C Ə M İ:
64 68 68 68 268
__________________
QEYD: Üzgüçülüyün öyrədilməsinə şəraitin olduğu məktəblərdə IV sinifdə üzgüçülüyə 26 saat
vaxtın ayrılması məsləhət görülür. Bunun üçün saatlar başqa hərəkət növlərindən götürülür.
Çox təəssüf ki, şagirdlərə fiziki hərəkətlər üzrə bacarıq və vərdişlərin aşılanması, qamətin düzgün inkişaf
etdirilməsi, şagirdlərin müvəffəqiyyətinin qiymətləndirilməsi, şagirdlərin tibbi müayinəsinə nəzarət
ibtidai siniflərdə başlıca vəzifələrdən sayılsa da, bunlar həmin proqramın izahat vərəqəsində öz əksini
tapmamışdır.
v) Bədən tərbiyəsi tədris proqramının məzmunu. Proqramın tədris materialı uşaqların yaş
xüsusiyyətinə uyğun olmaqla, tədricən sadədən mürəkkəbə doğru prinsipinə əsaslanır. İbtidai siniflərin
tədris planında bədən tərbiyəsi dərslərinə həftədə 2 saat vaxt ayrılır. Tədris ili müddətində isə I sinifdə
cəmi 64 saat, II-III və IV siniflərdə isə hər bir sinif üçün 68 saat bədən tərbiyəsi dərsləri keçirilir. Həmin
tədris planlarında göstərilən tədris saatları və bunların əsasında tərtib olunan proqram materialları
müntəzəm və düzgün təşkil olunan dərslər zamanı müvəffəqiyyətlə yerinə yetirilir.
Proqramın məzmununu təşkil edən müxtəlif növ fiziki hərəkətlər bir-birinə uyğun tərtib edilmiş,
onların qarşısında şagirdlərin sağlamlığını möhkəmləndirmək, onları tərbiyələndirmək və fiziki tərbiyə
üzrə təhsil vermək vəzifələri durur. Sağlamlıq və tərbiyə etmək vəzifələri orta ümumtəhsil məktəblərinin
bütün fənləri üzrə dərslərdə və məşğələlərdə həyata keçirilir.
98
Proqram tədris materialı hər bir sinif üçün ayrılıqda verilməklə əsas və hazırlıq drupuna daxil
olan bütün şagirdlərdən ötrü minimumdur və məcburidir. Bu materialı bütün şagirdlər mənimsəməlidirlər.
Proqram materialı hər bir sinif üçün ayrılıqda verildiyi kimi, şagirdlərin bu sahədə yiyələnəcəyi
bilik, bacarıq və vəzifələrdə hər bir sinif üçün nəzərdə tutulmuşdur.
Proqramın məzmununa əsas qrup hərəkətlər və oyunlar daxil edilmişdir. Sinif müəllimi isə
nümunə kimi verilmiş, oyun və hərəkətlərə uyğun olaraq oyunlar və hərəkətlər seçilməli və dərs zamanı
keçməlidir.
Fiziki tərbiyə proqram tədris materialının bəzi hissələri tədricən mürəkkəbləşdirilməklə ildən-ilə
təkrar olunur. Proqram materialının konsentrik verilməsini müsbət hal kimi qiymətləndirmək yerinə
düşərdi. Bu öyrədilən materialın yaxşı mənimsənilməsinə, hərəkətin texnikasının dəqiq surətdə yerinə
yetirilməsinə, eləcə də təlim prosesində qazanılmış bacarıq və vərdişlərin təkmilləşməsinə səbəb olur.
