«Kitabi-Dədə Qorqud»un yazılı ədəbi düşüncə tarixinə təsiri:
Azərbaycan alimlərinin ədəbiyyatımızda «Dədə Qorqud ənənələrinə dair
apardığı araşdımalar göstərir ki, epos qədim və orta əsrlər ədəbiyyatımıza da güclü
təsir göstərmişdir. Məsələnin bu tərəfi məlum edir ki, müasir Azərbaycan ədəbiy-
yatının «Kitabi-Dədə Qorqud» eposu ilə əlaqəsinin bir qaynağı da bu istiqamətdə
axtarılmalıdır. Çünki müasir ədəbiyyat ənənə konktekstində qədim və orta əsrlər
ədəbiyyatının varisidir.
6. «Kitabi-Dədə Qorqud» və müasir Azərbaycan ədəbiyyatı
.
Tədqiqatın başlıca məqsədini təşkil edən bu istiqamət həm xronoloji, həm də
məntiqi-elmi baxımdan sonuncu olub yuxarıdakı aspektlərlə sıx şəkildə bağlıdır.
Əslində, «Kitabi-Dədə Qorqud» və müasir Azərbaycan ədəbiyyatı» mövzusu
«Kitabi-Dədə Qorqud» və Azərbaycan ədəbiyyatı» kimi qlobal elmi problemin
sözü gedən aspektlərindən biridir. Bu üzdən mövzuya hansı istiqamətdə baxılırsa-
baxılsın, bu aspektləri birgə götürmək, bir aspekti öyrənərkən digərlərini də öz
dərəcəsində nəzərə almaq lazımdır.
«Kitabi-Dədə Qorqud» dastanlarının müasir Azərbaycan ədəbiyyatına təsiri
mövzusunun tədqiqi problemə ilk növbədə «folklor və yazılı ədəbiyyat» aspektində
yanaşma tələb edir. Bu, çox mühüm yanaşmadır və onun nəzərə alınması son
dərəcə vacibdir. «Kitabi-Dədə Qorqud» bütün hallarda folklor abidəsidir. Folklor
abidəsinin bütün quruluş elementləri (mövzu, məzmun, forma, obraz, süjet, motiv,
epizod, bədii dil, onun təsvir və ifadələr sistemi və s.) istisnasız şəkildə folklor
poetikasının qanunauğunluqlarına tabedir və heç bir halda ondan qırağa çıxmır.
Folklor mətninin poetikası ilə yazılı ədəbiyyatın poetikası biri-biri ilə qırılmaz
şəkildə bağlı olduğu kimi, onların arasında kəskin fərqlər də vardır. Bu bağlılıq
(vəhdət) və fərqlər «folklor və yazılı ədəbiyyat» modeli çərçivəsində reallaşır.
Ə.Ələkbərli folklorun və yazılı ədəbiyyatın özünəməxsusluğunu səciyyələndirən
(həm də müəyyənləşdirən) bədii şərtilik amili haqqında yazır ki, «bu, ilk növbədə,
ümumiyyətlə, folklor təfəkkürü, folklorun digər bədii yaradıcılıq sahələrindən, o
cümlədən yazılı ədəbiyyatdan fərqli spesifik poetikası ilə bağlı əlamətdir və
dünyanın bütün digər xalqlarının şifahi söz sənəti tarixində bu və ya digər forma və
səviyyədə müşahidə olunur. Xüsusilə qədim dövrlərdə folklorda gerçəkliyin bizim
bugünkü (bədii – Y.İ.) təfəkkür tərzimizə müvafiq yox, məhz ilkin-ibtidai təfəkkür
23
prizmasından keçirilərək əks olunduğunu və bu təfəkkür tərzi üçün bir sıra
keyfiyyətlərin (məsələn: hadisələr arasında səbəb-nəticə əlaqəsinin səciyyəvi
olmaması; bir sıra anlayış və təsəvvürlər, o cümlədən canlı və cansızlar, insanlar və
heyvanlar arasında diferensiasiyanın, yaxud lazımi səviyyədə diferensiasiyanın
yoxluğu və s.) səciyyəviliyini də nəzərə alsaq, onda folklorun bədii şərtilik
elementlərindən istifadə özünəməxsusluğundan hətta onun poetikasının əsas
komponenti kimi danışa bilərik» (2, s, 162).
