Nizami SÜleymanov



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə41/55
tarix27.11.2022
ölçüsü1,93 Mb.
#70814
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   55
DERSL-K-1501-1736

§ 8.2. Torpaq sahibliyi 
Orta əsrlər dövründə istər Şərq, istərsədə Qərbi Avropa 
ölkələrində olduğu kimi Səfəvi dövlətində də aqrar sahə 
iqtisadiyyatın əsasını təşkil edirdi, ölkənin əsas sərvəti torpaq 
idi. Dövlətin və onun iqtisadiyyatının başlıca gəlir qaynağını da 
torpaq təşkil edirdi. Səfəvilər dövründə torpaq mülkiyyəti 
formaları əvvəlki dövrlərdə mövcud olmuş torpaq mülkiyyəti 
formalarından çox fərqlənmirdi. Səfəvilər dövründə dövlət və 
xassə torpaqları əvvəlki dövrlərlə müqayisədə daha da geniş-
lənmiş, mülki və hərbi qulluqçulara verilən irsi torpaq sahib-
liyini xidmətə görə verilən şərti mülklərlə əvəz etməyə başla-
mışdıar. 
XVII əsrdə torpaq sahibliyinin aşağıdakı formaları möv-
cud olmuşdur: 
1. Dövlət torpaqları (ərazeyi-divan). Bu torpaq mülkiyyəti 
Səfəvilər dövründə aparıcı torpaq sahibliyi forması olmuş, 
Səfəvi şahları ələ keçirdikləri ərazilərdə torpaqları keçmiş 
sahiblərinin əlindən alaraq divan və ya xassə əmlakına çevirir-
dilər. Divandan gələn gəlirlər dövlət xərclərinə sərf olunurdu. 
2. Şah nəslinə məxsus olan torpaqlar – xassə, ərazeyi 
xassə. Xassə torpaqları da dövlət torpaqları kimi başlıca torpaq 
mülkiyyəti olmuşdur, hər iki mülkiyyət forması şahın sərən-
camında olaraq çox böyük torpaq fondunu təşkil edirdi. Şahın 
özünə məxsus xassə əmlakından gələn gəlirlər xəzinəyə daxil 


171 
olur və şahın icazəsi ilə müəyyən olunmuş sahələrə xərclənirdi. 
Şah sülaləsinin ayrı-ayrı üzvlərinə məxsus xassə əmlakından 
gələn gəlirlər isə onların istəklərinə uyğun xərclənirdi. 
3. Şərti xarakter daşıyan torpaqlar – soyurqal və tiyul. Bu 
torpaqlar mülki və hərbi qulluqçulara, habelə din xadimlərinə 
xidmətləri müqabilində verilirdi. Soyurqal xüsusi əmlak növü 
olub, nəsildən-nəsilə ötürülür, şahın fərmanları ilə bağışlanırdı 
və həmin torpağın irsən ötürülməsi üçün yeni fərman tələb 
olunurdu. XVI əsrdə XV əsrdəki kimi geniş əraziyə malik 
soyurqallar verilmirdi. 
Səfəvi dövlətində şərti torpaq sahibliyinin ən geniş yayıl-
mış növü tiyul idi. Dövlətin sosial-iqtisadi dayaqlarını möh-
kəmləndirmək üçün tiyul torpaq sahibliyindən geniş istifadə 
edilirdi. Tiyul adı altında müəyyən ərazidən alınan verginin bir 
hissəsinin və yaxud hamısının qulluqda olan məmura məvacib 
şəklində bağışlanması nəzərdə tutulurdu. Bəzən tiyul bu və ya 
digər vəzifəyə təhkim edilirdi, tiyul verilən məmura irsi 
sahibkarlıq və inzibati idarə hüququ verilmirdi. Tiyullar əsasən 
dövlət qulluğunda olan şəxslərə verilirdi. 
4. Dini müəssisələrə məxsus olan torpaqlar – vəqf. Ölkə-
nin torpaqlarının bir hissəsi dini-vəqf idarələrinə məxsus idi. 
Vəqf torpaqları dini məqsədlər və savab işləri üçün ayrılırdı, 
dini müəssisələrin sərəncamında olan əmlak növü idi. Bu əmlak 
növü dövlət vergilərindən azad idi, onun alqı-satqısı və 
bağışlanması şəriətlə qadağan edilmişdi. Vəqf əmlakı vəqfi-
xeyriyyə və vəqfi-əhli adlanan iki qrupa bölünürdü. Vəqfi-
xeyriyyə dini idarələrin, vəqfi-əhli isə din xadimlərinə məxsus 
mülklər hesab olunurdu. 
5. Xüsusi mülkiyyətdə olan torpaqlar – mülk. Azərbaycan 
Səfəvi dövlətində torpağın bir hissəsi mülk əmlakı kimi ali 
zümrənin əlində cəmlənmişdi. Mülkün əsas fərqləndirici xüsu-
siyyəti onun xüsusi əmlak olması idi. Mülk adlanan torpaqları 
və digər əmlakları almaq, satmaq, bağışlamaq, irsən ötürmək 