Mövcud proqramda hər bir sinfin şagirləri üçün 5 və 9 bal sistemi üzrə tədris normativləri
verilmişdir. Normativlər qız və oğlanlara ayrılıqda nəzərdə tutulmuşdur. I-III siniflərdə yoxlama sınaq
hərəkətləri eyni olsa da, normativlər üzrə göstəricilər tədricən artır, yəni müxtəlifdir. Misal üçün, I sinifdə
yuxarı startdan 30 m qaçış/san.-da 5 qiymət almaq üçün (5 bal üzrə) məsafəni 6,5 saniyəyə oğlanların, 6,8
saniyəyə isə qızların qaçması tələb olunarsa, bu rəqəm müvafiq olaraq II siniflərdə 6,2 və 6,3 saniyədir və
s. Lakin burada bir cəhətə də fikir vermək vacibdir. Əgər I-III siniflərdə yoxlama sınaq hərəkətləri:
yuxarı startdan 30 m qaçış/san., orta tempdə 1000 m qaçış/vaxt nəzərə alınmır); cüt ayaqla ardıcıl 8
tullanış etmək (m), 6 m məsafədən hədəfə 5 dəfə top atmaq, hündür turnikdə dartınmaq (dəfə), alçaq
turnikdə uzanmış vəziyyətdə sallanaraq dartınmaq (dəfə), 1000 m məsafəyə kross qaçışı (vaxt nazərə
alınmadan) və s. ibarətdirsə, IV sinifdə isə 60 m və 2000 m məsafəyə qaçış, qaçaraq uzununa və
hündürlüyə tullanmaq, üzmək (25 m), həmçinin 2000 m məsafəyə kross qaçışı tədris normativləridir.
Qeyd etməliyik ki, proqramda siniflər üzrə şagirdlərin bilik və bacarıqlarına verilən əsas tələblər
də müəyyənləşdirilmişdir. Buna nümunə kimi I sinifdə verilən tələbləri misal göstərək:
Şagirdlər bilməlidirlər:
- fiziki mədəniyyətin, fiziki tərbiyənin və idmanın nə olduğunu;
- sıraya (cərgəyə) düzülməsinin qaydalarını.
Şagirdlər bacarmalıdırlar:
- sadə gimnastika tipli hazırlıq hərəkətlərini icra etməyi;
- topu çiləməyi və çiləyib atmağı;
- oyun qaydalarına əməl etməklə oynamağı;
- öz sinfinə aid tədris normativlərini praktik şəkildə yerinə yetirməyi.
Şagirdlərin müvəffəqiyyətinin qiymətləndirilməsi onların yoxlama sınaq hərəkətləri üzrə tədris
normativlərini ödəmələri ilə yanaşı, hərəkətləri düzgün icra etmələri və fiziki tərbiyə üzrə müvafiq
bilikləri mənimsəmələrinə əsaslanır.
Nəzəri bölmə materiallarına məktəblilərə öyrədiləcək nəzəri biliklər üzrə mövzular verilir. Bütün
siniflər üzrə nəzəri biliklər ayrı-ayrılıqda müəyyənləşdirilmişdir. Nəzəri materiallarda hər bir sinfin
şagirdlərinin bilik səviyyəsi nəzərə alınmaqla, onların idman zalında, idman meydançasında davranış
qaydalarına, fiziki hərəkətlərin insan orqanizminə təsiri, onun orqanizm üçün faydalılığına həsr
edilmişdir. Bundan əlavə, proqramın nəzəri bölməsinə Azərbaycanın görkəmli idmançıları haqqında
mövzular, hərəkətlər icra olunarkən gigiyenik qaydalar, şagirdlərin fiziki tərbiyə sahəsində görəcəyi işlər
üzrə mövzular və s. daxil edilmişdir.
Fiziki tərbiyə proqramının praktik bölmə tədris materialları isə hərəki keyfiyyətlərin inkişafına
xidmət edir.
Proqramın təcrübi bölməsinə əsasən gimnastika, yüngül atletika, mütəhərrik oyunlar, kross
hazırlığı və idman oyunları elementləri daxildir.
Gimnastika bölməsinə – sıra təlimi, böyük və kiçik toplarla hərəkətlər, ümuminkişaf hərəkətləri,
dırmanmaq və dırmanıb aşmaq, müvazinət hərəkətləri, akrobatika, sürüşmə, sallanma və dayaqlar, rəqs
hərəkətləri verilmişdir.
Yüngül atletika bölməsində yeriş və qaçışların öyrədilməsi, tullanmalar, cisim atmaq və s.
nəzərdə tutulmuşdur.
99
Mütəhərrik oyunlar bölməsində ümumi inkişaf, qaçış, hoppanma və tullanmalar üçün, həmçinin
milli oyunlar verilmişdir.
Proqramda müxtəlif relyefli (park, meşə, tarla və cığır) yerlərdə müxtəlif məsafələrə kros, yeriş
və qaçışlar da öz əksini tapmışdır. Bundan əlavə, proqramda üzgüçülük qaydalarına aid tədris materialı, əl
topu və basketbol idman oyunları üzrə ayrı-ayrı txniki fəndlərin elementlərinin öyrənilməsi məqsədilə
müvafiq qaydalar və fəndlər verilmişdir.