Azərbaycan folklorşünaslığında folklor mətnlərinin folklorun öz poetikasına
uyğun yox, yazılı ədəbiyyat prinsipləri ilə təhlil olunması rast gəlinən haldır.
Həmçinin ədəbiyyatşünaslıqda ədəbi əsərlərdəki folklor «layının» (folklor motiv
və obrazlarının) təhlili zamanı «folklor və yazılı ədəbiyyat» münasibətlər modelinə
bir çox hallarda etina edilmir. Nəzərə alınmır ki, hər hansı folklor obrazı yazılı
ədəbiyyata gələrkən yazıçı təxəyyülünə uyğun dəyişsə də, ədib onun üzərində
müxtəlif yaradıcılıq əməliyyatları aparıb həmin folklor obrazını öz ideyasının
daşıyıcısı kimi yenidən yaratsa da, bu folklor obrazının «bətnində», «mayasında»
(obrazın semantik strukturunda, formal-poetik quruluşunda və s.) folklor
poetikasının qanunauyğunluqları yaşamaqda davam edir. Bu amildən irəli
gəlməklə hər hansı yazılı ədəbiyyat əsərində folklor qatının araşdırılması, o
cümlədən bizim tədqiqatımızda olduğu kimi müasir Azərbaycan ədəbiyyatında
«Kitabi-Dədə Qorqud» dastanlarının təsirinin qlobal aspektdə öyrənilməsi zamanı
«folklor və yazılı ədəbiyyat» münasibətlər modeli hökmən tətbiq olunmalıdır.
Prof. P.Əfəndiyev görkəmli dramaturq C.Cabbarlı yaradıcılığında xalq ədə-
biyyatından istifadə məsələsindən bəhs edən kitabında yazır: «Yazılı ədəbiyyat və
folklor, bunların qarşılıqlı əlaqə və təsiri ədəbiyyatşünaslıq və folklorşünaslığı
həmişə düşündürmüşdür. Bu problem həm də Azərbaycan ədəbiyyatı tarixində
xəlqilik, realizm, sənətkarlıq kimi mühüm məsələlərlə bağlıdır. Ona görə də
müxtəlif dövrlərdə Azərbaycan söz ustalarının xalq ədəbiyyatına münasibəti,
ondan istifadə etməsi yolları və üsulları barədə ayrıca tədqiqat işləri aparmaq
zəruridir» (3, s. 3).
Qocaman folklorşünas bir neçə ildən sonra S.Vurğunun folklora münasibətini
tədqiq edən kitabında «folklor və yazılı ədəbiyyat» məsələsinin elmi problematik
aspekti olduğunu göstərmişdir: «Yazıçı və şifahi ədəbiyyat, onların qarşılıqlı
əlaqəsi ədəbiyyatşünaslıq və folklorşünaslığımızda çoxdan həllini gözləyən
problemlərdən biridir... Müxtəlif dövrlərdə Azərbaycan sənətkarlarının xalq
ədəbiyyatına münasibəti, ondan istifadə yolları və üsulları barədə tədqiqat əsərləri
yazılsa da, bunlar azdır» (4, s. 3-4).
Fikirlərdən bəlli olduğu kimi, «folklor və yazılı ədəbiyyat» ədəbiyyatşünaslıq
üçün bütün hallarda aktual və zururi yanaşma aspektidir. Bu aspektin aktuallığı və
zərurəti «Qorqud» eposunun müasir ədəbi düşüncəyə təsiri probleminin
24
araşdırılması üçün də dəyişməz olaraq qalır. Baxmayaraq ki, folklor və yazılı
ədəbiyyat bədii yaradıcılıq hadisələri kimi bir axarda birləşə bilir. Ancaq bunları
eyniləşdirmək olmaz. Bunlar bədii yaradıcılığın müxtəlif üslubları, tədqiqatlarda
göstərildiyi kimi, kodları, yəni təsvir dilləri, ifadə üsullarıdır.
