığının əhəmiyyətini müəyyən etdik. Elmi ədəbiyyatlarda isə “insan-maşın” sistemində operatorun etibarlılığı dedikdə, obyektə verilən funksiyaların müəyyən edilmiş vaxtda və şəraitdə davamlı və dəqiqliklə icra edilməsi xüsusiyyətləri nəzərdə tutulur. Operator fəaliyyətinin etibarlılığı və effektivliyi arasındakı qarşılıqlı əlaqəni və müxtəlifliyi təyin edən B.F.Lomov effektivliyi insanın fəaliyyətində əks olunan ali xassə, etibarlılığı isə ehtiyat potensialı adlandırırdı (V.A.Plaxtienko, Y.M.Bludov, 1983).
Tədqiqatlar göstərir ki, “etibarlılıq” anlayışı, “effektivlik” anlayışından daha geniş olub, verilmiş qısa zaman müddətində effektivliyin davamlılığını müəyyən edir. Buradan belə bir nəticəyə gəlmək olur ki, etibarlılığın psixoloji göstəriciləri, həmçinin effektiv fəaliyyətin göstəricilərini özündə əks etdirir. Başqa sözlə desək, ehtiyat potensialları, yəni etibarlılıq, müəyyən anda baş vermiş fəaliyyətin effektivliyini təmin edir. Ehtiyat potensialları isə insanın mövcud imkanlarından daha geniş olub, ekstremal vəziyyətlərdə təyyarəçinin fəaliyyətini təmin edir.
Beləliklə, ekstremal aviasiya hadisələrində insan amilinin tədqiqi təyyarəçi fəaliyyətinin etibarlılığı baxımından daha mühum əhəmiyyət kəsb edir.
Qərb və keçmiş sovet məkanında mülki və hərbi aviasiyada baş sverən ekstremal aviasiya hadisələrinin tədqiqi insan amilinə sistem şəkildə yanaşmanı əsas tutaraq, onun tərkib hissələrini daha dərindən nəzərdən keçirməyə imkan yaratdı. Mülki aviasiya sistemində uçuşların təhlükəsizliyi aktual problem olub, qərbdə, keçmiş sovet məkanında və respublikamızda təyyarəçilərin səhv hərəkətlərinin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Deməli, uçuşun təhlükəsizliyi istənilən aviasiya hadisəsinin əsasında duran 3 amil – insan, aviasiya texnikası və ətraf mühit amilləri ilə səciyyələnir. Yuxarıda qeyd olunan təyyarəçinin səhv hərəkətlərinin psixoloji təhlili, insan amilinin quruluşu, təyyarəçidən tələb olunan psixofizioloji keyfiyyətlər və dünya miqyasında müəyyən illər ərzində baş verən aviasiya hadisələrinin insan amilinin tədqiqi baxımından faiz göstəriciləri təyyarəçilərin şəxsiyyətinin fərdi psixoloji xüsusiyyətlərinin hərtərəfli öyrənilməsini vacib edir. Bununla da aviasiya ekstremal hadisələrində insan amilinin təhlili onların əsasında duran təyyarəçilərin səhv hərəkətlərinin baş verməsində aşağıdakı nəticələri müəyyən edir:
uçuşun təhlükəsizliyi üçün məsuliyyət hissinin aşağı olması;
hava gəmisi kapitanının öz peşəkar imkanlarını adekvat qiymətləndirməməsi;
heyət üzvlərinin işinin keyfiyyətinə kifayət qədər nəzarətin olmaması;
hava gəmisi kapitanının xarakterinin qeyri-mütəhərrik olması və heyət üzvləri ilə qarşılıqlı ünsiyyəti çətinləşdirməsi;
mürəkkəb uçuş şəraitində qərar qəbulunun gec və ya tez verilməsi;
təyyarəçinin öz səhvlərinə tənqidi yanaşmaması;
təyyarədən enməzdən əvvəl və ya havaya qalxmazdan əvvəl nəzarətin tam aparılmaması.
Beləliklə, aviasiya hadisələrində heyət üzvlərinin səhv hərəkətlərinin səbəblərinin təhlili təyyarəçilərin professional hazırlığının aşağı səviyyəsi, hava gəmisinin idarəsi zamanı diqqət prosesinin keçiriciliyinin, mərkəzləşməsinin zəifləməsi, HHİ dispetçer xidmətindən təyyarəçilərə verilən məlumatın tam olmaması və s. amillərin mövcudluğunu təsdiqlədi.
Dostları ilə paylaş: |