Həmin tədris materialı o zaman istənilən effekti verir ki, o, fiziki tərbiyə üzrə sinifdən və
məktəbdənkənar bədən tərbiyəsi işləri ilə tamamlanmış və dərinləşdirilmişdir.
1.4. Xarici ölkə məktəblərində fiziki tərbiyə üzrə tədris
planı və proqramları
Hər bir ölkənin, eləcə də onun yaşadığı ictimai-siyasi sistemindən asılı olaraq bunların da hər
birinin özünəməxsus təhsil, təlim və fiziki tərbiyə sistemi mövcuddur. Göstərilənləri öyrənib təhlil etmək,
ümumiləşdirmək, bir tərəfdən tədqiqatın dəyərliliyini artırırsa, digər tərəfdən də ümumtəhsil
məktəblərimizdə fiziki tərbiyənin təkmilləşməsinə, milli zəmində qurulmasına kömək edə biləcək
materialların toplanmasına zəmin yaranır. Bu baxımdan xarici ölkə məktəblərinin fiziki tərbiyə
sahəsindəki bizə məlum olan təcrübəsinə istinad edək. (cədvəl 3)
Macarıstan ümumtəhsil məktəblərinin fiziki tərbiyə üzrə proqram və tədris planlarının,
sinifdənxaric və məktəbdənkənar işlərin təkmilləşdirilməsi istiqamətində böyük müvəffəqiyyətlər
qazanılmışdır. I-III siniflərdə fiziki tərbiyə dərslərinin gündəlik həyata keçirilməsi, IV-XI siniflərdə isə
həftədə 3 saata çatdırılması buna canlı misaldır. 70-ci illərin axırlarında tətbiq olunan proqramlar
məcburi və əlavə tədris materiallarından ibarət olmuşdur. Əsas material minimum olsa da, onu bütün
şagirdlərin mənimsəməsi məcburidir. Bu təxminən proqramların 2/3 hissəsini təşkil edir. Əlavə
materialdan əsas material keçildikdən sonra istifadə etmək olar. Proqramlarda hərəkətlərlə bərabər,
onların nə məqsədlə yerinə yetirilməsi də göstərilir. Gimnastika, ümuminkişafetdirici hərəkətlər (20 s.),
yüngül atletika və idman oyunlarına üstünlük verilir. Tədris prosesində başlıca diqqət şagirdlərin hərəki
fəallığının artırılması və düşüncə tərzinin inkişafına yönəldilmişdir.
Bu ölkənin məktəblərində fiziki tərbiyə maraqlı formalarda təşkil olunur. İdman sinifləri və
dərnəklərdə məşğul olanlar arasında öyrədilmiş proqram materialı üzrə məktəbdaxili, məktəblər və
şəhərlərarası (proqramın bir hərəkət növü daxil olmaqla) müxtəlif növ kütləvi yarışlar, görüşlər keçirilir.
İdman cəmiyyətlərində məşğul olanlar arasında isə kubok yarışları və olimpiadalar təşkil olunur.
Yeni proqramlar 2 hissədən tərtib olunub. Proqramın I hissəsi adi bədən tərbiyəsi dərslərinə həsr
edilib. Burada müəllimin qarşısında ayrı-ayrı idman növləri üzrə deyil, müxtəlif növ kütləvi fiziki
hərəkətlər üzrə biliklər verilməsi konkret vəzifə kimi qoyulmuşdur. Proqramın II hissəsi üçüncü dərsə
aiddir. Bura uşaqlara boş vaxtlarında müstəqil məşğul olmaları məqsədilə öyrədilən idman növləri
daxildir. Buna görə də həmin fənn idman yönümü deyil, ümumi ənənəvi qaydada aparılır.
Qeyd etməliyik ki, Macarıstan məktəbliləri üçün xüsusi fiziki hazırlıq göstəricisi sistemi
yaradılmamış, lakin onun yerinə yaş, qruplarına uyğuğn hazırlanmış testlərdən istifadə edilir.