Prof. M.Həkimov və S.Rzasoy yazırlar: «Yazılı ədəbiyyat və folklor problemi
ilk baxışdan sadə mövzu kimi görünsə də, əslində, yaradıcılığın çox mürəkkəb
münasibətlər kompleksini, bədii özünüifadənin müxtəlif təsvir dillərini, ifadə
kodlarını nəzərdə tutur. Folklor və yazılı ədəbiyyat etnik-bədii özünüifadə
kontekstində düşüncənin həm diaxron (tarixən biri-birinin ardı ilə gələn – Y.İ.),
həm də sinxron (yanaşı, eyni zamanda mövcud olan – Y.İ.) kodlarıdır. Burada
diaxronluq bu kodların bir-birini şərtləndirməsi, folklor kodunun yazılı ədəbiyyat
kodu üçün «arxekodu» təşkil etməsi deməkdir. Ancaq bu kodların münasibətlər
strukturu təkcə biristiqamətli, yəni diaxron deyildir. Yazılı ədəbiyyatın meydana
çıxması, yazılı düşüncə və özünüifadə tərzinin meydana çıxması folklor kodunu
heç də «arxeləşdirirməmiş», əksinə bu kodların sinxron funksionallaşma
mexanizmləri qurulmuşdur» (5, s. 64).
Yazılı ədəbiyyat şifahi ədəbiyyatdan təkcə zamanca ondan sonra meydana
çıxması ilə fərqlənmir. Müəlliflər göstərirlər ki, «yazılı ədəbiyyat – yazılı düşüncə
tərzi deməkdir. Bu, folklor özünüifadəsinin sadəcə yazı koduna keçməsi demək
deyildir. Yazı kodu düşüncənin folklordan çox planda fərqli olan struktur mexa-
nizmlərini nəzərdə tutur. Bu halda etnik özünüifadənin bədii-estetik tərzi kollektiv
qəliblərdən çıxır. Düşüncənin ümumiləşmiş, sxemləşmiş formulları fərdiləşməyə,
konkretləşməyə meyllənir. Minillərin qəlibləri öz strukturunda fərdin nəfəsinin
ifadə mexanizmlərinin aktual üzvlənməsinə doğru inkişaf edir. Bu baxımdan, yazılı
kod ümumbədii təfəkkür kodunun tamamilə yeni bir mərhələyə və uyğun olaraq
struktura keçməsi deməkdir (5, s. 64-65).
Yazılı ədəbiyyatla folklor düşüncəsinin biri-biri ilə bağlılığını vurğulayan
müəlliflər onların biri-biri ilə münasibətlərini aşağıdakı kimi səciyyələndirirlər:
«Yazılı kodun meydana çıxması dialektik planda folklor kodunu inkar etmir. Kod
paralelliyi, ümumbədii təfəkkürün ifadə tərzlərinin yandaşlığı yaranır. Bu halda hər
iki kod bir-birinin, təbii ki, mexaniki paraleli olmur. Bütün ortaqlıq, korrelyativ
həmahəngliyə baxmayaraq, kodlar özünəməxsusluğunu saxlayır. Ən başlıcası,
yazılı düşüncə kodu folklor düşüncə kodunun əsasında meydana gəlsə də, burada
təsir birtərəfli yox, ikitərəfli olur: Yazılı kodu şərtləndirən folklor kodu yazılı
kodun inkişafı, sürəkli «start», sıçrayışlı dinamikası ilə get-gedə onun təsirinə
düşməyə, başqa sözlə, əks təsirə məruz qalır. Bu baxımdan, yazılı ədəbiyyat və
folklor münasibətlərinin ən ümumi poetik konteksti:
- Folklorun yazılı ədəbiyyata təsirini;
- Yazılı ədəbiyyatın folklora təsirini;
25
- Folklor və yazılı ədəbiyyatın eyni zamanda qarşılıqlı təsirlərini nəzərdə
tutur» (5, s. 65).
