Statik hərəkətlərdə isə eyni əzələ qrupları uzun müddət gərginlikdə qalır. Yəni onlar fəaliyyət
göstərirlər. Bu da uşaqların orqanizminə mənfi təsir göstərə bilir. Qan dövranını çətinləşdirir, hərəkət
aparatının işinə mane olur. Məktəbyaşlı uşaqların iş qabiliyyəti aşağı olduğu üçün onlara statik hərəkətləri
həddən artıq tətbiq etmək lazım deyil.
Qamətin düzgün inkişafını təmin etmək mürəkkəb və çətin işdir. Uşaqlar oturarkən, ayaqüstü
vəziyyətində, yeriyərkən onlara düzgün qamət hərəkətləri verilməlidir. Bunu bədən tərbiyəsi dərslərində
və şagirdlərin hərəkət gün rejimində etmək lazımdır.
Gözəyarıölçmə. Bu elə bir keyfiyyətdir ki, gözün və əzələnin (duyma) köməyi ilə insana hər
hansı bir məsafəni təxmini də olsa müəyyənləşdirmək qabiliyyətidir. Gözəyarıölçmə bütün fiziki
hərəkətlərin və müxtəlif növ oyunların keçirilməsi zamanı inkişaf edə bilər. Bu şərtlə ki, uşaqların diqqəti
bu hərəkətin yerinə yetirilməsinə yönəldilsin. Yeriş vaxtı uşaqlar düzgün addım atmalı, istiqaməti
gözləməlidirlər. Tullanmada təkan ayağını taxta üzərinə dəqiq qoymalıdırlar ki, düzgün və güclü təkan
verərək, müvafiq istiqamətə «uçuş» edə bilsinlər. Sonra isə münasib yerə düşsünlər.
Gözəyarı ölçmə düzülmələrdə, xüsusən cərgə və sıraya düzülmələrdə daha yaxşı inkişaf edir (Bir
cərgədən, sıradan, iki və ya daha çox cərgəyə, sıraya düzülmədə və əksinə).
Bir sıradan və yaxud cərgədən dairə təşkil etməkdə də gözəyarı ölçmə inkişaf edir. Çünki bu
zaman uşaqlar bir-biri ilə müvafiq məsafə saxlamalı və düzgün dayanmalıdırlar. Onlar bu işi gözün
köməyi ilə görürlər. Cismin uzağa və istənilən nöqtəyə atılması da gözəyarı ölçmənin inkişafına zəmin
yaradır. Uşaq bütün gücünü toplamaqla bərabər, atmanın dəqiq olması məqsədilə üzv və sistemlərini
cəmləşdirir. Uşaqların bir-birinin ardınca yeriməsi və qaçmasının özü də gözəyarı ölçməyə kömək edir.
Yuxarıda göstərilənlərlə bərabər, ibtidai məktəbin fiziki tərbiyəsinin qarşısında aşağıdakı vəzifələr
də qoyulur:
«Vətənin müdafiəsinə hazıram» hərəkət kompleksi üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmək,
fiziki tərbiyə, idman və gigiyena üzrə biliklərə sahib olmaq, mənəvi-iradi keyfiyyətlərə, yüksək
mədəniyyətə yiyələnmək.
1.4. Fiziki tərbiyənin vasitələri
İbtidai məktəb şagirdlərinin fiziki tərbiyə vasitələri bunlardır: fiziki hərəkətlər (gimnastika,
oyunlar, yüngül atletika, turizm və s.), təbii (hava, su, günəş) və gigiyenik amillər. Həmin vasitələr təcrid
olunmuş vəziyyətdə deyil, birlikdə tətbiq olunduqda daha səmərəli olur.
Fiziki hərəkətlər.
İnsanın konkret vəzifəsinin həlli ilə bağlı məqsədyönlü hərəki fəaliyyəti hərəkət adlanır. Hər bir hərəki
fəaliyyət ayrı-ayrı hərəkətlərdən ibarətdir. İnsanın fiziki təkmilləşməsi üçün tətbiq olunan hərəkətlər fiziki
hərəkət adlanır. Fiziki hərəkətlər fiziki tərbiyə qanunauyğunluqlarına uyğun təşkil olunmuş fəaliyyətdir.
Məktəbdə əsas fiziki tərbiyə vasitəsi fiziki hərəkətlərdir. Fiziki hərəkətlər hərəki bacarıq və
vərdişləri formalaşdırır, hərəkət aparatını inkişaf etdirir. Qan dövranını və maddələr mübadiləsini
yaxşılaşdırır, tənəffüsə müsbət təsir göstərir. Fiziki hərəkətlər surəti, cəldliyi, gücü, dözümlülüyü artırır,
insan həyatı üçün vacib olan yeriş, qaçış, hoppanma, müvazinət və atmalar kimi təbii hərəkətlər üzrə
vərdişləri təkmilləşdirir. Burada başlıca əhəmiyyəti hərəkətlərin seçilməsinə və keçirilməsi metodikasına
yönəltmək lazımdır. Hərəkət və oyunlar seçilərkən uşaqların anatomik-fizioloji və psixoloji xüsusiyyətləri
nəzərə alınmalıdır. Uşaq orqanizminin xüsusiyyətlərinə görə onlara uzun müddət statik vəziyyətdə
61
dayanmalarına yol verməməli, eyni hərəkətlər çox təkrarlanmamalı, eyni təsir göstərən yüklərə
məhdudiyyət qoyulmalıdır. Hərəkətlər növbələşdirilməli və müxtəlif növ əzələ qruplarına təsir
göstərilməlidir.
Kiçik məktəbyaşlı uşaqların ürək-qan-damar sistemi tələb edir ki, ağır yük qaldırmağa, maneəni
müqavimətlə keçməyə və gərginliklə icra olunan hərəkətlərə məhdudiyyət qoyulmalıdır.
İbtidai məktəbdə qamət hərəkətlərinə geniş yer ayrılmalıdır. Çünki qamət hərəkətləri orqanizmin
normal həyat sürməsinə, sklet və sklet əzələlərinin inkişafına da kömək göstərir.
Uşaqların hərəkət etməyə böyük ehtiyacları vardır. Bu şərtlə ki, hərəkətlər müxtəlif olsun, kiçik
fasilələrlə icra olunsun. Fasilə etmədən uzun müddət hərəkətlərin yerinə yetirilməsi ürək əzələlərinə
mənfi təsir göstərə bilər.
Kiçik məktəbyaşlarında oğlan və qızların fiziki inkişafında fərqlər mövcuddur. Lakin I-II sinif
şagirdlərinin fiziki inkişaf xüsusiyyətləri imkan verir ki, bunlar üçün eyni hərəkətlərdən istifadə edilsin.
III sinifdən başlayaraq isə oğlanların hərəkətləri qızlara nisbətən çətinləşdirilir. Onlara müqaviməti
dəfetmə, yükün qaldırılması və aparılması, qaçış müddətinin artırılması, hündürlüyün yüksədilməsi, atma
məsafəsinin uzadılması verilməlidir. Qızlara rəqs, ritmik, qamət üçün hərəkətlər daha çox verilir.
Təbii amillər.
Uşaqların fiziki tərbiyəsində təbiətin təbii qüvvələri mühüm yer tutur. Sudan, havadan və günəş
şüalarından düzgün istifadə uşaqların sağlamlığında xüsusi rol oynayır, fiziki inkişafını, dözümlülüyünü
artırır. Vaxtlı-vaxtında çimmək, səhərlər bədəni yaş dəsmalla silmək, təmiz və açıq havada gəzintilərə və
səyahətə çıxmaq sağlamlıq üçün vacibdir. Su, hava və günəş amilləri fiziki hərəkətlər və milli oyunlarla
müşahidə olunduqda bu sağlamlığı möhkəmləndirməklə, fiziki hazırlığı artırır, estetik zövqü inkişaf
etdirir. Buna görə də yay aylarında meşədə gəzmək, çay və dəniz sahillərində olmaq, günəş vannası qəbul
etmək olduqca faydalıdır. Günəş şüası olmayan yerlərdə xəstəliklər də artır. Bir atalar sözündə deyildiyi
kimi «Günəş girməyən evə tez-tez həkim girər». Həmin baxımdan sinif otaqlarına günəş şüaları düşməli,
otaqların havası təmiz olmalıdır.
Gün rejimi/
qida, yuxu, iş (təhsil), istirahət, idman və gigiyena rejiminin birliyindən əmələ gəlir. Söylənilənlərin hər
gün eyni vaxtda icrası məktəblinin gün rejimi kimi qəbul olunur. Belə ki, məktəblinin fəaliyyət növlərinin
hər gün eyni vaxtda, eyni ardıcıllıqla təkrarlanması gün rejimidir.
Şagirdlərin hərəkət gün rejiminə isə səhər gimnastikası, tənəffüslərdə təşkil olunan oyunlar,
idman bölmə məşğələlərinin təşkili daxildir.
Gigiyenik amillərə - şəxsi və ictimai gigiyena daxildir. Bədənin təmiz saxlanılması, bədənə
qulluq edilməsi, geyimin, yataq otağının, dərs ləvazimatlarının səliqəli və təmiz saxlanılması və s. şəxsi
gigiyenaya aiddir.
İctimai gigiyena isə sinif otaqlarının, məktəb partalarının, idman ləvazimatlarının, qurğularının
münasib və təmiz olması və i.a. daxildir. Bunların təhsil prosesində nəzərə alınması uşaqların sağlam,
gümrah böyüməsində mühüm şərtdir.
62
II. 2. «Fiziki tərbiyə və onun tədrisi metodikası» fənninin səciyyəvi xüsusiyyətləri
2.1«Fiziki tərbiyə və onun tədrisi metodikası
fənninin mahiyyəti
Ölkəmizdə fiziki mədəniyyətin və idmanın inkişaf etdirilməsində bu sahədə hazırlanan pedaqoji
kadrlardan çox asılıdır. İbtidai sinif müəllimi hazırlayan pedaqoji fakültələrdə bədən tərbiyəsi və idmana
xüsusi diqqət yetirilməli, onların bu sahədəki bilik, bacarıq və vərdişləri yüksək səviyyədə olmalıdır.
Çünki gələcək nəslin fiziki mədəniyyətinin yüksədilməsi məhz kiçik məktəbyaşlılardan başlayır.
Sinif müəllimləri şəraitdən asılı olaraq şagirdlərlə sinif formasında və yaxud fərdi olaraq bədən
tərbiyəsi məşğələlərini təşkil etməyi və kompleks hərəkətlər verməyi bacarmalı, kütləvi idman tədbirləri,
müxtəlif oyunlar təşkil edib keçirməyi bacarmalıdırlar. Gələcəyin sinif müəllimləri – hazırkı pedaqoji
fakültənin tələbələri bədən tərbiyəsi və idman üzrə zəruri bilik, bacarıq və vərdişləri praktik
məşğələlərdə, mühazirə və seminarlarda, müstəqil olaraq idmanla məşğul olmaqla, habelə bu sahədə
mövcud ədəbiyyatları öyrənməklə qazanmalıdırlar.
«Fiziki tərbiyə və onun tədrisi metodikası» fənni vasitəsi ilə fiziki tərbiyənin tarixinə dair qısa
məlumat verilir, onun əhəmiyyəti izah olunur, fiziki tərbiyənin metodikası öyrənilir.
Pedaqoji fakültənin məzunları gimnastika, mütəhərrik oyunlar, yüngül atletika və kros hazırlığı,
habelə idman oyunları üzrə bilik, bacarıq və vərdişlərə yiyələnməli, ibtidai siniflərdə fiziki tərbiyə
məşğələlərini, eləcə də sinifdən və məktəbdənxaric işləri təşkil etməyi bacarmalıdırlar. Sinif müəllimi
həm də məşğələyəqədər səhər gimnastikasını, böyük tənəffüslərdə və bayramlarda məktəblilərlə əyləncə
və müxtəlif növ oyunlar təşkil etməlidirlər.
2.2. «Fiziki tərbiyə və onun tədrisi metodikası» fənninin vəzifələri
«Fiziki tərbiyə və onun tədrisi metodikası» fənninin tədrisinin mühüm vəzifələrinə ölkənin
müstəqilliyini qorumaq, vətəni sevmək, vətən yolunda canından keçmək, türk dünyasının bütövlüyünü
təmin etməyə kömək göstərmək, islam dəyərlərini qoruyub saxlamaq və s. üzrə mövcud bilik, bacarıq və
vərdişlərlə silahlandırmaq. Qeyd etməliyik ki, bu keyfiyyətlərin aşılanması təkcə fiziki mədəniyyətin
tədrisi metodikası fənninin deyil, həm də orta və ali məktəblərimizdə təlim olunan bütün fənlərin başlıca
vəzifələridir.
«Fiziki tərbiyə və onun tədrisi metodikası» fənninin əsas üstün cəhətlərindən və spesifik
vəzifələrindən biri tədris-elmi və təcrübi fənn olmasıdır.
Gələcəyin sinif müəllimləri bilməlidirlər ki, göstərilən metodiki fənn cəmiyyətimizdə yaşayan
insanların sosial şəraitinin yaxşılaşdırılmasında, əhval-ruhiyyəsinin yüksədilməsində, cəmiyyətin ictimai-
siyasi həyatında mühüm rol oynayır. Deyilənlər isə həmin fənnin metodoloji əsaslarını təşkil etməklə
bərabər, Azərbaycan xalqının milli adət-ənənələrindən, milli oyunlardan bəhs edir.
«Fiziki tərbiyə və onun tədrisi metodikası» fənni qısa da olsa insan orqanizminin vahid olmasını,
fiziki hərəkət və oyunlarda, təbii amillər və gigiyenik tədbirlərlə orqanizmə müsbət təsir etməyin
mümkünlüyünü öyrədir. Bu fənn bundan əlavə, bir çox milli fiziki tərbiyə sisteminin olmasını (alman,
fransız, isveç və i.a.) nəzərə çatdırmaqla yanaşı, bu sistemlərin də hər birinin özünəməxsus ictimai-siyasi,
pedaqoji-psixoloji, tibbi-bioloji əsaslarının mövcudluğunu izah edir. Ən başlıcası isə bu fənnin idman-
təcrübi bir fənn kimi spesifik xarakteri təsdiq olunur.
«Fiziki tərbiyə və onun tədrisi metodikası» fənni tələbələrə pedaqoji bilik, bacarıq və vərdişlər
aşılayır ki, bütün bunlar da gələcək müəllimlərin şagirdlərlə təlim-tərbiyəvi iş aparmalarına, şagirdlər
arasında ünsiyyət yaratmağın forma və metodlarını mənimsəməyə, təbliğatı işlər görməyə zəmin yaradır.
Pedaqoji fakültələrin tələbələri sıra təlimi, akrobatika, müvazinət saxlamaq, cisim atmaq, yeriş,
qaçış, toplarla hərəkətlər, həmçinin qamət üçün hərəkətlərin metodikasını və icrasını bilməlidirlər.
Həmin fənnin başlıca vəzifələrindən biri də təlim metod və prinsiplərini, komanda verməyi, onu
yerinə yetirməyi, hərəkəti icra edənlərə kömək etməyi, zədələnmələrin qarşısını almağı, ilk tibbi yardım
göstərmək qaydasını gələcək sinif müəllimlərinə öyrətməkdir.
63
2.3. «Fəziki tərbiyə və onun tədrisi metodikası»fənni
tədris və elmi fənn kimi
Fiziki tərbiyə tədris olunan fənn kimi respublikanın Təhsil Nazirliyinin orta ümumtəhsil
məktəblərində, peşə-texniki məktəblərində, texnikumlarda, institut və universitetlərdə praktik olaraq
təşkil olunur və keçirilir. Bu fənnin proqramına daxil olan ayrı-ayrı hərəkətlər və idman növlərinin
düzgün təlimi – şagirdləri «Vətənin müdafiəsinə hazıram» kompleksinin normativlərini yerinə yetirməyə
kömək göstərir.
«Fiziki tərbiyə və onun tədrisi metodikası» fənni tədris fənni kimi onun özünəməxsus vasitələri,
metodları və təşkili formaları vardır. Bundan əlavə, bu fənn pedaqoji fakültələrdə tədris fənni olmaqla,
əsasən pedaqoji istiqamətə və sinif müəllimi hazırlığına yönəldilmişdir.
Göstərilən fənn həm də tərbiyənin tərkib hissəsi kimi məktəblilərin kütləvi-sağlamlıq
tədbirlərində əsas vasitələrdən sayılır.
«Fiziki tərbiyə və onun tədrisi metodikası» fənni elmi fənn kimi fiziki inkişaf
qanunauyğunluqlarını, insanın təkmilləşməsini öyrənir. Məlum olduğu kimi, bu sahədə elmi-tədqiqat
işləri də aparılır ki, bu da fiziki tərbiyə məşğələlərinin səmərəli təşkilinə təsir göstərir. Həmin fənn üzrə
tədqiqat aparılarkən müşahidə, müsahibə, sorğu, eksperiment və s. tədqiqat metodlarından istifadə olunur.
Yuxarıda söylənilənlər bir daha sübut edir ki, «Fiziki tərbiyə və onun tədrisi metodikası» fənni
tədris, həm də elmi fənndir.
