qurtardı» siqnalı elan edilməlidir.
«Hamının diqqətinə!» siqnalı verildikdə dərhal radio və ya televizorlar işə
salınır, qonşular və iş yoldaşları xəbərdar edilir və növbəti siqnalın verilməsini
gözləyirlər. «Hava həyəcanı» siqnalı radio vasitəsilə vıyıltılı səs şəklində,
müəssisələrin və lokomotivlərin seyrək fitləri, həmçinin, elektrik və əl sirenaları
vasitəsilə verilir. Bu zaman hər bir şəxs olduğu yerdə (evdə və ya işdə) elektrik
xəttini və cihazlarını şəbəkədən ayırmalı, qazı bağlamalı, şəxsi sənədlərini, zəruri
ərzaq və su ehtiyatlarını, fərdi mühafizə vasitələrini götürüb yaxınlıqdakı sığınacağa
getməlidir.
«Hava həyəcanı qurtardı» siqnalı (radiotranslyasiya şəbəkəsi ilə sözlərlə verilir)
verildikdə əhali sığınacaqları tərk edir və hər kəs öz vəzifələrini yerinə yetirirlər.
«Kimya həyəcanı» siqnalı yerli radio-televiziya verilişləri şirkəti və ya səs verən
əşyalara vurmaqla verildikdə dərhal əleyhqaz və dərini mühafizə vasitələrini geymək
və sığınacaqlara getmək lazımdır. Xüsusi göstəriş (siqnal) verildikdən sonra
sığınacaqları tərk etmək olar. Sığınacaqda olmayan digər vətəndaşlar fərdi mühafizə
vasitələrindən istifadə edərək zəhərlənmiş ərazini, mülki müdafiə postlarının
göstərişinə əməl etməklə dərhal tərk etməlidirlər.
«Radiasiya təhlükəsi» siqnalı radio-televiziya verilişləri şirkəti və ya səs verən
əşyalara vurmaqla verildikdə dərhal əleyhqaz və dərini mühafizə vasitələrini geyməli
və əvvəlcədən hazırlanmış ərzaq ehtiyatlarını götürüb sığınacaqlara, radiasiya
əleyhinə daldalanacaqlara və ya evin zirzəmisinə getməlidirlər. Xüsusi göstəriş
(siqnal) verildikdən sonra sığınacaqları tərk etmək olar.
Daim təhlükə potensiallı obyektlərdə isə, lokal (məhəlli) xəbərdarlıq sistemi də
yaradılmalıdır. Bu sistem obyektlərin və ərazinin vahid bir struktura birləşdirilmiş
xəbərdarlıq vasitələrindən ibarətdir. Məqsəd – fövqəladə hallar yarandığı barədə
həmin obyektin işçilərini, habelə ehtimal olunan zəhərlənmə, yaxud fəlakətli subasma
zonalarında yerləşən müəssisələrin, idarə və təşkilatların rəhbərlərini, eləcə də əhalini
vaxtında xəbərdar etməkdir.