I I F Ə S İ L
§1. Mülki və əşya hüquqlarının mülki-hüquqi müdafiə üsullarının sistemi
Mülki hüquqların hüquqi müdafiə üsullarının sistemi və vu sistemə daxil olan ayrı-ayrı qrup üsulların dairəsini nəzərdən keçirmədən, mülkiyyət hüququnun və digər əşya hüquqlarının mülki-hüquqi müdafiə üsullarının məzmunununa aydınlıq gətirmək olmaz. Özü də bütün bu üsulların təyinatı və məqsədi eyni və vahid olub, hüquq pozuntusu törədən subyektə təsir göstərməklə pozulmuş hüquqları bərpa etməkdən ibarətdir. Göstərilən həmin üsullar hüquq ədəbiyyatınada, əsasən, dörd qrupa bölünür:
əşya-hüquqi müdafiə üsulu;
öhdəlik-hüquqi müdafiə üsulu;
nə əşya-hüquqi, nə də öhdəlik-hüquqi müdafiə üsullarına aid edilən mülki-hüquqi müdafiə üsulu;
xüsusi xarakterli mülki-hüquqi müdafiə üsulu.
Birinci qrup vasitələr əşya-hüquqi müdafiə üsulu adlanır. Bu üsulla mütləq hüquq münasibətləri müdafiə olunur. Yalnız mütləq xarakterli hüquq münasibətlərinin müdafiə edilməsi göstərilən üsulun əsas xüsusiyyətini təşkil edir. Mütləq hüquq münasibətlərində iştirak edən səlahiyyətli şəxsin (mülkiyyətçinin) hüquqları hər hansı üçüncü şəxsin (“hamının və hər kəsin”) törətdiyi pozuntudan qorunur. Bu münasibətlərdə səlahiyyətli şəxslə üçüncü şəxs arasında konkret hər hansı bir öhdəlik (öhdəlik hüquq münasibəti) yaranmır. Belə ki, mütləq hüquq münasibətlərində səlahiyyətli şəxsə qarşı qeyri-müəyyən dairəli borclu şəxslər durur ki, həmin şəxslər üçüncü şəxslər (“hamı və hər kəs”) adlanır. Üçüncü şəxslərdən hər hansı birinin hüquqazidd əməli nəticəsində səlahiyyətli şəxsin (mülkiyyətçinin) mülkiyyət hüququ bilavasitə pozula bilər. Məsələn, şəxs mülkiyyətçinin əşyasını oğurlaya və ya başqa yolla qanunsuz əldə edə bilər. Bu pozuntu isə mülkiyyətçinin öz səlahiyyətlərini həyata keçirməsini istisna edir və ya məhdudlaşdırır. Mülkiyyət hüququnun həyata keçirilməsini istisna edən və ya məhdudlaşdıran maneələri aradan qaldırmaq üçün müdafiə vasitələrinə zərurət yaranır. Bu halda istifadə olunan vasitə əşya-hüquqi müdafiə üsulu adlanır.
Söylədiklərimizdən belə nəticəyə gəlmək mümkün olur ki, mülkiyyətçinin mülkiyyət hüququ əşya-hüquqi müdafiə üsulu ilə hər hansı üçüncü şəxsin (konkret şəxsin yox) törətdiyi pozuntudan müdafiə edilir. Bu müdafiə üsulunun əsas məqsədi ya mülkiyyətçiyə ona məxsus olan sahiblik, əmlakdan istifadə və onun üzərində sərəncam vermək hüquqlarını bərpa etməkdən, ya da bu hüquqların həyata keçirilməsinə mane olan halların aradan qaldırmaqdan ibarətdir. Əşya-hüquqi üsulun əsas istiqaməti və yömümü mütləq subyektiv hüquq olan mülkiyyət hüququnu bilavasitə müdafiə etməklə şərtlənir.
Əşya-hüquqi müdafiə İddia vasitəsilə həyata keçirilir və gerçəkləşdirilir. Bu, mütləq iddia adlanır. Mütləq iddia elə bir tələb hüququdur ki, o, əşya hüququnu pozan hər hansı bir şəxsə (“hamiya və hər kəsə”) qarşı irəli sürülür.
Mütləq, yəni əşya-hüquqi iddialara daxildir:
özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək barədə iddia- vindikasiya iddiası
sahiblikdən məhrum edilməklə əlaqədar olmayan pozuntuların aradan qaldırılması barədə iddia- neqator iddiası
mülkiyyət hüququnun tanınması barədə iddia.
Göstərdiyimiz iddialar petitor iddia adlanır. Petitor iddia dedikdə, mülkiyyət hüququ barədə verilən iddia başa düşülür. Ona görə də ona həm də mülkiyyət iddiası deyilir. Petitor iddiasının əsas növü vindikasiya sayılır. Petitor iddiası sahiblik iddiasından (posessor iddiasından) fərqləndirmək lazımdır.
