G i r i ş
Mülkiyyət hüququnun müdafiəsi mülki, cinayət və digər hüquq elmlərinin ən mühüm problemlərindən biridir. Məlumdur ki, hüquqi dövlət quruluşu olan cəmiyyətlərdə mülkiyyət-iqtisadi münasibətləri həmişə hüquqi təminatla bağlıdır. Bu öz əksini respublikanın yeni qəbul edilmiş Konstitusiyalarında da tapmışdır. Mülkiyyət toxnulmazlığı, vətəndaşların şəxsi işlərinə özbaşına müdaxilənin yolverilməzliyi, mülki hüquqların maneəsiz həyata keçirilməsi, mülkiyyət hüququnun bütün formalarının bərabərliyi və s. prinsipləri təsbit etməklə Konstitusiya mülkiyyət hüququnun müdafiəsini dövlətimizin ən mühüm vəzifələrindən biri hesab edir.
Mülkiyyət hüququnun və digər əşya hüquqlarının müdafiəsi dedikdə, bu hüquqların pozulmasının aradan qaldırılmasına, mülkiyyətçinin pozulmuş hüquqlarının bərpasına və onun hüquqlarının müdafiəsinə yönəldilmış, mülki qanunvericilikdə nəzərdə tutulan vasitələrin məcmusu başa düşülməlidir. Göstərilən vasitələr özünün hüquqi təbiətinə görə bir neçə qrupa bölünür.
Mülkiyyət hüququnun müdafiəsi vasitələri içərisində hər şeydən əvvəl əşya hüquqi iddiaları qeyd etmək lazımdır. O vasitələri ki, onlar konkret vəzifələrlə bağlı deyldir, vəzifələri ya mülkiyyətçinin əşya üzərində sahiblik, ondan istifadə və barəsində sərəncamını bərpa etmək, ya da bu səlahiyyətlərin mülkiyyətçi tərəfindən həyata keçirilməsində maneələri və ya şübhələri yox etməkdir. Müvafiq olaraq əşya-hüquqi iddialara başqasının qanunsuz sahib olduğu əmlakın mülkiyyətçi tərəfindən tələb edilməsi
( vindikasiya iddiası ), pozulmuş hüquqlar sahiblikdən məhrumedilmə ilə əlaqadar olmadıqda da öz hüquqlarının bərpa edilməsi (neqator iddia) və nəhayət, mülkiyyət hüququnun etiraf edilməsi haqqında iddialardır. Daha dəqiq desək, konkret subyektiv hüquq kimi mülkiyyət hüququ qeyd ediyimiz iddialarla müdafiə olunur.
Mülkiyyət hüququnun müdafiəsinin ikinci, mülki-hüquqi vasitələr qrupu öhdəlik-hüquq xarakterli vasitələrdir. Onlara, məsələn, mülkiyyətçiyə dəymiş zərərin ödənilməsi, əsassız olaraq əldə edilmiş əmlakın alınması iddiaları və s. aiddir. Bütün bunlar üçün xarakterik cəhət odur ki, onları təşkil edən tələblər mülkiyyət hüququndan deyil, digər hüquq institutlarından və bu institutlara uyğun olan subyektiv hüquqlardan irəli gəlir. Məsələn, mülkiyyətçi əmlakı icarəyə verdikdə öz hüquqlarını müqavilə hüququ normaları ilə müdafiə edir.
Mülkiyyət hüququnun müdafiəsinin mülki-hüquqi vasitələrinin üçüncü qrupunu onlar təşkil edir ki, onlar, nə əşya-hüquq, nə də öhdəlik-hüquq xarakterli vasitələr deyildir, mülki-hüququn müxtəlif institutlarından irəli gəlir. Məsələn, xəbərsiz itkin düşmüş şəxsin əmlakının mühafizəsi, qanunun tələblərinə müvafiq olmayan bağlanan əqdlərdə tərəflərin mənafelərinin müdafiəsi belələrindəndir.
Nəhayət, xüsusi, mülki-hüquqi vasətələrin dördüncü qrupuna qanunla müəyyən olunmuş qaydada mülkiyyət hüququna xitam verilməsi zamanı mülkiyyətçinin mənafelərinin müdafiəsinə yönələn vasitələr daxildir.
Azərbaycan Respublikası və ya Naxçıvan Muxtar Respublikası mülkiyyət hüququna xitam verən qanunvericilik aktları qəbul etdikdə həmin aktların qəbul olunması nəticəsində mülkiyyətçiyə dəyən zərərin əvəzi məhkəmənin qərarı ilə Azərbaycan Respublikası tərəfindən tam həcmdə ödənilir.
Dövlət idarəetmə orqanları və ya yerli orqanlar tərəfindən qanuna uyğun gəlməyən aktın qəbul edilməsi nəticəsində mülkiyyətçinin və başqa şəxslərin onlara məxsus əmlaka sahiblik, ondan istifadə və onun barəsində sərəncam hüquqları pozularsa, həmin akt mülkiyyətçinin və ya hüquqları pozulan şəxsin iddiasına əsasən, məhkəmə tərəfindən etibarsız sayıla bilər.
Dövlət orqanlarının mülkiyyətçidən əmlakın bilavasitə alınmasına yönəldilən qərarı ilə əlaqədar olaraq mülkiyyət hüququna xitam verilməsinə yalnız Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən olunmuş hallarda və qaydada yol verilir. Bu zaman mülkiyyətçiyə eyni dəyərə malik əmlak verilir və ya dəymiş zərərin əvəzi tam həcmdə ödənilir.
Mülkiyyətçi, mülkiyyət hüququna xitam verən qərarla razılaşmadıqda, məhkəmə mübahisəni həll edənədək həmin qərar icra edilə bilməz.
Dostları ilə paylaş: |