172 
olardı. Xüsusi mülkiyyət institutları mülk, ərbabi və xırda 
malek (xırda mülk) terminləri ilə ifadə edilirdi. 
6. İcma torpaqları – camaat. Belə torpaqlar kənd icması-
nın istifadəsində idi. İcma üzvləri istifadə etdikləri torpaq 
müqabilində vergi ödəyirdilər. Həmin vergilər icma başçısı 
tərəfindən yığılırdı. Azad icmalarla bərabər dövlətə və əyanlara 
tabe olan icmalar da mövcud idi. 
Yuxarıda qeyd olunan ilk iki mülkiyyət forması dövlətə 
məxsus olan çox böyük torpaq fondunu təşkil edirdi. Həmin 
fond şahın sərəncamında idi. Bu iki torpaq mülkiyyəti arasında 
əsas fərq ondan ibarət idi ki, dövlət torpaq sahibliyinə aid 
torpaqlardan gələn gəlirlər qoşunun, mərkəzi və yerli dövlət 
aparatının saxlanılmasına, xassə torpaq sahibliyinə aid olan 
torpaqlardan əldə olunan gəlirlər isə əsasən şah sarayının və 
şahın ailəsinin saxlanılmasına sərf olunurdu. Təsadüfi deyil ki, 
dövlət və xassə torpaqları iki müxtəlif idarənin əlində cəmlən-
mişdi: dövlət torpaqlarından gələn gəlirlərə sərkari-divan 
nəzarət edirdisə, sülalə torpaqlarından vergilərin toplanmasına 
nəzarəti sərkari-xassə həyata keçirirdi. 
Dövlət torpaqları mahal və vilayət hakimləri tərəfindən 
idarə olunurdu. Xüsusi iqtisadi əhəmiyyət daşıyan geniş 
ərazilər bu torpaq fondunun tərkibinə daxil idi.
Müsəlman şərqində xassə torpaqları xilafət dövründən 
mövcud idi. Abbasi xəlifələri vaxtilə sultani adlanan çox geniş 
sülalə torpaqlarına malik olmuşdular. XI əsrdə səlcuq türkləri 
fəth etdikləri bütün torpaqları hakim sülalə üzvləri arasında 
bölmüşdülər. XIII əsrdə monqollar ən yaxşı torpaqları və 
otlaqları “incu” və ya “xassincu” adlandırdıqları sülalə mül-
kiyyətinə daxil etmişdilər. 
Səfəvilər dövründə şaha və onun ailəsinə məxsus tor-
paqları “xassə” və ya “xalisə” adlandırırdılar. Səfəvilər sülalə-
sinin hakimiyyəti dövründə hökmdarların həyata keçirdikləri 
iqtisadi və aqrar siyasəti nəticəsində xassə və divan torpaq 
fondları arasında olan nisbət dəyişkən səciyyə daşımışdır. 