II. 3. Kiçik məktəbyaşlı uşaqların
yaş xüsusiyyətləri
Kiçik məktəbyaşlı uşaqların anatomik-
fizioloji xüsusiyyətləri
Bədən tərbiyəsi dərslərinin səmərəli keçməsi üçün şagirdlərin yaş xüsusiyyətlərini bilmək
vacibdir. P.F.Lesqaft yazırdı: «Bizim hərəkət və təsirlərimiz cavan bədənə yalnız o zaman şüurlu və
düşüncəli ola bilər ki, biz bədəndə olan dəyişikliyi bilək, onu başa düşək. Yalnız bundan sonra uşaqların
fiziki və əqli inkişafına şüurlu və ciddi təsir edə bilərik. Əks halda bizim təsirlərimiz etibarsız, bəzən də
zərərli ola bilər»
92
.
Böyümə və orqanizmin inkişafı hər yaş mərhələsində müxtəlif şəkildə təzahür edir. Məsələn, bir yaş
dövründə orqanizmin kəmiyyət və keyfiyyətcə inkişafı daha sürətlə getdiyi halda, digər yaş dövründə bu
proses nisbətən yavaş gedir.
Kiçik məktəbyaşlı uşaqların mərkəzi sinir sistemi zəif inkişaf etdiyindən orada, oyanma
ləngiməyə nisbətən daha qüvvətli olur. Çünki bu yaşda uşaqlar olduqca oynaq və mütəhərrik olur, dinc
dayana bilmirlər. Onların ağ ciyərlərində qazlar mübadiləsinin ləng getməsi, ürək- damar sisteminin
həmişə həyəcanlı olması, sümük-bağ aparatının həddindən artıq elastikliyi və bədən qamətinin sakit
olmadığı müşahidə olunur.
7-8 yaşlı uşaqlarda orqanizmin ayrı-ayrı üzvləri əsasən sürətlə inkişaf edir. Lakin bununla belə
həmin yaşlı uşaqlarda orqanizmin bir sıra üzvləri hələ lazımi qədər formalaşmadığından
xarici təsirə çox tez məruz qalır. Buna görə də sinif müəllimləri uşaqlarda olan aşağıdakı bəzi anatomik-
fizioloji çatışmamazlıqları təlim zamanı nəzərə almalı, onları aradan qaldırmağa çalışmalıdır.
Fizioloji tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, kiçik məktəbyaşlı şagirdlər üçün səciyyəvi-fiziki
xüsusiyyətlərdən biri onlarda baş beynin həm çəki, həm də quruluş etibarı ilə sürətlə inkişaf etməsidir.
Bununla bərabər, həmin yaş dövründə beynin ffunksional fəaliyyəti lazımi qədər formalaşa bilmir.
Kiçikyaşlı şagirdlər üçün fiziki hərəkətlərin təliminə qısa məsafəyə qaçış, tullanma, cisim atmaq,
dırmaşmaq, yeriş və s.dən başlanmalıdır. Çünki uşaqlar məktəbəqədərki yaş dövründə bu hərəkətləri icra
etməyə müəyyən qədər alışmış olurlar. Məhz bu zəmin əsasında uşaqlarda fiziki hərəkət keyfiyyətləri və
vərdişləri yaratmaq mümkündür.
92
П.Ф. Лесгафт. Сечилмиш педагожи ясярляри. РСФСР ЕА няшриййаты, 1951, сящ.273-274 (рус дилиндя)
64
Skletin sümükləşməsi nəinki uşaqlıqda, yeniyetmə dövründə də gedir. Həmin yaşlarda skletin
sümükləşməsi qurtarmadığından, sklet sümükləri elastik şəkildə olur. Qığırdaq toxumasında isə böyük
təbəqələşmə gedir. Bu da həmin halda çevikliyin yaranmasına səbəb olur. Buna görə də uşaqlar həmin
yaşda həm mütəhərrik olur, həm də tez yorulurlar. Təcrübə göstərir ki, hərəkətlərin eyni tipli mümarisələr
şəklində olması yavaş, yaxud sürətlə icra edilməsi və bu zaman daha dəqiqliyin tələb olunması uşaqlara
mənfi təsir göstərir. Deməliyik ki, orqanizm 9-10 yaşlarda tədricən möhkəmlənir və bərkiyir. Lakin
orqanizmdə bu proses xeyli ləng gedir. Müşahidə göstərir ki, bütün bunlar həmin yaşlı uşaqlarda çəkinin
artım sürətinin nisbətən azalması ilə izah olunur. Kiçikyaşlı şagirdlərin sümüyünün tərkibində üzvü
maddələr bir qədər çox, mineral duzlar isə azlıq təşkil edir. Həmdə bu yaşda sümüyün bərkiməsi prosesi
hələ başa çatmadığından uşağın sümüyü çox elastik olması ilə fərqlənir. Bir tərəfdən sümüyün elastik
olması, digər tərəfdən isə sümük-bağ aparatının mühitin müxtəlif pis təsirlərinə uyğunlaşmaqda həssas
olması, sümüyün tez əyilməsi ilə nəticələnir. Bütün bunlar isə uşaqda qeyri-normal onurğa əyriliklərinin
əmələ gəlməsinə səbəb ola bilər. Həmçinin bu yaşdakı uşaqların uzun müddət ayaqüstə durması və əyri
vəziyyətdə dayanması onların onurğa sümüyünün əyilməsinə şərait yaradır. Buna görə də kiçikyaşlı
şagirdlərə normal oturuş və duruş qaydası, qamətin düzgün tutulması və s. kimi vərdişlər aşılanması
onların sağlam inkişafı üçün zəruri sayılan amillərdən hesab olunur.
Əzələ sistemi. Kiçikyaşlı məktəblilərin əzələ sistemi zəif inkişaf etdiyindən əzələ lifləri olduqca
nazik və qısa olur. Çünki həmin yaşda uüşaq əzələləri gərginliyə davamsız olur və tez yorulur. Məlumdur
ki, əzələ qüvvəsi onun qalınlığı, tərkibində olan liflərin miqdarı və uzunluğundan asılıdır. Əzələnin
qalınlığı və liflərin miqdarı nə qədər çox olarsa, bu əzələ bir o qədər çox iş görə bilər. Əzələ lifləri nə
qədər uzun olsa, yığıldıqda bir o qədər qısa olur. Bu da onun, bilavasitə yaxşı iş görməsinə kömək edir.
Həmin əzələlər mərkəzi sinir sistemindən gələn impulsların təsiri ilə yığılır. Əzələ gərginliyinə isə
orqanizmdə və onu əhatə edən mühitdə baş verən dəyişikliklər müəyyən təsir göstərir. Bu yaşda müvafiq
bədən tərbiyəsi hərəkətlərinin köməyi ilə uşaqda əzələ qüvvəsini artırmaq və möhkəmləndirmək
mümkündür. Çünki bu prosesdə əzələlər müntəzəm olaraq hərəkətdə olur. Lakin əzələlər işlərkən ona
verilən fiziki yükü müəyyən hədd daxilində tədricən artırmaq lazım gəlir. Bu isə işin həcmini getdikcə
artırmaqla nəticələnəcəkdir. Fiziki yükü əzələnin son həddinə çatıdrmaq məsləhət görülmür. Demək,
bədən tərbiyəsi üzrə verilən hərəkətlər şagirdlərin əzələ gücünə uyğun olması, tədricən verilməklə
müvafiq sürət və templə də icra olunması təmin edilməlidir. Əks halda, əzələlər tez yorulur, görülən işin
keyfiyyəti azalır.
Yaxşı təşkil edilmiş bədən tərbiyəsi dərsi zamanı əzələlərin iş görməsi bütün orqanizmə və ayrı-
ayrı üzvlərə müsbət təsir göstərir. Əzələ nə qədər çox iş görərsə onun həcmi böyüyür və genişlənir. Həm
də o, qüvvətli və daha möhkəm olur. Kiçik məktəbyaşlı uşaqlarda əzələnin müvafiq iş görməsi zəif
inkişaf etmiş tənəffüc, qan dövranı və həzm üzvlərindən də lazımi iş görməyi tələb edir. Onların
fəaliyyətini artırır. Bu da orqanizmi tənəffüc və qida maddəsi ilə yaxşı təmin etmiş olur.
Ürək-damar sistemi. Kiçik məktəbyaşlı şagirdlərinin ürək-damar sistemi kifayət qədər möhkəm
olmur, xüsusi inkişaf qüvvəsi, dözümlülüyü və çevikliyi aşağı səviyyədə olur. Fiziki inkişaf və sağlamlıq
üçün vacib olan sürətlilik, cəldlik, zirəklik və davamlılığın inkişaf etdirilməsi və yaş səviyyəsi üçün
olduqca xarakterikdir. Bunları aşılamaq üçün müxtəlif hərəkət növləri və oyunlar ən yaxşı vasitə hesab
olunur. Bu hərəkətlər elə tərtib edilməlidir ki, uşaq orqanizminin təbii inkişafına yaxşı təsir göstərsin,
onun ahəngdar inkişafını təmin etməklə, orqanizmi xarici mühitin zərərli təsirlərindən qorusun, habelə
əmək qabiliyyətini artırmaqla orqanizmin funksional fəaliyyətinin inkişafını sürətləndirsin.
Bu yaşda olan uşaqların ürəyi çox sürətlə inkişaf etdiyi üçün onların həddindən artıq fiziki
hərəkətlərlə yüklənməsi və eyni hərəkətlərlə çox məşğul olması, ürəyin üzvü cəhətdən xəstələnməsinə
səbəb ola bilər. Uşaqlar qaçış, yeriş, tullanmalar, cisim atmaq, dırmaşmaq, akrobatika və s. kimi bədən
tərbiyəsi hərəkətləri ilə məşq etdikdə ürək öz işini artırır, yəni tez-tez yığılıb-açılmağa başlayır. Ürək hər
dəfə yığılıb-açıldıqda aortaya və ağ ciyər arteriyasına vurulan qanın miqdarını daha da artırır. Kiçik
məktəblilər bədən tərbiyəsi ilə məşğul olduqda, onun ürək fəaliyyəti, mədəciklər yığıldıqda damarlara
vurulan qanın miqdarının çoxalması hesabına artır. Nəticədə orqanizm qanla vaxtlı-vaxtında təmin
olunur. Bədən tərbiyəsi ilə məşğul olmayan şagirdlərdə ürəyin yığılıb-açılması nisbəti azalır, o,
mədəciklərdəki qanın hamısını damarlara vaxtında vura bilmir. Ürək aramsız işləyir və istirahət edə
bilmir. Bu zaman, ürək əzələləri tədricən zəifləməyə başlayır ki, bunun da nəticəsində o, üzərinə düşən
65
işin öhdəsindən lazımınca gələ bilmir. Beləliklə, bir tərəfdən bu yaşda uşaqların ürək-damar sisteminin
zəif olması, digər tərəfdən belə qüsurların yaranması ürəyin sağlamlığını pozur və orqanizmin oksigena
olan ehtiyiacını ödəyə bilmir. Buna görə də kiçikyaşlı şagirdlərin ürək əzələsini həmişə məşq etdirməli,
onların təmiz havada gəzməsi və bədən tərbiyəsi ilə müntəzəm olaraq lazımi qaydada məşğul olması
təmin olunmalıdır.
Tənəffüs üzvləri. Kiçikyaşlı şagirdlərin tənəffüc üzvləri də (burun boşluğu, nəfəs borusu,
bronxlar, ağ ciyərlər və s.) kifayət qədər inkişaf etmiş olmur. Proqramdakı hərəkətlərin və səhər
gimnastikasının icrası tənəffüsün və bütün üzvlərin hərtərəfli inkişafı və döş qəfəsi həcminin
genişlənməsi ilə nəticələnir. Normal tənəffüs sağlamlıq üçün xüsusi əhəmiyyət kəsb edir. Adətən, burunla
tənəffüc etmək orqanizm üçün çox faydalıdır. Çünki havada həmişə mikrob və tozlar olur. Tənəffüc
burunla edildikdə mikrob və tozlar burnun selikli qişasına ilişib qalır, digər tərəfdən soyuq havanı burunla
aldıqda o, burunda istiləşir və bədənin daxili temperaturuna uyğunlaşır. Bu da daxili üzvlərin soyuqlaması
və xəstələnməsinin qarşısını alır. Bundan başqa müəyyən həpəkətlərin icrası zamanı tənəffüsün ritmlə
edilməsinin orqanizm üçün mühüm əhəmiyyəti vardır. Bütün bunlara əməl olunması, yəni hərəkətlərlə
əlaqədar düzgün və normal tənəffüs edilməsi uşaqların sağlamlığını və iş qabiliyyətini təmin edən əsas
şərtlərdəndir.
Kiçik məktəbyaşlı şagirdlərinin normal və sağlam inkişafı, boy və çəkisinin süürətlə artması
düzgün qidalanmadan asılıdır. Uşaqlar üçün bədən tərbiyəsi hərəkətləri həzm aparatının
möhkəmləndirilməsi və maddələr mübadiləsinin sürətlənməsinə müsbət təsir göstərir.
Dərinin möhkəmləndirilməsi orqanizm üçün böyük əhəmiyyətə malikdir. Kiçik məktəbyaşlı
uşaqların dərisi çoxlu miqdarda nazik damarlardan ibarətdir. Uşaqlarda dərinin həddindən artıq zərif və
nazik damarlardan ibarət olması onun xarici mühit qıcıqlandırıcılarına qarşı hissiyatını daha da
qüvvətləndirir. Buna görə də bu yaşda böyüklərə nisbətən dərinin tənəffüs funksiyası daha da artır. Dəri
zərif toxumalardan əmələ gəldiyi üçün o yaxşı mühafizə olunmazsa, şagirdin tez bir zamanda müxtəlif
xəstəliklərə tutulması qorxusu vardır. Məhz bu cəhətləri nəzərə alıb, kiçikyaşlı şagirdlərin dəri örtüyünü
möhkəmləndirmək lazımdır. Bədən tərbiyəsi vasitələrindən olan təbii amillər ilə (hava, günəş, su) dəriyə
təsir etməklə onu möhkəmləndirmək mümkündür. Bu məqsədlə suda çimmək, bədəni yaş dəsmalla
silmək, hava və günəş vannalarını qəbul etmək ən faydalı üsullardan sayılır. Reflektor rolu oynayan bu
təbii qıcıqlandırıcılar dərinin hissi sinirlərinin uclarını qıcıqlandırır, bədənin müxtəlif üzvlərini və
sinirlərini fəaliyyətə gətirir. Hava, günəş və su vasitəsilə dərinin möhkəmləndirilməsi qaydalarına düzgün
riayət edilməsi vacibdir. Əks təqdirdə dəri öz funksiyasını itirər, sinir sistemi və başqa üzvlər xəstələnə
bilər.
Hiss üzvləri. Kiçikyaşlı məktəblilərin hiss üzvlərinin inkişafına ayrı-ayrı hərəkətlərin müxtəlif
vəziyyətlərdə icra edilməsinin də müsbət təsiri vardır. Uşaq yeridikdə, qaçdıqda, tullandıqda ayağın
köməyi ilə yerin bərkliyini, boşluğunu, səthinin hamarlığını hiss edir və bu sahə haqqında müəyyən
məlumatlara yiyələnir. Əllərlə idman alətlərindən tutduqda və yaxud ona istinad etdikdə şagird əşyanın
soyuq və istiliyini , möhkəmliyini, münasibliyini toxunma və təzyiq hissi ilə (lamisə) duyur. Bu da
müəyyən dərəcədə onların hissetmə qabiliyətinin inkişafına kömək edir.
Aparılmış tədqiqatlardan aydın olur ki, 7-10 yaşlı oğlan uşaqlarının normal boyu orta hesabla 117
sm-dən 131 sm-ə qədər, çəkisi isə 21 kq-dan 28 kq-a qədər, döş qəfəsinin həcmi 59 sm-dən 64 sm-dəkdir;
qızlard isə boy 117 sm-dən 130 sm-ə qədər, çəki 21 kq-dan 27 kq-dək, döş qəfəsinin həcmi 58 sm-dən 62
sm-ə qədərdir.
Alınmış nəticənin təhlili və müqayisəsi göstərir ki, hazırkı şagirdlərin fiziki inkişaf xüsusiyyətləri
1927-1928-ci (B.M.Daşevski) göstəricilərinə nisbətən üstünlük təşkil edir. Yəni bütün yaş qruplarında
boy 4,0- 7,0 faiz, çəki 7,0-18,0 faiz, döş qəfəsinin həcmi isə 2,0-9,5 faiz artmışdır. Demək, ölkəmizdə
həyat şəraitinin yaxşılaşması şagirdlərin fiziki inkişaf səviyyəsini artırır, onların sağlam və gümrah
böyüməsinə kömək edir.
Onu da qeyd etməliyik ki, 7, 8, 9 yaşlı azərbaycanlı oğlanlarının boyu qızlarınkından xeyli böyük
olduğu halda, 10 yaşda hər iki cins üçün ölçülər bərabərləşir. 11, 12 və 13 yaşlı qızlarda boy oğlanlara
nisbətən artır, 14 yaşda yenə də oğlanlar üstün olurlar. Nəhayət, 15 yaşda bu fərqlər 5,6 sm-ə çatır.
Kiçik məktəbyaşlı məktəblilərin səciyyəvi fiziki xüsusiyyətlərindən biri də baş beynin çəki və
quruluş etibarı ilə sürətlə inkişaf etməsidir.
66
Demək, bədən tərbiyəsi məşğələlərində şagirdlərin fiziki inkişaf və onların cinsi xüsusiyyətlərinin
nəzərə alınması, onların bədən tərbiyəsi ilə müntəzəm məşğul olmasında, təlim-tərbiyənin səmərəli
olmasında xüsusən əhəmiyyətlidir.
3.2. Kiçik məktəbyaşlı uşaqların psixoloji xüsusiyyətləri
Dostları ilə paylaş: |