Təlimin dərinləşdirilərək öyrətmə mərhələsi. Bu mərhələdə fiziki hərəkətin əsas hissəsinin
texnikasına, onun detallarına, həmçinin fəndlərin və hərəkətlərin bütövlükdə texnikasına dəqiq bir şəkildə
yiyələnmək nəzərdə tutulur. Təlimin dərinləşdirilməsi mərhələsində əsas diqqəti:
77
a) hərəkəti sadələşdirilmiş formada xüsusi hazırlıq hərəkətləri vasitəsi ilə əsas məqsəd və
vəzifələrin yerinə yetirilməsinə istiqamətləndirməyə;
b) hərəkət və oyunların, fəndlərin vacib detalları və cəhətlərinin metodiki baxımdan icraolunma
texnikasına yönəltmək.
Həmin mərhələdə birinci mərhələdə mövcud nöqsanların aradan qaldırılması məqsədi güdür.
Xüsusən, hərəkətləri ümumiyyətlə icra etmək deyil, onu detalları üzrə öyrətmə, hərəkətləri hissələrə
bölməklə mənimsətmək, onun texnikasını dəqiq icra etmək mahiyyəti daşıyır. Bunun üçün də hər bir
hərəkət ayrı-ayrılıqda təhlil olunmalı, onun düzgün icraolunma mexanizmi işlənilməlidir. Bunlar
hərəkətlərin məktəbyaşlı uşaqlar tərəfindən dərindən və hərtərəfli öyrənilməsinə kömək göstərən zəruri
amillərdən sayılır.
Hərəkətlərin möhkəmləndirilməsi və təkmilləşdirilməsi mərhələsi. Bu mərhələ şagirdlərdə
hərəki vərdişlər yaratmaq və həmin vərdişləri müxtəlif şəraitdə tətbiq etmək bacarığı və vərdişi aşılamaq
həyata keçirilir. Möhkəmləndirmə və təkmilləşdirmə mərhələsində aşağıdakı vasitə və vərdişlər müəyyən
olunur:
a) şagirdlərin yaş xüsusiyyətinə uyğun olaraq müxtəlif növ oyunlar, hərəkətlər, fəndlər, habelə
təlim metodları müəyyənləşdirmək. Onların, ümumilikdə götürdükdə, təlim fəaliyyətini, konkret desək,
hərəkətlərin, fəndlərin, rəngarəng oyunları düzgün icra edib-etməməsini təhlil edib qiymətləndirmək.
Təlim müvəffəqiyyəti qiymətləndirilərkən hərəkətin, oyunların az vaxt sərf etməktlə qısa müdətdə, eləcə
də səhvsiz olaraq mükəmməl murətdə yerinə yetirmək də nəzərdə tutulur.
v) test-normativlər hazırlayıb sınaqdan keçirmək, nəticələri aşkara çıxarmaq və müvafiq idman
göstəriciləri ilə tutuşdurmaq. Nəticələri idman təsnifatındakı normativlərlə müqayisə etmək,
məqsədəmüvafiq qənaətə gəlmək.
Bu mərhələdə hərəki vərdişlər 2 istiqamətdə inkişaf etdirilməlidir:
1.
Qazanılmış hərəki və oyun vərdişlərinin möhkəmləndirilməsi və təkmilləşdirilməsi;
2.
Təlim prosesinə əlavə vasitələr, hərəkətlər, oyunlar və fəndlər daxil etmək yolu ilə vacarıq
və vərdişləri formalaşdırmaq. Hər iki variantda hərəkət texnikası düzgün mənimsənilir, daha da
möhkəmləndirilir və təkmilləşdirilir.
4.6. Təlim prosesində səhvlərin düzəldilməsi
Fiziki hərəkətlərin, oyunların və fəndlərin texnikasının təlimi prosesində müəllimlər müəyyən
çətinliklərlə qarşılaşırlar. Həmin çətinliklərdən biri də dərs zamanı şagirdlərin hərəkətləri düzgün icra edə
bilməməsi və onun aradan qaldırılması ilə sıx əlaqədardır. Bunun üçün də ilk növbədə, müəllim texnikanın
icrası zamanı şagirdlərin səhvə yol verməməsinə çalışmalı, ikinci növbədə isə mövcud nöqsanları müxtəlif
pedaqoji – psixoloji və metodiki üsullarla ləğv etməyi bacarmalıdır. Bu müəllimdən məsələyə ciddi
yanaşmağı tələb edir. Müəllimin təlim prosesinə yanaşması bir neçə yönəmdə olmalıdır. Yəni səhvlərin
meydana çıxması mənbələrini araşdırmalı, onu doğuran səbəbləri özü üçün müəyyənləşdirməlidir. Uzun
illərin təcrübəsinə və müvafiq ədəbiyyata istinad etsək səhvləri doğuran səbəbləri aşağıdakı kimi şərh
etmək olar:
1.
