2-ci qrup müəllim-metodistlər dərsin əvvəlində, jurnal üzrə siyahını oxumaq yolu ilə hazır-qayıb
etməyə üstünlük verirlər.
3-cü qrup müəllim-metodistlər dərsin sonunda, siyahını oxumaq və ya növbətçi şagirdin
məlumatına görə dərsdə iştirak etməyənləri qeyd etməyi lazım bilirlər.
4-cü qrup müəllim-metodistlər davamiyyətin dərs zamanı şagirdlərə qısa müddətli istirahət
verildikdə yoxlanılmasını məsləhət görürlər.
5-ci qrup müəllim-metodistlər (dərsi sinif müəllimi aparmırsa) bədən tərbiyəsi dərsində hazır-
qayıb aparılmasını məsləhət bilmirlər. Davamiyyəti tənəffüsdə yoxlamağı məqsədəuyğun hesab edirlər.
1-ci qrup müəllim-metodistlərin davamiyyətin yoxlanılması haqqında məsləhətləri iki cəhətdən
əhəmiyyətlidir. Əvvəla davamiyyət az vaxt içərisində yoxlanılır, dərsin hazırlıq hissəsinin sıxlığı artırılır,
ikincisi, intizamın pozulmasına imkan yaranmır. Lakin bu zaman sinif müəllimləri jurnala qayıb
yazılmasın deyə, bəzən səhv məlumat verirlər. Bəzən də sinif müəllimini axtarıb tapmaq üçün xeyli vaxt
sərf etmək lazım gəlir.
Dərsə davamiyyətin (2-ci qrup) jurnaldakı siyahı üzrə yoxlanılması şagirdlərin dərsə
məsuliyyətinin və fəallığının artırılmasına kömək edir. Lakin bu zaman boşdayanma əmələ gəlir ki, bu da
dərsin intensivliyini azaldır. Digər tərəfdən isə, kiçik məktəbyaşlı uşaqlar kifayət qədər davamlı
olmadığına görə intizamın pozulmasına zəmin yaradır.
Dərsin sonunda siyahını oxumaq və növbətçi şagirdlərin məlumatı əsasında qeydlər aparmaq (3-
cü qrup) şagirdlərin fəallığını və məsuliyyətini artırır. İkinci halda isə hazır-qayıb qısa müddətdə başa
çatdırılır. 1-ci və 2-ci qrupa mənsub nöqsanları 3-cü qrupa da aid etmək olar. Bizim fikrimizcə isə
davamiyyətin sinif bədən tərbiyəsi təşkilatçısı və yaxud növbətçinin kiçik fasilə və qısa istirahət zamanı
(4-cü qrup) verdiyi məlumat əsasında yoxlanması daha faydalıdır. Bu həm şagirdlərdə bədən tərbiyəsi
dərsində özünə məsuliyyət hissinin artmasına, həm də hazırlıq hissinin intensiv keçməsinə və tədris
prosesində asudə vaxtdan səmərəli istifadə olunmasına səbəb olur.
5-ci qrup müəllim-metodistlərin fikirləri ilə heç cürə razılaşmaq olmaz. Çünki davamiyyətin
yoxlanması və dərsdə iştirak etməyənlərin jurnalda qeyd edilməsi uşaqların intizama dəvət olunmasında,
onlarda məsuliyyət hissinin artırılmasında özünəməxsus yer tutur.
Qeyd etmək lazımdır ki, davamiyyətin raport verən şagirdin məlumatı əsasında yoxlanması da
əlverişlidir. Bu şərtlə ki, həmin şagird raporta qabaqcadan hazırlaşmış olsun, üzürlü səbəbə görə dərsdə
iştirak etməyənlərin siyahısını müəllimə yazılı şəkildə təqdim etsin. Davamiyyət haqqında məlumatı
şifahi yolla da vermək mümkündür.
Davamiyyətin nə vaxt və hansı yolla yoxlanması haqqında qəti fikir söyləmək çətindir. Ona görə
ki, dərsi hər zaman istənilən şəkildə qurub həyata keçirmək mümkün olmur. Bu məsələdə şagirdlərin
əhval-ruhiyyəsini, yaş xüsusiyyətlərini, bilik və bacarıqlarını, fiziki hazırlıqlarını, bədən tərbiyəsi dərsinə
münasibətini, eləcə də müəllimin pedaqoji – metodiki səviyyəsini, şəxsi nüfuzunu nəzərə almaq lazımdır.
Tədris fəaliyyəti haqqında məlumat vermək
Salamlaşmadan sonra dərsin qarşısında duran tədris fəaliyyətinə dair şagirdlərə məlumat
verilməsi xüsusi əhəmiyyət kəsb edir. Şagirdlərin dərs prosesində nə kimi tədris işi ilə məşğul olacağını
bilməsi, onların həm təlimə marağını artırır, həm də ayrı-ayrı şagirdlərdə məsuliyyət hissini yüksəldir.
Tədris fəaliyyəti ilə əlaqədar məlumatların verilməməsi, hər şeydən əvvəl, şagirdlərin sorğu-sualına səbəb
olur, onların əhvali-ruhiyyəsinə və emosionallığına mənfi təsir göstərir. Məqsəd aydın olana kimi
şagirdlər narahatlıq hissi keçirirlər. Buna görə də dərsin hazırlıq hissəsində yerinə yetiriləcək əsas
hərəkətlər və onların metodik xüsusiyyətləri haqqında müvafiq izahat verilməlidir.
Tədris fəaliyyəti üzrə izahat dərsin həm hazırlıq və həm də əsas hissəsində aparılmalıdır. Hazırlıq
hissədə verilən izahat əsas hissədə aparılan izahat işindən fərqlənməlidir. Dərsin hazırlıq hissəsində,
133
əsasən hazırlıq hissədə keçirilən tədris materialı üzrə konkret məlumat verilməli, onların metodiki,
tərbiyəvi və sağlamlaşdırıcı xüsusiyyətləri şərh olunmalıdır. Məsələn, müəllim I sinifdə bir sıraya
düzülməyi öyrədirsə, o, sıraya necə düzülməyi əvvəlcə özü göstərir və lazımi izahat verir, sonra
düzülməni fəallar, nəhayət, bütün şagirdlər yerinə yetirirlər. Müəllim bir sıraya düzülməni öyrədərkən də
onun qaydalarını, cərgə ilə fərqini və növlərini (bir, iki, üç və s.) şərh etməlidir.
Dərsin hazırlıq hissəsində, əsas hissədə keçiriləcək hərəkət və mütəhərrik oyunlar barədə qısa
məlumat verilməlidir. Bundan başqa, onların əsas metodik xüsusiyyətləri, öyrədilən hərəkətlərin bədənin
normal inkişafı üçün əhəmiyyəti, vətənin müdafiəsinə hazırlıq işində onların rolu və s. şərh edilməlidir.
Pedaqoji-metodiki ədəbiyyatın təhlilindən və məktəb təcrübəsindən aydın olur ki, bədən tərbiyəsi
üzrə nəzəri məlumatların təlim prosesində nə vaxt verilməsinə dair müxtəlif fikirlər vardır. Bəzi müəllim-
metodistlər, tədqiqatçı alimlər fiziki tərbiyə üzrə nəzəri məlumatları üç-beş dəqiqə ərzində dərsin hazırlıq
hissəsində, bəziləri isə onların öyrədilən hərəkətlərlə əlaqədar dərsin əsas hissəsində verilməsini
məqsədəuyğun hesab edirlər.
Tədqiqat göstərir ki, ibtidai siniflərdə fiziki tərbiyə və idman üzrə nəzəri məlumatları şagirdlərə
dərsin hazırlıq və əsas hissəsində çatdırmaq mümkündür. Lakin bu, ibtidai siniflər üçün daha
məqsədəuyğundur. Çünki ibtidai sinif şagirdlərinə dərsin hazırlıq hissəsində, əsas hissədə öyrədilən
hərəkətlər haqqında məlumat vermək o qədər də maraqlı olmur. Buna görə də, kiçik məktəbyaşlı uşaqlara
dərsin hazırlıq hissəsində, bu hisədə öyrədilən və ümumi xarakter daşıyan əsas hissədə isə əsas hissənin
hərəkətləri və mütəhərrik oyunlar haqqında konkret məlumat vermək əlverişlidir. Bu öyrədilən hərəkət və
oyunların məna və əhəmiyyətini şagirdlərin daha dərindən, daha şüurlu mənimsəməsinə zəmin yaradır.
Salamlaşma. Bədən tərbiyəsi dərslərinin ən gözəl və tərbiyəvi cəhətlərindən biri salamlaşmadır.
Salamlaşma dərsin hazırlıq hissəsində düzülmələrdən sonra aparılmalıdır. Salamlaşmaya şagirdlər yalnız
yuxarı siniflərdə deyil, həmçinin I-II sinifdən etibarən daha yaxşı yiyələnirlər.
Salamlaşma şagirdlərin əməyə, qarşıdakı işə ruhlandırır, onların məsuliyyətini, fəallığını,
işgüzarlığını, qətiliyini artırır. Bundan əlavə, kollektivə vərdiş etməyi, müəllimi sevməyi, onun
tapşırıqlarını həvəslə icra etməyi öyrədir. Salamlaşma uşaqlarda hərbi-vətənpərvərlik, beynəlmiləlçilik,
kollektivçilik hissi yaradır, xarici görünüşü gözəlləşdirir, xüsusən qaməti daha da gözəlləşdirir və
çevikliyi artırır. Bütün bunlara görə də salamlaşma yüksək zövqlə, emosionallıqla və xoş təəssüratla
həyata keçirilməlidir. Salamlaşma zamanı tələsməməli, səslərdə ümumi ahəngdarlıq, oxşarlıq və
uyğunluq olmalıdır. Əlbəttə, deyilənlərə əməl edilməsi tədrisin keyfiyyətini yüksəltmək, dərs zamanı
işlərini yaxşılaşdırmaq üçün vacib şərtdir.
Dönmə, yeriş, qaçış və hoppanmalar. Dərsin hazırlıq hissəsində orqanizmin funksiyasının
formalaşdırılmasında diqqətin toplanıb tədris fəaliyyətinə istiqamətləndirilməsində rəngarəng, maraqlı
yeriş, qaçış və hoppanma hərəkətlərinin icrası böyük əhəmiyyətə malikdir. Qarşıda duran vəzifələrin
həyata keçirilməsində ritmik yeriş, qaçış və dönmələrə, hoppanmalara şagirdlərin tədricən müstəqil
yiyələnmələrinə xüsusi diqqət verilməli, bunun üçün hər cür şərait yaradılmalıdır.
Şagirdlər I sinifdən başlayaraq düzgün yeriş qaydalarını bilməlidirlər. Təəssüf ki, əksəriyyət sinif
müəllimləri şagirdlərin düzgün yeriməsinə lazımi əhəmiyyət vermirlər. Buna görə də, I, II və III- IV
siniflərdə belə kiçik məktəbyaşlı uşaqlar düzgün yeriməyi bacarmırlar. Onlar ayaqları düzgün yerə
qoymur, pəncələr bəzən daxilə, bəzən də xaricə meyl edir. Addımlar bəzən iri, bəzən də qısa olur. Bir sıra
uşaqlar yeriş, qaçış və hoppanmalar zamanı gövdəni düz saxlamır, ayaqları isə bir-birinə uyğun hərəkət
etdirə bilmirlər.