Keçmiş ADR IV-VI siniflərdə bədən tərbiyəsi dərslərinə həftədə 3 saat, qalan siniflərdə isə 2 saat
vaxt ayrılmışdı. Fiziki tərbiyə dərslərinin və tədris idman işlərinin təkmilləşdirilməsi və səmərəli təşkili
hesabına həmin ölkənin idman nailiyyətləri yüksək olmuşdur. Şagirdlərin hərəki keyfiyyətlərinin inkişafı
üçün dərsdə əlavə hərəkətlərin tətbiqi, dairəvi məşq metodundan və fiziki hazırlıq testlərindən istifadə
gələcək idmançıların idman peşə yönəminin təməlini qoymuşdu. Bundan əlavə hərəki-idman hazırlığı,
habelə sinifdənxaric və məktəbdənkənar tədbirlər silsiləsində məcburi idman hazırlığı formalarından
istifadə, bütün uşaqların idman bölmə məşğələlərinə məcburi cəlb olunması böyük idmana gedən yolda
güclü təkan verdi. Eyni zamanda, müəllimlər qarşısında konkret vəzifələrin qoyulması, dərsin 3 hissədən
təşkili və onların vəzifələrinin milli mənsubiyyətə uyğunlaşdırılması fiziki tərbiyənin inkişafına müsbət
təsir göstərdi. II siniflərdən başlayaraq üzgüçülük dərslərinin təşkili, dərslərin açıq havada meydançada
keçirilməsi, fiziki tərbiyənin ƏMH kompleksi əsasında qurulması, nəhayət bunların hər bir məktəblinin
gündəlik həyatına daxil olması bu ölkənin böyük idmanından xəbər verirdi. Məktəb fiziki tərbiyəsinin
əsasən «məşq», «idman» yönəmində təşkilinin müsbət tərəfləri olsa da, o, fiziki təhsilin təlim prosesində
ön plana keçməsinə mane olmuşdu.
100
Bolqarıstan ümumtəhsil məktəblərində I-III və VIII siniflərdə bədən tərbiyəsi dərsləri həftədə 3
saat, qalan siniflərdə isə 2 dəfə keçirilir. Bədən tərbiyəsi dərsləri bu sahədəki işlərin əsas təşkili
formasıdır. IV sinifdən etibarən paralel siniflər birləşdirilir (bu şərtlə ki, hər sinifdə orta hesabla 35 şagird
olsun) və burada dərsi 2 müəllim aparır, onlardan biri oğlan, digəri isə qız qrupları ilə məşğul olur. III
sinifdən başlayaraq, 25 m məsafəyə üzmək öyrədilir (şərait vardırsa). Məşğələlər il ərzində və ya tətil
günlərində təşkil oluna bilər. Turizmə, ekskursiya və yürüşlərə ildə 12 gün vaxt ayrılır. Həmin iş dərs
vaxtı, istirahət və tətil günlərində keçirilir.
Bolqarıstan məktəblərində kütləvi idman məşğələ və tədbirləri, səhər gimnastikası (məcburi),
bədən tərbiyəsi dəqiqələri, fasilələrdə oyun və əyləncələr təşkil edilir.
Kuba respublikasında məktəblilərin fiziki tərbiyəsinə qayğı daha böyükdür. Onillik, texnikum və
peşə-texniki məktəblərində bədən tərbiyəsi dərslərinə həftədə 3 saat, günüuzadılmış qruplarda isə 5 saat
ayrılmışdır. «Bədən tərbiyəsi» fənni politexnik təhsil, əmək və ümumi fənlər sistemində III yeri tutur.
Müxtəlif təhsil müəssisələrinin cədvəlinə bədən tərbiyəsi dərsləri ilə yanaşı, tədris məşğələsinə qədər
səhər gimnastikası, bədən tərbiyəsi dəqiqəsi, seçmə idman növü üzrə bölmə məşğələləri daxil olunur.
Nazirlik, təşkilat və müəssisələrdə komissiyalar fəaliyyət göstərir ki, bunlar da uşaqların fiziki
tərbiyəsinin məktəblərdə, yerlərdə təşkilinə nəzarət və yaxından kömək edirlər. I-III siniflərdə mütəhərrik
oyunlar, III siniflərdə isə gimnastikaya üstünlük verilir. Bundan əlavə, III sinfin proqramına voleybol və
basketbol, IV sinifdən isə futbol üzrə (oğlanlar) elementlər daxil edilir. VII-X siniflərdə komandalı
oyunlara 51 saat, yüngül atletikaya 27 saat (hər bir sinifdə) verilir. Proqramda fiziki tərbiyənin tədrisi üzrə
tövsiyələr verilir, şərait olduqda isə üzgüçülüyün şagirdlərə öyrədilməsi şərəf və borc sayılır.