«Dədə Qorqud» eposunun müasir milli ədəbiyyatla əlaqələrinə «folklor və
yazılı ədəbiyyat» münasibətlər modelində baxıldıqda məsələnin tarixən çox
mürəkkəb olduğu meydana çıxır. Prof. K.Abdulla bu modeli daha dərin tarixi
aspektdə «mif və yazı» münasibətlər modeli kimi müəyyənləşdirib «Kitabi-Dədə
Qorqud»a bu kontekstdə yanaşmışdır. Alimin fikrincə, bu münasibətlər modeli son
dərəcə dərindədir və ilk növbədə mif ilə yazı mədəniyyətlərinin (kodlarının) sistem
kimi hüdudları və biri-birinə keçidi nəzərdə tutan sistemlərarası diffuz məqamları
ilə bağlıdır. O yazır: «Vacib olan odur ki, biz belə bir aydın sualın əhəmiyyətini
dərk edək: mifoloji təsəvvür harda qurtarır və Yazı mədəniyyəti hardan başlayır?
Və vacib deyil ki, biz bu sualın dəqiq cavabını bilmirik, bəlkə, heç bunu
bilməyimiz mümkün də deyil. Əsas məsələ odur ki, bu iki nəhəng mədəniyyət
tiplərinin bu sualdan çıxış edib özünəməxsus xüsusiyyətlərini müəyyənləşdirmək
mümkündür. Özü də bu, ona görə mümkündür ki, xoşbəxtlikdən Dastan («Kitabi-
Dədə Qorqud» – Y.İ.) özündə mifoloji dünyagörüşünün və Yazı mədəniyyətinin ən
əlamətdar cizgilərini saxlayır. Bir az da dəqiqləşdirsək, bu mədəniyyətlərin
birindən digərinə körpü salan böyük və zəngin keçid mərhələsini özündə əks
etdirir. Təkrar edək ki, açıq-aydın şəkildə yox, gizli şəkildə əks etdirir» (6, s. 23-
24).
Prof. K.Abdullanın bu fikrində mövzumuzla bağlı çox maraqlı iki məqam var.
Birinci məqam ondan ibarətdir ki, «Kitabi-Dədə Qorqud» mifdən yazıya (uyğun
olaraq: «folklordan ədəbiyyata») keçidi özündə yaşadan «körpüdür». Bu məqam
«Dədə Qorqud» eposunun müasir Azərbaycan ədəbiyyatına coşğun və məhsuldar
təsirinin, ədəbi düşüncədə meydana gələn «Dədə Qorqud» cazibəsinin səbəblərini
izah edir. Yəni bu eposun bədii mayasında, poetik strukturunda folklordan yazılı
ədəbiyyata keçidin hazır mexanizmləri var. Həmin mexanizmlər XX əsrin birinci
yarısında Azərbaycan ədəbiyyatının üfüqlərində «Dədə Qorqud» eposunun
göründüyü «an»dan işə düşür və milli ədəbiyyatımızda «Qorqud» epoxasının
başlanğıcını qoyur. İkinci məqam isə mifdən yazıya («folklordan ədəbiyyata»)
keçidin mexanizmlərinin eposun strukturunda gizli şəkildə mövcud olmasının prof.
K.Abdulla tərəfindən xüsusi vurğulanmasıdır. Bu, bizim yuxarıda artıq
hallandırdığımız «Dədə Qorqud» ədəbi ruhudur. Həmin ruh milli ədəbiyyatımızın
bütün tarixi boyunca ona xas olub, «Kitabi-Dədə Qorqud» vasitəsi ilə müasir
Azərbaycan ədəbiyyatında yenidən canlanaraq ədəbi düşüncəyə yeni həyat (yeni
məzmun və forma əlvanlığı) verib.
Dostları ilə paylaş: |