Yeriş, qaçış və hoppanma hərəkətlərinin icra olunması sağlamlıq və estetik baxımdan ritmik
yerinə yetirilməli, gövdə düz tutulmalı, gərginləşdirilməli, baş əyilməməli, addımlar nə böyük, nə də qısa
olmalı, çiyinlər bir qədər arxaya dartılmalıdır. Bundan əlavə, əl və ayaqları bir-birinə uyğun hərəkət
etdirməlidir. Ayaqlar yerdən yüngül götürülməli, yerə yumşaq qoyulmalı və sürtünməməlidir. Yerişdə
yerə əvvəlcə daban qoyulmalı, sonra isə ağırlıq pəncələr üzərinə keçməlidir. Pəncə ilə təkan verdikdən
sonra qıç dizdən bükülməməlidir, irəliyə- daban üstə yumşaq addım atılmalıdır. Nəhayət, ağırlıq pəncə-
daban üzərinə salınmalıdır.
İbtidai siniflərdə bir, iki sırada, habelə dairə üzrə sağa, sola, geriyə dönməklə yeriş vərdişləri
aşılanır. Pəncə və daban üzərində yerişlə növbələşdirməyi şagirdlərə öyrətmək lazımdır. Bu hərəkətlərdə
əsas məsələ onların yerinə yetirilməsi deyil, necə icra olunmasıdır.
134
Qaçış. Qaçış, əsas təbii hərəkətlərdəndir. Qaçış addımları yüngül, çevik və sürətlə atılmaqla
yanaşı, həm də, bərabər ölçüdə və tempdə olmalıdır. Dərsin hazırlıq hissəsində də qaçış elementlərini
öyrətmək mümkündür. Məsələn, bunun üçün 8-10 paralel xətt çəkməli və şagirdlərə öyrətmək lazımdır ki,
onlar ayaqları növbələşdirərək bu və ya digər xətti üzərinə qoyaraq qaçsınlar. Qaçış vaxtı pəncə-daban və
dizlər yuxarı qaldırılmalı, bədən şux tutulmalı, tənəffüsün müntəzəmliyi əsas diqqət mərkəzində
olmalıdır.
Hoppanmalar. Hoppanmaların dərsin hazırlıq hissəsində icra etdirilməsi şagirdlərin hərəkət
fəaliyyətini və idrak fəallığını artırmaqla yanaşı, eyni zamanda kiçik məktəbyabşlı uşaqların marağına
səbəb olur, onların əsas hissədə eyni adlı hərəkətlərin yerinə yetirilməsinə hazırlayır. Məhz buna görə də,
hazırlıq hissədə müxtəlif növ hoppanmalara geniş yer verilməli, onlar ritmlə, sürətlə və xüsusi cəldliklə
yerinə yetirilməlidir. Bütün bunlar həmin hərəkətlərin gözəlliyini, estetik imkanlarını daha da artırır.
Hoppanmaları hazırlıq hissədə əşyasız, həmçinin əşyalarla (qısa iplərlə, toplarla və s.) icra etmək olar.
İbtidai siniflərdə hoppanmaqla 45
o
, 90
o
, 180
o
dönmə hərəkətlərini də öyrətmək məsləhətdir.
Ümuminkişaf hərəkətləri. Bədən tərbiyəsi dərslərinin hazırlıq hissəsində ümuminkişaf
hərəkətləri yerinə yetirilir. Həmin hərəkətlər ayrı-ayrı əzələ qruplarına təsir edir və oqranizmi qarşıdakı
tədris yükünə hazırlayır. Lakin belə hərəkətlərin icrasına bəzən çox vaxt sərf etmək lazım gəlsə də,
hazırlıq hissə üçün ümuminkişaf hərəkətlərini seçib tərtib edərkən diqqətli olmaq lazımdır. Təcrübə
göstərir ki, planlaşdırma nəinki əsas tədris materialları üzrə, həm də ümuminkişaf, xüsusi və hazırlıq
hərəkətləri üzrə də aparılmalıdır. Dərsin hazırlıq hissəsində, qabaqcadan müəyyənləşdirilmiş plan
əsasında, il boyu, müntəzəm və ardıcıl keçirilən ümuminkişaf hazırlıq və xüsusi hərəkətlər şagirdlərin
fiziki təhsilində mühüm rol oynayır. Bu, öyrənilmiş hərəkətlərin təkrar olunması, qazanılmış bacarıq və
vərdişlərin qorunub saxlanılmasını, fiziki hərəkət keyfiyyətlərinin müntəzəm inkişaf etdirilməsini təmin
edir.
Məlumdur ki, tədris planı əsasında illik qrafik və yarımillik plan tutulur, dərslər seriyalara
bölünür, ümuminkişaf hərəkət kompleksləri həmin yarımillik dərs materiallarına uyğun olaraq
müəyyənləşdirilir.Hərəkət kompleksləri tərtib olunarkən 5 mühüm metodiki-psixoloji cəhəti nəzərə almaq
lazımdır.
1. Hərəkət kompleksi dərsin qarşısında qoyulmuş vəzifələrin yerinə yetirilməsinə
yönəldilməlidir. Məsələn, dərsdə şagirdlərin cəldliyini, çevikliyini artırmaq, elastikliyini inkişaf etdirmək
və yaxud onlarda tullanma (hündürlüyə) vərdişləri aşılamaq əsas vəzifə kimi qarşıya qoyularsa, bu zaman
ümuminkişaf hərəkət kompleksinin tərkibinə cəldlik, çeviklik, elastiklik və hoppanma elementləri olan
hərəkətlər daxil etmək lazımdır. Bütün bunlar isə birbaşa və ya dolayı yolla qarşıda duran vəzifələrin
yerinə yetirilməsinə kömək edir. Lakin bu vaxt hər bir hərəkətin neçə dəfə təkrar olunması tempinə,
tənəffüsün müntəzəmliyinə, ardıcıllığına xüsusi diqqət verilməlidir.
2. Hərəkət kopleksi planlaşdırılarkən məktəbin idman bazası mütləq nəzərə alınmalıdır. Təəssüf
ki, bəzi məktəblərdə ümuminkişaf hərəkətləri məktəbin ləvazimat və avadanlıqları nəzərə alınmadan,
formal şəkildə tərtib olunur. Bu da nəticə etibarı ilə həmin materialın keçirilməməsinə səbəb olur. Əgər
məktəbdə idman meydançası, gimnastika ağacları, tir, qumla doldurulmuş kisəciklər, müxtəlif rəngli
bayraqcıqlar, hündürlüyə tullanma dayaqları və s. yoxdursa, onda sinif müəllimi bunları yuxarı sinif
şagirdlərinin köməyi ilə, əmək təlimi emalatxanasında düzəltdirməlidir.
3. Ümuminkişaf hərəkət kompleksləri yerli iqlim şəraiti nəzərə alınmaqla tərtib olunmalıdır.
Sentyabr, oktyabr, noyabr, aprel, may aylarında təxminən sürəti, cəldliyi və dözümlülüyü inkişaf etdirən,
dekabr, yanvar, fevral, mart aylarında isə güc və qüvvə tələb edən hərəkət kompleksləri seçilməlidir.
Çünki isti aylarda orqanizm güc, qüvvə tələb edən hərəkətləri yerinə yetirmək qabiliyyətinə o qədər hazır
olmur. Bu zaman əzələ boşalır, onun qüvvəsi, işgörmə qabiliyyəti aşağı düşür. Soyuq havada isə əksinə,
yəni əzələ daha möhkəm olur, onun qüvvəsi xeyli artaraq güc tələb edən hərəkətlərə qarşı daha davamlı
olur.
4. Hərəkət kompleksləri konsentrik olaraq tərtib edilməlidir. Yəni müəyyən bir əzələ qrupunu
inkişaf etdirmək üçün verilən kompleks hərəkətlər unudulmamalı, bir müddət keçdikdən sonra yenə də
təkrar olunmalıdır. Yaxud, hərəkət kompleksləri elə seçilməlidir ki, o növbə ilə orqanizmin bütün
hissələrinə təsir etmiş olsun.
135
5. Ümuminkişaf hərəkət kompleksləri yarımildə təxminən 3-4 dəfə dəyişdirilməli və bu zaman
şagirdlərin fiziki hazırlığı nəzərə alınmalıdır.
Fiziki hərəkət komplkksləri tərtib olunarkən sinif müəllimi baş bədən tərbiyəsi müəllimi və
məktəb həkimi ilə məsləhətləşməlidir. Hərəkətlərin orqanizmə təsir qüvvəsi (dozası) təxminən də olsa
müəyyənləşdirilməlidir. Hərəkətlər uşaqları yormamalı, həyəcanlandırmamalı, tənəffüs orqanlarına və
sistemlərinə yumşaq təsir göstərməlidir.
Fiziki hərəkətlər yerinə yetirilərkən fiziki yük tədricən artırılmalı, sonra isə azaldılmalıdır. Tədris
ilində uşaqlara verilən fiziki yük hərəkət komplekslərinin mürəkkəbləşdirilməsi və intensivləşdirilməsi
hesabına artırılmalıdır. Şagirdlərin hərəkətləri daha yaxşı icra etməsi məqsədi ilə dərs keçilən yerdə
plakatlar, sxemlər və illüstrativ şəkillər asmaq lazımdır.
Müşahidələr göstərir ki, bəzi məktəblərdə ibtidai sinif şagirdlərinin diqqəti ümuminkişaf hərəkət
kompleksinin 2-ci və ya 3-cü hərəkətindən sonra yayınır, onu icra etməyə həvəs azalır, uşaqlar hərəkəti
inamla yerinə yetirmir, bir çox səhvlər buraxırlar. Bu isə şagirdlərin işgörmə qabiliyyətini aşağı salır. Bəzi
məktəblərdə isə həmin hərəkətləri şagirdlər axıra kimi böyük həvəslə, inamla, səlis yerinə yetirirlər.
Həmin şagirdlərin iş qabiliyyəti və fəallığı daha da yüksəlir. Çünki müəllim, dərs prosesində elə metodiki
priyomlardan istifadə edir ki, onlar ümuminkişaf hərəkətlərinin axıra kimi fəal yerinə yetirilməsinə səbəb
olur. Bu isə müxtəlif növ fiziki hərəkətlərin öyrədilməsinə imkan verir.
Ümuminkişaf hərəkətlərinin böyük fəallıqla yerinə yetirilməsində, ilk növbədə, görmə, eşitmə,
duyğu orqanlarının, habelə hərəkət-əzələ hisslərinin inkişaf etdirilməsində şagirdlərə öz hərəkətlərini
idarə etmələrini öyrətmək xüsusi ilə vacibdir.
Məlum olduğu kimi, şagirdlər müxtəlif səs siqnallarının verilməsi ilə ümuminkişaf hərəkətlərini
daha yaxşı icra edirlər. Buna görə də əl çalmaqla, fitlə, kollektiv şəkildə saymaqla hərəkətləri icra
etdirmək məqsədəuyğundur. Bu zaman hərəkət xarakterinə uyğun olaraq yavaş, orta və sürətli templə
yerinə yetirilməlidir.
Ümuminkişaf hərəkətlərinin yarış elementləri formasında icra etdirilməsi tədrisin səmərəliliyini
yüksəldir. Yarış formasında yerinə yetirilən hərəkətlər müxtəlif siqnallarla, qolu qaldırmaqla, fit
verməklə, əl çalmaqla icra olunmalıdır. Yarış hərəkətlərinin düzgün yerinə yetirilməsi, sürət, çeviklik və
davamlılıq keyfiyyətinin inkişafına, şagirdlərin mənəvi tərbiyəsinə və onların intizamlı olmasına müsbət
təsir edir.
Bakının Yasamal rayonundakı 158 saylı məktəbin müəllimi Rəna Quliyeva yeri gəldikcə
hərəkətlərin yarış formasını da öyrədir. Məsələn, kim döşəməyə üzüquylu uzanmış vəziyyətdən əllərin
köməyi ilə, dizləri bükmədən tez qalxa bilər? Kim qıçlar irəlidə düz olmaqla, oturma vəziyyətindən əllər
boynun arxasında daha sürətlə qalxa bilər? və s. Oyunda sürətlilik, çeviklik və hərəkəti səlis yerinə
yetirənlər qalib hesab edilirlər. İndii də ibtidai siniflərdə tətbiq olunan hərəkət komplekslərinə aid nümunə
verək:
I S İ N İ F
Başa kisəcik qoymaqla hərəkətlər
I. Ç.v. – əsas duruş, əllər beldə, kisəcik başda. 1-2 sayda dirsəklər yaxınlaşdırılmaqla (döş
qəfəsi bir qədər irəli çıxır), pəncələr üzərinə qalxmalı; 3-4 sayda çıxış vəziyyətinə qayıtmalı. Hərəkət 3-4
dəfə təkrar olunur.
II. Ç.v.- əsas duruş, qollar yanlarda, kisəcik sağ əldə. 1-2 sayda qıçı dizdən büküb qaldırmalı, əllə
dabana çatdırmaqla kisəciyi sol ələ ötürməli, 3-4 sayda çıxış vəziyyətinə qayıtmalı, hərəkəti sol qıçı
qaldırmaqla da yerinə yetirmək lazımdır. Hərəkət 4-5 dəfə təkrar edilir.
III. Ç.v. – ayaqlar çiyin bərabərində aralı, əllər aşağıda – Budda, kisəcik başda. 1-2 sayda sağa
dönməklə qolları yana qaldırmalı; 3-4 sayda çıxış vəziyyətinə qayıtmalı. Hərəkət 3-4 dəfə təkrar olunur.
IV. Ç.v. – ayaqlar çiyin bərabərində aralı olmaqla çöməlməli, kisəcik döşəmədə. 1 sayda sol qıçı
düzəldib kisəciyi barmaqlarla tutub qaldırmalı. 2 sayda kisəciyi əvvəlki yerinə qoyub çıxış vəziyyətinə
qayıtmalı. Hərəkət sağ qıçla da yerinə yetirilməlidir.
V. Ç.v. – əsas duruş, qollar qabaqda, kisəcik başda. 1 sayda sol ayağı arxaya aparıb pəncə üstə
qoymalı; 2 sayda çıxış vəziyyətinə qayıtmalı; 3-4 sayda hərəkəti sağ ayaqla təkrar etməli.
Hərəkət hər ayaqla 4 - 5 dəfə təkrar olunur.
136
VI. Ç.v. – əsas duruş, əllər beldə, ktsəcik döşəmədə. 4 sayda hər iki ayaq üstdə, 4 sayda sağ,
sonra isə sol ayaq üstdə, 4 sayda hər iki ayaq üstdə hoppanmalar. Yerində addımlama.
II S İ N İ F
I. Ç.v. – əsas duruş, top əllərdə, irəlidə, 1 – 2 sayda sol əli topla yuxarı qaldırmalı, sağ əli isə
aşağı salıb arxaya aparmalı; 3-4 sayda çıxış vəziyyətinə qayıtmalı.
II. Ç.v. – top sağ əldə, ayaqlar aralı. 1 – 2 sayda sağ tərəfə əyilməklə topu boyun arxasında solə
lə ötürməli; 3- 4 sayda hərəkəti sol tərəfə əyilərək təkrar etməli. Bu zaman topu sağ ələ ötürməli, əlləri
boyun arxasına apararkən nəfəs almalı, əvvəlki vəziyyətə gətirərkən nəfəsi buraxmalı.
III. Ç.v. – əsas duruş, top sağ əldə, çiyin səviyyəsində – qabaqda. Topu döşəməyə buraxmalı, top
döşəməyə dəyib sıçradıqdan sonra 360
o
dönməklə (sağdan) onu tutmalı. Həmin hərəkəti əks tərəfə 360
o
dönmədə (soldan) icra etməli. Bu vaxt top sol əllə döşəməyə buraxılır.
IV. Ç.v.- əsas duruş, sağ əl beldə, top sol əldə – (açıq ovucun içərisində) qabaqda. 1-2 sayda,
həmin vəziyyətdə oturmalı. Bu vaxt sağ qıç düz saxlanılır, sol qıç isə dizdən bükülərək pəncə-daban
üstündə olur; 3-4 sayda çıxış vəziyyətinə qayıtmalı.
V. Ç.v. – əsas duruş, top sağ əldə. 1-2 sayda topu döşəməyə buraxmalı. Dəyib sıçrayan topu sağ
qıçı yuxarı qaldırmaqla diz bükümünün altında tutmalı; 3-4 sayda top sol əldə, sol qıçı qaldırmaqla onu
tutmalı. Hərəkət icra olunarkən gövdəni əyməməli. Qıç diz bükümündən mümkün qədər çox açılmalı və
düz saxlanmalıdır.
VI. Ç.v. – əsas duruş, top sağ əldə. Topu yuxarı atıb arxada əl çaldıqdan sonra döş qarşısında onu
tutmalı. Həmin hərəkəti top sol əldə olmaqla da icra etməli.
VII. Ç.v. – əsas duruş, əllər beldə, top sağ tərəfdən – döşəmədə. Topun üstündən sağdan sola –
sağ ayaqdan sol ayaq üstünə və əksinə hoppanmalı.
VIII. Ç.v. – əsas duruş, əllər beldə. Əvvəlcə növbə ilə (sağ və sol), sonra isə hər iki ayaq üstdə
hoppanmalı.
III S İ N İ F
I. Ç.v. – əllər döş qarşısında. 1 sayda qolları dirsəkdən bükülü vəziyyətdə arxaya dartmalı,
kürəkləri bir-birinə yaxınlaşdırmalı; 2 sayda qolları çıxış vəziyyətinə gətirməli; 3 sayda qolları yanda
dirsəkdən tam açmalı (ovuclar yuxarı baxır); 4 sayda qolları çıxış vəziyyətinə gətirməli. 1-2 sayda nəfəs
almalı; 3-4 sayda nəfəsi buraxmalı. Tənəffüs müntəzəmdir.
II. Ç.v. – əsas duruş, ayaqlar aralı. 1-2 sayda sağ qolu irəlidən yuxarı – arxaya, sol qolu isə
aşağıdan arxaya aparmalı. Dərin nəfəs almalı; 3-4 sayda qolları çıxış vəziyyətinə qaytarmalı. Dərin nəfəs
verilməli. Həmin hərəkəti sol qolu irəlidən yuxarı-arxaya aparmaqla da icra etmək olar. Tənəffüs
müntəzəmdir.
III. Ç.v. – ayaqlar bir yerdə, qollar irəlidə – çiyin bərabərində aralı ( ovuclar aşağı baxır). 1 sayda
sol ayağı yellədərək sağ ələ toxundurmalı; 2 sayda çıxış vəziyyətinə qaytarmalı; 3 sayda sağ ayağı
yellədərək sol ələ toxundurmalı; 4 sayda çıxış vəziyyətinə qayıtmalı. Ayaqlar əllərə çatdırılarkən
gövdənin əyməməli, qıç isə dizdən bükülməməlidir. Əl və ayaqlar bir-birinə toxunan zaman nəfəsi
verməli, çıxış vəziyyətinə qayıdarkən nəfəs almalı.
IV. Ç.v. – ayaqlar çiyin bərabərində aralı, qollar yanda (ovuclar aşağı baxır). 1-2 sayda əlləri sağ
ayağa toxundurmalı (yayvarı); 3-4 sayda çıxış vəziyyətinə qayıtmalı. Hərəkəti, əlləri sağ ayağa
çatdırmaqla təkrar etməli. Əyilərkən nəfəsi buraxmalı, çıxış vəziyyətinə qayıdarkən nəfəs almalı. Əllər
ayağa toxundurularkən qıçları dizdən bükməməli.
V. Ç.v. – dayaqlı çöməlmə. 1 -2 sayda əlləri irəlidə döşəməyə qoymaqla əl və ayaqlar dayaqlı
vəziyyət almalı; 3-4 sayda çıxış vəziyyətinə qayıtmalı.
VI. Ç.v. - Başı sağa və sola döndərməklə yeriş. 1 sayda başı sağa döndərməli, 2 sayda çıxış
vəziyyəti, fasilə (təxminən 1 – 2 sayda), 3 sayda başı sola döndərməli, 4 sayda çıxış vəziyyəti, fasilə,
hərəkət 3 – 4 dəqiqə təkrar olunur.
137
Müəllim I – IV siniflərdə ümuminkişaf hərəkətlərini öyrətməzdən əvvəl onun adını, həcmini,
neçə dəfə təkrar edilməsini şagirdlərə çatdıfrmalıdır. Bu, şagirdlərin hərəkətləri böyük həvəslə yerinə
yetirməsinə səbəb olur. Məsələn, əllər belldə irəli və arxaya əyilmək – 5 dəfə, dizləri bükmədən əlləri
döşəməyə çatdırıb çıxış vəziyyətinə qayıtmaq – 6 dəfə, qolların qabağa və dala dairəvi hərəkəti – 4 dəfə, 4
dəfə də əksinə; ovuclar bir-birinə baxmaaqla, əllər baş üzərində olmaqla yarımçöməlib qalxma – 3 dəfə;
əllər beldə, belin sağdan sola və əksinə dairəvi hərəkəti - 2 dəfə sağa, 3 dəfə sola; arxasıüstə uzanmadan
çöməlmə vəziyyətinə qayıtmaq – 5 dəfə, arxası üstə uzanmadan qolları yuxarı qaldırmaq və əvvəlki
vəziyyətə gətirmək – 4 dəfə; əllər boyun arxasında, ayaqlar çarpaz vəziyyətdə qalxmaq, ilkin vəziyyətə
qayıtmaq və s.
Ümuminkişaf hərəkətlərin müxtəlif əşyalarla, məsələn, iplərlə, kiçik və böyük doldurulmuş
toplarla, qum doldurulmuş kisəciklərlə yerinə yetirmək olar. Belə hərəkətlərə ipi ayaq altından fırlatmaqla
(8 dəfə) hoppanma, fasilə verdikdən sonra yenidən 8 dəfə hoppanma, topu 6-8 dəfə yuxarı atıb – tutma,
topu yuxarı atıb tullanıb onu tutma (5-6), topu yerində və hərəkət zamanı çiləmə və s. hərəkətlər aiddir.
Bütün hərəkətlər müəllimlərin siqnalı, yaxud işarəsi ilə müvafiq templə yerinə yetirilməlidir.
Tapşırıqdan sonra uşaqlar əsas duruş vəziyyətini almalı, sonra qollarını yuxarı qaldırmalı və əksinə aşağı
salmalıdır. Əşyalı və əşyasız hərəkətlərin yuxarıda göstərilən formada icrası müəllimin şagirdlərin
nöqsanlarını yaxşı görməsinə və onların aradan qaldırılmasına imkan yaradır.
Tapşırıq səciyyəli oyunlar. Bədən tərbiyəsi dərslərinin hazırlıq hissəsində müxtəlif məzmunlu,
sadə və cəlbedici oyunların keçilməsi şagirdlərin hərəki fəaliyyətinin artmasına, dərsin intensivliyinin
yüksəlməsinə zəmin yaradır. Lakin müşahidələr göstərir ki, bir sıra müəllimlər oyunları məqsədəuyğun
seçmirlər ki, bu da ibtidai siniflərin bədən tərbiyəsi dərslərinin tədrisinə öz mənfi təsirini göstərməyə
bilməz. Dərsin hazırlıq hissəsi üçün oyunlar seçərkən müəllim 3 cəhətə daha diqqət yetirməlidir:
1.
Oyunlar tədris mahiyyəti daşımalıdır;
2.
Oyunlar uşaqların mənəviyyətana və əxlaqına tərbiyəedici təsir göstərməlidir.
3.
Oyunlar orqanizmi psixoloji və fiziki baxımdan növbəti tədris fəaliyyətinə hazırlamalıdır.
Oyunlar keçirilərkən müəllim onların praktik əhəmiyyəti haqqında şagirdlərə nəzəri məlumatlar
verməklə yanaşı, şagirdləri nizam-intizama, oyun qaydadarına dəqiq əməl etməsinə çalışmalıdır. Məqsədə
nail olmaq üçün oyunun qaydadarı aydın dildə izah edilməlidir. Bu prosesdə əyaniləşqdirməyə – əyani
təlimə geniş yer vermək lazımdır. Əyaniləşdirmə bir tərəfdən tərbiyəvi əhəmiyyət daşıyırsa, digər
tərəfdən tədris fəaliyyətinin müvəffəqiyyətlə keçirilməsi üçün zəruridir.
Bakının Yasamal rayonundakı 173 saylı məktəbin sinif müəlimi Svetlana Məmmədova hazırlıq
hissədə «Diqqətli olun» oyununu keçərkən oyunu şagirlərə aşağıdakı kimi başa saldı: «Mən indi
meydançanın hər hansı bir hissəsinə tərəf gedəcəyəm. Siz isə icazəm olmadan, yerinizdən tərpənmədən
məni diqqətlə müşahidə edin. Elə ki, dayanıb geriyə, sizə tərəf döndüm, onda dağınıq halda mənə tərəf
qaçın. Qaçan zaman bir-birinin qababğına keçməyin, yoldaşı itələməyin. İki addım məndən aralıda rahat
vəziyyətdə dayanıb verəcəyim tapşırıqlara diqqətlə qulaq asın. Burada əsas məqsəd məsafəyə tez çatmaq
deyil, hərəkəti nizam-intizamla düzgün yerinə yetirməkdir». Bundan sonra müəllim işarə, yaxud siqnal
verir, şagirdlər ona tərəf qaçırlar.
Bu oyunda əgər şagirdlər müəllimin işarəsindən əvvəl qaçmışlarsa, yaxud deyilən məsafədə
durmamışlarsa, intizamı pozmuş və məsafə saxlamamışlarsa, hərəkət yenidən təkrar olunur.
Müşahidələrdən aydın olur ki, həmin oyun ilk dəfə keçirilərkən uşaqlar qayda-qanunlara lazımi
səviyyədə riayət edə bilmirlər. Oyunun qaydaları tez-tez pozulur, şagirdlər sürətlə qaçır və düzgün
düzülmürlər. Bunlar isə tədris prosesində zəruri şərtdir. Odur ki, müəllim şagirdlərə fərdi yanaşmalı,
buraxılmış nöqsanları aradan qaldırmaq üçün onlara kömək göstərməlidir. O, həm də yeri gəldikcə bu
hərəkətlərin məktəbdə və ictimai həyatdakı rolunu (kollektiv şəkildə müəllimə müraciət etməkdə,
yeməkxanada əlverişli hərəkət etməklə, paltar asılan yerlərdə, kino-teatrlarda müvafiq yer seçməkdə və
s.) izah etməlidir.
«Diqqətli olun» oyununu bir çox variantlarda aparmaq olar. Oyun komandalarla da yerinə
yetirilə bilər. Məsələn, «Mənə tərəf addımla marş!» (qaçaraq, tullanaraq), «Yerində addımla marş!»
(qaçaraq, tullanaraq). Belə oyunlar keçirilərkən kiçik məktəbyaşlı uşaqların düzgün qaçmasına,
tullanmasına və qamətini şux tutmasına mühüm əhəmiyyət vermək lazımdır. Bütün bunlar şagirdlərin
138
qaçış və tullanmaların texnikasına yiyələnməsinə kömək edir, hər hansı bir obyektə (əşyaya) yaxınlaşmaq
bacarığını və bələdləşmək hisslərinin inkişafına səbəb olur.
Şagirdləri fəallaşdıran, lakin fiziki cəhətdən o qədər də gərginlik tələb etməyən tapşırıq xarakterli
mütəhərrik oyunlara aid bir neçə nümunə verək.
«Fiqurlar». Müəllimin siqnal və işarəsi ilə (bu zaman siqnal və işarə bir dəfə verilir) şagirdlər
sıradan çıxaraq zal və meydançada sərbəst gəzişirlər.
İkinci siqnalda (iki dəfə əl çalmaq və fit vermək) uşaqlar yerində durur və müəllimin tapşırığı
üzrə «fiqurları» yerinə yetirirlər. Məsələn, boksçunun, voleybolçunun, futbolçunun, idman və bədii
gimnastika ilə məşğul olanın çıxış vəziyyətini alırlar.
Üçüncü siqnalda isə (üç dəfə əl çalmaq, fit vermək) şagirdlər sırada öz yerlərini tuturlar (qaçaraq,
qoşa və tək ayaqlı hoppanaraq). Bundan sonra müəllim tapşırığın ən yaxşı icraçılarının adlarını çəkir.
«Ləkə vurmaq». Bu oyun «Qaçdı-tutdu» oyunu da adlanır. Şagirdlər musiqinin müşayiəti ilə
rəqs hərəkətlərini (yanlara, irəli və geriyə) və müxtəlif gəzişləri yerinə yetirirlər. Musiqi kəsilən kimi
uşaqlar öz yerlərində dayanır, qaməti düzgün saxlamaq şərti ilə əsas duruş vəziyyətini alırlar. Aparıcı
tapşırığın necə icra olunmasını yoxlayır. Kim əsas duruş vəziyyətini düzgün almamışsa, o «ləkələnir»,
yəni ona əl və ya topla toxunurlar. Oyun bir neçə dəfə təkrar edilir. Oyunda ləkələnməyən uşaq qalib
hesab olunur.
Həmin oyunu şagirdlərin zal və ya meydançada müstəqil gəzişməsi ilə də yerinə yetirmək olar.
Bu zaman tapşırıqlar müəllimin işarəsi, yaxud siqnalı ilə icra olunur.
«Öz bayrağına doğru». Şagirdlər 3-5 komanda da sıraya düzülürlər. Komanda kapitanlarının
bayraqları müxtəlif rəngdə olur. Müəllim «Dağılın!» komandası verir. Bu zaman kapitanlardan başqa
hamı zalda (meydançada) müəllimin tapşırığı və musiqinin müşayiəti ilə müvafiq hərəkətlər edirlər.
«Dur!» komandasında şagirdlər dayanaraq gözlərini yumur və yerində gözəl qamət vəziyyəti
alırlar (qamət üzrə əvvəl öyrənilmiş hərəkətlərdən biri yerinə yetirilir). Bu vaxt kapitanlar yerlərini
dəyişirlər.
«Öz bayrağına doğru!» komandasında isə oyunçular gözlərini açır və öz kapitanlarına doğru
qaçırlar. Sonra əl-ələ tutub rəqs edirlər. Hərəkətləri düzgün və tez yerinə yetirən komanda qalib gəlir.
Oyunu 3 dəfə təkrar etmək olar.
«Bayquşcığaz». Oyun top və kisəciklərlə keçirilir. Oyunda ediləcək hərəkətlər şagirdlərə
qabaqcadan öyrədilir. Hərəkətlər musiqinin müşayiəti ilə yerinə yetirilir. Musiqi dəyişən kimi oyun
başlanır. Hamı öz vəzifəsini icra edir. Yəni bayquş (aparıcı) qamətini düzgün tutmayanı, yaxud kisəciyi
(topu) döşəməyə salanı öz yuvasina aparır. Oyun 4-5 dəfə təkrar olunur. «Bayquşcığaz» tərəfindən heç
aparılmayan oyunçu oyunun qalibi hesab olunur.
Oyunun təşkili və gedişindən göründüyü kimi, dərsin hazırlıq hissəsində verilən həmin
mütəhərrik oyunlar şagirdlərin musiqi qabiliyyətini, estetik zövqünü artırır, sürət, çeviklik, dözümlük
kimi fiziki-psixoloji keyfiyyətləri inkişaf etdirir, onları tədris fəaliyyətinə hazırlayır.
2.2. Dərsin əsas hissəsi
a) Dərsin əsas hissəsinin mahiyyəti və vəzifələri. Dərsin əsas hissəsi – 25-30 dəqiqə davam
edir. Dərsin əsas hissəsində ardıcıl surətdə yeni bilik, bacarıq və vərdişlər öyrədilir. Hərəkət vərdişləri
formalaşdırılır, həm də hərəkət texnikasının mənimsənilməsi, təkmilləşdirilməsi, öyrədilən materialların
daha da dərinləşdirilməsi, hərəkətlərin kəmiyyətcə tədricən artırılması və s. işlər həyata keçirilir. Bununla
bərabər, dərsin əsas hissəsində güc, çeviklik, davamlılıq artırılır, möhkəm iradə, əxlaqı keyfiyyətlər
tərbiyə olunur. Fiziki hazırlıq və fiziki inkişaf yüksəldilir. Əsas hissədə proqramın aşağıdakı
materiallarından istifadə olunur: əşyasız və əşyalarla ümumi inkişafetdirici hərəkətlər, rəqs hərəkətləri,
yeriş, qaçış, cisim atmaq, tullanmalar, kəndirə dırmaşmaq və dırmaşıb aşmaq, müvafiq rəqs hərəkətləri,
ümumi inkişafetdirici elementlərə malik oyunlar, sürətlə qaçmaq üçün oyunlar və s.
Dərsin əsas hissəsində mövcud sinfin proqramdakı hərəkətlərin hamısından istifadə etmək olar.
Dərsin əsas hissəsi aşağıdakı təhsil, tərbiyə və gigiyenik (sağlamlıq) vəzifələri yerinə yetirilir;
şagirdlərin sağlamlığını möhkəmləndirir və fiziki inkişafına kömək edir; qaçış, tullanma, cisim atma,
dırmaşma, müvazinət hərəkətləri üzrə bacarıq və vərdişləri formalaşdırır, təkmilləşdirir; hərəkətin bu
növlərinin düzgün əsasını yaradır, yeni hərəkət növləri təlim edir; hərəkət keyfiyyətlərini inkişaf etdirir;
139
sakit vəziyyətdə və hərəkət zamanı qaməti düzgün saxlama vərdişlərini formalaşdırır; şagirdləri «Vətənin
müdafiəsinə hazıram» fiziki tərbiyə hərəkətlərini tədricən yerinə yetirməyə hazırlaşdırır; bədən tərbiyəsi
və idman sahəsində məlumatlar verir; mənəvi – iradi keyfiyyətlər tərbiyə etdirir; mədəni davranış
vərdişlərini formalaşdırır; bədən tərbiyəsi ilə məşğul olmaq üçün möhkəm vərdiş və maraq tərbiyə edir;
idman məşğələlərinə həvəs yaradır.
Dərsin əsas hissəsinin qarşısında aşağıdakı mühüm vəzifələr yerinə yetirilir:
1. Fiziki tərbiyə üzrə ardıcıl surətdə yeni biliklər mənimsənilir, yeni bacarıqlar qazanılır və
vərdişlər aşılanır;
2. Mənimsənilmiş hərəki vərdişlər formalaşdırılır. Hərəkətin yerinə yetirilməsi texnikası və onun
təkmilləşdirilməsi başa çatdırılır;
3. Fiziki hərəkətlər üzrə tədris materialları daha da dərinləşdirilir, hərəkətlər tədricən kəmiyyətcə
artırılır;
4. Güc, çeviklik, dözümlülük, cəldlik, sürət hərəki keyfiyyətləri inkişaf etdirilir;
5. Şagirdlərin fiziki hazırlığı və fiziki inkişafı yüksədilir;
6. Möhkəm iradə, əxlaqi-mənəvi, estetik keyfiyyətlər və əməksevərlik tərbiyə olunur.
Əsas hissənin qarşısında qoyulmuş vəzifələrin həyata keçirilməsində fiziki tərbiyənin aşağıdakı
vasitələrindən – bütün fiziki hərəkətlərdən, o cümlədən, qamət üçün hərəkətlərdən, müvazinət, dırmaşma,
rəqs, cisim atma, həmçinin müxtəlif növ mütəhərrik oyunlardan istifadə olunur. Bundan əlavə, dərsin əsas
hissəsində şagirdlərin müvafiq (əsas hissəsinin tədris materialına uyğun) hərəki bacarıq və vərdişlərə
yiyələnməsi, orqanizmin ümumfiziki yükə hazırlanması məqsədilə xüsusi və ümuminkişaf
hərəkətlərindən, mütəhərrik oyunlardan da istifadə edilir.
Qeyd etməliyik ki, bədən təbiyəsi dərslərinin effektli olması əsas hissəsinin düzgün təşkilindən
asılıdır. Çünki əsas hissədə qarşıya qoyulmuş başlıca vəzifələr – hərəkət texnikasının öyrənilməsi kimi
vacib bir proses həyata keçirilir və fiziki hərəkət keyfiyyətləri inkişaf etdirilir. Dərsin əsas hissəsinin
düzgün təşkili və keçirilməsində kömək edə biləcək bir sıra pedaqoji – metodik amillər mövcuddur. Biz
indii yalnız üç məsələni: bədən tərbiyəsi dərsinin əsas hissəsində şagirdlərin fəallığının artırılması və
onların fəaliyyətinin tapşırıqlar üzrə səmərəli təşkilini, meydançanın düzəldilməsini, ləvazimat və
avadanlıqla təmin olunmasını şərh etməyi nəzərdə tuturuq.
b) Dərsin əsas hissəsində şagirdlərin fəallığının yüksədilməsi. Bədən tərbiyəsi dərsinin əsas
hissəsinin səmərəli təşkili şagirdlərin məqsədyönlü formalaşması və tədris fəaliyyətinin artırılması ilə sıx
bağlıdır. Hazırlıq hissədə olduğu kimi, əsas hissədə də qarşıya qoyulmuş vəzifələr konkret olması və onun
mahiyyəti şagirdlərin nəzərinə çatdırılmalıdır. Məqsəd və vəzifənin düzgün seçilməsi, bir-birinə
uyğunlaşdırılması şagirdlərin hərəkət fəallığını yüksəldir. Bundan başqa, onların idman göstəricilərinə
daha tez nail olmasına, hərəkət texnikasına sürətlə yiyələnməsinə kömək edir. Bura şagirdlərin yaş
xüsusiyyətlərini, bilik, bacarıq və vərdişlərini, fiziki hazırlığını nəzərə almaq lazımdır.
Məktəblərdə apardığımız müşahidələr göstərir ki, ibtidai sinif şagirdləri bədən tərbiyəsi dərsləri
üçün müəyyənləşdirilmiş məqsəd və vəzifəni o qədər də asan və tez anlamırlar. Odur ki, hər hansı bir
fiziki hərəkət, ya mütəhərrik oyun verilirsə, mütləq onun məna və praktik əhəmiyyəti şagirdlərə izah
olunmalıdır.
Yasamal rayonundakı 52 saylı məktəbin sinif müəllimi Arifə Quliyeva tədris prosesində bu
məsələyə həmin baxımdan yanaşır. O, hərəkəti keçməzdən əvvəl onun sağlamlıq və həyati əhəmiyyətini
ətraflı şəkildə başa salır. Məsələn, müəllim akrobatika üzrə «Oturmadan əlləri yerə dayaq verib irəli və
geri aşmaq, arxası üstə uzanmadan bədəni yığcam hala salmaq dayaqlı çöməlmədən irəliyə və geriyə
mayallaq aşmaq, dayaqlı çöməlmədən irəliyə mayallaq aşmaq və bədəni yığcam vəziyyətə gətirib
qalxmaq» (II sinif) hərəkətlərini öyrətməzdən əvvəl, onun insan orqanizmi üçün nə kimi əhəmiyyəti
olduğunu şagirdlərə aşağıdakı kimi izah edir:
O, deyir: «Uşaqlar (oğlanlara) siz yəqin ki, hamınız futbol oynamağı sevirsiniz, bir çoxunuz isə
həyat və meydançalarda futbol oynamaqdan doymursunuz. Sizlərdən hər biriniz çalışır ki, öz komandası
qalib gəlsin, özünüz də qol vurmağa ciddi səy göstərirsiniz. Top rəqib komandanın qapısından keçəndə
şənlənirsiniz. Uşaqlar, kim daha yaxşı futbol oynamaq və sağlam olmaq istəyirsə, bilirsiniz nə etməlidir?
Bax, o, ilk növbədə, cəldliyini, çevikliyini, habelə bədənin elastikliyini, daha çox isə fiziki yükə qarşı
140
dözümlülüyünü və gücünü artırmalıdır. Həmin işdə bu gün keçəcəyimiz hərəkətləri daha
yaxşı
öyrənmək böyük əhəmiyyətə malikdir».
Bundan sonra müəllim hərəkətin adını söyləyir və onu icra etmək qaydalarını uşaqlara göstərir.
Dərsin axırında isə şagirdlərə akrobatikanın gigiyenik əhəmiyyəti haqqında qısa məlumat verir.
İndii də müəllimin başqa bir təcrübəsinə müraciət edək. Müəllim «Bir sırada yeriş, sol ayaqdan
yeriş, meydança ətrafı (zal) addımlama» (I sinif) mövzuları üzrə hərəkət texnikasını şagirdlərə
öyrətməzdən əvvəl bu hərəkətin düzgün icra olunmasının xarici gözəlliyə, cəld, gözəl və ritmik yerişə
yiyələnməkdə nə kimi rol oynadığını konkret və aydın şəkildə şərh edir. Sonra o, şagirdlərin qarşısında
belə bir maraqlı sual qoyur: Kim deyər, əsgərlər körpüyə çatanda onlara nə üçün belə bir komanda verilir:
addımlamaq sərbəstdir! Yəni, bu o deməkdir ki, bütün əsgərlər körpüdən keçərkən addımlarını eyni
vaxtda yerə qoymaya bilərlər. Müəllim şagirdlərin köməyi ilə sualın cavabını izah edir. Beləliklə,
şagirdlər öyrənirlər ki, 8-10 sıra ilə ahəngdar nizami yerişlə addımlayan əsgərlər eyni vaxtda ayaqlarını
körpü üstündə yerə vurursa, bu körpünün uçmasına və ya tezliklə sıradan çıxmasına səbəb ola bilər. Sonra
müəllim şagirdlərə «Bir sırada yeriş, sol ayaqla yerişə başlamaq» və s. hərəkətlərə oxşar düzülmə
elementlərini öyrədir.
I – IV siniflərdə böük və kiçik toplarla hərəkətlər, cisim atmaq, sürünmə, müvazinət, dırmaşma,
aşma, qaçış və s. kimi tədris materialının praktik vacibliyi mənimsədilməklə yanaşı, onlar həyati
misallarla da əlaqələndirilməlidir. Hər iki hal bütövlükdə kiçik məktəbyaşlı şagirdlərin hərəkət fəallığını
artırmaqla yanaşı, həm də onların bilik, bacarıq və vərdişlərə yiyələnməsinə yaxından kömək edir.
Məsələn, topu yuxarı atmaq və geriyə dönməkdə tutmaq, topu döş qarşısında bir-birinə atıb-tutmaq və s.
hərəkət elementləri öyrədilirsə, eyni zamanda şagirdlərin düzgün yer seçməyi, topu yoldaşa necə
ötürməyi, topu harada və necə qəbul etməyi, bu vaxt əl, ayaq və qıçların vəziyyəti qeyd edilməlidir.
Bundan başqa, ötürülən topun səmtini gözəyarı təyin etməyə aid şagirdlərə metodik məsləhətlər
verilməlidir. Öyrətmə prosesində şagirdlərə aid idman kinofilmlərinin göstərilməsi, yeri gəldikcə kadrları
dayandırıb izahat vermək, habelə kinofilm materialının yekunlaşdırılması və bu zaman şagirdlərlə sual –
cavab keçirilməsi hərəkət fəallığının artmasında və əsas hissənin səmərəli təşkilində vacib şərtlərdəndir.
Müəllim əsas hissə üçün vəzifələr müəyyənləşdirərkən onun şagirdlərin şəxsi marağına səbəb
olmasını da nəzərdə saxlamalıdır. Məlum olduğu kimi, kiçik məktəbyaşlı uşaqlar bir-birilə bəhsə girməyə,
yarışmağa, hər hansı bir tapşırıq üzrə qələbə çalmağa can atırlar. Bu cür keyfiyyətlərin yaranmasında və
inkişafında əsas hissə materialının yarış formasında keçirilməsi xüsusilə faydalıdır. Tədris prosesində
keçirilən yarış əsasən iki istiqamətdə aparıla bilər: 1) hərəkət texnikasının dəqiq və düzgün yerinə
yetirilməsi; 2) idman göstəricilərinin müəyyənləşdirilməsi )bu uzununa və hündürlüyə tullanma, qaçış və
s. üzrə ola bilər).
Tədrisin yarış və oyun formasında keçirilməsi şagirdlərin əhval-ruhiyyəsini yaxşılaşdırır, onların
tədris - iş qabiliyyətini yüksəldir, tədris fəaliyyətinə dözümlüyünü artırır.
Müşahidə olunmuşdur ki, bəzi müəllimlər dərsdə mütəhərrik oyunların düzgün təşkili və
keçirilməsinə lazımi əhəmiyyət vermirlər. Bəzi oyunlar isə həddən artıq təkrar olunur. Bir çox hallarda
mütəhərrik oyunlar keçirilərkən nizam-intizam pozulur, şagirdlər arasında narazılıq yaranır. Bütün bunlar
öz-özlüyündə tədris prosesinin istənilən səviyyədə qurulmasına bu və ya digər dərəcədə mane olur. Oyun
prosesinin aşağı səviyyədə keçməsinə 3 pedaqoji amil daha mənfi təsir göstərir: 1) müəllimin nəzəri
hazırlığının aşağı olması; 2) proqramdakı oyunların məzmununun, onların oynama qaydalarının şagirdlərə
lazımi səviyyədə çatdırılmaması; 3) oyunun uşaqların yaşına və fiziki inkişafına uyğun seçilməməsi və
maraqsız keçirilməsidir.
Oyunun maraqsız və şagirdlərin yüksək hərəkət fəallığı şəraitində keçilməməsinə zəmin yaradan
əsas səbəblərdən biri də təlim prosesinin ikitərəfli deyil, birtərəfli aparılması, müəllim və şagird arasında
qarşılıqlı əlaqənin düzgün təşkil olunmamasıdır. Başqa sözlə desək, şagirdlər oynayır, müəllim isə dərs
zamanı qeyri-fəal müşahidəçiyə çevrilir. Müəllimin qeyri-fəallığı şəraitində keçən həmin oyun, əslində,
tərbiyəedici xarakter daşımır, əksinə, şagirdlərin mənəvi tərbiyəsinə mənfi təsir göstərir. Bu isə uşaqların
kortəbii olaraq yalnız fiziki işlə, yəni fiziki hərəkətlərlə təmin edir.
Şübhəsiz ki, dərsdə keçilən oyun şagirdlərin təlim-tərbiyəsinə yönəldilməlidir. Həmin prosesdə
şagirdlərin fəallaşdırılması, oyuna marağın artırılması ön plana keçməlidir. Oyunların maraqlı və fəal
şəraitdə keçməsində, onun uşaqların yaşına münasibliyi, müxtəlifliyi mühüm şərtdir. Bundan əlavə, hər
141
hansı bir mütəhərrik oyun keçərkən, müəllim şagirdlərə oyun qaydalarını gözləməyi, öz komanda yoldaşı
ilə əlaqə saxlamağı, bir-birini başa düşməyi, rəqib komandanın üzvləri ilə fəal mübarizə aparmaq kimi
bacarıq və vərdişləri aşılamalıdır. Buna görə də müəllim, gimnastika tədris materiallarında olduğu kimi,
oyun dövründə də iki pedaqoji məsələyə diqqət yetirməlidir. Əvvəla o, oyunun hərəkət texnikası, onun
qaydaları və bu qaydaların həyata keçirilməsi üzrə şagirdlərə nəzəri məlumatlar verməlidir: oyunun
orqanizmə təsiri, tərbiyəedici xarakteri, onun gimnastika hərəkətləri ilə əlaqəliliyi qısa və konkret şəkildə
şagidlərə izah olunmalıdır.
Bütün bunlardan sonra oyuna başlamalı, onun məzmunu şagirdlərə öyrədilməlidir. Oyun
haqqında məlumat vermək, onun keçirilməsi texnikasının öyrədilməsi ilə kifayətlənmək tədris işinin bir
cəhətidir. Burada oyunun taktiki variantlarının şagirdlərə çatdırılmasının özü də vacib amildir. Mütəhərrik
oyunlar zamanı şagirdlərə söylənilməli taktiki variantlara komandanın özünə başçı seçməsi və hamının
onu eşitməsi, hər bir oyunçunun gücündən düzgün istifadə edilməsi, hərəkət enerjisinin oyun müddətində
düzgün bölüşdürülməsi, oyuna başlamaq və müvəffəqiyyətlə finiş etmək, rəqib komandanın qüvvətli və
zəif cəhətlərini öyrənib hərəkət etmək və s. daxildir. Oyun prosesində dözümlü və təmkinli olmaq tövsiyə
edilməlidir. Oyun zamanı ibtidai sinif şagirdlərinin fəallığının səmərəli təşkilində məzmuna münasib
metodikanın seçilməsi də başlıca rol oynayır. Biz burada şerli-nəğməli oyunların şer deməklə, avazla
oxumaqla, musiqinin müşayiətilə keçirilməsini mühüm amil kimi nəzərdə tuturuq. Təəssüf ki, əksər
müəllimlər oyun prosesində şagirdlərin fəallığının artırılması məqsədi ilə qabaqcadan heç bir hazırlıq
işləri görmürlər. Xüsusilə, şerli oyunların nə sözləri əzbərlənir, nə də avazla oxunmasına səy göstərilir.
Əlbəttə, oyunun sönük keçməsinə, maraqsız olmasına belə bir vəziyyət mütləq mənfi təsir göstərir. Buna
görə də müəllim şer səciyyəli oyunların sözlərini əvvəlcədən uşaqlara öyrətməli və musiqisini
mənimsətməlidir.
Sabunçu rayonundakı 72 saylı məktəb-liseyin ibtidai sinif müəllimi Dinar İbişova
«Kosmonavtlar» oyununu öyrədərkən həmin məsələlərə xüsusi diqqət yetirir. O, «Kosmonavtlar»
oyunundakı şeri öyrənmək üçün şagirdlərə ev tapşırığı verir. Uşaqlar növbəti dərsə oyunun sözlərini
öyrənib gəlirlər. Oyunun avazzla oxunması dərsdə təşkil olunur. Oyun belə başlanır: uşaqlar əl-ələ
tutaraq avazla oxuyurlar:
Sürətli raketlər gözləyir bizi
Uçub planetdə gəzməyimizi.
Biz hansını istəsək
Onunla uçarıq.
Oyunda bir sirr var
Gecikənə yoxdur yer.
Axırıncı söz deyilib qurtardıqdan sonra uşaqlar tapşırıq üzrə qaçırlar. Oyunun məzmunundan
məlumdur ki, bütün «raketdromlarda olan dairələrin cəmi şagirdlərin sayından az olur. Şeri oxuduqdan
sonra, qaçıb raketdromda olan dairələrin birində özünə yer tuta bilməyən oyunçu uduzmuş hesab olunur.
Bunlar meydançanın mərkəzindəki dairənin ortasında toplaşırlar. Yer tutanlar isə uçuş yollarını elan
etməklə (Yer-Ay-Yer-Mars-Yer-Venera-Yer və s.) özlərini kosmosda gəzən kimi təsəvvür edirlər. Sonra
bütün uşaqlar bir yerə toplanıb dairə üzrə düzlənir və əl-ələ tutub, dairə boyunca gedərək, oyunu bir neçə
dəfə təkrar edirlər.
Oyun prosesinin təhlilindən aydın olur ki, bir tərəfdən şagirdlərin avazla oxuması, digər tərəfdən
raketdromlarda özünə yer tuta bilməyənlərin şagirdlər qarşısında rəqs etməsi, yaxud da müəyyən idmançı
fiquru göstərməsi (bu elementi oyuna müəllim özü əlavə edib), oyunun yarış formasında keçirilməsi
şagirdlərin hərəkət və zehni fəallığına, onlarda müsbət emosiyanın yaranmasına səbəb olur. Oyun vaxtı
fəallıq göstərilməsi, həmçinin şagirlərin qısa bir vaxtda oyunun hərəkət texnikası və taktikasına
yiyələnməsinə də kömək edir.
Bir cəhəti də qeyd etmək lazımdır ki, oyun qaydalarına, onun texniki fəndlərinə və taktikasına
bütövlükdə, yəni kompleks şəkildə yiyələnmək şagirdlərdə kollektivçilik, əməksevərlik keyfiyyətlərinin
aşılanmasına, habelə dostluq, yoldaşlıq, çətin gündə yoldaşın köməyinə gəlmək, vətənpərvərlik,
beynəlmiləlçilik, düzlük və doğruçuluq hisslərinin inkişafına zəmin yaradır. A.S.Makarenko düzgün
təşkil edilmiş oyunları yüksək qiymətləndirir və bu haqda yazır: «Uşvq oyunda necədirsə, böyüyəndən
142
sonra işdə də bir çox cəhətdən elə olacaqdır. Ona görə gələcək xadimin tərbiyəsi, hər şeydən əvvəl, oyun
prosesində keçir»
119
.
İbtidai sinif şagirdlərində səmti tapma bacarığının və dözümlüyünün inkişaf etdirilməsində, məkan və
zaman anlayışları haqqında təsəvvürlərin yaradılmasında, şagirdlərin qüvvəsi ilə oyun meydançasının
(zalın) nişanlanması xüsusi əhəmiyət kəsb edir. Nişanlanma əməliyyatı «Sərhədin» çəkilməsində, «Evin»
tikilməsində və estafet oyunlarında start və finiş xəttinin müəyyənləşdirilməsi zamanı aparıla bilər.
Şagirdlər çəkilmiş xətlərin məqsəd və mahiyyətinə uyğun hərəkət etməlidirlər. Yəni onlar oyunda, rəqibin
«evinə» daxil olmadan onu çəkib çıxartmalı, işarə verilməmiş «sərhədi» keçməməli, öz mərhələsini qaçıb
qurtarmamış estafet ağacını digər komandanın üzvünə ötürməməli, qısa məsafəyə qaçışda başqasının
qabağına keçməməli, öz yolu ilə qaçmalıdırlar və s.
Oyun zamanı bəzən oyun qaydaları (oyun qaydasını bilmədikdə) qəsdən, yaxud təsadüfən
pozulur.
Əgər uşaq oyunun qaydasını qəsdən pozursa, o mütləq müvafiq şəkildə cəzalandırılmalı, ya
müvəqqəti olaraq oyundan kənar edilməli və ya da töhmətləndirilməlidir. Bilmədən oyunun qaydası
pozulduqda isə bir daha oyun qaydasını şagirdə izah etmək lazımdır, onun qıraqda dayanıb nümunəvi
oyun nümayiş etdirənlərin oyununa baxması təşkil olunmalıdır. Təsadüfən oyunun qaydası pozulduqda
isə xəbərdarlıq edilməlidir.
Topla oyunlarda şagirdlərə əvvəlcə topla rəftar etmək qaydasını (topun qəbulu və ötürülməsi
üzrə elementar texniki fəndləri) öyrətmək lazımdır. Bundan sonra topun sürətlə atılması və müxtəlif
vəziyyətlərdə qəbulu (döş qarşısında, baş üzərində, aşağıda və s.), topun bir-birinə iki əllə və ya sağ (sol)
ələ ötürülməsi, daha sonra yeriş, qaçış, hoppanma və dönməklə topun ötürülməsi öyrənilməlidir.
Tədqiqat göstərir ki, şagirdlər bütövlükdə oyun dövründə, həmçinin onun ayrı-ayrı
mərhələlərində qayda – qanunların və texniki fəndlərin öyrədilməsində və taktiki variantların həyata
keçirilməsində formalaşırlar. Məsələn, əgər müəllim «Ördəklər və ovçular» oyununu keçirsə o,
hücumçulara («ovçulara») hücum, «ördəklərə» isə müdafiə taktikasını öyrətməlidir. «Ovçular»
bilməlidirlər ki, «ördəkləri» vurmaq üçün topu («ördəklərə») yaxın yoldaşa ötürmək lazımdır. Çünki
qəflətən belə vəziyyətin yaradılması «ördəyin» hədəfdən yayınmasını xeyli çətinləşdirir. «Ördəklər» isə
hədəfdən qaçmaq üçün bir yerdə dayanmamalı, o tərəf- bu tərəfə hoppanmalı, diqqəti daima topda olmalı,
onun uçma istiqamətini müəyyənləşdirməli, «təhlükə» zamanı daha da cəldldik və çeviklik göstərməlidir.
Göründüyü kimi, mütəhərrik oyunun taktikasına yiyələnmək şagirdlərin hərəkət fəallığını artırmaqla
yanaşı, həm də onları formalaşdırır, tədris prosesinə olan marağını yüksəldir. Bütün bunlar oyunun
səmərəli təşkili və keçirilməsini təmin edir.
2.3.Dərsin tamamlayıcı hissəsi.
Dərsin tamamlayıcı hissəsi 3-5 dəqiqə davam edir. İbtidai siniflərdə bədən tərbiyəsi dərslərinin
tamamlayıcı hissəsinin qarşısında duran xarakterik vəzifələr bunlardır:
- ayrı-ayrı əzələ qruplarını yüksək fiziki yükdən azad edib, gərginliyini azaltmaq və adi normal
vəziyyətə gətirmək;
- dərsin əsas hissəsində verilən fiziki yükü tədricən aradan qaldırmaq, yəni bədəni sakitləşdirmək
və dərsin başlanğıc vəziyyətinə yaxınlaşdırmaq;
- tənəffüs, sinir sistemi və ürək – damar sisteminin fəaliyyətini azaldıb, təxminən dərsəqədərki
vəziyyətə endirmək;
- şagirdlərin səhhətinin emosionallığını nizama salmaq;
- dərsə yekun vurmaq və qısamüddətli izahat işləri aparmaq, şagirdlərə ev tapşırığı vermək;
- bədəni əvvəlki vəziyyətə gətirmək məqsədilə yeriş zamanı yerində və hərəkətdə olarkən
orqanizmi sakitləşdirici hərəkətlər, həmçinin tənəffüs hərəkətləri icra etmək;
- müəllim tərəfindən şagirdlərin müvəffəqiyyətini qiymətləndirmək;
- dərsə aid qeydləri şagirdlərə çatdırmaq, xüsusən şagirdlərin nöqsanını və müsbət cəhətlərini
onların nəzərinə çatdırmaq.
119
А.С.Макаренко. Сечилмиш педагожи ясярляри, «Азярбайъан мяктяби» журналынын няшри, Бакы, 1950-ъи ил, сящ.
376.
143
Tamamlayıcı hissənin böyük təlim-tərbiyəvi əhəmiyyəti vardır ki, bu da orqanizmi normal
fəaliyyətə gətirməklə bərabər, həm də zehni yorğunluğu aradan qaldırmaqdan ibarətdir. Bu isə zehni
əməklə fiziki əməyin növbələşməsi deməkdir. Dərsin tamamlayıcı hissəsində adi yeriş, qaçış (asta),
diqqəti cəlbedici və qamət hərəkətləri, rəqs hərəkətləri və müxtəlif növ sadə mütəhərrik oyunlar keçirilir.
Bütün bunlar ürək – dammar, tənəffüs və sinir sisteminin funksional gərginliyinin tədricən aşağı
düşməsinə, bədənin elastikliyinin artmasına, uşaqların əhval-ruhiyyəsinin yaxşılaşdırılmasına yönəldilir.
Tədris keyfiyyətinin yüksədilməsində hazırlıq və əsas hissədə olduğu kimi, tamamlayıcı hissədə
də təşkili işlərə xüsusi diqqət yetirmək lazımdır. Dərsin gündəliyinə tamamlayıcı hissə üçün elə fiziki
hərəkətlər və mütəhərrik oyunlar daxil etmək lazımdır ki, bunlar həm sadə, həm də hazırlıq və əsas
hissədə keçilən tədris materialına uyğun olsun, bir növ onları sadə şəkildə tamamlasın. Məsələn, müəllim
dərsin əsas hissəsində «Bir-iki saymaq» qaydasını öyrədirsə, o, tamamlayıcı hissədə həmin qaydanı
bilavasitə öyrədən oyunlardan, fiziki hərəkət elementlərindən istifadə etməlidir. Əgər müəllim
tamamlayıcı hissədə əsas hissədə öyrədilmiş «Bir-iki saymaq» qaydasını bir daha dərinləşdirmək və ya
təkrarlamaq məqsədini qarşıya qoymuşsa, o, əvvəlcə şagirdlərə bir- iki saydırır, hamı öz nömrəsini yadda
saxlayır və nömrələr üzrə verilmiş tapşırıqları icra etməyə başlayır: bir sayanlar əllər baş arxasında
olmaqla – 4 sayda pəncələr üzərində yeriyir; iki sayanlar əllər beldə, yarımçömələrək ikinci sayda
irəliləyirlər. Növbəti 4 sayda 1-ci nömrələr hərəkəti çömələrək, 2-ci nömrələr isə pəncələr üstə yeriməklə
icra edirlər. Həmin hərəkətlər əks istiqamətdə (geriyə dönməklə) bir sırada yerişlə də yerinə yetirilə bilər.
Bir – iki saymaqla icra olunan hərəkətləri sağa (sola) dönüb cərgə ilə addımlamaqla da yerinə yetirmək
olar. Göründüyü kimi, tamamlayıcı hissə üçün hərəkətlərin əsas hissəyə uyğun seçilməsi bir tərəfdən
tədris məqsədi daşıyır, uşaqların zehnini inkişaf etdirir və onlardan daha diqqətli olmağı tələb edir, digər
tərəfdən də orqanizmin funksional fəaliyyətini dərsəqədərki vəziyyətə yaxınlaşdırır. Tamamlayıcı
hissənin materialları əsas hissənin tədris materiallarına uyğun seçilməsi, şagirdlərin eşitmə, görmə və
hissetmə, düyğu orqanlarını inkişaf etdirir, dərsə marağı artırır, fiziki hərəkətləri könüllü yerinə yetirməyə
zəmin yaradır.
Müşahidələr göstərir ki, bəzi sinif müəllimləri tamamlayıcı hissəni düzgün keçirmir və həmin
prosesin təhsil-tərbiyəvi əhəmiyyətini nəzərə almırlar. Şagirdləri əsas hissədə aldığı fiziki yükdən sonra
birbaşa soyunub-geyinmə otağına, oradan da sinfə göndərirlər. Bunlar tənəffüs dövründə şagirdlərin səs-
küy salmasına, intizamsızlığına və növbəti dərsə marağı və zehni fəallığın zəifləməsinə səbəb olur.
Müasir dərsə verilən tələblərdən biri də onun digər dərslə əlaqəli təşkili və keçirilməsidir. Bu
baxımdan tamamlayıcı hissənin digər tədris fənləri ilə əlaqələndirilməsi xüsusi zərurət təşkil edir.
Şagirdlərin zehni fəallığını yüksəltmək, onları təbiət haqqında anlayışlarla tanış etmək və ya bu sahədə
təsəvvür yaratmaq məqsədilə mütəhərrik oyunlardan istifadə etmək vacibdir. Hərəkətlər cərgədə
durmaqla icra olunarsa, müəllim əvvəlcə uşaqlara meydançada (zalda) cəhətləri təyin etməyi öyrədir.
Bundan sonra onların nəzərinə çatdırır ki, hansı cəhətin adı çəkilsə, o istiqamətə dönüb, verilən tapşırığı
yerinə yetirsinlər. Tapşırıq: «şimal» - əllər beldə; «cənub» - əllər boyun arxasında;, «şərq» - qollar
yuxarıda; «qərb» - qollar aşağı və s.
Tamamlayıcı hissənin səmərəli təşkili üçün bir çox maraqlı və müxtəlif növ mütəhərrik oyunlar
da var. Biz onlardan ən maraqlısını seçib təqdim edirik.
«Siqnalı yadda saxla». Şagirdlər cərgədə dayanmaqla müəllimin verdiyi müxtəlif siqnallara
diqqətlə qulaq asdıqdan sonra hər bir siqnalın mənasına uyğun hərəkətlər edirlər. Məsələn, bir siqnal
verildikdə dayaqlı çöməlmə, başqa növ siqnalda isə 360
o
dönmə və i.a. Bu oyunu keçməzdən əvvəl
siqnalın mənası üzrə bir neçə dəfə məşq etmək lazımdır. Siqnallar müxtəlif ola bilər: qısa, uzun və ya
aramsız (bir neçə saniyə).
«Dəqiq vaxt». Şagirdlər bir-birinin ardınca yeriyir və qaçırlar. Müəyyən vaxtdan bir dayanır (60
və 30 san.), sonra isə yenə də tapşırıq üzrə hərəkət edirlər. Müəllim əlində saniyəölçən, şagirdlərin
fəaliyyətini müşahidə edir, hərəkəti müəyyən edilmiş vaxt ərzində icra edənin adını dəftərinə qeyd edir.
Tapşırıqlar zal ətrafında dizləri yuxarıya qaldırmaqla qaçış; əli hündürdən asılmış əşyaya çatdırmaq; zal
ətrafında dövrə vurmaq; maneələri keçib finiş xəttinə çatmaq və s. ola bilər.
«Ən yaxşı icraçı». Şagirdlər bir sıraya düzlənib sıra nömrəsi ilə sayırlar. Müəllimin sayması ilə
şagirdlər eyni hərəkəti icra edir, lakin hərəkəti cüt nömrəlilər bir, tək nömrəlilər isə digər tərəfə yerinə
yetirirlər. Məsələn, cüt nömrəlilər 1 sayda ayaqla sağa bir addım atır, 2 sayda sol ayağı sağa birləşdirir, 3
144
– 4 sayda sola dönür, 5 sayda bir addım irəli, 6 sayda sağı sola birləşdirir, 7-8 sayda sağa dönürlər. Tək
nömrəlilər hərəkəti digər ayaqdan başlamaqla əks tərəfə yerinə yetirirlər. 9 sayda isə əvvəlki vəziyyətə
qayıdıb, zal ətrafında yeriyirlər.
«Siqnalla icra et». Müəllim yeriş və qaçış zamanı qabaqcadan müəyyənləşdirilmiş hərəkətləri
icra etmək üçün şagirdlərə müxtəlif siqnal və işarələr öyrədir. Siqnal və işarələrlə aşağıdakı hərəkətləri
icra etmək olar: qollar yanlara, 360
o
dönmək, qollar yuxarıya, iki ayaqla təkan vermək, hoppanmalar və
əllər beldə çöməlmələrlə yeriş və qaçışlar.
«Ən yaxşı heykəltəraş». Şagirdlər 2 – 3 addım məsafə saxlamaqla bir-birinin ardınca sakitcə
yeriyirlər. Müəllim hər hansı bir idman növünün adını çəkir. Bu vaxt hamı durur və həmin idman
növünün rəmzinə uyğun fiqur (futbolçu, voleyboolçu, qaranquş və s.) göstərirlər. Müəllim idman növünə
rəmzi fiqur göstərən «heykəltəraş» şagirdin adını çəkir.
Tamamlayıcı hissədə dərsə yekun vurmalı, şagirdlər qiymətləndirilməli, dərs vaxtı özünü
nümunəvi aparanların, hərəkəti yaxşı icra edənlərin Adı çəkilməli və yüksək mədəniyyət nümayiş
etdirənlər rəğbətləndirilməlidir. Oyun zamanı qaydanı pozan, öz hərəkətləri ilə yoldaşlarını təngə gətirən
uşaqlar tənbeh edilməli və onlarla qısamüddətli tərbiyəvi söhbətlər aparılmalıdır.
Tamamlayıcı hissədə verilən ev tapşırıqları məqsədindən asılı olaraq əsasən 3 istiqamətdə verilə
bilər: 1) təhsil əhəmiyyətli; 2) gün rejimi çərçivəsində sağlamlıq işləri; 3) yay üçün ev tapşırıqları (həmin
tapşırıqlar pioner düşərgəsi və ailə şəraiti üçün verilə bilər).
2.4.
Dərsin hissələri arasında inteqrasiya
Bədən tərbiyəsi tədrisinin səmərəli təşkili, qarşıda duran vəzifələrin yerinə yetirilməsi dərsin
ayrı- ayrı hissələrində keçilən hərəkətlərin bir-biri ilə əlaqəliliyi ilə bağlıdır.
Metodik yazıların əksəriyyətində dərsin hazırlıq hissəsini 5-10, əsas hissəni 25-30 və
tamamlayıcı hissəni isə 3-5 dəqiqə müddətində keçirmək məsləhət görülür. Təcrübə göstərir ki, ibtidai
siniflərdə siniflərdə göstərilən vaxt ərzində dərsin hissələrini təşkil edib başa vurmaq və həmin hissə üçün
nəzərdə tutulmuş əsas məqsədə nail olmaq mümkündür, hər bir hissədən ötrü vaxt ayrılması və buna
riayət edilməsi bir dərs müddətində hər üç hissə üçün qarşıya qoyulmuş məqsəd və vəzifələri lazımi
səviyyədə yerinə yetirilməsinə imkan verir.
Lakin müəyyən müddətdə hazırlıq və digər hissələrin başa çatdırılması çətin və mürəkkəb
pedaqoji prosesdir. Dərsin ayrı-ayrı hissələrinin vəzifələrini qoyulmuş vaxt ərzində həyata keçirmək
müəllimdən yüksək elmi-pedaqoji hazırlıq və metodiki ustalıq tələb edir. Çünki məsələdə, hər şeydən
əvvəl, dərsin hissələri arasında məzmun, vəzifə və forma etibarı ilə uyğunluq yaratmaq ön plana
çəkilməlidir. Bunun üçün müəllim, əvvəlcə, yarımillik tematik planı dəqiqləşdirməli, yəni hər bir dərsin
əsas hissəsindən ötrü fiziki hərəkətləri, hər cür mütəhərrik oyunları müəyyənləşdirməlidir. Hazırlıq və
tamamlayıcı hissələrin vəzifələrini və məzmununu əsas hissədə tədris olunacaq materiallara uyğun aşkara
çıxarmalıdır. Bu məqsədlə müəllim, ilk növbədə, xüsusi metodik ədəbiyyatla tanış olub, müvafiq
materiallar seçməli, həmin materiallar üzərində qabaqcadan mütaliə və məşq etməlidir. O, mütaliə və
məşq sayəsində artıq nəyin çatışmadığını müəyyən etməli, lazımi tədbir görməlidir. Dərsin hissələri
arasında daha yaxından uyğunluq yaratmaq məqsədilə görüləcək tədbirlər təxminən 5 istiqamətdə ola
bilər: 1) lüzumsuz materialları kənar edib, əvəzinə dərsin əsas hissəsinə daha uyğun xüsusi materiallar
daxil edilməsi; 2) dərs materiallarının azadılması, yüngülləşdirilməsi, tədris materiallarının orqanizmə
təsiri; 3) şagirdlərin diqqətinin dərsə cəmləşdirilməsi; 4) hərəki fəallığının artırılması; 5) tədris prosesinin
fərdiləşdirilməsi, differensiallaşdırılması və inteqrasiyası.
Müşahidə olunmuşdur ki, dəqiq vaxt ərzində dərsin ayrı-ayrı hissələrinin başa çatdırılması bəzən
formalçılıqla nəticələnir. Çünki dərs prosesində (dərsin hansı hissəsi olursa-olsun) bəzi hallarda
gözlənilmədən belə məsələlərlə üzləşirsən: bir neçə şagird yeni materialı öyrənə bilmir, nizam – intizam
pozulur, zədələnmələr meydana çıxır, qabaqcadan müəyyən edilmiş vaxt ərzində dərsin bir hissəsini
qurtarıb, digərinə keçmək mümkün olmur. Belə olduqda bəzi müəllimlər dərsi bir növ başa vurmağa ciddi
səy göstərir və tələsikliyə yol verirlər. Onlar bu zaman hərəkətlərin düzgün icrasına lazımi səviyyədə
diqqət yetirmir, yalnız nəzərdə tutulmuş materialların nəyin hesabına olursa-olsun (sürət, hərəkətlərin
miqdarca təkrarı və s.) keçirilməsinə çalışırlar. Nəticədə tədris prosesi dövründə tənəffüs müntəzəmliyi
145
gözlənilmir, hərəkətlər ritmik icra olunmur, lazımi sayda təkrar edilmir və s. Ümumiyyətlə, tədris
prosesinin belə təşkilində şagirdlər bir növ müəllimin nəzarətindən kənarda qalırlar.
Şübhəsiz, vaxta uyub hər bir hissənin vəzifələrini tələsik yerinə yetirmək tədrisin səmərəliliyinə
mənfi təsir göstərir. Dərsin plan üzrə aparılmasına mane ola biləcək səbəbləri təxmini də olsa müəllim
qabaqcadan aşkara çıxarmalı və profilaktik tədbirlər görməlidir. Dərsin normal keçməməsinə aşağıdakılar
da səbəb olur:
İbtidai siniflərdə, xüsusən dərs ilinin əvvəllərində bəzi şagirdlər hərəkətlərin icrası və oyun
dövründə intizamsızlıq edir, oyunun qaydalarına əməl etmək istəmir, qalib gəlmək üçün hər şeyə əl
atırlar. Rəqib oyunçunu itələyir, dabanlarını tapdalayır, ayaqlarını ilişdirərək onu yıxır, hətta oyun
dövründə öz komanda yoldaşını və yaxud rəqib komandanın üzvünü təhqir edən şagirdlərə də rast gəlinir.
Belə vəziyyətin yaranmaması üçün həmin şagirdlərə ciddi nəzarət etməli, bunların diqqəti əsas məqsədə
yönəldilməlidir. Məsələn, şagird «B» dərsin əsas hissəsində intizamı pozmuşsa, onunla uzun - uzadı
deyil, qısa söhbət aparmalı, tutduğu qəbahət işlərin nə ilə nəticələnə biləcəyini başa salmaq lazımdır.
Deyilənlərlə kifayətlənməyib, mövcud nöqsanları aradan qalıdrmaq yollarını müəyyənləşdirib konkret
şəkildə həmin şagirdin nəzərinə çatdırmaq lazımdır.
Dərs zamanı intizamın pozulması yeni və çətin hərəkətlərin tədrisi, keçilmiş materialların həddən
artıq təkrarı nəticəsində də meydana çıxır. Çünki yeni və çətin hərəkətlər keçilərkən şagirdlərin heç də
hamısı bu hərəkətlərin eyni səviyyədə, həm də müəyyən bir vaxt ərzində düzgün yerinə yetirə bilmirlər.
Hərəkəti lazımi dərəcədə icra etməyi bacarmayan şagirdlər, onu yerinə yetirməkdən imtina edir. Həmin
şagirdlərin verilmiş tapşırığı icra etməməsi bir yana dursun, onlar həm də yoldaşlarına mane olur, onları
söhbətə tutur, diqqətini yayındırırlar. Buna görə də müəllim bütün şagirdlərin fəaliyyətini dərsə cəlb
etməlidir. Şagird hərəkəti yerinə yetirə bilməsə də, o, öz növbəsində alətə yaxınlaşmalı, müəllimin və ya
yoldaşlarının yaxından köməyi ilə onu icra etməyə səy göstərməlidir.
Müəllimin köməyi ilə edilən hərəkət şagirdlərin inamını artırır, onları tədris fəaliyyətinə daha da
ruhlandırır. Fiziki hazırlığı zəif olan və intizamı pozan şagirdlər müəllimin nəzarəti altında olmalı, onların
bütün fəaliyyəti sağlamlıq, tərbiyə məsələlərinə və hərəkətlərin dəqiq yerinə yetirilməsinə
yönəldilməlidir. Bundan əlavə, yeri gəldikcə şagirdlərə fərdi yanaşmalı, müstəqillik xarakteri daşıyan
tədris yükü verilməlidir.
Yuxarı siniflərə nisbətən, ibtidai sinif şagirdlərinin psixologiyası çox cəhətlidir. Məhz buna görə
də, onların intizamsızlığı və tapşırıqlardan imtina etmələrinə adi uşaq dəcəlliyi və şıltaqlığı kimi deyil,
ciddi qayğı tələb edən didaktika prinsipləri kimi qiymətləndirilməlidir. Çünki vaxtında qarşısı alınmayan
mənfi xüsusiyyətlər getdikcə uşaqların xasiyyətində formalaşır və eqoizmlə nəticələnir. Odur ki, təkcə
nəzarət etmək onların mənfi xüsusiyyətlərini aradan qaldırmaz, əksinə onları həm də passivləşdirər.
Dostları ilə paylaş: |