Ölkənin əyalətlərində idman sinifləri, çoxbölməli idman məktəbləri yaradılmışdır. İdman
məktəblərinin uşaq və gəncləri internatda yaşayır, pulsuz yeməklə, idman geyimi və s. təmin olunur.
Həmin məktəblərin uşaqlardan seçdiyi idman növü üzrə yüksək idman nailiyyətləri ilə bərabər, yaxşı
oxumaq da tələb olunur. Əks halda onlar yarışa buraxılmırlar.
Rumıniya məktəblərində proqram I-IV, V-VIII, IX-X və XI-XII siniflər üçün ayrıca tərtib
edilmişdi. I-IV siniflərdə qamətin formalaşması, çevikliyin inkişafı, mütəhərrik oyunlar və estafetlər,
yuxarı siniflərdə isə yüngül atletika hərəkətləri, gimnastika və akrobatika elementləri və idman oyunlarına
əsas tədris materialları kimi üstünlük verilir. Məktəbdə sinifdənxaric kütləvi-idman tədbirləri tədris-
tərbiyə işlərinin tərkib hissəsi hesab olunur. Buna görə də məktəblilər istirahət günləri stadion və
meydançalarda keçəirilən müxtəlif növ idman yarışları və müsabiqələrində iştirak edirlər. Uşaqlar yay və
qış tətillərini, adətən dağlarda və dəniz kənarında təşkil olunmuş sağlamlılq düşərgələrində keçirir və
yerli iqlim şəraitinə müvafiq kütləvi-idman tədbirlərində iştirak edirlər.
Monqolustan məktəblərində bədən tərbiyəsi dərsləri həftədə 2 saat keçirilir. Monqol uşaqları
dərsdə, adətən yüngül idman kostyumunda iştirak edirlər. Əksəriyyət məktəblərdə hər bir sinfin özünün
müvafiq rəngdə geyimi olur. Ayrı-ayrı məktəb, rayon və şəhərlərin də özünəməəxsus idman geyimləri
vardır. Həmin geyimləri məktəbin əmək emalatxanasında əmək müəlliminin rəhbərliyi altında uşaqlar və
valideynlər hazırlayırlar.
Vyetnam məktəblərində bədən tərbiyəsi dərslərinə həftədə 2 saat vaxt ayrılır. Yuxarı siniflərdə
dərsləri ixtisaslı müəllimlər, ibtidai məktəbdə isə sinif müəllimi kçir. Fiziki tərbiyə proqramları II
hissədən : «Fiziki tərbiyə üzrə nəzəri məlumatlar» və «Fiziki hərəkətlərin praktik məşğələləri» ndən
ibarətdir. « Nəzəri məlumatlar» bölməsində fiziki tərbiyənin sağlamlıq, əməyə və Vətənin müdafiəsinə
hazırlıq əhəmiyyəti, gün rejimində fiziki tərbiyə, hərəkət məşğələlərində özünə müstəqil nəzarət etməklə
əlaqədardır. Praktik bölmədə isə əsas gimnastika, yüngül atletika, mütəhərrik oyunlar, üzgüçülük (IV
sinif), IX sinifdən başlayaraq atıcılıq kiçikçaplı tüfəngdən proqram tədris materialı kimi verilir.
Tədris gün rejiminə daxil olan fiziki tərbiyə tədbirləri bütün şagirdlər üçün məcburidir. Şagirdlər
öz fiziki tərbiyəsini təkmilləşdirmək məqsədilə V sinifdən başlayaraq, əlavə olaraq, hər hansı bir idman
növü üzrə həftədə 2 dəfədən az olmayaraq mütləq məşğul olmalıdır. Kütləvi-sağlamlıq-idman tədbirləri
ildə 3 dəfə tədris ilinin əvvəlində və sonunda, tətil günlərində təşkil olunur.
