Uçqunlarda maşın yolu və keçidlərin düzəldilməsi
Zədələnmə və zəhərlənmə ocaqlarında xilasetmə işləri aparılarkən ilk növbədə
uçqun altında qalmış mühafizə qurğularına, yanan binalara və digər təxirəsalınmaz iş
yerlərinə getmək üçün maşın yolları və keçidlər düzəldilir. Keçid yollarının
düzəldilməsi üsulları uçqunların növündən və ölçüsündən asılı olur. Uçqunlar çox
olan sahələrdə küçələrdəki maşın yollarını və məhəllədaxili keçidləri, uçqunların
üzərində düzəltmək daha asan başa gəlir. Bu məqsədlə uçqunun üst səthini buldozer
vasitəsilə hamarlayır və basıb bərkidirlər.
Uçqunlarda texnikanın birtərəfli hərəkəti üçün 3-3,5 m, ikitərəfli hərəkəti üçün 6-
6,5 m enində keçid düzəldirlər. Birtərəfli hərəkət üçün keçidlərdə hər 150-200 m-dən
bir 15-20 m uzunluğunda yol ayrıcıları (ayırımlar) düzəldilir.
Xilasedicilər ilk növbədə yanğınları söndürür, yaxud məhdudlaşdırırlar. Bundan
sonra iş vaxtı uçub tökülmək qorxusu yaradan zədələnmiş bina və qurğuları
dayaqlarla bərkidir, ya da texnika vasitəsilə tamamilə dağıdıb təhlükəsiz vəziyyətə
salırlar.
Xilasedici dəstələrə təhkim edilmiş mütəxəssislər qaz və elektrik qurğularında,
kanalizasiya və su xətlərində qəzaları məhdudlaşdırır, yaxud bu şəbəkə və xətləri
müvəqqəti bərpa edərək maşın yollarında, keçidlərdə və xilasetmə işləri aparılan
sahələrdə təhlükəsiz şərait yaradırlar. Bütün bu tədbirlər zədələnmiş insanlara yardım
göstərilməsi ilə paralel aparılır.
Uçqun altında qalmış sığınacağın açılması və insanların xilas edilməsi
İnsanlar özləri sığınacaqdan çıxa bilmirlərsə, belə sığınacaq uçqun altında qalmış
qurğu hesab edilir. Belə qurğuları qazıb açmağa başlamazdan əvvəl içəriyə qaz və ya
su dolub-dolmadığını, ümumiyyətlə oradakı vəziyyəti öyrənirlər. Əgər müəyyən
edilsə ki, sığınacağı açmağa xeyli vaxt lazım gələcək, içəriyə isə hava keçmir, onda
dərhal sığınacağa hava verilməsini təmin etmək lazımdır. Bu məqsədlə ilk növbədə
hava kanalları uçqun qırıntılarından, daş-kəsəkdən təmizlənməli və ya qəza çıxış
yolunun qapağını aralamağa cəhd göstərilməlidir. Bu mümkün olmadıqda sığınacağın
üst örtüyündə, yaxud divarında pnevmatik cihaz, burğu və ya əl alətləri işlətməklə
baca açmaq lazımdır. Zəruri hallarda bacadan boru keçirib kompressor və ya
ventilyator vasitəsilə içəriyə hava vurulmalıdır. Sığınacağın su kəməri, kanalizasiya
və elektrik xətləri zədələnən hallarda suyu müvəqqəti arxlar qazmaqla kənara axıdır,
elektrik xəttini bağlayır və bundan sonra qurğunu açmağa başlayırlar.
Birinci növbədə qaz və ya su dolan sığınacaqları açmaq lazımdır. Qaz dolmuş
sığınacaqları içəriyə hava vurmaqla təmizləyir, suyu isə nasoslar vasitəsilə çölə
vururlar.
Uçqunların altından və yanan binalardan insanların xilas edilməsi daha mürəkkəb
və çətin işdir. Dağıntı ocağında zədələnmiş insanı tapmaq üçün uçqunlar yaranan
sahədə başdan-başa axtarış aparmaq lazımdır. Bu zaman xilasedicilər elə məsafədə
hərəkət etməlidirlər ki, biri digərini görüb-eşidə bilsin, habelə bütün sahəni diqqətlə
nəzərdən keçirmək mümkün olsun.