173 
Xüsusilə I Şah Abbasın həyata keçirdiyi iqtisadi islahatlar bu 
iki torpaq sahibliyi forması arasındakı nisbətə əsaslı təsir etmiş-
dir. Nəticədə, xassə torpaqları görünməmiş dərəcədə artmış, 
dövlət torpaqları isə xassə torpaqları ilə müqayisədə az art-
mışdır. I Şah Abbasın dövründə ölkənin bir sıra mahalları, hətta 
vilayətləri bütünlüklə xassə əmlakına çevrilmişdi. Bu siyasət 
Şah Səfinin və II Şah Abbasın dövründə də davam 
etdirilmişdir. Göründüyü kimi, hakim sülalə xassə torpaqlarını 
genişləndirməklə yeni gəlir qaynaqları əldə edir və iqtisadi 
imkanlarını daha da artırırdı. Səfəvi şahları həyata keçirdikləri 
aqrar siyasətdə mərkəzi hakimiyyəti möhkəmləndirməyə 
çalışmış və torpaq üzərində irsi sahibkarlıq hüququna malik 
yeni bir sosial zümrənin meydana çıxmasına imkan verməməyə 
çalışırdılar. 
Ölkənin iqtisadi sərvətlərinin bir hissəsi vəqf əmlakı 
hesab olunurdu. Səfəvi hökmdarlarına dini müəssisələrin sə-
rəncamına ayırdıqları torpaq sahələri vəqf əmlakı adlanırdı. 
Vəqf əmlakına torpaqla yanaşı kəhrizlər, dükanlar, bazarlar və 
sair də daxil idi. Vəqf olmuş əmlakın gəliri məscidlərin, mək-
təblərin, mədrəsə və xəstəxanaların saxlanılmasına, yoxsullara, 
sahibsiz yetimlərə və kasıb tələbələrə xərclənirdisə, belə əmlak 
vəqfi-ammə adlanırdı. Vəqf əmlakının gəliri seyidlərə, şeyx-
lərə, övladlara, qardaşa verildikdə belə əmlak vəqfi- xas adla-
nırdı. 
Səfəvi hökmdarları ayrı-ayrı müqəddəs ocaqlara vəqf 
əmlakı bağışlayırdılar. Vəqf verilmiş belə əmlaklar dövlət ver-
gilərindən və rüsumlarından azad edilirdi. Hətta vəqfin yer-
ləşdiyi ərazilərin hakimlərinə və məmurlarına vəqfə daxil ol-
maq, onun daxili maliyyə və iqtisadi məsələlərinə qarışmaq, 
ondan vergi tələb etmək qadağan idi. Belə müqəddəs ocaq-
lardan biri olan Bibiheybət məqbərəsinə 1547-ci ilin fevral 
ayında I Təhmasib Zığ kəndini vəqf etmişdi. 1650-ci ilin 
yanvar ayında verdiyi fərmanla II Şah Abbas Bibiheybət 
məqbərisinin vəqf əmlakını vergilərdən azad etmişdi. Bu fər-


174 
manlardan da aydın olur ki, vəqf əmlakı xüsusi statusa malik 
olmuşdur. 
Vəqf əmlakının idarə olunmasına mütəvəlli adlanan və-
zifəli şəxs başçılıq edirdi. Mütəvəlli vəzifəsi çox zaman irsi 
səciyyə daşıyır və atadan oğula keçirdi. Mütəvəlli vəzifəsinin 
irsən ötürülməsi şah fərmanı ilə təsdiq olunurdu. 
Ölkənin vəqf əmlakları ali dini səlahiyyətli sədrə tabe idi 
və vəqf məmurları onun nəzarəti altında işləyirdilər. 
Səfəvi dövlətində torpağın böyük bir hissəsi və həmin 
torpaqlardan gələn gəlir sülalənin və dövlətin əlində cəmləşsə 
də, gəlirin bir hissəsi vilayətlərdəki məmurlara, xidmətçilərə və 
hərbçilərə maaş şəklində verilirdi. Ümumiyyətlə, istər xassə, 
istərsə də dövlət torpaqlarının xidmət müqabilində ayrı-ayrı 
şəxslərə lenlər şəklində bağışlanması təcrübəsi dövlətin sosial-
iqtisadi dayaqlarının möhkəmləndirilməsi məqsədi daşıyırdı. 
Səfəvilər dövləti yarandığı dövrdə hökumətə tabe olmayan 
əyanların irsi soyurqal torpaqları müsadirə edilərək qızılbaş 
əsilzadələrinə soyurqal deyil, tiyul hüququ ilə verilirdi. Səfə-
vilər dövründə soyurqal verilməsi praktikası davam etdirilsə də, 
soyurqal verilməsi məhdud şəkildə kiçik torpaq sahələrindən 
ibarət olmuş və əsasən ruhanilərə və dövlət məmurlarına (mülki 
şəxslərə) paylanırdı. Soyurqallar bir qayda olaraq şahın xüsusi
fərmanları ilə bağışlanırdı və həmin torpağın irsən ötürülməsi 
şahın yeni fərmanı ilə mümkün olurdu. Din xadimlərinə 
bağışlanan soyurqal torpaqları isə irsi səciyyə daşıyırdı. 
Maliyyə məmurları həmin ərazidən vergi toplaya bilməz və 
soyurqal sahibinin vergi toplamasına mane ola bilməzdi. İrsi 
soyurqal hüququ almış şəxslər sadəcə olaraq dövlətin tələb 
etdiyi sayda döyüşçü verməli idi. Döyüşçülərin saxlanma xərc-
lərinin soyurqal gəlirləri hesabına ödənilməsi nəzərdə tutulurdu. 
Səfəvilər dövründə verilmiş soyurqallar XV əsrdəki soyur-
qallardan təmamilə fərqlənir və geniş əraziləri əhatə etmirdi. 
Səfəfvi hökmdarları soyurqal torpaq sahibliyini məhdud-
laşdırırdılar. Çünki soyurqalın irsi sahibkarlıq statusu, inzibati-