Təlim olunacaq hərəkətlərdə başlıca məqsəd və vəzifələrin nəzərə alınmaması, başlıca
səhvlərin əsas diqqət mərkəzində saxlanılmaması;
2.
Başlıca məqsəd və vəzifələrin təlimi zamanı əsas səhvlərə lazımi diqqət verilməməsi
nəticəsində yaranmış ikinci dərəcəli səhvlər;
3.
Müxtəlif yaş dövründə məşğul olanlardan asılı olmayaraq onların yaş xüsusiyyətlərinə
uyğun olaraq gözlənilə biləcək səhvlərin vaxtlı-vaxtında (yerindəcə) düzgün, hərtərəfli və aydın şəkildə
izah olunmaması, əyaniləşdirilməməsi səbəbindən;
4.
Məşğul olanların hər birinin ayrı-ayrılıqda xüsusiyyətlərinin (fiziki hazırlığı, fiziki
cəhətdən zəif inkişafı, həmin idman növünə və ya hərəkətə uyğun olmaması, hərəki keyfiyyətlərin lazımi
səviyyədə inkişaf etməməsi və s.) nəzərə alınmaması səbəbindən fərdi səhvlərin meydana çıxması.
Burada fərdə uyğun məzmunun, təlim üsul və priyomlarının, psixoloji amillərin tətbiqi nəticəsində
yaranacaq texniki və taktiki qüsurların qarşısının alınması tövsiyyə olunur;
5.
Hərəkətlərin ayrı-ayrı tərkib hissəsinin, detallarının icrası zamanı baş verə biləcək səhvlər;
78
6.
Fiziki hərəkətlərin, oyunların və fəndlərin təlimində ayrı-ayrı hissələrinin vəziyyətlərində
və məzmununda bir-birinə uyğun olmayan qüsurların mövcudluğu.
7.
Nəhayət, hərəkət və oyunların, fəndlərin təlimi üçün lazımi idman maddi-texniki bazasının
çatışmaması.
Göründüyü kimi, yuxarıda göstərilən səhvlərin baş verməməsi məqsədi ilə məşğul olanların
yaş xüsusiyyətlərini, hərəkətin, oyunun həmin yaşa münasib olub - olmamasını onların tədricəni və
ardıcıllıqla həyata keçirilməsini, dərs – idman bazasını və s. diqqətdən yayındırmamalıdır.
Fiziki təlim dövründə şagirdlər texniki səhvlərə yol veriblərsə onu aradan qaldırmağa səy
göstərməlidir.
Birinci olaraq:
a) başlıca məqsəd və vəzifələrdə yaranmış səhvlərin düzəldilməsi. Çünki əsas səhvlərin
düzəldilməsi eyni vaxtda onun yaranmasına səbəb olduğu və metodiki qüsurların aradan qaldırılmasına
zəmin yaradacaqdır.
b) səhvlərin bir neçə dərsdən sonra deyil, həmin dərsdə yerindəcə düzəltmək, onun ləğvi üçün
konkret və aydın izahatlar vermək, nəticəsinə nəzarət etmək, yoxlamaq lazımdır.
v) mövcud texniki, taktiki və metodiki səhvlərin aradan qaldırılmasına təmkinlə və ciddi
yanaşmalı, götür-qoy etməli, sərfəli əlavə vasitələrdən istifadə etməlidir. Bu mənada yarış, oyun və
tapşırıq səciyyəli idman tədbirlərinin təşkili və keçirilməsi faydalı olardı.
d) səhvlər aşkarlandıqdan sonra onları məzmununa görə qruplaşdırmalı, təhlil etməli, düşünməli,
əlavə vasitə və vəsaitlərdən, müasir texniki vasitələrdən istifadə etməlidir. Həmin səhvləri məzmununa
görə tədricən və ardıcıl olaraq düzəltməlidir. Çalışmalıdır ki, bütün səhvləri eyni vaxtda deyil, əvvəlcə
onların asanlarını, sonra isə çətinlərini aradan qaldırmalıdır. Çünki bu dərsdə bir çox səhvləri paralel
şəkildə düzəltmək yaxşı nəticə vermir, şagirdlərdə mənfi psixoloji hisslər yaranır. Bütün bunlarda
buraxılmış səhvlərin qısa bir müddətdə düzəldilməsinə mane olur:
e) səhvlərin düzəldilməsi ilə bağlı aparılan izahat işləri düzgün, ardıcıl olmalı, hərəkətin düzgün
yerinə yetirilməsi, canlı olaraq (natural), habelə şəkillər, sxemlər, diaqramlar, kinofilmlər, ümumiyyətlə,
texniki vasitələrlə nümayiş etdirilməlidir.
Bütün bunlarla bərabər, fiziki təlim zamanı yaranmış texniki, taktiki və metodiki səhvlərin
düzəldilməsi məqsədi ilə bunları da nəzərə almaq faydalı olardı:
a) təlimə marağı artırmalı;
b) optimal təlim metodları tətbiq etməli;
v) təlimin məzmunu xüsusi və maraqlı hərəkətlərdən, oyunlardan ibarət olmalı;
q) səhvlər musiqinin müşayəti ilə aradan qaldırmalı;
d) sadə və həvəsləndirici hərəkətlərdən istifadə etməli;
e) hərəkət icra olunarkən siqnallardan, ruhlandırıcı sözlərdən, kəlamlardan istifadə etməli;
j) yeri gəldikcə məqsədəuyğun şəkildə, ustalıqla rəğbətləndirmə və cəzalandırma tərbiyə
metodları da tətbiq edilməlidir.
4.7. Hərəki bacarıq və vərdişlər
Hərəki bacarıq fiziki hərəkətin avtomatik idarə olunmaması qabiliyyətinə deyilir. Fiziki tərbiyə
prosesində hərəki bacarıqların iki növü mövcuddur. Bura ilk növbədə müxtəlif növ ayrı-ayrı mürəkkəb
hərəkətləri icra etmək bacarığı ilə yanaşı hərəki fəaliyyətləri bütövlükdə yerinə yetirməyi bacarmaq da
nəzərdə tutulur.
Ayrı-ayrı mürəkkəb hərəkətlərin tədricən təkrar etdirilməsi onun vərdiş halına çevrilməsinə
səbəb olur. Həmin fəaliyyətin bütövlükdə yerinə yetirilməsini həyata keçirmək prosesi o zaman başa çatır
ki, şəraiti dəyişməklə gözlənilmədən mürəkkəb hərəki vəzifələr icra olunsun. Bu yalnız müxtəlif səciyyəli
oyunların təşkili və keçirilməsi situasiyalarında baş verir. Belə hərəki fəaliyyət həyatda daimi mövcuddur,
standart olmur və dəyişkəndir. Bu bacarıqlar vərdişə çevrilmir. Həmin qazanılmış bacarıqlardan ayrı-ayrı
yaradıcı fəaliyyətlərdə istifadə olunur.
Hərəki vərdişlər hərəkətlərin avtomatik surətdə yerinə yetirilməsi qabiliyyətinə deyilir. Müxtəlif
fiziki hərəkətlərin dönə-dönə təkrar olunmaqla müntəzəm şəkildə icrası zamanı bu hərəkət avtomatik
olaraq yerinə yetirilir, uzun müddət yaddan çıxmır və get-gedə vərdişə çevrilir. Bu o zaman baş verir ki,
79
əvvəla həmin hərəkətlərin strukturunda dəyişiklik olmasın və bu fiziki hərəkətlər eyni şəraitdə icra
olunsun. Eyni şəraitdə və eyni məzmunda fiziki hərəkətlərin təkrar-təkrar yerinə yetirilməsi vərdiş halına
keçir. Bu da hər hansı bir hərəkəti çox da düşünmədən eyni səviyyədə icra olunmsı deməkdir. Bütün
bunlar hərəkətlərin tədricən avtomatlaşdırılmasına səbəb olur.
Avtomatlaşdırma – bu vərdişin mühüm xarakteridir. Vərdişin yaranmasında, hərəkətin hansı
şəraitdə və hansı situasiyada icrası xüsusi diqqət mərkəzində olmalıdır. Mütəhərrik oyunların təlimində
bütün bunlar özlərini daha qabarıq şəkildə biruzə verir. Hərəkətlərin avtomatlaşdırılması onları daha
geniş tətbiqi imkanlarını da artırır.