İtaliya məktəblərində bədən tərbiyəsi dərsləri keçirilməsə də, fiziki tərbiyənin zəruri olduğunu
hamı dərk edir. Fiziki tərbiyə məşğələləri idman ittifaqlarının daima diqqət mərkəzində olub, onların
gündəlik həyatına daxil olmuşdur. Əsas məqsəd uşaqların sağlamlığını qorumaq, onlarda insani
keyfiyyətləri tərbiyə etməkdən ibarətdir. Xalq idman ittifaqları böyük nüfuza malik olsa da, İtaliya
101
höküməti yalnız İtaliya Milli Olimpiya Komitəsini tanıyır. Burada uşaqların kütləvi sağlamlıq-idman
tədbirlərinə üstünlük verilir. Qalibləri başqa yarış iştirakçılarından fərqləndirməmək üçün
mükafatlandırmır, lakin yarış iştirakçılarının hamısına mükafat verilir. İdman İttifaqları peşəkarlığa meyl
göstərmir, uşaqların ümumi hərəkət mədəniyyətinə, qamətinə, yerişinə, eləcə də qeyri-normal onurğa
əyrilikləri ilə mübarizəyə ciddi diqqət yetirirlər.
İtaliyanın bir çox məktəblərində fiziki tərbiyə ilə dərsdən sonra məşğul olurlar. Dərsdən sonra
uşaqlar evə gedir, nahar etdikdən sonra, yenidən məktəbə qayıdır, idman, musiqi və s. ilə məşğul olur, ev
tapşırıqlarını isə oradaca yerinə yetirirlər. Şagirdlər dərsdə qiymətləndirilmir. Lakin müəllim
yetişdirmələrinin bilik, bacarıq və vərdişlərə yiyələnmə səviyyəsini özü üçün müəyyənləşdirir.
Fransada bədən tərbiyəsi üçüncü pedaqoji fənn hesab olunur. Ölkədə uşaqların fiziki tərbiyəsinə
heç də digər fənlərdən az diqqət yetirilmir, onun tədrisinə fiziki tərbiyə idman klublarının müəllim və
nümayəndələri cəlb olunur. Əmək haqqının 4,4 %-i dövlət, qalan hisəsi isə valideynlər tərəfindən
ödənilir. Sinifdənxaric tədbirlərin təşkili və keçirilməsinə böyük məbləğdə xərc sərf olunur ki, bunu da bir
çox valideynlərin ödəmək imkanları yoxdur.
ÜPF həftədə 2,5 saatdan 3 saata qədər davam edir. Məşğələlər qaydaya görə dördüncü günü,
ümumtəhsil fənləri olmayan boş vaxtlarda və şənbə günləri günün II yarısında təşkil olunur. Bu zaman
onları gəzməyə çıxarır, göbələk yığır, rəqs edir, nəğmə oxuyur, şəkil çəkir və təbiətlə tanış olurlar. Sonra
isə gördüklərini məktəbdə qeydə alırlar. Gətirdikləri yarpaqlardan, ağaclardan əmək dərslərində müxtəlif
fiqurlar və əşyalar düzəldirlər. Ümumiyyətlə, fiziki tərbiyə məşğələlərinin çox hissəsi şagirdlərin
sağlamlığına həsr olunur. Gəzintidə hərəkətlər yerinə yetirilir, kros yerişləri, estafet qaçışları, tullanma və
atmalar, üzgüçülük öyrədilir.
ÜPF Fransa tədris sistemində yerli coğrafi şərait nəzərə alınır, fiziki tərbiyə kompleks surətdə
həyata keçirilir. Məktəblilərin fiziki tərbiyəsi fakültətiv idman məşğələləri, mövsümvari mərkəzlər
vasitəsi ilə də aparılır ki, bu zaman tədris prosesini, istirahəti və idman məşğələlərini normal təşkil etmək
mümkün olur. Məşğələlərin kütləvi hal almaması həmin sistemin nöqsanlarından sayılmalıdır.
Yaponiyanın uşaqların fiziki tərbiyəsi üzrə təcrübəsini öyrənməyə dəyər. İbtidai məktəbin fiziki
tərbiyəsinə tədris ilində 105 saat ((I-VI siniflər həftədə 3 saat) ayrılır və bunun 10 saatı gigiyena dərsinə
verilir. Kiçik orta məktəbdə isə (VII-X siniflər) fiziki tərbiyəyə 125 saat verilir ki, bunun yalnız 105 saatı
bədən tərbiyəsi, qalan saatlar isə gigiyena dərslərinə ayrılır. İbtidai məktəbin bədən tərbiyəsi proqramına
gzyo-do, qılıncoynatma və milli güləşdən (sumo) hər hansı biri əlavə olunur. Məktəb bu növlərdən birini
seçə bilər. Seçilmiş güləş növünə 20 saat nəzərdə tutulur (125 saatdan). Böyük orta məktəbin (X-XII
siniflər) proqramına əlavə bədən tərbiyəsinin nəzəriyyəsi də daxil olur. X sinifdən başlayaraq gigiyena
sərbəst fənn kimi fəaliyyət göstərir. Burada bədən tərbiyəsinə 295 saat, gigiyena və güləşə hər birinə 70
saat əlavə saat verilir. Ümumiyyətlə, fiziki tərbiyə üzrə bilik, bacarıq və vərdişlərə 435 saat ayrılır. Bu
şagirdlərin sərbəst məşğul olmaları üçün də zəmin yaradır. Lakin orada dərslər oxumlar üzrə, bəzən də
sıra təlimi keçmədən birbaşa hərəkətlərdən başlanır.
Yaponiya məktəblərində fiziki tərbiyədən fakultativ məşğələlər və idman dərnəkləri də təşkil
olunur. Bədən tərbiyəsi müəllimləri həmin işləri əmək haqqı almadan gördükləri üçün, bu tədbirlər bəzən
də pozulur. Lakin Yaponiya məktəblərində fiziki tərbiyə və idmana maraq çox böyük olmaqla, möhkəm
intizam da vardır.
İsveçrənin özünəməxsus təhsil sistemi mövcuddur. Uşaqların təlimi 6-7 yaşlarından başlayaraq,
daxili işlər departamentinin (nazirlər) səlahiyyətində olur. Onlar V-VII sinfi bitirdikdən sonra
qabiliyyətlərinə, maraqlarına və imkanlarına görə öz təhsillərini xalq məktəblərinin (2-4 illik) yuxarı
siniflərində, məktəblərdə davam edə bilərlər. Uşaqlar həmin müddətdə ümumtəhsil almaqla
paralel, müəyyən bir ixtisasa da sahib ola bilər ki, bu da məktəbi bitirdikdən sonra onlara işləmək imkanı
verir. Ümumtəhsil başa çatdıqdan sonra hazırlıqlı və yaxşı təmin olunmuş gənclər təhsilini gimnaziyanın
nəzdində, sonra isə gimnaziyada, digər gənclər isə peşə-texniki məktəblərində davam etdirə bilərlər.
Fiziki tərbiyə ixtisasçıları 1460-cı ildə bünövrəsi qoyulmuş ölkənin ən böyük və qədim
universitetinin gimnastika və idman fakültəsini bitirdikləri üçün, onlara gimnastika və idman müəllimi də
deyirlər. Bədən tərbiyəsi dərsləri imkan daxilində qız və oğlan qruplarına bölünməklə keçirilir. Dərslər
həftədə 3 saat keçirilməklə, bunlardan biri qoşa (90 dəq.), digəri isə 45 dəq. Müddətində aparılır.
102
Ölkədə bədən tərbiyəsi və idmanı inkişaf etdirmək haqqında qanun və məktəblər üzrə xüsusi
ekspert komissiyası vardır. Bunlara baxmayaraq, bədən tərbiyəsi əsas fənn sayılmır, rəhbərlik bu işə
nəzarət etmir və məsuliyyət də daşımır. Buna görə də bədən tərbiyəsi dərslərinə qətiyyən diqqət
yetirilmir. Gimnastika və idman müəllimi bu işi sərbəst və müstəqil aparır. Ona nəzarət olunmur.
İsveçrədə tədris ili 39 həftədən ibarət olub, bu vaxt ərzində 117 saat bədən tərbiyəsi keçilməsi
planlaşdırılır. Məcburi məşğələlərlə yanaşı, əlavə məşğələlər də təşkil olunur ki, buna da il boyu 20 saat
həcmində vaxt sərf edilir. Fiziki tərbiyədə qiymətləndirmə ildə 2 dəfə: dərs ilinin ortasında və axırında
aparılır. Kontrol hərəkətlər əsasında məktəblilərin fiziki hazırlığını yoxlamaq məqsədi ilə VIII sinifdə
imtahan keçirilir.