Axtarış zamanı insanların qala biləcəyi daha çox ehtimal edilən yerlərə:
zirzəmilərə, divarların dibinə, pilləkən yerlərinə və s. xüsusi diqqət yetirilməlidir.
Üçqunlarda nəzərə çarpan paltar, ayaqqabı, bədənin bir qismi, habelə uçqun altından
gələn hənirti – orada adam qaldığını göstərən əlamət ola bilər.
Həmişə çoxlu adam toplaşan yerlərdəki uçqunlar (bazar, mağaza, vağzal, tamaşa
müəssisələri, məktəb) xüsusən diqqətlə yoxlanmalıdır. Yanaraq tüstü bürümüş
binalarda insanları tapmaq daha çətindir. Belə binalar sürətlə, lakin təhlükəsizlik
qaydalarına dəqiq əməl etməklə axtarılmalıdır. Tüstü bürümüş otağın qapılarını
ehtiyatla və tədricən açmaq lazımdır, çünki içəriyə birdən-birə çoxlu hava keçməsi
alovlanmaya səbəb ola bilər. Belə binalarda adətən aşağı əyilərək hərəkət edir və
adamları səsləməklə axtarırlar. Xüsusən uşaqları diqqətlə axtarmaq tələb olunur,
çünki onlar qorxudan ən gözlənilməz yerlərdə gizlənə bilərlər.
Uçqun altında qalmış, yaxud yanan binalardan insanları xilas etmək üçün konkret
şəraitdən asılı olaraq elə üsul seçirlər ki, işin sürətlə və təhlükəsiz aparılmasına imkan
yaratsın.
İnsan uçqunun üstünə yaxın yerdə qalıbsa – uçqunu üstdən, yaxud kənardan çox
ehtiyatla sökməyə başlayırlar. İri hissələri qaldırıb kənara atmaq üçün avtomobil
kranından və digər yükqaldırıcı mexanizmlərdən istifadə edirlər.
Uçulmuş binanın zirzəmisində və ya divarın dibində qalmış adamı arakəsmə
divarda baca açaraq çıxarmaq lazımdır.
Bu üsullardan istifadə etmək mümkün olmayan hallarda uçqunun üstündən onun
içərisinə doğru üfüqi, yaxud şaquli lağım-keçid düzəldirlər. Lağımın en kəsiyi adətən
1x1 metr ölçüdə olur. Uçqun hissələri sürüşməsin və çökməsin deyə, çökə biləcək
hissələrin altına dirək qoyur, lağımın üst və yan divarlarını içəridən dayaqlarla
bərkidirlər.
Uçqun altında insan aşkar edilərsə əvvəlcə onun başı və döşü üstünə düşmüş
qırıntıları ehtiyatla kənar edir, ilk tibbi yardım göstərir və yaralıları toplama
məntəqəsinə göndərirlər.
Pilləkənləri az dağılmış binanın üst mərtəbələrindən zədəliləri müvəqqəti taxta
altlıq vasitəsilə düşürürlər. Pilləkənlər tamamilə dağılan hallarda, binanın divarını
deşərək oradan insanları qonşu binaya keçirmək və ya söykəmə nərdivan vasitəsilə
pəncərədən çıxarmaq olar.
Yuxarı mərtəbələrdən adamları asma beşiklər vasitəsilə də düşürmək mümkündür.
Yanan binalardakı insanları ilk növbədə xilas etmək lazımdır. Bu işləri xilasedici
dəstələr yanğınsöndürücülərlə birlikdə yerinə yetirirlər.
Dağıntı ocaqlarında yaralılara ilk tibbi yardımı sanitar drujinaların şəxsi heyəti
göstərir. Drujinanın üzvləri tapılıb xilas edilmiş yaralılarda qanaxmaları müvəqqəti
dayandırır, yaraya sarğı qoyur, sınmış sümükləri tərpənməz hala salır, lazımi hallarda
süni nəfəs verir və zədə şokuna qarşı tədbir görürlər. Bundan sonra xilasedici
manqalar yaralıları toplanış, yaxud nəqliyyata mindirmə məntəqəsinə aparırlar.
|