Hərəkətlərin avtomatlaşdırılması vərdişin möhkəmliyini və sabitliyini də təmin edir. Vərdişin
stabilləşməsində öyrənilmiş hərəkətlərin dəfələrlə təkrarı və keyfiyyətlə yerinə yetirilməsi ilə sıx
əlaqədardır. Hərəkətlərin vərdiş halına düşməsi onun dəqiq, keyfiyyətlə və az vaxt ərzində icra
olunmasına səbəb olur. Bundan əlavə, xoşagəlməz şəraitdə, hətta pis hava şəraitində, yorğunluq və
psixoloji gərginlik dövründə belə hərəkətlər düzgün və səhvsiz yerinə yetirilir, maneələr aradan qaldırılır.
II.5. Fiziki tərbiyənin təlim prinsipləri
Fiziki tərbiyə – tərbiyənin tərkib hissələrindən biri olmaqla, həm də pedaqoji prosesdir. Buna
görə də, fiziki tərbiyə prosesinin optimal təşkili pedaqoji prinsiplərlə sıx əlaqədardır. Bu prinsiplər
çoxdur. Alimlər həmin prinsipləri təsnif etmişlər. Lakin bu məsələdə onlarda müxtəlif fikir ayrılığı olmuş
və hazırda da vardır. Hətta mövcud cəmiyyətin inkişafı ilə əlaqədar, yəni ona xidmət edən pedaqoji
prinsiplər də olduğunu iddia edən alimlərə də rast gəlmək mümkündür. Fiziki tərbiyə məşğələlərində
istifadə olunan prinsiplər bunlardır.
5.1. Ümumpedaqoji təlim prinsipləri
Şüurluluq və fəallıq prinsipləri. Həmin prinsiplərdə başlıca məqsəd tələb olunan bilik, bacarıq
və vərdişləri şüurlu və fəal şəkildə dərk etmək, təhsil və mühakimə yolu ilə öz hərəkətlərini
qiymətləndirmək, nöqsanları aradan qaldırmaqdır. Eyni zamanda, məqsədi və vəzifələri başa düşməklə
yanaşı, bütövlükdə hərəkətləri, oyunları və kütləvi-idman, bədən tərbiyəsi tədbirlərini anlamaq və işin
nəticəsini dərk etməkdir. Başqa sözlə desək, göstərilən prinsiplərə düzgün riayət etməklə fiziki tərbiyə ilə
məşğul olanlar bu təlimin məqsəd və vəzifələrini, onun hərtərəfli inkişafa təsirini çox aydın surətdə dərk
edirlər. Məşğələlərin həmin prinsiplərə uyğun olaraq təşkili fiziki tərbiyə zamanı qazanılmış bilik, bacarıq
və vərdişlərin, habelə hərəki keyfiyyətlərin (güc, cəldlik, dözümlülük, möhkəm iradə və s.) insan həyatı
üçün mahiyyətini şüurlu olaraq anlayırlar. Bütün bunlar isə fiziki hərəkətlərin, idman oyunları və güləşin
texniki fəndlərinin, bu sahədəki taktiki elementlərin uşaqlar tərəfindən şüurlu mənimsəməsindən ötrü
zəmin yaradılmasına kömək edir. Uşaqlar məşğələyə ciddi yanaşır, özlrində məsuliyyət hiss edirlər.
Bundan əlavə, uşaqlar həm də bu sahədəki səhvlərini düzəltməyə və daha yüksək nailiyyətlər əldə etməyə
səy göstərirlər.
Fiziki tərbiyə məşğələləri zamanı şagirdlərin fəallıq göstərməsinin özü də təlimin səmərəliliyinə
müsbət təsirini göstərir. Fiziki tərbiyə məşğələlərində lazımi fəallıq göstərmək onun mahiyyət və
məzmununun düzgün dərk olunmasından mühüm dərəcədə asılıdır. Məşğələnin məzmunu və
mahiyyətinin düzgün başa düşülməsi, anlaşılması uşaqları müntəzəm məşğul olmağa, ona ciddi
yanaşmağa sövq edir.
Bütün bunlara görə də müəllim qarşıya qoyulmuş vəzifənin şagirdlər tərəfindən başa düşülüb-
düşülmədiyi, nəticəni anlanılmağını və ya əksinə anlanılmadığı ilə maraqlanmalı, kor-koranə deyil,
səmimi, obyektiv, tənqidi münasibət göstərməklə nöqsanları düzəltməlidir.
Hərtərəfli inkişaf prinsipi. Müstəqillik dövründə təlim-tərbiyə işləri vaxtı bu prinsipin tətbiqinə
çox böyük ehtiyac vardır. Çünki, müstəqillik digər cəhətlərlə bərabər, həm də əhalinin, xüsusən yetişən
gənc nəslin normal, sağlam, gümrah, Vətənin müdafiəsinə hazır olmasını tələb edir.
Söylənilənlər fiziki kamilliklə sıx əlaqədardır. Fiziki kamillik dedikdə, müxtəlif növ fiziki
hərəkətlər və oyunlar vasitəsilə insanların mədəni və mənəvi səviyyəsini yüksəltməyə, zehni, əxlaqi və
80
estetik tərbiyəsini formalaşdırmağa, hərəki bacarıqlarını, vərdişlərini və keyfiyyətlərini inkişaf etdirməyə
nail olmaq deməkdir.
Bədən tərbiyəsi və ya sinif müəllimi fiziki tərbiyə məşğələlərində apardığı təlim-tərbiyə işləri
kiçik məktəbyaşlı uşaqların hərtərəfli inkişafına səbəb olmalıdır. Bu vaxt təlim – məşğələlərdə 2 cəhətə
diqqət yetirilməlidir: birincisi, aparılan təlim-tərbiyə işləri digər fənlərdə göstərilən tədbirlərlə, həmçinin
tərbiyənin digər tərkib hissələri ilə sıx əlaqədar olmalıdır. Bu prosesdə əmək, estetik, əxlaq, zehni, mənəvi
və s. tərbiyəyə fikir verilməli və inkişaf etdirilməlidir. İkincisi, hərtərəfli fiziki inkişaf və fiziki hazırlıq
məşğələdə mühüm yer tutmalıdır. Yəni uşaqların ümumi və xüsusi fiziki hazırlığı artırılmalı, həmçinin
orqanizmin forma və funksiyalarında müsbət dəyişikliklər olmalı, fiziki keyfiyyətlər, bilik, bacarıq və
vərdişlər daha da formalaşmalıdır.
Ardıcıllıq prinsipi. Fiziki tərbiyə məşğələlərinin ardıcıllıq prinsipi əsasında qurulması fiziki
hərəkətlərin və oyunların texniki cəhətdən düzgün yerinə yetirilməsində həlledici əhəmiyyətə malikdir.
Buna görə də fiziki mədəniyyət proqramının tədris materialları ardıcıl olaraq öyrədilməlidir. Həmin
prinsipə görə yeni öyrədilən fiziki hərəkətlər əvvəllər öyrənilmiş hərəkətlərə və oyunlara istinad
olunmaqla öyrədilməli, bir növ yeni təlim edilənlər əvvəllər öyrədilmişlərin davamı olmalıdır. Burada
əvvəllər asan, sonralar isə mürəkkəb hərəkətlərin, fəndlərin öyrədilməsini unutmaq olmaz.
Tədricilik prinsipi. Bu prinsipdə dərsdə fiziki yükün tədricən yüklənməsini, işin həcminin və
sıxlığının tədricən artmasını, məqsəd və qarşıya qoyulmuş vəzifələrin, hərəkət və oyunların, fəndlərin
tədricən mürəkkəbləşdirilməsini tələb edir. Təlim prosesində sadədən mürəkkəbə, asandan çətinə,
məlumdan məchula prinsipinə əməl etmək nəzərdə tutulur.
Əyanilik prinsipi. Əyanilik prinsipi göstərilən hərəkət və fəndlər üzrə uşaqlarda daha konkret,
daha düzgün təsəvvür anlayışı yaradır. Fiziki hərəkətlərin və oyunların daha yaxşı öyrədilməsində
əyaniliyin əhəmiyyəti əvəzedilməzdir. Hərəkət və fəndləri göstərməzdən əvvəl, göstərilən zaman və
göstəriləndən sonra onun yerinə
yetirilməsinə dair izahatlar vermək olar.
Fiziki hərəkətləri canlı (natural) surətdə göstərilməsi (əyani olaraq) daha məqsədəuyğundur.
Uşaqlar bu zaman praktik şəkildə hərəkətlərin və fəndlərin necə icra olunmasını müşahidə edirlər.
Hərəkətlərin yerinə yetirilməsinin lazımi səviyyədə qavranılmasında, anlanılmasında şəkillərdən, sxemlər,
diaqramlar, rəsmlər, fotoşəkillər, afilmlər və s. istifadə təlim üçün xüsusi əhəmiyyət kəsb edir.
Hərəkətlərin öyrənilməsində əyanilik prinsiplərindən birgə istifadənin özü də tədrisin səviyyəsinin
yüksədilməsinə xidmət edir.
Bilik və bacarıqların möhkəmləndirilməsi prinsipi. Həmin prinsip əsasında dərsin təşkilinə,
onun təkrarlanmasına və daha da dərinləşdirilməsinə imkan verir. Nəticədə bütün bunlar fiziki tərbiyə
məşğələlərində qazanılmış bacarıq və vərdişlərin möhkəmləndirilməsinə səbəb olur. Təkrar başlıca olaraq
məşğələnin əsas hissəsində aparılır. Bilik və bacarıqların möhkəmləndirilməsi prinsiplərinə riayət edərkən
bir cəhətə xüsusi diqqət yetirilməlidir. Bu hər hansı bir hərəkəti və ya fəndi düzgün icra etmədikdə,
lazımi səviyyədə öyrənmədikdə digər bir hərəkətin, fəndin təliminə keçməməlidir. Bunun üçün də
hərəkətlərin və ya fəndlərin məktəblilər tərəfindən icraetmə qabiliyyəti tədris normativləri və ya testlər
vasitəsilə yoxlanılmalıdır.
Fərdi yanaşma prinsipi. Fiziki tərbiyə məşğələlərində ibtidai məktəb şagirdlərinin fərdi
xüsusiyyətləri nəzərə alınmalı, məşğələlər onların fiziki hazırlığına, yaş xüsusiyyətlərinə və idman
oyunları fəndlərinin yerinə yetirilməsi texnikasının səviyyəsinə uyğun aparılmalıdır. Bu prinsipin başlıca
tərəflərindən biri məktəblilərin güclü və zəif cəhətləri nəzərə alınaraq fiziki yük verməklə sıx bağlıdır.
Çünki orqanizmin dinamikasının quruluşu, onun fiziki yükə reaksiya vermə qabiliyyəti müxtəlifdir.
Orqanizmin funksional imkanları, prisixoloji keyfiyyətlərin müxtəlif olması da məşğələlərdə fərdi işin
aparılmasını tələb edir. Deyilənlərin nəzərə alınması orqanizmin daha da inkişafına şərait yaratmaqla
yanaşı, hərəkət və oyunlar üzrə bacarıq və vərdişlərin formalaşması prosesinə də müsbət təsir göstərir.
5.2. Fiziki tərbiyənin spesifik təlim prinsipləri
Fiziki tərbiyənin əmək təcrübəsi ilə əlaqəsi prinsipi. Qeyd etmək lazımdır ki, insan həyatının
bütün dövrlərini əməksiz təsəvvür etmək qeyri-mümkündür. İnsanla əməklə yaşayır, inkişaf edir,
təkmilləşir və şəxsiyyət kimi formalaşır. Buna görə də kiçik məktəbyaşlıların əməyə məhəbbət və sevgi,
bu sahədə müvafiq keyfiyyətlər, bacarıq və vərdişlər uşaqlıq dövründən başlayaraq aşılanmalı, inkişaf
81
etdirilməlidir. Uşaqlarda əmək üzrə bacarıq və vərdişlər əsasən həyatda qazanılır və təkmilləşir. Lakin
həmin bacarıq və vərdişləri daha da məhsuldar etmək üçün fiziki tərbiyə ən vacib vasitələrdən sayılır.
Uşaqlar müntəzəm olaraq fiziki tərbiyə və idmanla məşğul olursa, onun əmək qabiliyyəti (zehni, fiziki)
daha da artır, eləcə də peşəsinə müvafiq işgörmə imkanları xeyli yüksəlir. Bunun əsas səbəbi fiziki tərbiyə
və idmanla məşğul olduqda, məşğul olanlar fiziki cəhətdən inkişaf edir, üzv və sistemlərin fiziki cəhətdən
və funksional imkanları xeyli genişlənir. Yəni ürəyin fəaliyyəti, ağciyərlərin həyat tutumu yüksəlir,
maddələr mübadiləsi yaxşılaşır. Üzv və sistemlər lazımi qida və oksigen qəbul edə bilir. FIiziki tərbiyə və
ayrı-ayrı idman növləri ilə məşğul olduqda əmək üçün zəruri olan hərəki keyfiyyətlər də inkişaf edir.
Adımın hərəkətləri daha sürətli, çevik və cəld olur, iradəsi möhkəmlənir. Hər bir çətin işə qarşı
dözümlülüyü yüksəlir. Bu baxımdan fiziki tərbiyə məşğələlərində qüvvənin, cəldlik və çevikliyin,
dözümlülüyün və iradənin möhkəmləndirilməsinə xidmət edə biləcək hərəkətlərə xüsusi diqqət yetirmək
vacibdir. Bütün bunlar peşə yönümündə aparılan işin keyfiyyətli və az vaxt sərf etməklə, qısa müddət
içərisində icrasına zəmin yaradır.
Fiziki tərbiyənin müdafiə təcrübəsi ilə əlaqəsi prinsipi. Məlumdur ki, Vətəni qorumaq, yadelli
işğalçılara qarşı amansız olmaq hər bir Azərbaycan vətəndaşında xüsusi keyfiyyətlərin olması ilə sıx
əlaqədardır. Həmin keyfiyyətlər arasında müdafiə işinə fiziki cəhətdən hazır olmaq mühüm yerlərdən
birini tutur. Bura ilk növbədə, sağlam və möhkəm iradəyə malik olmaq, cəldliyi, çevikliyi və gücü inkişaf
etdirmək daxildir. Həmin keyfiyyətlərin kiçik məktəbyaşı dövründən başlayaraq fiziki tərbiyə və idman
məşğələlərində inkişaf etdirilməsi hərbi peşəyə yiyələnməkdə, ölkənin müdafiə qabiliyyətinin
yüksədilməsində həlledici əhəmiyyətə malikdir.
Təkrarlanma prinsipi. Fiziki hərəkətlər, oyun və fəndlər dəfələrlə təkrarlanmadan hərəki
keyfiyyətləri inkişaf etdirmək, hərəki bacarıq və vərdişləri formalaşdırmaq, təkmilləşdirmək mümkün
deyildir. Hərəkətlərin təkrarı idman sahəsində qazanılmış vərdişlərin daha da möhkəmləndirilməsinə
səbəb olur. Təkrarlanmanın düzgün aparılması bu işdə az əhəmiyyət kəsb etmir. Əvvəlcə keçilmişlərin
təkrar olunması, sonra isə yeni hərəkətləri öyrədib, onların təkrarına başlamalıdır. Təkrarlanma apararkən
fiziki yükün həcmi, sıxlığı, çətinliyi nəzərə alınaraq dozalaşdırılmalı, yəni asandan çətinə doğru
mənimsənilməlidir. Yarış dövründə fəndlərin, ayrı-ayrı hərəkətlərin icraolunma texnikası və taktikası
daha da mükəmməlləşir. Göstərilən təlim-metod və prinsiplərinin müvəfəqiyyətlə nəticələnməsi yeni
təhsil islahatının tələblərinin nəzərə alınmasından mühüm dərəcədə asılıdır. Yeni təhsil sisteminin
yaradılması, islahatın yeni məqsəd və vəzifələrinin, prinsiplərinin həyata keçirilməsi xüsusən vacibdir
(demokratikləşmə, humanistləşdirmə, differensiallaşdırma, fərdiləşdirmə, inteqrasiya, humanitarlaşdırma
və i.a).
II. 6. Fiziki tərbiyənin təlim metodları
6.1. Fiziki tərbiyə prosesində ümumpedaqoji təlim
metodlarından istifadə
Bədən tərbiyəsi tədrisinin səmərəliliyinin yüksədilməsi qarşıya qoyulmuş təlim-tərbiyəvi
vəzifələrdən, öyrədilən materialların xüsusiyyəti, şagirdlərin fiziki hazırlığı və yaş xüsusiyyətlərindən,
idman bazası və şəraitindən, həmçinin bunlara uyğun təlim metodlarının seçilib tətbiq olunmasından çox
asılıdır.