Əşya-hüquqi müdafiə üsulunun əsas xüsusiyyətlərindən biri ondan ibarətdir ki onun obyekti kimi yalnız fərdi əlamətləri ilə müəyyən edilən əşyalar çıxış edə bilər. İstehlak olunan, cinsi(növ) əlamətləri ilə müəyyən edilən, hüquqi cəhətdən əvəz edilməsi mümkün olan və digər əşya növləri bu müdafiə üsulunun təsir sferasına daxil ola bilməz, yəni obyekti ola bilməz. Əşya-hüquqi üsulla yalnız naturada saxlanılan obyektə olan əşya hüququ müdafiə oluna bilər.
Mülkiyyət hüququnun pozulması xarakterindən və mümkün müdafiənin məzmunundan asılı olaraq mülki hüquqda mülkiyyətçinin marağını qorunmasını hüquqi təmin edən müxtəlif üsullar istifadə olunur. Mülkiyyət hüququnun bilavasitə pozulması (məsələn, əmlakın oğurlanması, yaxud digər qeyri-qanuni yolla alınması) zamanı onun hər cür qəsddən mütləq müdafiəsi qüvvəyə minir. Bu müdafiə mülkiyyət hüququnun özü kimi əşya-hüquq xarakteri daşıyır.
Mülkiyyət hüquq həm də dolayı yolla, başqa hüquqların daha çox öhdəlik hüquqlarının pozulması nəticəsi kimi pozula bilər. Məsələn mülkiyyətçinin özünə məxsus olan şeyi müqavilə ilə verdiyi şəxs (icarəçi, saxlayan, daşıyıcı və s.) onu mülkiyyətçiyə qaytarmaqdan imtina edir, yaxud zədələnmiş halda qaytarır.
Pozucu ilə mülkiyyətçi arasındakı müəyyən, xüsusi hüquqi münasibətlərin (göstərilmiş misalda – müqavilə) mövcudluğunu nəzərə almaqla öhdəlik-hüquq xarakterli müdafiə üsulları da tətbiq olunur. Lakin hər iki halda, necə olursa –olsun, mülkiyyət hüququ pozulduğundan mülkiyyətçinin müdafiənin iki növündən-əşya – hüquq, yaxud öhdəçilik – hüquq növlərindən hansına müraciyət etməsi məsələsi ortaya çıxa bilər.
İddianın rəqabəti adlanan bu məsələ həmişə öhdəlik-hüquq tələblərinin (üsullarının) xeyrinə həll olunmalıdır. Çünki onlar tərəflərin
münasibətini tənzimləyən mülkiyyət haqqında ümumi qanunvericiliyin qüvvəsini istisna edən xüsusi qanunvericiliyə əsaslanır.
1.Bax: Иоффе О.С. Советское гражданское право М., 1967, с. 472-473
Mülkiyyət hüququnun müdafiəsinin digər mülki-hüquqi üsulları da vardır. Bunların sırasına bu hüququn bir neçə konkret hallarda müdafiə üsulları (məsələn, xəbərsiz itkin düşmüş hesab edilən və ya ölmüş elan edilən şəxs gəldiyi halda onun əmlak hüquqlarının bərpası haqqında normalar (MM-in 19,20,22-ci maddələri), habelə eyni zamanda mülkiyyət hüququnun müdafiəsinə kömək edən mülki hüquqların müdafiəsi üsulları (məsələn, etibarsız əqdlərin iştirakçılarının əvvəlki vəziyyətinə qaytarılması (restitusiya) qaydaları) aiddir.
Mülkiyyət hüququnun müdafiəsinin mülki-hüquqi üsullarının xüsusi növü mülkiyyət münasibətlərinin stabilliyinə dövlət tərəfindən təminatın müəyyənləşdirilməsidir. Bu təminat mülkiyyətçilərə dövlətin onların əmlak sahələrinə əsassız müdaxiləsinin qarşısını almaq üçün əlavə xüsusi müdafiə verir.
Söhbət onların öz maraqlarını müdafiə üçün hakimiyyət səlahiyyətinə malik dövlət hakimiyyəti və idarəetmə orqanına qarşı birbaşa iddia qaldırmaq imkanlarından gedir. Ənənəvi müdafiə üsulları isə mülki hüquq münasibətlərinin bərabərhüquqlu iştirakçıları üçün nəzərdə tutulmuşdur. Onların yaranması ilə mülkiyyəti müdafiə üsullarının sistemi birtkin xarakter aldı.
Dostları ilə paylaş: |