Avstriyanın məktəb fiziki tərbiyə proqramlarında I-II siniflərdə bədən tərbiyəsinə həftədə 21
saat, qalan siniflərdə isə bədən tərbiyəsi dərslərinə 3 saat verilir. Tədris tapşırıqları əsasən dərsdə icra
olunur. Məktəbdə III sinifdən etibarən üzgüçülük təlim edilir. Üzgüçülük hovuz olmadıqda qonşu
məktəblərin hovuzundan istifadə olunur. Maraqlıdır ki, zəif nəticə göstərənlərə aşağı qiymət yazılmır ki,
yüksək nəticə göstərənlər onların fiziki hazırlığının zəif olduğunu hiss etməsinlər.
1976-cı ildən bədən tərbiyəsi kompleksi təsis olunmuş və o, yaşa və cinsə uyğun
differensiallaşdırılmışdır. I sinifdən başlayaraq kompleksin normalarını ödəyənlər bürünc, gümüş və qızıl
nişanlarla təltif edilirlər. Həvəskar və hazırlıqlı məktəbli-idmançılar görkəmli məşqçilərin rəhbərliyi
altında məşq edir və idman ustalığını artırırlar. Keçirilən kütləvi idman tədbirlərində təcrübələrini
zənginləşdirir və gələcək böyük yarışlara hazırlaşırlar.
İsveç məktəblərində həftəlik bədən tərbiyəsi dərsləri I sinifdə -1, II sinifdə -2 saat, III sinifdən
başlayaraq 3 saat keçirilir. Tədris ilinin sonunda şagirdlər «Gimnastika və idman fənni» üzrə
qiymətləndirilir. Qiymət kamal attestatına yazılır. Qız və oğlanların yaşı və cinsi nəzərə alınmaqla dərsdə
məşğulolma proqramı hazırlanır və departament tərəfindən təsdiq olunur. Məsələn, oğlanlar üçün
proqramda gimnastikaya vaxtın 20-25%-i, topla oyuna 50-60 % və digər növlərə 20 % sərf olunur.
Qızlarda isə əksinə: gimnastikaya 50 %, topla oyuna 30% vaxt ayrılır. Məktəblilərin fiziki hazırlığında
üzgüçülüyə də xüsusi diqqət yetirilir və bunun təlimi mütləqdir. Müvafiq şərait yoxdursa, onda
komunanın, ya da cəmiyyətlərin üzgüçülük hovuzlarından istifadə edilir. Üzgüçülük 2 həftədə bir dəfə
keçirilir. Şagirdlər ilin axırında isə üzgüçülükdən imtahan verirlər. Proqram tələblərini ödəməyənlər üçün
yayda üzgüçülük məşğələləri təşkil olunur. Ölkə məktəblərində kütləvi sağlamlıq – bədən tərbiyəsinə də
diqqət yetirilmir. Məktəbdə və klublarda az da olsa, idman növləri üzrə bölmələr fəaliyyət göstərir,
müvafiq yarışlar keçirilir.
Yoxlama-test sualları
1.
Fiziki tərbiyə proqramlarının məqsədi və vəzifələri.
2.
Fiziki tərbiyənin vasitələri.
3.
Çar Rusiyvsı dövründə fiziki tərbiyənin məktəb tədris planlarında qoyuluşu.
4.
Sovet hakimiyyəti zamanı fiziki tərbiyə proqram və tədris planlarının mahiyyəti və
vəzifələri.
5.
Müstəqillik dövründə Azərbaycan Respublikasının məktəb fiziki tərbiyə proqramı və tədris
planlarının məqsədi və vəzifələri.
Yaradıcılıq işi üçün təxmini mövzular:
1.
Mövcud bədən tərbiyəsi proqramlarının başlıca xüsusiyyətləri.
2.
Bədən tərbiyəsi proqram materiallarının tədrisi metodikası.
3.
İqlim şəraitindən asılı olaraq proqram idman bölmə hərəkətlərinin təlimi metodikası.
103
FİZİKİ TƏRBİYƏ DƏRSLƏRİNİN TƏŞKİLİ VƏ
Dostları ilə paylaş: |