Bədən tərbiyəsinin tədrisi prosesində tətbiq olunan təlim metodları, hər şeydən əvvəl, şagirdlərin
bilik və bacarıqlarının artmasına, vərdişlərin aşılanmasına, müstəqilliyinin və yaradıcılığının inkişafına,
dərketmə qabiliyyətinin yüksədilməsinə yönəldilməlidir. Müşahidələr göstərir ki, bədən tərbiyəsi
müəllimlərinin bəziləri həmin fənnin tədrisində proqram materialının xüsusiyyətinə, şagirdlərin fiziki
hazırlığına, idrak qabiliyyətlərinin inkişafına lazımi əhəmiyyət vermir, təlim metodlarından necə gəldi
istifadə edirlər. Halbuki təlim metodlarını düzgün seçib tətbiq etməyi bacarmaq dərsə verilən müasir
tələblər baxımından xüsusi əhəmiyyət kəsb edir. Bütün bunları nəzərə alaraq bədən tərbiyəsinin tədrisində
şərh və göstərmə (nümayiş etdirmə) metodlarının tətbiqi imkanlarını nəzərdən keçirək.
Bədən tərbiyəsi fənni gərgin zehni fəaliyyət tələb etməyən fənlər sırasına daxildir. Bu fənnin
qarşısında başlıca olaraq təbii hərəkət keyfiyyətlərini inkişaf etdirmək (qüvvə, sürət, cəldlik, dözümlülük
82
və s.) hərəkət fəaliyyətini (idman, əmək, vətənin müdafiəsinə hazırlıq işləri və s.) və b. praktik vərdişlər
aşılamaq,qazanılmış bilik, bacarıq və vərdişləri formalaşdırmaq kimi vacib məsələlər qoyulur. Fənnin
tədrisinə müasir tələblər baxımından yanaşdıqda bu sahədə mövcud olan nəzəri və praktik materialların
şərhinə çox böyük ehtiyac duyulur. Bütün bunlarsız bədən təbiyəsinin təlim-tərbiyəvi əhəmiyyətinə,
sağlamlaşdırıcı mahiyyətinə, fiziki inkişaf və idman göstəricilərinə nail olmaq mümkün deyildir. Buna
görə də şərh metodu nisbətən geniş tətbiq edilən metodlardandır.
Şərh metodu materialın məzmununa uyğun olaraq iki istiqamətdə tətbiq olunur:
1.
Bu metodla müəllim bədən tərbiyəsi və idman məşğələlərinin mahiyyətini, müxtəlif növ
fiziki hərəkətlərin, oyunların nə məqsədlə yerinə yetirilməsini, bunların bütün yaşlardan olan adamların
mənəvi zənginliyi, əxlaqi saflığı və fiziki kamilliyini ahəngdar surətdə inkişaf etdirilməsini şagirdlərə
sistemlə və ardıcıl şəkildə çatdırır.
2.
Müəllim hərəkətlərin yerinə yetirilməsi texnikasını, qanun və qanunauyğunluqlarını,
habelə oyun qaydalarını şifahi şərh vasitəsilə şagirdlərə öyrədir.
Tədqiqat göstərir ki, nəzəri və praktik materialların öyrədilməsi prosesində şagirdlər müəyyən
əqli nəticə çıxara bilirlər. Ona görə ki, müəllimin sözü, canlı danışığı şagirdlərə ən güclü təsir göstərən
qıcıqdır. Bədən tərbiyəsi üzrə bu və ya digər nəzəri məsələni, yaxud hərəkətin yerinə yetirilmə
texnikasını, oyunların keçirilmə qaydalarını aydınlaşdırmadan, şagirdlərin yaradıcılıq və müstəqilliyini
inkişaf etdirmədən onların praktik fəaliyyətini də kifayət qədər istiqamətləndirmək olmaz.
Hərəkətlərin öyrədilməsində müvafiq təlim metodlarından istifadə etmənin əhəmiyyəti böyükdür.
Bədən tərbiyəsi dərslərində şifahi, əyani və təcrübi metodlardan geniş istifadə edilir. Dərslərin səmərəli
təşkili, şagirdlərin dərketmə qabiliyyətlərinin artırılmasına təsir edən amillərdən biri də təlim metodlarının
əlaqəli tətbiq olunmasıdır. Buna görə də müəllim müvafiq hərəkəti göstərərkən onu izah etməyə, digər
hərəkətlərlə oxşar və fərqli cəhətlərini şagirdlərə öyrətməyə ciddi səy göstərməlidir.
Dostları ilə paylaş: |