175 
məhkəmə və vergi immuniteti dövlətin maraqlarına uyğun 
gəlmirdi. 
Səfəvi dövlətində şərti torpaq sahibliyinin ən geniş 
yayılmış növü tiyul idi. Səfəvi hökmdarları mərkəzləşmə siya-
sətinə uyğun olaraq və dövlətin sosial- iqtisadi dayaqlarını 
möhkəmləndirmək üçün tiyul torpaq sahibliyindən geniş isti-
fadə edirdilər. Tiyul müəyyən bir ərazidən dövlət xəzinəsi üçün 
yığılan torpaq vergisinin və bəzən başqa bir verginin ayrı-ayrı 
qulluq adamlarına xidmət müqabilində bağışlanan hissəsi idi. 
Tiyul faktiki olaraq müəyyən ərazidən yığılan verginin bir 
hissəsinin və yaxud hamısının qullluqda olan məmura məvacib 
şəklində bağışlanmasını nəzərdə tuturdu. Bəzən tiyul bu və ya 
digər vəzifəyə təhkim olunurdu. Bu zaman həmin vəzifəni 
daşıyan məmura onun gəlirindən yalnız xidmət dövründə mə-
vacib şəklində istifadə hüququ verilirdi. Tiyul alan məmura irsi 
sahibkarlıq və inzibati idarə hüququ verilmirdi. Tiyul əsasən 
divan torpaqlarından verilirdi. Tiyul müvəqqəti verilməklə iki 
cür olurdu. Birincisi, bir qayda olaraq vəzifəyə əlavə edilib, və-
zifə ilə birlikdə verilib alınırdı. İkincisini isə şah divan adından 
ömürlük bağışlayırdı. 
Səfəvi dövlətində aşağı rütbəli qulluq adamlarına gəliri az 
olan kiçik torpaqlar bağışlanırdı. Belə tiyullar həmesale 
adlanırdı. Həmesale bir neçə il üçün, yeksale isə bir il üçün 
nəzərdə tutulurdu. 
Soyurqal və tiyul sahibləri öz şərti torpaqlarında ya-
şamırdılar. Tiyul torpaqlarının sahibi olan hərbiçilər çox vaxt 
yürüşlərdə olur, şah sarayında qulluq edən əyanlar isə mərkəzdə 
yaşayırdılar. Onların bir hissəsi yerli əyalətlərin maliyyə 
idarələrindən və digər hissəsi isə dövlət dəftərxanasından 
müəyyən olunmuş miqdarda maaşlarını pulla alırdılar. Bu, 
təsərrüfatla məşğul ola bilməyən və az məvacib alan xidmət 
adamlarını tam təmin edirdi. Məvacibin tiyuldan belə qayda 
əsasında ödənilməsi ilə dövlət torpağın cüzi əməkhaqqı alanlar 


176 
arasında xırda hissələrə bölünməsinin qismən də olsa qarşısını 
alırdı. 
Beləliklə, tiyuldar soyurqal sahibinin malik olduğu geniş 
hüquqlardan istifadə edə bilmirdi. Onun böyük inzibati-məh-
kəmə səlahiyyəti və irsi sahibkarlıq hüququ yox idi. Soyurqal 
sahibi ilə müqayisədə tiyuldar böyük iqtisadi imkanlara malik 
deyildi, yəni onun vergi immuniteti yox idi. Tiyullar daha çox 
şərti xarakter daşıyırdı. 

Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin